Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanda ərzaq məhsullarının qiymətləri daha da artacaq

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov Amerikanın Səsinə müsahibəsində ərzaq məhsullarının qiymətləri, qarşıdakı aylarda qiymətlərdə gözlənilən dəyişikliklərdən və idxalın artmasının səbəblərindən danışıb.

– Azərbaycanda ərzaq məhsullarının qiymətləri əhalinin gəlirlərinə uyğundurmu?

 Ümumiyətlə, Azərbaycanda ərzaq məhsullarının qiyməti dünya bazarında mövcud olan qiymətlərdən xeyli fərqlidir. Əslində, bizdə ərzaq mallarının qiyməti dünya bazarında mövcud olan qiymətlərdən təxminən 20 faizə qədər yüksəkdir. Bizim əhalinin əmək haqqı isə digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Təsəvvür edin, orta əmək haqqı qonşu ölkələrlə, məsələn Rusiya, Avropa ölkələri, Qazaxıstanla müqayisədə iki dəfə aşağıdır. Minimum əmək haqqı isə hətta Ermənistandan, Gürcüstandan fərqli olaraq 50-60 faiz aşağıdır. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda əmək haqqı aşağıdır, ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiyməti isə yuxarıdır, bahadır.

– Hansı məhsulların qiymətlərində artım olub?

 Kənd təsərrüfatı məhsullarından, məsələn kartofun qiyməti digər ölkələrdən iki dəfə yüksəkdir. Ət, süd məhsullarını da Gürcüstanla, Ermənsitanla müqayisə edəndə təxminən qiymətləri 60-70 faiz yüksəkdir. Əsas kənd təsərrüfatı məhsullarından söhbət gedirsə, – şəkərin, çayın, bitki yağlarının qiyməti qonşu ölkələrə nisbətən 30-40 faiz yüksəkdir.

– Ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb nədir?

 Səbəb odur ki, Azərbyacan kifayət qədər özünü təmin edə biləcək qədər kənd təsərrüfatı məhsulu istehsal edə bilmir. Baxın, biz ərzaq buğdasına olan tələbatımızı 100 faiz idxalın hesabına ödəyirik. Hətta, bu il 7 ay ərzində ölkəyə 780 min ton ərzaq buğdası idxal olunub. Bu da bizim 7 aylıq ərzaq buğdasına olan tələbatımızın tam ödənilməsi deməkdir. Digər tərəfdən, ölkəyə kartof idxalı ciddi şəkildə artıb. İl ərzində təxminən 150 min ton kartof idxal edilib. Ötən illə müqayisədə ət idxalı 91 faiz, süd və süd məhsulları idxalı 60 faiz, meyvə-tərəvəz idxalı 32 faiz, şəkər idxalı 20 faiz, çay idxalı 81 faiz, bitki yağları idxalı 15 faiz artıb. Göründüyü kimi, bütün ərzaq mallarının idxalı son zamanlar artıb. Bu da onu deməyə əsas verir ki, Azərbaycan özünün ərzaq mallarına olan tələbatını ödəyə bilmir. İdxaldan asılılıq var. Əlbəttə, biz kənd təsərrüfatı məhsullarını, ərzaq mallarını xarici ölkələrdən dollarla alırıq və bunu Azərbaycan manatına çevirəndə baha başa gəlir. Manatın da dayanıqlı olmaması, get-gedə dəyərdən düşməsi idxal olunan ərzaq mallarının qiymətini artırır.

– Ərzaq qiymətləri qarşıdakı aylarda necə olacaq? Qiymətlərdə artım gözləmək olarmı?

 Ümumiytyətlə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiyməti yay mövsümündə enməli idi. Əksinə, biz iyun ayından başlayaraq çoxlu sayda kənd təsəsrrüfatı məhsullarının, ərzaq mallarının qiymətində artım müşahidə edirik. Bu yalnız dolların dəyərdən düşməsi ilə bağlı deyil. Bu həm də istehsalın azalması ilə bağlıdır. İstehsal ciddi şəkildə azalıb. Son zamanlar apardığımız araşdırmalar göstərir ki, bəzi məhsullar qış üçün ehtiyat olaraq toplanılmayıb. Bu da o deməkdir ki, bizim idxalımız daha da artacaq. Yəni ərzaq idxalı artacaq. Əlbəttə, belə olan halda qiymətlərdə çox ciddi dəyişiklik baş verəcək. Yəni qiymətlər artan xətt üzrə gedəcək. İndi, hansı məhsulun qiymətində nə qədər artım olacağını demək çox çətindir. Ona görə ki, hətta baxmayaraq ki, dünya bazarında bir sıra ərzaq mallarının qiymətində ciddi azalma var, o cümlədən taxılın da qiymətində çox ciddi azalma müşahidə edilir (son həftədə 1 ton taxılın qiymətində 10 dollar azalma olub). Əlbəttə, bu böyük rəqəmdir. Yəni dünya bazarında ərzaq mallarının qiyməti azaldığı halda, indi Azərbaycanda ehtiyat olmadığı üçün qiymətin artımını müşahidə edəcəyik. Bu da idxalın artımı ilə bağlı olacaq.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Nə qədər ki, məmur kapitalizmi var…”

%d bloqqer bunu bəyənir: