Loading...
Loading...

Atəşkəsi Moskvadan hansı tərəf xahiş edib?

Sarkisyan «Bakı» deyir, Novruz Məmmədov isə bunu həyasızlıq adlandırır

Avrasiya Iqtisadi Ittifaqı Ali Iqtisadi Şurasının mayın 31-də Astanada keçirilən yığıncağında Ermənistan prezidenti Serj Sarkisyan məlum aprel döyüşlərinə də toxunub.

Sarkisyan deyib ki, aprelin əvvəllərində Dağlıq Qarabağdakı təmas xəttində və Ermənistan sərhədi boyunca Azərbaycanın vəziyyəti eskalasiya etməsi Avrasiya Ittifaqına ciddi təhlükəsizlik hədəsi yaradıb: “Əlbəttə, Qarabağın özünümüdafiə qüvvələri qayda-qanunu bərpa edib və vəziyyəti öz nəzarəti altına alıb. Bu məsələdə Azərbaycanın atəşkəs rejiminin bərpası üçün müraciət etdiyi Rusiya əsas rol oynayıb”.

O, Avrasiya Ittifaqının digər üzvlərinə məzəmmətlə bildirib ki, ya Avrasiya Iqtisadi Ittifaqına inkişaf, sülh və sabitlik şəraitində investisiyalar yatırılacaq, ya da hamı burada vaxtaşırı gərginlik və ixtilaflar olması ilə razılaşacaq: “Düşünmürəm ki, ikinci ssenari ölkələrimizin maraqlarından qaynaqlanır”.

Mayın 31-də keçirilən görüşdə bu quruma daxil dövlətlərin başçıları – Nursultan Nazarbayev, Serj Sarkisyan, Aleksandr Lukaşenko, Almazbek Atambayev və Vladimir Putin iştirak ediblər.

Sarkisyan bu yaxınlarda Vyanada Minsk qrupu həmsədrləri və prezidentlər arasında keçirilmiş danışıqlar məsələsinə də toxunaraq deyib ki, Ermənistan bu görüşdə əldə olunmuş razılaşmalar istiqamətində işləməyə hazırdır. Lakin sülh tənzimlənməsi ilk növbədə Dağlıq Qarabağ xalqının öz müqəddəratını müəyyən etməsi prinsipinə söykənməlidir.

Bununla yanaşı, əlavə edib ki, Ermənistan bu münaqişənin güc tətbiq edilmədən və ərazi bütövlüyü prinsipi də nəzərə alınmaqla həlli barədə Minsk Qrupu həmsədrlərinin mövqeyi ilə razıdır.

Rusiya mediası xatırladır ki, Avrasiya Iqtisadi Ittifaqının aprel ayında keçirilməli olan yığıncağı ərəfəsində Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bu ittifaqa daxil dövlətlərin başçıları arasında fikir ixtilafı yaranmışdı.

Qazaxıstan və Belarus prezidentləri Qarabağdakı toqquşmalarla bağlı yığıncağın başqa vaxta keçirilməsini istəmişdilər. Serj Sarkisyanın fikrincə, bu hərəkət Avrasiya Ittifaqının nüfuzuna zərbə olmuşdu(AzadlıqRadiosu).

“Sarkisyan düşünür ki, nə desə, hamı inanacaq. Abır-həya etmədən yalan danışmağa vərdiş etdiyindən Astanada Avrasiya Ittifaqı ölkələrinin sammiti ətrafında müzakirələr aparmaq əvəzinə, bəyanat verir ki, Azərbaycan döyüş əməliyyatını dayandırmaq üçün Moskvaya müraciət edib. Bu qədər mənasız və yalan danışmaqla, o, heç xalqı qarşısında da məsuliyyət daşımadığını, riyakarlığa alışdığını göstərir”.

Bunu isə APA-ya Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Sərkisyanın Astanada verdiyi bəyanata münasibət bildirərkən deyib.

N.Məmmədov qeyd edib ki, aprel hadisələri zamanı Sarkisyan özü Moskvaya müraciət edərək yalvarıb, Rusiya müdafiə naziri və Baş Qərargah rəisi ilə əlaqə saxlayıb: “Serj Sarkisyan bütün bunları unudub belə bir bəyanat verir”.

N.Məmmədov S.Sarkisyanın bundan əvvəl “Bloomberg” dərgisinə müsahibəsində isə hər an müharibəyə başlayacağını söylədiyini xatırladıb: “O, işğal faktını, törətdiyi cinayətlərin məsuliyyətini öz üzərinə götürdüyü üçün düşünür ki, hər an müharibə ola bilər. Amma prezident gərək xalının, ölkəsinin taleyini düşünsün, hər şeyi öz maraqlarına qurban verməsin. Serj Sarkisyan isə bunun əksini edir, öz mənafeyi naminə “status-kvo”nu saxlamağa çalışır. Yalan, böhtan uydurmaqdan sanki həzz alır. Eyni zamanda “Bloomberg”ə müsahibəsində dediyi kimi, hərdən müharibənin başlana biləcəyini də düşünür. O bilməlidir ki, Azərbaycanın işğal altındakı əraziləri azad olunmalıdır. Biz istəyirik ki, o torpaqlar danışıqlar yolu ilə azad olunsun. Əks halda, Serj Sarkisyanın dediyi yolla da olsa, torpaqlarımızı azad edəcəyik”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

AB prezidentlərin görüşünü dəstəkləyir

%d bloqqer bunu bəyənir: