Azərbaycanla Türkiyənin də arasını vurmaq istəyən gizli təşkilat varmış – İlginc iddia

15 iyul çevriliş cəhdinin üzə çıxardığı daha bir mübhəm; bayrağımızı təhqir edən eks-qubernatorun şok etirafının pərdəarxası

Türkiyədə 15 iyul uğursuz hərbi çevriliş cəhdinin ağır nəticələri yəqin ki, hələ bir müddət də özünü göstərəcək. Ona görə ki, bu hadisə ən əvvəl Türkiyə ordusuna, onun dövlətçiliyinə daxildən xain bir zərbə oldu və onun təsirlərini aradan qaldırmaq, belə görünür, az vaxt və enerji aparmayacaq – yüzlərlə insan itkisi, günahsız adamların qətli də öz yerində.
Bunun üstünə toplumun durumuna, psixologiyasına, bütünlüyünə vurulan ağır zərbələr də əlavə olunarsa, vəziyyət daha dolğun təsəvvür edilər. Bütün bunlar isə sonucda şübhəsiz ki, “bir millətin ikinci dövləti” olaraq Azərbaycana da təsirsiz ötüşməyəcək.
***
Hərbi qiyamla bağlı, bu qiyamın arxasında durduğu deyilən (Türkiyənin AKP-yə yaxın mediasının mediasının “FETÖ” adlandırdığı) təşkilatla ilgili yeni-yeni ilginc detallar üzə çıxmaqdadır. Məsələn, həmin təşkilatı dəstəkləməkdə ittiham olunaraq saxlanılanlar arasında Türkiyənin Bursa əyalətinin sabiq qubernatoru Şahabettin Harput da var. Yada salaq ki, bu şəxs 2009-cu ildə Bursada keçirilən Türkiyə-Ermənistan futbol matçı zamanı Azərbaycan bayrağını təhqir eləmişdi.
Həbs olayını rusdilli vesti.az saytına şərh edən türkiyəli tanınmış politoloq, KAFKASSAM Strateji Tədqiqatlar Mərkəzinin direktoru, tanınmış politoloq Hasan Oktay bu mövzuda maraqlı fikirlər söyləyib. O, öncə həmin futbol oyununu şəxsən izlədiyini deyib: “Matç zamanı görülən bütün tədbirlərə baxmayaraq, orada Daşnak partiyasının bayraqlarını yelləyirdilər. Bursadakı təkrar cavab görüşü ilə bağlı şəhər hakimiyyəti qabaqcadan xəbərdarlıq eləmişdi ki, stadiona Türkiyə bayraqlarından savayı heç bir başqa bayraq buraxılmayacaq. Təbii ki, azarkeşlər arasında bu xəbərdarlıqdan məlumatsız olanlar var idi və onlar özləri ilə Azərbaycan bayrağı gətirmişdilər. O zaman qubernator olan Şahabettin Harput göstəriş verdi ki, Azərbaycan bayraqları yığışdırılsın və zibil qutularına atılsın”.
Politoloqun sözlərinə görə, o vaxt dövlət nümayəndəsinin dövlət mənəviyyatı və intizamı ilə bir araya sığmayan bu cür hərəkətinə etiraz olaraq, o, Türkiyənin müxtəlif televiziya kanallarında çıxış edib və Azərbaycan bayrağını təhqir elədiyi üçün qubernatorun dərhal vəzifəsindən uzaqlaşdırılmalı olduğunu bildirib.
“Əfsus ki, o zaman hökumət onun müdafiə elədi. Və bir il ötəndən sonra bəlli oldu ki, Şahabettin Harput bu hərəkəti qəsdən törədib, qəsdi də Türkiyə ilə Azərbaycan arasında münasibətləri korlamaq olub. Üstəlik, bunu beynəlxalq arenada Türkiyəyə problemlər yaradan ”FETÖ” terror təşkilatının göstərişi əsasında edib. Bu qurumun tərəfdarları dövlət orqanlarına nüfuz edərək, hakimiyyəti hər vəchlə xalqla toqquşdurmağa çalışıblar, hökumət isə ciddi cəhdlə xalqla hakimiyyəti toqquşdurmaq istəyən və cinayətkar fəaliyyətlə məşğul olan məmurları müdafiə eləməli olurdu” – qurum rəhbəri qeyd edib.
Onun fikrincə, daha rüsvayçı fakt odur ki, sabiq qubernator əvvəllər Türkiyə daxili işlər nazirinin müavini postunu tutub və orada işlədiyi bütün bu müddət ərzində F.Gülən ardıcıllarının DİN-ə daxil olmasına yardımçı olub.
“Yalnız hərbi çevriliş cəhdindən sonra hakimiyyət dövlət orqanlarına çökmüş FETÖ-çuların, onların tərəfdarlarının fəaliyyətinin bütün dəhşətlərini başa düşə bildilər. Və illər sonra hakim partiya eks-qubernator və onun kimi yüzlərlə ”FETÖ” tərəfdarlarının əsl niyyətini anladı. Məhz bu terror təşkilatının müxtəlif postlarda və dövlət orqanlarındakı üzvləri sayəsində Azərbaycanla Türkiyənin münasibətlərində vaxtaşırı gərginlik yaranırdı. Təşkilat ardıclıları istənilən imkandan yararlanaraq çalışırdılar ki, hakimiyyət böhranlı duruma düşsün” – KAFKASSAM rəhbəri əlavə edib.
***
Sonda bu xüsusda daha iki maraqlı detalı qeyd edək: biri odur ki, iki qardaş ölkə arasında az qala böhranlı duruma gətirən, Türkiyə-Ermənistan sərhədinin Qarabağ şərti olmadan açılmasını nəzərdə tutan bədnam “Sürix protokolları”nı sabiq baş nazir, o vaxtkı xarici işlər naziri Əhməd Davudoğlu imzalamışdı. Rusiya-Türkiyə əlaqələrinin korlanmasında da onun əsas fiqur olduğu iddia edilir. 15 iyul hərbi çevrilişindən sonra isə qiyamçıların məhz Davudoğlunu hakimiyyət başına gətirmək istədikləri barədə Türkiyə mediasında məlumat yayılıb.
Maraqlıdır ki, ABŞ-a yaxınlığı ilə fərqlənən cənab Davduoğlu bu ilginc iddiaya hələ də reaksiya verməyib.(musavat.com)

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilib

%d bloqqer bunu bəyənir: