Now Reading:
Arif Hacılı:“Biz tərəfdarlarımıza 11 Sentyabr mitinqində iştirakın məqsədəuyğun olduğunu bildiririk”
Full Article 5 minutes read

Arif Hacılı:“Biz tərəfdarlarımıza 11 Sentyabr mitinqində iştirakın məqsədəuyğun olduğunu bildiririk”



 

Arif Hacılı: “Sentyabrın 11-nə təyin olunan mitinqin hədəfləri və şüarları düzgündür”

24saat.org Müsavat Partiyasının başqanı Arif Hacılı ilə müsahibəni təqdim edir.

– Bu gün (red-dünən) Bakı Şəhər Baş Polis İdarəsində olmuşunuz. Sizi ora dəvət etməkdə məqsəd nə idi, sizə nə deyildi?

– Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlı ilə görüşdüm. Mənə öncədən bildirilmişdi ki, 11 sentyabr və 18 sentyabrda elan edilən mitinqlə bağlı söhbət etmək istəyirlər. Görüş zamanı mənə deyildi ki, onlarda Müsavat Partiyasının referendum öncəsi ölkənin bir çox yerlərində lokal piketlər keçirməklə polislə qarşıdurma yaratmaq və beləcə ölkədə vəziyyəti gərginləşdirmək planı barədə məlumat var. Mən də bildirdim ki, Müsavatın belə bir planı yoxdur və ola da bilməz. Çünki Müsavat Partiyası kütləvi aksiyalarını “Sərbəst toplaşmaq azadlığı haqqında qanun”a uyğun olaraq həyata keçirir. Əksinə, biz qarşıdurmaların və toqquşmaların baş verməsində maraqlı deyilik və belə hallar olanda bunun qarşısını almağa çalışırıq. Eyni zamanda söhbət zamanı bildirildi ki, əgər 11 sentyabr və 18 sentyabrda mitinqlərin keçirilməsinə icazə veriləcəksə, ictimai-asayiş məsələsinə rəhbərlik edəcək şəxslərdən biri onun özü olacaq. Bu səbəbdən də həmin kütləvi aksiyalarda asayişin qorunması ilə bağlı bizim tərəfdarlarımıza xəbərdarlıq edərək fikirlərimizi çatdırmağımızı istədi.

– AXCP və ya Milli Şuranın nümayəndəsini də polisə dəvət olunmuşdu?

– Xeyir. Məni tək dəvət etmişdilər.

– Siz 11 sentyabr mitinqinin təşkilatçısı deyilsiniz. Bu halda nədən sizinlə 11 sentyabr mitinqi ilə bağlı da söhbət aparıblar?

– Mən bu məsələni onların diqqətinə çatdırdım. Bildirdim ki, bizim mitinqimiz sentyabrın 18-də olacaq. Onlar isə dedilər ki, mənimlə görüşməkdə əsas məqsədləri onlarda Müsavat Partiyasının üzvlərinin lokal piketlər keçirməklə ölkədə qarşıdurma yaratmaq planının olmasına dair siqnallarla bağlıdır.

– Müsavatın mitinq hazırlığı necə gedir, insanlar mitinq meydanına gələcəkmi?

– Azərbaycan cəmiyyətində xof mühiti var. Mitinqlərdə iştirak edən şəxslər hakimiyyət orqanları tərəfindən təqib olunur. Ona görə də, hazırda öz etirazlarını açıq bildirmək istəyən vətəndaşların bir çoxu məhz bu nüanslara görə çəkinirlər. Yəni iş yerlərini, azadlıqlarını itirmək kimi halları düşünərək kütləvi aksiyalara qatılmırlar. Ancaq mənə elə gəlir ki, istər sentyabrın 11-də, istərsə də 18-də çoxsaylı xalq kütlələri mitinqdə iştirak edəcək. Hakimiyyətin də davranışlarından görünür ki, iqtidar bu mitinqlərə xüsusi əhəmiyyət verir və iştirakçıların sayının həddən çox olacağından narahatdır.

– Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqlə bağlı Müsavat Partiyasının konkret mövqeyi nədən ibarətdir?

– Biz bəyan etmişik ki, sentyabrın 11-nə təyin olunan mitinqin hədəfləri düzgündür, şüarları düzgündür. Biz öz tərəfdarlarımızı bu mitinqində iştirakını məqsədəuyğun olmasına dair qərar vermişik.

– Sentyabrın 11-də Milli Şura, 18-də isə Müsavat Partiyası mitinq keçirəcək. Bəs növbəti mitinq birgə keçirilə bilərmi?

– Hazırki siyasi şəraitdə bu barədə indidən fikir səsləndirmək bir qədər çətindir.

– Niyə?

– Çünki bir çox qərarlar ancaq bizdən asılı deyil.

– Sosial şəbəkələrdə, mətbuatda mitinqlə bağlı pozitiv ab-hava hiss edilir. Sizcə, bu mitinqlərlə və ya iki mitinqlə referendumun keçirilməsinin qarşısını almaq mümkündürmü?

– Ölkədə indiki siyasi vəziyyət referendumun qarşısının alınacağı qənaətinə gəlməyə imkan vermir. Ancaq mitinqləri əhəmiyyətli hesab edirəm. Çünki bu mitinqlər vasitəsilə Azərbaycan və beynəlxalq ictimaiyyətin diqqətini ölkədə gedən bu prosesə cəlb etmək baxımından təsirlidir. Əminəm ki, istər yerli, istərsə də beynəlxalq mətbuat bu mitinqlərlə bağlı geniş informasiyalar verəcək. Biz hesab edirik ki, konstitusiyaya təklif olunan dəyişikliklər və əlavələr ölkəni geriyə aparır, respublika dəyərlərinə ziddir.

– Referendumla bağlı beynəlxalq reaksiyaları necə qiymətləndirirsiniz?

– Beynəlxalq reaksiyaları yetərli səviyyədə deyil. Bu günə qədər Avropa Şurasının Venesiya Komissiyası referenduma təqdim edilən əlavə və düzəlişlərlə bağlı rəyini açıqlamayıb, münasibətini bildirməyib. Əslində, konstitusiya və qanunvericilik dəyişikliklərinin olacağı halda məhz Avropa Şurasının Venesiya Komissiyası bu məsələlərə rəy bildirməlidir. Bu bir öhdəlikdir. Ancaq nə Azərbaycan hakimiyyəti Venesiya Komissiyasına müraciət etməyib, nə də təəssüflər olsun ki, Avropa Şurasının rəhbərliyi ötən referendumda olduğu kimi Venesiya Komissiyasına müraciət edərək müzakirə çıxarılan məsələlərlə bağlı rəy bildirilməsini istəməyib.

– Bəzi qüvvələr iddia edir ki, bu mitinqlərin arxasında qərb ölkələri dayanıb və sifariş də onlardan gəlib. Bu iddiaları necə şərh edirsiniz?

– Müxalifət siyasi sistemin tərkib hissəsidir. Hüquq və demokratik ölkələrdə nəinki diplomatik korpus nümayəndələri, eyni zamanda dövlət rəhbərləri, baş nazirlər bu ölkəyə səfər edirsə, burada hakimiyyət nümayəndəsi ilə yanaşı müxalifət təmsilçiləri də görüşdə iştirak edirlər. Demokratik ölkələrdə bu qəbul olunan normadır. Diplomatik korpus nümayəndələrinin müxalifət rəhbərləri ilə təmaslar qurması tamamilə qanuna və demokratik prinsiplərə uyğundur. Diplomatik korpusların nümayəndələri hakimiyyət təmsilçiləri, müxalifət nümayəndələri və vətəndaş cəmiyyətinin üzvləri ilə də görüşürlər. Bu normal davranışdır. Əksinə, əgər diplomatlar müxalifət nümayəndələri, habelə fəaliyyət göstərdikləri ölkələrdəki vətəndaş cəmiyyətindən təcrid olunursa, bu anormal hal kimi qiymətləndirilməlidir.

İkincisi, bizim bu təmaslarımız gizli deyil. Biz görüşlərimiz barədə mətbuata özümüz informasiya veririk. Yəni burada kimsə yeni kəşf etməyib. Müzakirə etdiyimiz məsələlər haqqında da mətbuata müfəssəl informasiya veririk. Müsavat Partiyası Azərbaycanın mənafelərinə xidmət edən bir partiyadır, fəaliyyətimiz kifayət qədər şəffafdır. Odur ki, bizim guya hansısa səfirlikdə hansısa “gizli” məsələləri müzakirə etməyimiz barədə iddialarla çıxış edən şəxslərin özləri də iddialarına inanmır. Sadəcə burada məqsəd müxalifəti ləkələmək, ictimaiyyətin gözündən salmaqdır. Düşünmürəm ki, bu istəklərinə nail oldular. Azərbaycan cəmiyyəti kimin kim olduğunu yaxşı bilir.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: