Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Aslan İsmayılov #AZAL korrupsiyasından Baş prokurora müraciət etdi

Tanlnmış hüquqşünas Aslan İsmayılov son zamanlar AZAL-da qabardılan korrupsiya ilə bağlı Baş Prokurora yenidən müraciət edib. 24saat.org məsələnin aktuallığını nəzərə alaraq həmin müraciəti yayımlayır:

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova

Bakı şəhəri, Nizami küçəsi 58, mənzil 1 ünvanında qeydiyyatda olan İsmayılov Aslan Ziyəddin oğlundan

Ə R İ Z Ə

Cənab Baş Prokuror,

22 iyul 2015-ci il tarixdə Sizə aşağıdakı məzmunda ərizə ilə müraciət etmişəm.

“Təxminən bir aya yaxındır ki, KİV-lər və sosial şəbəkələr “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki (AZAL) qiymət bahalığından və korrupsiya faktlarından yazırlar. Məhz bunun nəticəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında AZAL-dakı əsassız qiymət bahalığını və qanun pozuntusunu xüsusi vurğuladı. Məsələnin aktuallığına əmin olan Prezident İlham Əliyev Mətbuat günü ilə bağlı çıxışında yenidən hamıya müraciət edərək korrupsiya faktlarından yazmağı xahiş etdi. Zənn edirdim ki, 100-200 manat rüşvətə görə müəllimləri, həkimləri, 10-50 min manat mənimsəməyə görə sadə iş adamlarına qarşı cinayət işi açıb onları həbs edən prokurorluq orqanları milyonlar mənimsənilən, vətəndaşlarına haqsızlıq edən AZAL rəhbərliyinə qarşı da heç olmasa araşdırma başlayar. Bu gün isə Sizin müavininiz, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, əgər rəsmi müraciət olarsa onlar AZAL-dakı korrupsiya faktlarını araşdıra bilərlər.

AR Cinayət-Prosessual Məcəlləsinin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.

Həmin Məcəllənin 207.1-ci maddəsində qeyd olunduğu kimi,

Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq;

207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq;

207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək.

Maddənin tələbindən də göründüyü kimi, hazırki ərizəmə prosessual hüquq normalarına uyğun şəkildə baxılmalı və iki qərardan biri qəbul edilməlidir.

Yuxarıda qeyd olunanlara əsasən Sizdən xahiş edirəm ki, mənim bu müraciətimi rəsmi müraciət kimi qəbul edib “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki (AZAL) korrupsiya faktlarının araşdırılmasına dair göstəriş verəsiniz”.

Təkrarən Sizə müraciət edərək bildirirəm ki, Ərizə ilə Sizə müraciət etmək mənim konstitusion hüququm, Ərizəyə baxmaq isə Sizin vəzifə borcunuzdur.

Bu Ərizəmi əlavə olaraq Azərbaycan Respublikası Prokurorluğunun rəsmi elektron ünvanı olan contact@prosecutor.gov.az və rəsmi Facebook səhifəsinə https://www.facebook.com/prokurorluq/ bir daha göndərirəm.

Qeyd: Nəzərinizə çatdırım ki, Ərizəni Facebook səhifəmdə 2 dəfə (23 iyul 2015 və 8 yanvar 2016) paylaşmışam. Ümumilikdə 8500 Facebook istifadəçisi bəyənərək, 1380 istifadəçi paylaşaraq və 465 istifadəçi müsbət şərh verərək Ərizəyə açıq dəstəyini ifadə etmişdir. Hesab edirəm ki, Ərizəyə bu günə qədər cavab verilməməsi tək şəxsimə qarşı deyil minlərlə Azərbaycan vətəndaşına qarşı edilmiş hörmətsizlikdir.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Vidadi Mirkamal: “Əks təqdirdə insanların cəbhə zonasında qalmasını təmin etmək çətin olacaq”

%d bloqqer bunu bəyənir: