Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Artur Rasizadə Almaniyanın “erməni soyqırımı” qərarını qınadı

Azərbaycanın Baş naziri Artur Rasizadə iyunun 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşüb.

A.Rasizadə B.Yıldırımı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar arzulayıb və nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirib. A.Rasizadə B.Yıldırımın Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyinə əminliyini söyləyib.

Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən A.Rasizadə bu əməkdaşlığın müasir dövrün tələblərinə uyğun yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb, hər iki ölkənin birgə reallaşdırdığı iri layihələrin əhəmiyyətini diqqətə çatdırıb. O, Türkiyənin İzmir vilayətində keçirilən ənənəvi “Efes” hərbi təlimlərinin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini qeyd edib.

Baş nazir A.Rasizadə Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qərarının heç bir əsasının olmadığını bildirib. O, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, Xocalı soyqırımına, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğalı pisləyən və işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması haqqında qəbul etdiyi dörd qətnaməyə etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsini pisləyib.

Türkiyənin Baş naziri B.Yıldırım qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında önəmli rol oynadığını qeyd edib. Bakıya səfərinin qarşılıqlı əlaqələrin daha da inkişafına təkan verəcəyini diqqətə çatdıran B.Yıldırım ölkələrimizin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi beynəlxalq layihələrə imza atdığını və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Türkiyənin Baş naziri əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluğa və qardaşlığa söykənən əlaqələr daha da genişlənəcək.

B.Yıldırım Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qərarının Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini həmişə dəstəklədiklərini deyən B.Yıldırım diqqətə çatdırdı ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Son illər Ərdoğan Türkiyəni çox ciddi olaraq Avropadan uzaqlaşdırıb…”

%d bloqqer bunu bəyənir: