Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

AXCP-nin gənc fəalı “Gülənçi” ittihamı ilə həbs edildi; Partiyadan sərt bəyanat

“Hakimiyyət ən çirkin saxtakarlıqlara belə gedərək partiya üzvlərini və sədrini Fətullah Gülənə bağlamaq istəyir”

AXCP Xətai şöbəsi Gənclər Komitəsinin sədri, avqustun 18-də həbs edilmiş Fuad Əhmədli barədə rəsmi məlumat yayılıb. Respublika Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətinin birgə yaydığı məlumatda Fuad Əhmədli daha 3 nəfərlə birlikdə Fətullah Gülən şəbəkəsinin üzvləri kimi təqdim olunur. Məlumatda bildirilir ki, F.Əhmədli və diğər 3 nəfər Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə başlanmış cinayət işi üzrə təqsirli bilinir. Guya F.Əhmədli işlədiyi mobil operator şirkətlərindən birində obonentlərlə aid məlumatları həmin cinayət işi üzrə tutulanlardan birinə ötürürmüş.

AXCP Fuad Əhmədliyə qarşı ittihamları rədd edir və onun son günlərdə partiyaya qarşı güclənən repressiya kontekstində həbs olunduğunu bildirir. Partiyanın bununla bağlı bəyanatında deyilir:

Hakimiyyət AXCP-yə qarşı məkrli plan quraraq, növbəti repressiya dalğasına başlayıb. Partiya sədri Əli Kərimliyə qarşı Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fətulla Gülənlə bağlılığı haqda tamamilə yalan və şər-böhtan üzərində qurulumuş ittiham irləi sürülür, hətta bunu əsaslandırmaq üçün Əli Kərimlinin adından Fətullah Gülənə saxta və səviyyəsiz, heç Xalq Cəbhəsi Partiyasının adının belə düzgün yazılmadığı bir məktub da uydurub sosial şəbəkədə yayıblar.

Açıq-aşkar hiss olunur ki, hakimiyyət AXCP-ni və onun sədrini Fətullah Gülənlə əlaqələrdə şərləmək istəyir. Buna görə də son günlərdə həbs edilən AXCP-nin gənc fəallarından biri Fuad Əhmədli rəsmi məlumatda Fətullah Gülənin tərəfdarı kimi təqdim olunub.

AXCP Xətai şöbəsi Gənclər Komitəsinin sədri olan Fuad Əhmədli avqustun 18-də DTX əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, Fuad Əhmədli digər 3 nəfərlə birlikdə 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə açılmış cinayət işi üzrə təqsirli bilinərək, barəsində həbs-qətimkan tədbiri seçilib. Rəsmi məlumatda Fuad Əhmədli Fətullah Gülən şəbəkəsilə əlaqəli şəxs kimi təsvir edilib.

AXCP bəyan edir ki, Fuad Əhmədliyə qarşı irəli sürülən ittihamlar birmənalı şəkildə yalan və quramadır. Fuad Əhmədlinin Gülənçilərlə heç bir əlaqsə yoxdur və ola da bilməz. O, İqtisad Universitetini bitirib, müasir və liberal düşüncəli siyasi fəaldır, ictimai-siyasi baxımdan AXCP-də formalaşıb. AXCP sədri Əli Kərimliyə qarşı əvvəldə bəhs olunan saxta məktub təxribatı da göstərir ki, partiya üzvlərini və onun sədrini Fətullah Gülənə bağlamaq üçün hakimiyyət ən çirkin saxtakarlıqlara belə, hazırdır.

Hakimiyyətin AXCP və onun sədrini bu şəkildə hədəf alması ölkədə hakimiyyətin yarıtmaz siyasətinə qarşı etirazçı elektoratı təşkilatlandıran və yönəldən bir qüvvəni sıradan çıxarmaq ehtirasından doğur. Milli Şuranın və o cümlədən AXCP-nin ölkədə monarxiyanı qanuniləşdirmək üçün keçiriləcək refernduma və ketdikcə ağırlaşan sosial-iqtisadi böhrana qarşı yaxın günlərdə mitinqlərə başlamaq qərarı da hakimiyyəti qorxuya salaraq, növbəti repressiya dalğası başlatmağa sövq edib. Təsadüfi deyil ki, artıq bir neçə gündür AXCP üzvləri müxətlif uydurma bəhanələrlə saxlanılır və inzibati həbslərə məhkum edilir.

Fuad Əhmədlinin həbsi ilə eyni gündə AXCP Suraxanı şöbəsinin gənc fəalı Qədim Bəkirov da polislər tərəfindən saxlanılıb və sonra 25 gün inzibati həbs cəzasına məhkum edilib. Ondan bir neçə gün qabaq, avqustun 12-də də AXCP Xətai təşkilatının fəalı Məsud Rzalı şərlənərək 30 gün inzibati həbs cəzası alıb. Avqustun 19-da isə AXCP Beyləqan rayon şöbəsinin fəalı Vasif Fətiyev polislər tərəfindən küçədə saxlanılaraq, zorakılıqla polis idarəsinə aparılıb. Onunla birlikdə olan şöbə sədri Füzuli Qəhrəmanlı da təzyiqə məruz qalıb.

Bütün əlamətləri ilə görünür ki, Azərbaycanda Şimali Koreya modelini bərqərar etmək ehtirası ilə yaşayan hakimiyyət öz pis niyyətinin qarşısında aşılmaz sədd kimi duran AXCP-yə qarşı repressiyanı davam etdirəcək. AXCP və onun sədrinə qarşı saxta Gülənçi ittihamına hətta Rusiya telekanallarının da qoşulması hakimiyyətin uzağa gedən məqsədlərindən xəbər verir. Məqsəd AXCP-ni zəiflədib, hakimiyyətin planları qarşısında sıradan çıxarmaqdır.

AXCP bəyan edir ki, bütün çətinliklərə rəğmən tutduğu haqq yolundan və prinsipial mövqeyindən geri çəkilməyəcək, mübarizəsini əvvəlki əzmkarlıqla davam etdirəcək.

AXCP yerli və beynəlxalq ictimaiyyəti Azərbaycanda başladılan yeni repressiya dalğasına biganə qalmamağa, etiraz səsini ucaltmağa, bu qeyri-bərabər mübarizədə Xalq Cəbhəsinin yanında olmağa və hakimiyyəti durdurmaq üçün təsir gücündən istifadə etməyə çağırır.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

AXCP sədrinin köməkçisi şahid qismində dindirilir

%d bloqqer bunu bəyənir: