Amerika və Rusiya Suriya mövzusunda anlaşmaq ərəfəsində


Avqustun əvvəlində Moskva və Vaşinqton Suriyada birgə fəaliyyət planını razılaşdıracaqlar, eyni zamanda Ərdoğan və Putin Suriya məsələsini müzakirə edəcək
ABŞ və Rusiya Suriyada mövqelərini uzlaşdıracaq. Bu barədə “Reuters” məlumat yayıb. Agentliyin xəbərində qeyd olunur ki, dövlət katibi Con Kerri ABŞ-ın Suriyada Rusiya ilə əməkdaşlığı planının avqustun əvvəllərində açıqlanacağını qeyd edib.

Laosda Cənub Şərqi Asiya ölkələrinin toplantısında Lavrovla görüşən Kerri bildirib ki, Rusiya ilə əməkdaşlıq məsələsində ciddi irəliləyiş var. Xəbər qaynaqlarına görə, ABŞ və Rusiyanın Suriyada əməkdaşlığı terrorçu qruplara qarşı mübarizədə informasiya mübadiləsi, eləcə də radikal olmayan müxalif silahlılara qarşı əməliyyatların dayandırılmasını nəzərdə tutur. O da məlum olub ki, Rusiya ilə Suriyada əməkdaşlıq planına Dövlət Departamenti isti yanaşsa da, Müdafiə Nazirliyi soyuq baxır.

Yeri gəlmişkən, son günlərdə yayılan məlumatlara görə, Rusiyanın hava zərbələri endirdiyi və ABŞ-da terrorçu kimi tanıdığı əl-Qaidənin Suriya qolu olan ən-Nusra qruplaşması beynəlxalq dəstək almaq üçün bu günlərdə əl-Qaidədən ayrılacağını elan etməyə hazırlaşır. Bununla da qruplaşma Rusiya və ABŞ-ın zərbələrindən qorunacaq və müxalif qrup kimi tanınacaq. Ancaq Rusiyanın bu plana isti yanaşmadığı bildirilir.

Qeyd edək ki, ötən həftə xarici telekanallara müsahibəsində Suriya prezidenti Bəşər Əsəd ərəb dövlətlərinin və Türkiyənin dəstəyini çəkəcəyi təqdirdə ölkəsində terroru 3 aya bitirə biləcəyini bildirib. Hazırda Hələbdə Suriya ordusu müxalifləri sıxışdırıb. Burda Rusiya hərbi aviasiyasının havadan bombardmanları da öz sözünü deyir. Rusiya Əsədin quru əməliyyatlarında üstünlüyü ələ alması və şimalda əsas strateji bölgə olan Hələbə nəzarəti bərpa etməsindən sonra digər mülayim müxalifətlə danışıqlar mamasına oturmasını planlayır. Burda əsas məsələ isə Türkiyənin razılığıdır. Moskva Ankaranın Suriya siyasətində korrektələr etməsinə çalışır. Yeri gəlmişkən, avqustun əvvəlində Rusiya ərazisində prezident Ərdoğanla Putin arasında görüş keçiriləcək. Rusiya rəsmi mənbələrin görüşün əsas mövzusunun iki ölkə arasında münasibətlər və Suriya böhranı olacağını bildiriblər. Belə görünür ki, Moskva avqustun əvvəlində həm Amerika ilə Suriya planını uzlaşdırmağı, həm də Ankara ilə anlaşmağa çalışacaq. Şərtlərin nə olacağı dəqiq bilinməsə də, Suriya məsələsində 3 əsas dövlətin anlaşması müharibənin sona çatdırılması və danışıqların yenidən bərpa olunması üçün dönüş nöqtəsi ola bilər.

Pentaqonun Suriya məsələsində xüsusi mövqeyi isə amerikalı generalların Suriyanın şimalında son iki ildə kürdlərlə bağlı apardıqları siyasətlə bağlı olduğu düşünülür. Son iki ildə Pentaqon Suriyanın şimalındakı PYD ilə yaxından əməkdaşlıq edir. Bunun nəticəsində Amerika aviasiyası və təlimatçılarının dəstəyi ilə kürdlər artıq Suriyanın şimalında böyük bir ərazini nəzarətə götürüb, “kürd federasiyası” elan ediblər. Eyni zamanda yeni federasiyanın konstitusiyası da hazırlanır. Əgər bu plan uğurla davam edərsə Suriyanın şimalında Türkiyə ilə sərhəddə PYD-nin söz sahibi olduğu bir federal subyekt yarana bilər. Ankaranı Suriya məsələsində Moskva ilə uzlaşmaya çəkən amillərdən biri də budur. Rusiya və İran, eləcə də Türkiyə Suriyanın unitar dövlət olaraq qalmasında maraqlıdır. Burda qalan məsələ uzlaşmadan sonra Suriyada hansı qüvvələrin hakimiyyətdə olacağıdır ki, bunu da Rusiya Əsədin də iştirak etdiyi sülh danışıqları ilə həll etməyi təklif edir.
musavat.com

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

İrəvan polisi qiyamçılara və nümayişçilərə divan tutmağa hazırlaşır

%d bloqqer bunu bəyənir: