Loading...
Loading...

Azərbaycan ordusu yeni və dağıdıcı hücum taktikasını məşq edir

Azərbaycan silahlı qüvvələrinin iyunun 19-dan başlayan irimiqyaslı hərbi təlimlərinin həlledici mərhələsi-döyüş atışlı mərhələsi başa çatıb.

Virtualaz.org xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən düşmənin möhkəmləndirilmiş müdafiə xəttinin yarılması üçün 3 atəş basqınından ibarət yeni taktika sınaqdan keçirilib.

Bu, düşmənin eşolonlaşdırılmış müdafiə xəttinin bütün növ raket və artilleriya sistemlərindən, zirehli texnikadan, habelə aviasiyadan istifadə olunmaqla üç mərhələdən ibarət atəş hazırlığı ilə sarsıdılmasına hesablanmış taktikadır.

Azərbaycan silahlı qüvvələrinin Baş qərargahında bu təlimləri planlaşdırarkən heç şübhəsiz ki, aprel döyüşlərinin təcrübəsini də nəzərə alıblar. Həmin təcrübə nədən ibarət idi?

Aprel döyüşlərində ermənilərin özlərinin də təsdiq etdiyi kimi Azərbaycan ordusu iki istiqamətdə-cənub və şimal-şərq istiqamətində düşmənin uzun illərdir mühəndis-istehkam qurğuları ilə möhkəmləndirilmiş müdafiə xəttini cəmi 1 saata yardı. Həmin döyüş əməliyyatlarının detalları haqda geniş məlumatlar yoxdur, bununla belə aprelin əvvəllərində hərbi əməliyyatlar teatrında hadisələrin necə cərəyan etdiyi barədə müəyyən nəticələr çıxarmağa imkan verən faktlar, nüanslar mövcuddur.

Belə məlum olurdu ki, Azərbaycan ordusu düşmənin təmas xəttinin taktiki dərinliklərinə əlavə qüvvələr və hərbi texnika cəmləşdirib (hərbdə bunu hücuma başlamaq üçün qoşunların həmlə hüdusuna çıxarılması adlandırırlar) bəzi yaşayış məntəqələrimizi qəfil hücumla ələ keçirmək planından xəbərdar olaraq qabaqlayıcı əks-hücum əməliyyatına başlayıb. Və bu əks-hücum əməliyyatının əsas mərhələsi düşmənin möhkəmləndirilmiş müdafiə xəttinə qarşı artilleriya hazırlığı olub.

Müasir müharibələrdə artilleriya hazırlığı əksər hücum əməliyyatlarının başlıca komponentidir. Erməni zabitlərinin danışdıqlarına əsasən məlum olurdu ki, Azərbaycan ordusu xüsusən təmas xəttinin cənub istiqamətində (Füzuli-Cəbrayıl) sarsıdıcı artilleriya hazırlığı aparıb. Müxtəlif tipli reaktiv yaylım atəşi  sistemlərindən, müxtəlif çaplı artilleriyadan və minomyotlardan düşmən mövqelərini yüksək intensivlikli zərbələrə məruz qoyub. (Ermənistanda hələ də heyrətlə danışırlar ki, Azərbaycan ordusu 4 günlük müharibə ərzində 30 minə yaxın mərmi sərf edib, hansı ki, birinci Qarabağ müharibəsinin bütün gedişi boyu 100 minə yaxın mərmi sərf edilmişdi)

Nəticədə artilleriya hazırlığının ardınca hücuma keçən tank və piyada bölmələri düşmənin müdafiə xəttinin birinci eşalonunu qısa zamanda ələ keçirib. Söhbət təxminən 40 kilometr enində müdafiə xəttindən gedirdi.

Eləcə də şimal-şərq istiqamətində artilleriya hazırlığının xüsusi təyinatlıların qəfil həmləsi ilə uzlaşdırılması yaxşı effekt verib. Düşmənin Talış və Seysulan kəndləri istiqamətindəki onlarla döyüş mövqeyi hücumun ilk saatlarında ələ keçirilib.

Həmin əks-hücum əməliyyatlarında Baş qərargahın düşmənə həmlə edən bölmələrin qarşısında hansı döyüş vəzifəsini qoyduğu təbii ki, hərbi sirr olaraq  qalır. Bu baxımdan düşmənin müdafiə xəttinin yarılmasından sonra qoşunlarımızın nədən irəliləməni dayandırdığı, taktiki dərinliklərdə möhkəmlənməklə kifayətləndiyi haqda suallara birmənalı cavab vermək də mümkün deyil. Ola bilsin bölmələrin qarşısında qoyulmuş döyüş vəzifəsi də məhz bundan ibarət idi və əgər belədirsə həmin vəzifə böyük ölçüdə yerinə yetirilmiş hesab oluna bilər.

Lakin ən mühüm nəticə bu idi ki, düşmənin uzun müddətdir möhkəmləndirilmiş müdafiə xətti çox qısa zamanda və kifayət qədər geniş zolaqda yarılmışdı. Bu, düşmən qüvvələrində sarsıdıcı effekt yaratdı, ancaq ordumuz taktiki dərinliklərdə ələ keçirdiyi mövqelərdə müdafiə mövqeyinə keçdiyindən döyüşlərin sonrakı mərhələsində erməni birləşmələri toparlanmağa və yeni mövqelərə çəkilib möhkəmlənməyə imkan qazandı.

Hərb elminə görə istənilən hücum əməliyyatının ən mühüm və ən çətin vəzifəsi məhz düşmənin müdafiə xəttini yarmaqdır. İndiki situasiyada bu, daha çətin və coğrafi baxımdan mürəkkəb vəzifə idi. Çünki ermənilər 20 ildən çoxdur ki, tutduqları mövqeləri mühəndis-istehkam qurğuları ilə möhkəmləndirmişdi və bu mövqelər hakim yüksəkliklərdə yerləşirdi. Azərbaycan ordusu öz arsenalının çox az hissəsindən istifadə etməklə və cəmi iki briqada ilə həmin vəzifənin öhdəsindən gəldi.

Şübhəsiz ki, heç bir döyüş əməliyyatının tam planlaşdırıldığı kimi aparılması mümkün deyil. Qurulmuş planda hansı boşluqların və səhvlərin olduğu döyüşün gedişində meydana çıxır. Və şübhə etmirik ki, Müdafiə Nazirliyi, Baş qərargahın mütəxəssisləri yeni hücum əməliyyatı planları, eləcə də təlim ssenariləri hazırlayarkən aprel döyüşlərinin təcrübəsini hökmən nəzərə alıblar. Çünki aprel döyüşləri həm də döyüşlə kəşfiyyat idi və Azərbaycan ordusunun imkanlarını sınaqmala yanaşı eyni zamanda düşmənin müdafiə xəttinin möhkəmliyini də praktikada yoxlamağa imkan vermişdi.

Ancaq aprel döyüşləri ermənilərin iddia etdiyi kimi Azərbaycan ordusunun işğal edilmiş əraziləri azad etmək üçün başlatdığı irimiqyaslı hücum, yaxud blitskriq adlandırıla bilməzdi. Çünki yuxarıda qeyd edildiyi kimi bu əməliyyatlara yalnız ön xəttədəki  briqadalar, qismən xüsusi təyinatlılar və döyüş arsenalının minimal hissəsi cəlb edilmişdi, aviasiyadan isə praktiki olaraq istifadə edilməmişdi. Hansı ki, Azərbaycanın aviasiyada Ermənistan üzərində əzici üstünlüyü təmin etdiyini xarici ekspertlər və hərbi analitiklər çoxdan təsdiq ediblər.

Və indiki irimiqyaslı hərbi təlimlərdə silahlı qüvvələrin seçdiyi ssenari göstərir ki, Azərbaycan ordusunun torpaqları azad etmək üçün keçirəcəyi hücum əməliyyatı bundan daha irimiqyaslı və atəş zərbəsi baxımdan qat-qat dağıdıcı olacaq. Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda deyildiyi kimi təlimlərin ssenarisinə əsasən düşmənin möhkəmləndirilmiş müdafiə xəttini yarmaq üçün birinci atəş basqınında birbaşa tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən artilleriya divizionları, ağır odsaçan sistemlər batareyası və digər artilleriya divizionları və batareyaları iştirak edib.

İkinci atəş basqını hərbi aviasiyanın vasitəsilə yerinə yetirilib və bu atəş basqınında Silahlı Qüvvələrin hücum təyyarələri, qırıcı və döyüş vertolyotlar iştirak ediblər. Üçüncü atəş basqınında birbaşa tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən və reaktiv artilleriya divizionları təlimlərə qoşulub.

Başqa sözlə, təlimlərin ssenarisi göstərir ki, düşmənin müdafiə xəttini yarmaq üçün ənənəvi olaraq bir atəş basqını deyil, üç atəş basqını tətbiq olunur. Əvvəlcə ordunun arsenalında olan bütün növ reaktiv-yaylım atəşi sistemləri, artilleriya və minomyotlar, o cümlədən tanklar, habelə “cəhənnəm silahı” kimi tanınan ağır odsaçan sistemlər düşmən mövqelərinə intensiv zərbələr endirir. Ardınca aviasiya işə düşür və düşmənin eşalonlaşdırılmış müdafiəsinin həm ön xəttinə, həm taktiki dərinliklərinə sarsıdıcı zərbələr vurur.

Bu, düşmənin ön xəttdəki canlı qüvvəsini sıradan çıxarmaqla bərabər onun taktiki dərinliklərdə yerləşən HHM sistemlərini, tank əleyhinə batareyalarını və zirehli texnikasını məhv etməyə yönəlmiş həmlədir.

Nəhayət üçüncü mərhələdə, yəni motoatıcı bölmələr və piyada bölmələri hücuma keçməzdən əvvəl  düşmən mövqeləri daha bir atəş basqınına məruz qalır-yenə də tanklar və döyüş maşınları, artilleriya və reaktiv sistemlər düşmənin müdafiə xəttini vurur və ön xəttədəki qüvvələrin yenidən qruplaşıb hücuma müqavimət göstərmək imkanlarını minimallaşdırır.

Hücumun atəş hazırlığı başa çatdıqdan sonra bölük taktiki qrupları üç istiqamətdə müdafiəni yararaq, şərti düşmənin dayaq məntəqələrini ələ keçirib. Bu qruplar dərinlikdə qurulmuş tank əleyhinə xəndəklərin və torpaq bəndlərin arxasında atəş mövqeyi tutaraq həmin maneələrdən keçidlər açan mühəndis texnikasını öz atəşləri ilə himayə edib. Həmçinin ikinci eşalon bölüklərinin döyüşə yeridilməsini təmin edib. Təlimin növbəti mərhələsində düşmənin mina sahələrindən keçidlərin açılması müşahidə edilib.

Təlimdə habelə vertolyotlarla dağ aşırımlarına taktiki desant qruplarının endirilməsi icra edilib. Taktiki desant qruplarının endirilməsi döyüş vertolyotları ilə dəstəklənib. Təlimin son mərhələsində canlı qüvvənin və hərbi texnikanın hərəkəti, eləcə də mövqeyinin dəyişdirilməsi müşahidə olunub, helikopterlərlə təxliyə həyata keçirilib.

Təmas xəttinin coğrafi xüsusiyyətləri nəzərə alınmaqla yüksək dağ aşırımlarına vertolyotlarla xüsusi təyinatlıların endirilməsinin indiki təlimlərdə sınaqdan keçirilməsi olduqca mühümdür. Çünki xüsusi təyinatlıların həmin dağ aşırımlarındakı mövqelərə piyada hərəkəti uzun vaxt aparır və düşmən tərəfindən bu qüvvələrin hərəkətinin, yerinin gecəgörmə cihazları, digər vasitələrlə aşkarlanması riski olduqca yüksəkdir.

Təlimləri yüksək qiymətləndirən Müdafiə naziri general-polkovnik Z.Həsənov qeyd edib ki, təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla, əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir.

Azərbaycan ordusunun arsenalında olan yüksək dəqiqlikli, böyük dağıdıcı gücə malik və uzaqvuran silahlar, habelə atəş sistemlərinin təkcə müasirlik baxımından deyil, kəmiyyət baxımından da düşmənin atəş sistemlərindən qat-qat çox olması nəzərə alınanda göstərilən ssenari üzrə həyata keçiriləcək mümkün hücum əməliyyatlarının düşmən üçün nə dərəcədə dağıdıcı nəticəyə gətirib çıxaracağını təxmin etmək olar.

Qeyd etmək lazımdır ki, hərb nəzəriyyəsi istənilən hücum əməliyyatının uğurlu olması üçün başlıca şərtlərdən biri kimi hücuma keçən qüvvələrin canlı qüvvə və texnika sarıdan düşməndən üstünlüyünü müəyyən edir. Bunu nəzərə alaraq Azərbaycan ordusunu təkcə ən yeni silahlarla təchiz etmir, eyni zamanda həmin silahların miqdarını da durmadan artırır.

Nəzəriyyəyə və müharibələrin təcrüblərinə, habelə dünyanın aparıcı ölkələrinin ordularının hərbi təlim təcrübələrinə əsasən düzənlik, yaxud düzənlik-təpəlik ərazilərdə düşmənin möhkəmləndirilmiş müdafiə xəttini yarmaq üçün böyük sayda atəş sistemlərinə və döyüş texnikasına ehtiyac var. Məsələn, 1 kilometr enində müdafiə xəttini yarmaq üçün hücum edən tərəf həmin sahədə 30-40 tank və 200-ə qədər (hətta daha çox) artilleriya sistemi cəmləşdirməlidir.

Hansı ki, Azərbaycan ordusu aprel döyüşlərində daha az atəş sistemləri və döyüş texnikası ilə daha geniş zolaqda ermənilərin müdafiə xəttini yara bilmişdi. Bu da ermənilən müdafiə xəttinin keçilməz olduğu haqda mifi alt-üst etdi. İndiki təlimlərdə isə aprel döyüşlərinin təcrübəsi nəzərə alınmaqla düşmənin müdafiəsinin ön xəttinin yarılmasından sonra onun yenidən qruplaşıb ikinci müdafiə xəttində möhkəmlənməsinə imkan verməmək üçün daha dağıdıcı, daha intensiv atəş basqını sınaqdan keçirilib.

Başqa sözlə, Azərbaycan Silahlı Qüvvələrinin son hərbi manevrləri göstərib ki, torpaqların işğaldan azad edilməsinə yönəlmiş mümkün irimiqyaslı müharibə zamanı döyüş əməliyyatları teatrına daha təkmilləşdirilmiş hücum taktikasından istifadə edən ordu çıxarılacaq…

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub

Loading...
%d bloqqer bunu bəyənir: