Loading...
Loading...

Azərbaycan ilan yuvasını dağıtdı. İndi söz Türkiyənindir

Azərbaycanda gülənçiliyin fəlsəfi məktəbi ilə uzun sürən və sistemli mübarizə ölkəmizin siyasi sistemindəki bu qeyri-təbii teoloji-siyasi təzahürün tamamilə darmadağın edilməsi ilə yekunlaşdı. Dini təriqət kimi nurçuluq və islamçı protestant hərəkat kimi gülənçilik Azərbaycanda qanundan kənar elan edilib.

Şübhəsiz ki, Azərbaycanın etnoməzhəbçi cəmiyyətinə yad olan nurçuluqla (və onun siyasi forması olan gülənçiliklə) metodoloji və sistemli mübarizə ilk növbədə Azərbaycan dövlətçiliyinin milli maraqları ilə şərtlənmişdi. Qeyri-ənənəvi gülənçi (vəhhabilik kimi) missionerlik prozelitizmi (din və təriqət dəyişdirmə) özündə Azərbaycan millətinin etnoməzhəbçi identikliyinə və onun etnomədəni irsinə təhlükəni ehtiva edirdi.

Tarix boyunca bir çox xalqların etnoməzhəbçi birliyinin dağılması nümunələri misalında əminliklə söyləmək olar ki, missionerlik və etnomədəni irsə yad dini baxışların xalqa sırınması probleminin multikulturalizm və tolerantlıqla heç bir əlaqəsi yoxdur. Bu, dini problemdən daha böyük anlayış olub, ilk növbədə missionerliklə ənənəvi dinlərin tarixi, milli və mədəni fərqliliklərinin təzahürüdür.

Böhranların ağuşuna aldığı ötən əsrin 90-cı illərində dövlət institutlarının eroziyasından, həmçinin ideoloji vakuum və sovet dövrünün atavizmi olan Qafqaz Müsəlmanları Dini İdarəsinin timsalında milli şiəliyin neosovet məktəbinin gücsüzlüyündən istifadə edərək, dini fundamentalizmin iki ən ekstremist forması – vəhhabilik və nurçuluq Azərbaycan məscidlərində dərin köklər salmağa başlamışdı. Bəli, o dövrlərdə məscid dövlətdən ayrı idi və missionerliyin də məqsədi bu iki institutu birləşdirməkdi.

Gec-tez Azərbaycan dövləti sekyularizmə sosial nifrət və özünü fəda etmək yanğısı ilə silahlanmış, tezliklə o dünyaya köçərək, cənnətdə vəd edilmiş 72 hurinin görüşünə tələsən, vəhşiləşmiş meşə qardaşlığı obrazinda dini fanatiklər ordusu ilə üz-üzə qalacaqdı. Buna misal axtarmaq üçün uzağa getməyə ehtiyac yoxdur – gözümüzün önündə Şimali Qafqazda faciələr yaşanır, İranda orta əsrlərin qayda-qanunları rəsmiləşdirilir, Türkiyədə nurçuluğun qisası ssenarisi bərqərar olurdu…

İslamçı fundamentalizmin siyasi təzahürü ilə qarşıdurma özü-özlüyündə dövlətçiliyə son və qaçılmaz çağırış idi. Məhz siyasi islam və fundamental baxışlı məscid bütün etirazçı elektoratın son dayağı olmalı idi. Azərbaycan islamına özünüifadə üçün formalar çatışmırdı. Bizdə siyasi məscid ənənəsi yox idi. Buna istisna kimi yalnız Birinci Respublika dövründə qısa müddət ərzində fəaliyyət göstərmiş “İttihad” partiyasını göstərmək olar. Bundan əlavə, Azərbaycan islamı təbiətcə aqressiv və radikal deyil, çünki siyasətdən kənardır. Azərbaycan islamı hər zaman xalqın xarakterindən çox, onun qəlbinin təzahürü olub. Və ölkəmizdə siyasi islamın özünüifadəsi üçün dinin ekstremist siyasi forması lazım idi.

Bu səbəbdən də, nurçuluqla (şübhəsiz ki, bu, milli identikliyi heçə endirir) mübarizə dövlət maraqları və təhlükəsizliyi baxımından zəruri idi. Bu, ideoloji-siyasi mübarizənin tam obyektiv tərəfidir.

O ki qaldı bu problemin heç də az əhəmiyyət kəsb etməyən subyektiv tərəfinə, Azərbaycan hökuməti Ərdoğan hökuməti qarşısında müttəfiq öhdəliklərindən irəli gələn vəzifələri də yerinə yetirirdi.

Siyasi gülənçilik məngənəsində sıxılan Türkiyə bütün müttəfiqlərinə, ilk növbədə bu islamçı protestantlığın yayılması üçün münbit zəminin mövcud olduğu türk müsəlman ölkələrinə müraciət edərək, səmimi şəkildə gülənçi institutların təmizlənməsinə başlanmasını istədi.

Gülənçiliyin gücü nədədir? İstənilən missioner hərəkatı kimi, bu yalnız milli-dövlət çərçivəsi ilə məhdudlaşmır. O, mahiyyətinə görə qlobal və milliyyətçilikdən məhrumdur. Gülənçi sekta ABŞ-dan Somaliyə, İordaniyadan Azərbaycana kimi çiçəklənirdi…

Bəs yaxın və müttəfiq ölkələr Ərdoğanın xahişinə necə münasibət göstərdilər? Sistemli iqtisadi böhran içərisində boğulan Qırğızıstan xahişi rədd etdi. Bişkək üçün gülənçi tədris müəssisələri taleyin bəxşişidir. Qırğızıstanı başa düşmək elə də çətin deyil – onun bu cür effektiv milli təhsil sistemini qurmaq şansı mövcud deyil. Gülən isə bu ölkəyə bütöv institutlar və məktəblər bağışlayıb.

Müdrik və özünün siyasi hesablamalarında olduqca diqqətli rəhbər olan Nazarbayev kifayət qədər ehtiyatla eyham vurdu ki, gülənçiliyin törətdiklərinin miqyasını müəyyənləşdirmək məqsədilə komissiya yaradacaq. Özbəkistan susdu. Türkmənistandan da səs çıxmadı. Və yalnız Türkiyə ilə tarixi və qardaş ittifaqında birləşmiş Azərbaycan, özünün siyasi maraqlarına zidd olsa belə, bu sosial-siyasi məktəbin nümayəndələri ilə miqyasının analoqu olmayan müharibəyə başladı. Siyasi maraqlara zidd deyərkən, unutmayaq ki, gülənçilər dünya siyasətinin mərkəzində – Vaşinqton hakimiyyətinin dəhlizlərində ən effektiv lobbilərdən biridir və bu qüdrətli sekta ilə düşmənçilik rəsmi Bakı üçün çox ciddi nəticələrə gətirib çıxara bilər.

2014-cü ildə yüksək rütbəli məmurlar işdən çıxarıldı, gülənçi liseylər və hətta məşhur “Qafqaz Universiteti” bağlandı və Bakı Ali Neft Məktəbinin tabeliyinə verildi.

Gülənçiliklə əlaqəli olan siyasi fəallar həbs edildi, Pensilvaniya tərki-dünyasının davamçılarına hətta mobil rabitə operatorları şirkətlərində də rast gəlindi və onlar da azadlıqdan məhrum olundu, bir sıra iş adamı və KİV təmsilçisi, “Qafqaz Universiteti”nin və “İstek” liseylər şəbəkəsinin müəllimləri, hazırlıq kurslarının mühazirəçiləri… nurçuluqla əlaqəsi aşkarlanmış hər kəs deportasiya edildi… Bundan əlavə, Bakıda yüksək dövlət instansiyalarının gülənçilərdən təmizlənməsi davam etdirildi.

Başqa sözlə, rəsmi Bakı təmiz vicdanla prezidentlər Əliyev və Ərdoğanın şəxsi və sədaqətli dostluğu ilə möhkəmlənmiş müttəfiq öhdəliklərini yerinə yetirdi.

İndi isə gəlin, başqa suala cavab verək: Əliyev hakimiyyətinin yerində olsaydı, Ərdoğan hökuməti necə rəftar edərdi? Axı son dönəmlərə qədər Azərbaycan hökumətinin ən qatı əleyhdarları özlərini qardaş Türkiyədə çox rahat hiss edirdilər. Qənimət Zahid ən alçaq formada Türkiyə teleməkanında “yenə o bağ olaydı” məzmunlu iddialı verilişində hökumət və ölkə əleyhinə ağlasığmaz ittihamlar yağdırırdı. Əli Kərimlini itirsən, Türkiyədə tok-şoularda tapardın və o, efir vaxtından Bakıda kütləvi iğtişaşlara çağırışlar etmək üçün istifadə edirdi. Hətta Ərdoğanın iyulun 15-də Türkiyə hakimiyyətini devirmək cəhdi etmiş qüvvələrə himayəçilikdə suçladığı dairələrə qulluq edən “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyası da özünün ziddiyyətli radioverilişlərini Türkiyənin “Türksat” rabitə peyki vasitəsilə yayırdı.

Türkiyə kütləvi informasiya vasitələrində Azərbaycan prezidentinin əleyhinə həyasızcasına ittihamlar yer alırdı. Türkiyədə hətta ayrıca “Kurultay” qəzeti də peyda olmuşdu ki, onun rəhbəri olan Aydın Taş adlı şəxs de-fakto daim İ.Əliyevin legitim hakimiyyətini devirməyə çağıran azərbaycanlı qüvvələrin nümayəndəliyi funksiyasını yerinə yetirir.

İ.Əliyev hakimiyyətinin Türkiyə hökumətinə özünün əsas rəqibi – gülənçilər sektasına qarşı mübarizəsində tam şəkildə siyasi dəstək verməsinə baxmayaraq, bütün bu illər ərzində Türkiyənin siyasi sistemində anti-Əliyev platformasının genişlənməsinə Türkiyənin göz yumması təəccüb və təəssüf doğurur. Bu qaragüruha qarşı heç bir tədbir görülmürdü, halbuki, Azərbaycan hakimiyyəti Ərdoğanın və onun hökumətinin elə ilk çağırışından sonra Türkiyəyə etibarsız görünmüş bir çox dövlət məmurunu və hətta oturuşmuş institutlarını qurban verdi. Lakin elə dünənə kimi Azərbaycan müxalifətinin elə həmin gülənçilər tərəfindən qaynaqlanan bir hissəsi Ankarada və İstanbulda özünü suda balıq kimi hiss edirdi. Kərimlinin gülənçi platforması ruhunda ən pis ideoloji təcavüz misalı ola biləcək “Kurultay” qəzeti isə hələ də hökumətimizə qara yaxır.

Azərbaycanda Gülənlə müsahibəyə cəhdə görə 25 ilik tarixi olan telekanal bağlanır və onun sahibləri Baş Prokurorluqda dindirilir, Türkiyədə isə qəzetlər və jurnalistlər hər gün rəsmi Bakıya qarşı üzbəsurət hücuma keçirlər! Bunu necə başa düşək – diqqətsizlik, düşüncəsizlik, liberal dəbə uyma, səhlənkarlıq? Fəqət Bakı heç zaman bunları özünə rəva görməyib.

Türkiyə prezidentinin ünvanına bircə hörmətsiz kəlməyə görə Bakıda hər hansı jurnalist işini və hətta azadlığını itirə bilər. Bəs nə üçün Türkiyədə jurnalistlər bizim hakimiyyəti atəşə tutmaqda davam edirlər? Ola bilsin, fikir verməyiblər. Qənimət Zahid və Əli Kərimli ilə olduğu kimi. Ümid edirik ki, bu vəziyyət belə qalmayacaq və “Kurultay” qəzeti özünün rəhbəri Taşla birlikdə tarixin bir küncünə gömüləcək – hazırda siyasi gülənçiliyin gömüldüyü yerə…

Eynulla Fətullayev

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Əli Kərimlini İŞİD lideri kimi tutun”

Loading...
%d bloqqer bunu bəyənir: