Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycan Əliyevin şəxsi mülkünə çevrilir”

Polşalı hüquq müdafiəçisi Britaniya mediasında Azərbaycanda Konstitusiya dəyişikliyi barədə nələr yazıb?

«Əliyev hakimiyyəti seçdiyi davamçısına ötürmək üçün zəmin yaradır»

Böyük Britaniyanın “Open Democracy” saytında polşalı hüquq müdafiəçisi Dominika Bıhavska-Şinerka Azərbaycanda hakimiyyətin Konstitusiyaya etməyə hazırlaşdığı mürtəce dəyişikliklər barədə məqalə yazıb. Məqalədə xüsusi vurğulanıb ki, dəyişikliklər ölkədə avtoritarizmin güclənməsinə xidmət edəcək. “Azərbaycanın konstitusiyasız gələcəyi” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

Parlament Əliyevin istəklərinə möhür vurmaqla məşğuldur

Azərbaycanda yeni konstitusiya layihəsinin sentyabrda referendumla qəbulu gözlənilir. Əgər layihə qəbul edilsə, bu, ancaq Əliyev rejiminin gücünü möhkəmləndirməyə xidmət edəcək.

Azərbaycan mədəni və siyasi olaraq, Türkiyənin kiçik qardaşıdır. Sürpriz deyil ki, Türkiyənin illərdir ciddi demokratik geriləmələr yaşadığı bir vaxtda, Azərbaycan prezidenti Ilham Əliyev konstitusiyanı dəyişməklə hakimiyyətini gücləndirmək üçün əsaslar yaradır.

Iyulun sonunda Əliyev bəyan etdi ki, yeni konstitusiya üçün referendum 26 sentyabrda baş tutacaq. Əliyevin siyasi fəaliyyət dövrünə baxaraq, güman edə bilərik ki, bu referendum Avropa müşahidəçilərini keyitmək üçün fasad rolunu oynayır.

Avropanın ən pis rejiminin taktikası potensial xarici tənqidçiləri neft müqavilələri, bəzəkli idman yarışları və mədəni tədbirlərlə susdurmaqdır. Azərbaycanda vətəndaşların fundamental haqları təmin olunmur, mətbuat azadlığı boğulur, siyasi məhbuslar acınacaqlı vəziyyətdə azadlığa çıxmağı gözləyir. Məhkəmə sistemi prezident tərəfindən idarə olunur, parlament isə Əliyevin istəklərinə möhür vurmaqla məşğul olur.

Süni referendum xalqa zarafat kimi gəlir. Azərbaycan xalqı azad və ədalətli seçkilərin axırıncı dəfə nə vaxt keçirildiyini xatırlamır.

Bu dəyişikliklər Azərbaycanı daha da avtoritarlaşdıracaq

Sosial mediada konstitusiyaya dəyişiklikləri müzakirə edən azərbaycanlılar narahat olur ki, bəlkə də bu, azad cəmiyyət tabutuna vurulan sonuncu mismardır. Prezident Əliyev təsdiqləməyə hazırlaşdığı – prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər keçirmək səlahiyyətinin verilməsi müddəalarını o, “xalqın iradəsi” adlandırır.

Bu kontitusion dəyişikliklər Azərbaycanı daha da avtoritarlaşdıracaq, prezidentlik səlahiyyətlərini daha da artıracaq.

Ilham Əliyevin səlahiyyətlərindən sui-istifadə halları araşdırmaçı jurnalistlər tərəfindən geniş şəkildə sənədləşdirilib.

Əliyev referendumdan sonra növbədənkənar seçki keçirəcək

“O, referendum keçirdikdən sonra qısa zamanda, iqtisadi böhran dərinləşməmişdən qabaq seçkilər elan edəcək. Dünyanın başı başqa məsələlərə qarışıqkən, o, referendumu saxtalaşdıra və öz səltənətini 2023-cü ilə kimi davam etdirə bilər”, – Bakıdan bir vəkil şifrəli smartfon mesajı ilə bizə yazıb.

Azərbaycanlı vəkillərlə həmrəylik göstərərək, biz Əliyevin repressiv siyasətinin qurbanlarının hüquqlarının Avropa Insan Haqları Məhkəməsində müdafiə olunması üçün səylər göstəririk.

Planlaşdırılan dəyişikliklər Avropanın bir çox konstitusional demokratiyalarının prezidentlik müddətinin azaldığı dönəmdə baş verir. Məsələn, Əliyevin etdiyinin əksinə olaraq, 2000-ci ildə Fransa prezidentlik müddətini 7 ildən 5 ilə endirdi. O zaman Prezident Jak Şirak təklifi əsaslandırmaq üçün ictimaiyyətə açıqlamalarında demişdi ki, “7 il həddən artıq çoxdur, 5 il daha moderndir, Fransa xalqı tez-tez səs verməlidir”.

Ömürlük seçilmək imkanını da nəzərə alsaq, yeddi il müddəti Əliyevi seçkilərdən asılılıqdan azad edir, beləcə, Azərbaycan onun şəxsi mülkünə çevrilir.

İnsan haqlarını boğmağa hesablanmış dəyişiklik

Təklif olunan dəyişikliklər həmçinin Azərbaycan vətəndaşlarının fundamental haqlarının konstitusional məhdudlaşdırılmasına işarə verir. Konstitusiyada nəzərdə tutulur ki, bütün vətəndaşların toxunulmaz, təkzibedilməz və mütləq hüquq və azadlıqları var. 24-cü maddənin yeni məhdudlaşdırıcı müddəasında bildirilir ki, hüquqlardan sui-istifadə hallarına yol verildikdə, vətəndaş azadlıqlarını məhdudlaşdırmaq olar. Proporsionallığa və hüquqların yaratdığı öhdəliklərdən geri çəkilmə hallarına istinad etmədən, bu cür ümumi məhdudlaşdırmalar bir çox narahatlıqlar doğurmalıdır. Əliyevin repressiv rejiminin kontekstində bu dəyişiklik təklifləri akademik mətn sayıla bilər, ancaq “hüquqlardan sui-istifadəyə icazə verilmir” müddəası hüquqların boğulmasına xidmət edəcək.

Bütün demokratik konstitusiyalarda insan haqları həmişə birinci gəlir və ondan sonra bəzi ilkin şərtlər qarşılanarsa (leqallıq, legitim məqsədlərə xidmət, zərurilik), müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. “Hüquqlardan sui-istifadə” qadağası lüzumsuz müddəadır.

Növbədənkənar seçkilər

Təklif olunan konstitusiyada növbədənkənar prezident seçkiləri elan etmək səlahiyyəti də daxil olmaqla, prezident yeni mühüm səlahiyyətlər əldə edəcək. Əksər Avropa konstitusiyalarında bütün gözlənilən və ya ani planlaşdırılan seçkilər parlament və ya parlamentin spikeri tərəfindən sifariş edilir. Bu müstəsna hüququn Əliyevin əlinə keçməsi yalnız onun hakimiyyətinin möhkəmlənməsinə xidmət edəcək.

Təsəvvür etmək çətin deyil ki, Əliyev bu dəyişikliklərdən siyasi məqsədləri üçün istifadə edə bilər – əgər sosial gərginlik artsa və ya ictimai dəstək azalsa, Əliyev yeni seçkilərin keçirilməsi üçün tapşırıq verə bilər. Potensial seçkilərin nəticələri isə əvvəlki seçki təcrübələrinə nəzər yetirdikdə, aydın görünür.

Eyni zamanda, dəyişiklik layihəsi prezidentə vitse-prezidentləri təyin etmək və vəzifədən azad etmək səlahiyyəti də verir. Əgər prezident xəstəlik səbəbilə sahiyyətlərini icra etmək iqtidarında olmasa və ya vəzifəsinə daha sonra davam etmək üçün bir müddət kənara çəkilmək istəsə, vitse-prezidentlər prezidentin funksiyalarını həyata keçirə bilər. Belə görünür ki, Əliyev qocalanda hakimiyyəti seçdiyi davamçısına ötürmək üçün zəmin yaradır.

Aksiyaları qadağan etmək üçün hüquqi zəmin yaradılır

Azərbaycanın yeni konstitusiya layihəsi “ictimai asayişi və normaları” pozmadığı halda, nümayişlərə icazə verir. Bu dəyişiklik yığıncaq və yürüşlərə hazırkı basqı praktikasını leqallaşdıracaq. 2013-cü ilin yanvarında Bakıda yüzlərlə adamın yığışaraq, ədalətsizliklərə qarşı keçirdiyi nümayiş zorakılıqla dağıdılmışdı. Etirazçıların çoxu hüquqi əsas olmadan bir neçə saat saxlanılmış və şəhərin kənarına aparılaraq, azad edilmişdi.

Emin Hüseynovun son məhkəmə işində Avropa Insan Haqları Məhkəməsi qeyd etdi ki, Azərbaycan hökuməti nümayişçilərin müəyyən müdafiə ehtiyacını təmin etməli və onlara qarşı aşırı güc tətbiq etməkdən çəkinməlidir. Emin Hüseynov mühacirətdə olan yerli jurnalistdir, 2008-ci ildə yığıncaqdan reportaj hazırlayarkən, möhkəm döyülmüşdü.

Toplaşmaq azadlığına dair dəyişikliklər nəticəsində nümayişləri qadağan etmək asanlaşacaq, onlar qanunun adından istifadə edilərək, rahatca dağıdılacaq.

Mülkiyyət hüquqları və vətəndaşlığın itirilməsi ilə bağlı maddələrdə də insan haqları pozuntularını legitimləşdirmək səyləri gözə dəyir.

Buna getməklə, Azərbaycan BMT qarşısında öhdəliyini pozur

İllərdir ki, paytaxtı modernləşdirmək həvəsi Bakıda məcburi köçürülmələr, müsadirə, şəxsi evlərin dağıdılması hallarına səbəb olur. Adekvat kompensasiya verilmədən və leqal proseslər aparılmadan kütləvi müsadirələr baş tutur. Bu yerlərdə yeni avtoparklar, butik mağazalar, bulvarlar, göydələnlər, ticarət mərkəzləri və hətta “Formula-1″ üçün yarış şosseləri meydana çıxır.

Azərbaycan Konstitusiyasına edilən yeni dəyişikliklərdə “xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur”. Həmçinin, “torpaq sahələri üzərində mülkiyyət hüquqları sosial ədaləti və torpaqdan istifadə üzrə effektivliyi təmin etmək üçün məhdudlaşdırıla bilər”. Layihə müəllifləri hökumətin ədalətsiz köçürmələri davam etdirməsi üçün əlavə qavramlar yaradır. Dəyişikliklər ədalətli və proporsional kompensasiyaların – beynəlxalq hüquqların tələb etdiyi ilkin şərtlərin üzərindən keçməyə kömək edəcək.

Başqa bir dəyişikliklə isə “qanunla nəzərdə tutulmuş” hallarda fərdin vətəndaşlığının əlindən alınmasına imkan verilə bilər. Vətəndaşlıqdan məhrumetmə Əliyevin jurnalistlərə və insan haqları müdafiəçilərinə qarşı istifadə etdiyi siyasi basqı alətidir. Buna getməklə, Azərbaycan BMT-nin 1961-ci il Dövlətsizliyin Ixtisarı Konvensiyası üzrə beynəlxalq öhdəliklərini pozmuş olur.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Siz repressiyanı artırdıqca daha çox adam mübarizəyə qoşulacaq”

%d bloqqer bunu bəyənir: