Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan banklarının “şilləvuranları” – YAXUD “KOLLEKTORLAR” NECƏ İŞLƏYİRLƏR?

Son günlər bank və digər maliyyə qurumlarına problemli borcların yığılması üzrə xidmət göstərən kollektor şirkətlərinin yaradılması, bu şirkətlərin fəaliyyətinin qanunla tənzimlənməsi təklifləri irəli sürülür. İndiyədək Azərbaycanda 10-a yaxın kollektor şirkəti yaradılsa da, onların fəaliyyəti qanunla tənzimlənmir. Məhz buna görə də bu şirkətlərin fəaliyyəti yetərli qədər hiss olunmur. Amma məsələn, qonşu Rusiyada problemli kreditlərin 80-85 faizi kollektor şirkətləri vasitəsilə geri alınır. Rusiya mətbuatında borclunun döyülməsi, evinin yandırılması, qonşuların qarşısında təhqir edilməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik (yeri gəlmişkən, buna görə onları bankların “şilləvuranı” adlandırırlar).

Kollektor şirkətlərinin tərəfdarları problemli borcların qaytarılması ilə bankların dirçələcəyini güman edirlər. Bəs bu şirkətlər bankları xilas edə bilərmi? Banklar kollektor şirkətləri ilə işləməkdə maraqlıdırlarmı? Şirkətlərin fəaliyyətinin qanunla tənzimlənəcəyi halda borclunu nə gözləyir?

Virtualaz.org saytı bu suallarla banklara və ekspertlərə müraciət edib.

Vəkil Əkrəm Həsənov bildirib ki, artıq Azərbaycanda bir neçə kollektor şirkəti fəaliyyət göstərir: “4 kollektor şirkəti haqqında məlumatımız var. Amma reallıqda belə şirkətlərin sayı daha çoxdur”.

Vəkilin sözlərinə görə, vətəndaşlara zəng vuraraq özünü bank işçisi kimi qələmə verənlərin əksəriyyəti kollektor şirkətlərinin nümayəndələridir: “Belə şirkətlərin əməkdaşları vətəndaşları qorxudur, zorla saxlayır, döyür və digər zorakı əməllər törədirlər. Banklar da elə onların vasitəsilə borcları geri qaytara bilirlər. Kollektor şirkətlərinin fəaliyyəti qanunla tənzimlənmədiyindən banklar bu şirkətlərlə işbirliyini gizli saxlayırlar”,-deyə Ə.Həsənov qeyd edib.

Adətən belə şirkətlər işə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarını götürürlər. Ə.Həsənov deyir ki, indiyədək yaradılmış kollektor şirkətlərinin nizamnamə kapitalı cüzi məbləğdədir: “Bu şirkətlər banklarla müəyyən faiz müqabilində çalışırlar”. Vəkil hesab edir ki, əksər banklar kollektor şirkətlərin xidmətindən yararlanır: “Təxminən il yarım əvvəl bizə müraciət edən borclu böyrəyini sataraq krediti ödəmək istəyirdi. Çünki kollektor şirkətinin əməkdaşları onu qorxutmuşdular. Kollektor şirkətlərinin zorakarlığı ilə bağlı internetdə videolar, səs yazıları var”.

İqtisadçı Azər Məmmədov isə deyir ki, kollektor şirkətləri lisenziya əsasında çalışmalıdır. “Əslində dünyanın əksər ölkəsində belə şirkətlər var. Banklar vaxt itkisinə yol verməmək üçün kollektor şirkətlərinin xidmətindən istifadə edirlər. Məsələn, bank borclunu məhkəməyə verir, məhkəmə isə aylarla davam edir. Amma kollektor şirkəti borcu alır və borclunu məhkəməyə verməkdən tutmuş məhkəmə qərarının icrasınadək bütün prosesi yerinə yetirir. Bu isə təbii ki, bankı əlavə vaxt və maliyyə itkisindən azad edir”. A.Məmmədovun sözlərinə görə, borcluya təzyiq gösrətmək, zorakılıq etmək qadağandır. “Kollektor şirkətlərinin borcluya təzyiq göstərməsi faktları mövcuddur. Tək Azərbaycanda deyil, əksər ölkələrdə borclulara təzyiq göstərilməsi faktları var. Məsələn, Rusiyada borclunun evinin qarşısında təhqiredici bəyanatlar yazaraq ondan borcun geri ödənilməsi tələb olunmuşdu. Əslində şirkətlərin əsas işi borcu geri qaytarmaqdır. Amma heç bir halda borcluya təzyiq göstərilməsinə yol verilə bilməz”,-deyə iqtisadçı qeyd edib.

Bəs, banklar kollektor şirkətlərinin fəaliyyətindən yararlanırlarmı?

“Unibank”dan sualımıza “yox” cavabı verdilər. “Bizim bankda problemli kreditlər şöbəsi var. Problemli kreditlərlə bu şöbə məşğul olur. Əlavə məlumat verə bilmərik”,- deyə bankın əməkdaşı söylədi.

“Bank of Baku”dan da borcun qaytarılması üçün kollektor şirkətləri ilə müqavilə bağlanıb-bağlanmadığını açıqlamadılar. “Problemli kreditlərlə bankın əməkdaşları məşğul olurlar. Bank hansısa şirkətlə müqavilə bağlayıb-bağlamadığını açıqlaya bilməz”,-deyə bank əməkdaşı əlavə məlumat verməkdən imtina etdi. Qeyd edək ki, qaydalara görə, kollektor şirkətləri bankdan borcu satın ala və ya bankla müqavilə əsasında işləyə bilər. Kollektor şirkətlərinin fəaliyyəti əsasən 3 mərhələdən ibarət olur. Birinci mərhələdə borclunun fırıldaqçı olub-olmadığını aydınlaşdırırlar. Bunun üçün borclunun yaşadığı ünvan, iş yeri müəyyənləşdirilir. Borcluyla, sonradan isə onun yaxınları ilə əlaqə yaradaraq borcun ödənilməsi istənilir. Bu mərhələdə borc geri ödənilməzsə, növbəti tədbirlərə əl atılır.

Borcluya sərt xəbərdarlıq edərək ona həm də psixoloji təzyiq göstərilir. Sonuncu mərhələdə isə borcun qaytarılması ilə bağlı iddia qaldırılır. Təbii ki, borcun qaytarılması üçün əmlakın satışa çıxarılması da iddiada əksini tapır.

Onu da xatırladaq ki, devalvasiyadan sonra problemli kreditlərin həcmi artıb. Son 1 ildə 12 bank bağlanıb.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Sabah yağmurlu hava olacaq

%d bloqqer bunu bəyənir: