Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
du

Avropada Rusiyanın yeni işğal planları ciddi təşviş yaradıb

Qərb hərbi institutları hərbi ittifaqın fakt qarşısında qalacağını ehtimal edirlər

Rusiyanın Baltik və Şərqi Avropa ölkələrinə qarşı mümkün hərbi müdaxiləsi barədə Qərbdə narahatlıqlar getdikcə artır. Hərbi mütəxəssislər və analitiklər Rusiyanın Baltik ölkələrinə hərbi müdaxiləsi təhlükəsinin tamamilə real olduğunu deyirlər. Üstəlik təhlillər göstərir ki, həmin ölkələr NATO üzvü olsalar da alyans onlara köməyə yetişə biləyəcək. NATO-da qərarların qəbulunun mürəkkəb və üzücü mexanizmi ruslara imkan verəcək ki, müttəfiqlərin qüvvələri köməyə yetişənə qədər Baltik ölkələrini zəbt etsin.

Bu günlərdə ABŞ-ın nüfuzlu “RAND Corporation” şirkəti Pentaqonla birlikdə keçirdiyi təlimlərin nəticələrinə əsasən bəyan edib ki, Rusiyanın Latviya, Litva və Estoniyanı tutması üçün əvvəlcə hesablandığı kimi 60 deyil, cəmi 36 saat vaxt lazım olacaq. Şirkət təlimlərin nəticələrini “NATO üçün əsl fəlakət” adlandırmışdı.

Qərbdə Rusiyanın Baltik ölkələrinə və ya Polşaya mümkün hücumu zamanı taktiki nüvə silahına da əl atacağı haqda ciddi narahatlıqlar meydana çıxıb. Polşa müdafiə nazirinin keçmiş müavini, bu ölkədəki milli müdafiə akademiyasının professoru Romuald Şeremetyev deyir ki, Rusiyanın taktiki nüvə silahını NATO-ya qarşı tətbiq etməsi ehtimalı kifayət qədər yüksəkdir.

“Nasz Dziennik” nəşrinə müsahibəsində professor deyir ki, bu günlərdə Baltik dənizində nüvə başlıqlı raketlər daşıya bilən iki Rusiya korvetinin peyda olması Moskvanın Qərbə qarşı işləyib hazırladığı konsepsiyanın bir hissəsidir. “NATO Rusiyadan artan təhdidlərə cavab olaraq şərq cinahını möhkəmləndirir. Rusiya isə buna mane olmaq üçün düşünülmüş strategiyanı həyata keçirir. Baltik dənizində raketdaşıyan korvetlərin peyda olması bu konsepsiyanın elementidir, onlar Qərbə göstərir ki, yeni təhdidlər meydana çıxır”-Şeremetyev bildirib.

Polşa mütəxəssisi deyir ki, Rusiya konvensial qüvvələr sarıdan NATO-dan geri qalır. Lakin onun nüvə qüvvələrində aşkar üstünlüyü var. Özü də taktiki nüvə vasitələrinin mövcudluğu fövqəladə mühüm elementdir. Bir tərəfdən strateji nüvə raketləri var, digər tərəfdən Rusiya böyük miqdarda taktiki nüvə başlıqlarına malikdir. Hələ Varşava müqaviləsi dövründən mövcud olan doktrinaya görə əgər konvensial qüvvələr bəs etməsə bu taktiki başlıqlar düşmənin əsas qüvvələrini sıradan çıxarmaq üçün istifadə oluna bilər. İdeya bundan ibarətdir ki, kiçik dağıdıcı gücə malik nüvə başlıqları yaşayış məntəqələrinə və düşmənin qoşun qruplaşmasına qarşı tətbiq olunsun.

“Polşa ordusunun qərargahı Danimarka və Almaniyanın şimalında bu cür zərbələrin endirilə biləcəyi 123 yer müəyyən edib”-Romuald Şeremetyev bildirib.

Ekspertin fikrincə ruslar inanır ki, onlar lokal münaqişələrdə taktiki nüvə silahı istifadə edə bilər və bu, qlobal nüvə müharibəsinə gətirib çıxarmayacaq.

Romuald Şeremetyev deyir ki, Rusiyanın nüvə müharibəsinə hazırlaşdığını göstərən bir çox əlamətlər var. Bura taktiki nüvə silahından istifadə məşqlərinin daxil olduğu təlimlər, Polşa, Rumıniya və Baltik ölkələri ilə sərhəddə taktiki nüvə başlıqlarını daşıyan vasitələrin, o cümlədən “İsgəndər” raketlərinin yerləşdirilməsi, Rusiyanın özündə bomba sığınacaqlarının tikilməsi, 40 milyon nəfərin iştirakı ilə mülki müdafiə təlimlərinin keçirilməsi daxildir.

“Kreml ümid edir ki, o, Ukrayna ilə bağlı tələb irəli sürəcək, eyni zamanda Qərbi nüvə silahının tətbiqi ilə hədələyəcək. Qərb isə qlobal nüvə müharibəsinə səbəb olmamaq üçün güzəştə gedəcək. Fikrimcə rusların nüvə silahlarının yerdəyişməsi ilə müşaiyət olunan oyunlarının bütün mahiyyəti budur”-Polşa müdafiə nazirinin keçmiş müavini deyib.

Şeremetyevin fikrincə Rusiyada hesab edirlər ki, Baltik və Şərqi Avropa ölkələrinə qarşı nüvə silahı tətbiq olunsa ABŞ və nüvə potensialına malik olan digər Qərb ölkələri buna cavab verməyəcək: “Rusların konfliktin eskalasiyası və deeskalasiyası anlayışı var. O, bundan ibarətdir ki, Gürcüstana müdaxilədə olduğu kimi nümayişkarənə əməliyyat başladılır, sonra Rusiya bildirir ki, münaqişəni dayandırmağa hazırdır. Beləliklə də o, əvvəlcədən hədəflədiyi qəniməti qoparmış olur. “Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən sonra belə qənimət Krım oldu. Və ruslar bununla da dayanmaq fikrində deyillər. Mən hesab edirəm ki, onlar konfliktin eskalasiyası və deeskalasiyasından öz nüfuz dairələrini genişləndirmək üçün istifadə edirlər. Niyə? Çünki onlar bu oyunda güc mövqeyindən çıxış etmək istəyirlər, bunun elementlərindən biri də nüvə potensialıdır”.
Professor hesab edir ki, ABŞ-ın Polşa və Baltik regionunda yerləşdirəcəyi qüvvələr Rusiyanın qarşısını almağa kifayət etməyəcək. Çünki taktiki nüvə başlığı dəhşətli nəticələrə səbəb olacaq güclü bomba deyil. Tutaq ki, Rusiya Baltik ölkələrinə, Polşaya və ya Ukraynaya bu silahla zərbə endirdi. Amerika batalyonları belə vəziyyətdə nə edə bilər, anlaşılan deyil. Əvvəllər mən deyəndə ki, ruslar taktiki nüvə silahı tətbiq edə bilər, mənə gülürdülər. Deyirdilər ki, bu qlobal fəlakətə səbəb ola bilər. Ancaq mən yenə də deyirəm ki, rusların arsenalında taktiki zərbələr endirmək üçün çoxlu nüvə vasitələri var.

“Moskva hələ Leninin işləyib hazırladığı formulla hərəkət edir: düşməni əvvəl süngünün ucuyla yoxlamaq lazımdır. Əgər o, müqavimət göstərsə geri çəkil, yox, müqavimət göstərməsə basdala, əz. Rusiya Qərbə qarşı məhz bu sxemlə hərəkət edir»-R.Şeremetyev deyir.

İsveçin “Aftonbladet” qəzeti də “RAND Corporation” şirkətinin keçirdiyi təlimlərin nəticələrindən çıxış edərək Rusiyanın Baltik ölkələrinə qarşı mümkün müdaxiləsini analiz edib. Qəzet belə qənaətə gəlir ki, Rusiya Baltik regionunda qısamüddətli müharibə apara bilər. Ancaq uzunmüddətli müharibəni aparmağa nüvə silahı tətbiq etmədən imkanı yoxdur.

“Tamamilə real ssenari belədir ki, Rusiya məsələn, Baltik ölkələrini tutur və deyir: İndi bura bizimdir və biz nüvə silahı ilə müdafiə olunacağıq. Yoxlamağa risk edəcəksiniz?”-qəzet yazır.
İsveç Hərbi Araşdırmalar İnsitutundan Fredrik Vesterlund deyir ki, o, “RAND” şirkətinin qiymətləndirmələrini araşdırıb və məlum olub ki, Rusiyanın 25 batalyonla cəmi iki günə Estoniyanı və Latviyanı tutması tamamilə realdır. Hərbi analitik deyir ki, Rusiya 150 minlik canlı qüvvə ilə təlimlər keçirib bu qüvvələri üç-dörd orduya bölüb praktikada tətbiq etməyə bəhanə var.

virtualaz.org

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Ukrayna şist qaz hasilatına başlayıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: