Loading...
Loading...

Arif Hacılı və İsa Qəmbər Rauf Arifoğlunun “Ad Günü” filmində niyə yoxdur? – VİDEO

İyulun 24-də “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun doğum günü keçirilib və “Yeni Müsavat” qəzetinin kollektivindən Sevinc Telmanqızı və minval.az saytının əməkdaşı İlkin Zəfərli bu münasibətlə R.Arifoğluna 24 dəqiqəlik bir film çəkiblər. Filmdə ömrünün 50 ilində R.Arifoğlunun yaşadığı fraqmentlər qeyd olunub.

Filmi diqqətlə izlədikdə maraqlı məqamlara rast gəldik. Əslində, mətbuatın kuluarlarında danışılan və “fısıltı” qəzetinin müxbirlərinin fısıldadıqları məqamlara baxmaq üçün filmi biz də seyr etdik. Və deyilənlərin maraqlı olduğu qənaətini paylaşdıq. Filmdə çəkilənlərin fikirlərindən qısa özətlər çıxardıq:

Vüsalə Mahirqızı: “Rauf bəy Yeni Müsavat kimi yaxşı bir əsər yaradıb, eyni zamanda onun yazıları tarixdədir” – maraqlıdır ki, Vüsalə xanım hansı yazılardan bəhs etdiyini demədiyinə görə, bu, R.Arifoğlunun bütün yazılarına, o cümlədən 2003-cü ildən əvvəlki dövrə də aid olur. Xanım redaktor xüsusilə o yazıların tarixdə qaldığını deyir. Görəsən, Vüsalə xanım nə dediyinin fərqində olubmu? O, həqiqətənmi R.Arifoğlunun bütün yazılarını “tarixi” və “tarixdə qalan” hesab edir?

Qənirə Paşayeva: “Rauf bəy Azərbaycan jurnalistikasında xüsusi yeri olan jurnalistlərimizdən biridir. Bu, bu gün də belədir, gələcəkdə də hər zaman belə xatırlanacaq” – Qənirə xanım tovuzlu olduğunu xüsusi vurğulasa da, ehtiyatı da əldən verməyib. O, Vüsalə xanım kimi həyəcanlanmayıb, sadəcə, Rauf Arifoğlunun bu gününü qeyd edib və gələcəkdə başqa cür olmayacağını bəyan edib. Manidardır.

Xalid Kazımlı: “Zamanında ən cəsur yazarlardan biri şübhəsiz, Rauf Arifoğlu olub” – Xalid Kazımlı peşəkar yanaşıb və konkret deyib. “Zamanında”, vəssalam.

Ən maraqlı “kəşfi Mətbuat Şurasının sədri, “Yeni Müsavat”a bir köynək yaxın olan Əflatun Amaşov edib. O, ağır-ağır düşünə-düşünə beləcə də deyib: “”Yeni Müsavat” qəzeti deyəndə Rauf Arifoğlu yada düşür, Rauf Arifoğlu deyəndə “Yeni Müsavat” qəzeti assosiasiya olunur.”

Mehman Əliyev R.Arifoğlunu çox öysə də, məlum olub ki, Mehman bəy əvvəlcədən “mən indiki Rauf Arifoğlu haqqında yox, keçmiş Rauf haqqında danışacağam” şərtini irəli sürüb. Amma müəlliflər Mehman Əliyevin fikirlərini indiki zamanın R.Arifoğlusuna şamil ediblər. Amma Mehman bəy də dediyini deyib: “Rauf Arifoğlu haqqında danışanda adətən mətbuatın romantizm dövrü adamın gözünün qabağına gəlir. Bu, çox ciddi bir mübarizə dövrü idi.” – Hər şey keçmiş zamandadır. Sonrakı dedikləri olmasaydı.

Rəşad Məcid: “Rauf Arifoğlunun uğuru ondadır ki, o, öz ovqatının, öz işlərinin, şəxsi məişət işlərinin hansı dərəcədə olmasından asılı olmayaraq, həmişə qəzeti gündəmdə saxlamağı bacarıbdır. Bu, Rauf Arifoğlunun intuisiyası, hissiyyatı, hadisələri hiss etmək, duymaq bacarığının nəticəsində baş veribdir. Məhz bu hissiyyat, intuisiya, eyni zamanda dövlətçiliyə sədaqət bir müddət öncə Rauf Arifoğlunun Azərbaycan prezidenti tərəfindən əməkdar jurnalist fəxri adına layiq görülməsinə səbəb olub” – adam dövlətçidir, ürəyi, qəlbi, vicdanı dövlətçiliklə döyünür. O, R.Arifoğlunun intuisiyası, hissiyyatı, hadisələri hiss etmək, duymaq bacarığını gözəl ifadə edib, amma niyə elə narahat görünür, adamı maraq bürüyür.

Sabir Rüstəmxanlı: “Rauf Arifoğlunun bu illər ərzində keçdiyi yol mənim nəzərimdə bir qəhrəmanlıqdır, bir igidlikdir” – doğruya doğru, nə deyəsən.

Vüqar Səfərli: “Bizdə bir gözəl deyim var, Rauf Arifoğluya anası istədiyi qədər ömür, xanımı istədiyi qədər pul arzulayıram” – Vüqar Səfərli puldan başqa nədən danışsa, zatən maraqlı olmazdı. Adamın təfəkkürünün bütün qatlarında pul və onun məbləği yatır. Arzularında da pulun qədərindən danışır.

Pənah Hüseyn: “Xalqımız hələ Rauf Arifoğlunu bir çox tərəflərdən tanımaqda davam edəcəkdir və Rauf Arifoğlu hələ öz sözünü deməyib”– Vüsalə xanım kimi, Pənah bəy də 2, 3, hətta dördmənalı danışanlardandır. İndi Pənah Hüseyn nə demək istəyib, onu bir Allah bilir, bir də özü. Rauf Arifoğlunu bu millət hansı tərəflərdən tanıyıb ki, hansı tərəflərdən də tanıyacaq?

Beləcə, 24 dəqiqəlik filmdən diqqətimizi çəkən maraqlı məqamları Oxucularımızla paylaşmaq istədik. Burada R.Arifoğlunun əsasən son dönəmləri qabardılıb. Tarix yalnız fotolarda, o da ciddi senzura ilə təqdim olunub. Məsələn, filmin yaradıcıları nədənsə R.Arifoğlunun 2003-cü ildə ANS-dəki çıxışından hissələri, təyyarə qaçırma olayındakı həbsi, evinə silah atılması olayını, silahı atanın kimliyini qeyd etməyi “unudublar”. Unudulanların içində 2003-cü ilin məhbəs dostları da olub. Nədənsə onlardan cəmi ikisi – İqbal Ağazadə və Pənah Hüseyn danışıblar. Arif Hacılı, Etimad Əsədov, Sərdar Cəlaloğlu, İbrahim İbrahimli unudulublar. Onlar bir yana, İsa Qəmbər də söz deyənlər arasında yoxdur. Onlar heç R.Arifoğlunun doğum günü tədbirində də olmayıblar.

Tez-tez əlini masaya döyəcləməyini anlamaq mümkün olmasa da, film nəsə demək istəyən, amma deyə bilməyən Rauf Arifoğlunun gülər siması ilə bitir. Bizə isə onu təbrik etmək qalır. O, bu 50 yaşa həqiqətən çox məşəqqətli yollardan keçərək gəldi…

Xural.com

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Müsavat başqanı: ” O otaqda Ramiz Mehdiyevdən əvvəl mən oturmuşam” (QAYNAR QAZAN)

Loading...
%d bloqqer bunu bəyənir: