Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycan uğrunda geosiyasi mübarizə aktiv fazaya keçib”

Son vaxtlar Rusiya ilə ABŞ arasında Qarabağa dair aparılan müzakirələr bunu deməyə əsas verir

Gültəkin Hacıbəyli: «Rusiya prezidentinin təklif etdiyi son format Azərbaycanın mənafelərinə ziddir»

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana işgüzar səfər edəcək. Bu barədə Rusiya XIN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq. S.Lavrov bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistanda səfərdə olub.

Bu arada daha bir məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri avqust ayında baş tuta bilər. Bu barədə isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. D.Peskov deyib ki, Rusiya prezidentinin Iran və Azərbaycan prezidentləri ilə üçtərəfli görüşdə iştirak etmək üçün avqust ayında Bakıya səfər etməsi imkanları üzərində iş gedir.

Xatırladaq ki, bu ilin avqustunda Bakıda Azərbaycan, Iran və Rusiya prezidentlərinin üçtərəfli görüşü gözlənilir. Bütün bu məqamlar regionumuzda geosiyasi aktivliyn artdığını deməyə əsas verir. Bunu ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı da sübut edir. Telefon danışığı zamanı Obama Qarabağ münaqişəsinə dair Rusiya ilə birgə səyləri gücləndirməyə hazır olduğunu bildirib.

APA-nın məlumatına görə, bu barədə Ağ evin yaydığı açıqlamada bildirilir: “Prezident Obama Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq üçün Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədrləri qismində səylərini artırmağa hazır olduğunu bildirib”.ÿ

Hazırda regionumuzda baş verənlər Azərbaycana nə vəd edir? Bundan başqa, Avropa Birliyinin Azərbaycanla bağlı çağırışları artıb. Brüssel Azərbaycanı Avropa ailəsinin üzvü kimi görmək istəyir.

Məsələyə münasibət bildirən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli dedi ki, regiondakı proseslər böyük geosiyasi mənzərənin tərkib elementidir. AB-ın Cənubi Qafqaza marağının çox böyük olduğunun deyən G.Hacıbəyli bildirdi ki, bir neçə gün əvvəl AB-ın Beynəlxalq Əlaqələr Komissiyası Ukrayna və Kosova ilə bərabər Gürcüstanla viza rejiminin aradan qaldırılmasına səs verdi: “Eyni zamanda bir neçə gün öncə Strasburqda Avropa Parlamentinin sessiyasında Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalanıb. Bu sənəd gələcəkdə Azərbaycanla çərçivə sazişinin imzalanması üçün yaşıl işıq yandırır. Bu, təbii ki, Cənubi Qafqaza marağın artmasının göstəricisidir. Eyni zamanda o da qeyd olunmalıdır ki, Avropa Birliyi ilə Cənubi Qafqazın münasibətlərinin dərinləşməsində çox böyük problem var. Bu, Qarabağ problemidir. Bu problem Cənubi Qafqazın iki oyunçusu, Ermənistan və Azərbaycanın Avropaya inteqrasiyasında çox böyük maneə rolunu oynayır. Rusiya Azərbaycan ərazilərinin işğalı faktından yararlanaraq həm Ermənistan, həm də Azərbaycan rəhbərliyinə təsir edərək bu ölkələrin Avrointeqrasiya perspektivləri qarşısında ciddi maneə yaradırlar. Çünki hər iki ölkə Rusiyanın bu münaqişədə nə dərəcədə ciddi rıçaqlara sahib olduğunu bilir. Azərbaycan torpaqları Rusiyanın Ermənistana birbaşa dəstəyi nəticəsində işğal olunub”.

Hazırda Qarabağ ətrafında istər Qərbin, istərsə də Rusiyanın ciddi fəallıq nümayiş etdirdiyini deyən G.Hacıbəyli vurğuladı ki, Sankt-Peterburq görüşündə bütün dünyaya açıq mesaj verildi ki, Qarabağ probleminin həlli məhz Rusiyaya bağlıdır. Bunun ardınca isə Qərbin müəyyən fəallıq göstərməsi, prosesləri nəzarətdə saxlamaq istəyi başadüşüləndir. G.Hacıbəylinin sözlərinə görə, münaqişənin tənzimlənməsində ən azı yeni – Rusiya formatının əngəllənməsi üçün Qərb kifayət qədər aktivlik nümayiş etdirir: “Rusiya prezidentinin təklif etdiyi son format Azərbaycanın mənafelərinə ziddir. Iki işğalçı ilə Azərbaycanı üz-üzə qoyur, bununla da faktiki olaraq Azərbaycanı tərkisilah edir. Əslində bu məsələdə Qərbin mövqeyi daha obyektiv və Azərbaycanın maraqlarına uyğundur. Son baş verənlər bu faktorlarla bağlıdır. Yəni Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə özünün aktiv fazasına qədəm qoyub”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Polis generalı təqaüdə göndərildi – 21 il sonra

%d bloqqer bunu bəyənir: