Loading...
Loading...
sekuta2

Amerika səfiri Naxçıvanı tərifləməkdən doymadı

Naxçıvanın zəngin təbiəti, güclü iqtisadiyyatı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini heyran edib

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta “Şərq qapısı” qəzetinə məxsusi müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:
– Siz muxtar respublikanın təbiət mənzərələri ilə tanış oldunuz. Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişafı perspektivlərini necə qiymətləndirirsiniz?
– Əvvəlcə qeyd etmək istərdim ki, mən Naxçıvan Muxtar Respublikasına səfərimdən çox məmnunam. Həyat yoldaşım En xanımla mən Naxçıvanın tarixi yerləri, eyni zamanda füsunkar təbiəti ilə tanış olmaq fürsətini yüksək dəyərləndiririk. Biz Şahbuz Dövlət Təbiət Qoruğuna gedərkən yolboyu ətrafı seyr etdik. Çox möhtəşəm, əvəz­olunmaz təbiət mənzərələri ilə qarşılaşdıq. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisi isə bizi heyran etdi, bizdə buranın böyük turizm potensialına malik olmasına dair əminlik yarandı. Batabat yaylağının qorunub saxlanılması gələcəkdə də turizmin inkişafı üçün əsaslı zəmin yaradır. Burada eko­turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Xüsusən qeyd etmək istərdim ki, Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq insanda xoş təəssüratlar yaradır. Qoruq barədə ətraflı məlumat verildi. Buna görə minnətdaram. Qoruq ərazisindəki göldə olan Üzən ada, Zorbulaq və ətrafdakı təbiət mənzərələri özünün cazibədarlığı, gözəlliyi ilə seçilir, insanda maraq oyadır.
Düşünürəm ki, Naxçıvanın təbiət mənzərələri gözəlliyi ilə seçilən Azərbaycanın vacib bir hissəsidir. Muxtar respublika heyranedici təbiət mənzərələri ilə zəngindir.
Amerikada biz bunu tam şəkildə anlayırıq ki, insanla təbiət qırılmaz tellərlə bir-birinə bağlıdır və bu bağlılıq çox vacibdir, əhəmiyyətlidir. Ona görə də təbiətin, ətraf mühitin qorunması böyük əhəmiyyət kəsb edir. Onun qorunması ümumi evimiz olan Yer kürəsinin qorunması deməkdir. Çünki dövlətlərin sərhədləri olsa da, təbiətin sərhədi yoxdur. Bu da reallıqdır ki, ətraf mühitin qorunmasında heç bir hökumət təkbaşına heç nə edə bilməz. Bu məsələ həmrəylik, birlik tələb edir. Təbiətin mühafizəsi hökumət nümayəndələri ilə cəmiyyət arasında olan sıx əməkdaşlıq və qarşılıqlı anlayış, ümumi məqsədlərə çatmaq naminə birgə səylər tələb edir. Yalnız bu şəkildə təbiətin qorunması uğurla həyata keçirilə bilər. Çox gözəl haldır ki, Naxçıvanda biz bunu müşahidə etdik.
– Siz muxtar respublikanın mədəniyyət müəssisələri ilə, o cümlədən Naxçıvanda istehsal olunan məhsullarla da tanış oldunuz. Bu barədə fikirləriniz oxucularımız üçün maraqlı olardı.
– Muxtar respublikanın qədim tarixini əks etdirən abidələr, o cümlədən muzeylərdə nümayiş etdirilən eksponatlar barədə məlumatları maraqla dinlədik. Burada məlumat verildi ki, amerikalı tədqiqatçılar, arxeoloqlar Naxçıvanda aparılan müəyyən elmi araşdırmalarda və arxeoloji qazıntılarda iştirak edirlər. Biz bu sahədə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin tərəfdarıyıq.
Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan çeşidli məhsullarla tanış olduq. Naxçıvanda fəaliyyəti bərpa edilmiş və yeni qurulmuş müəssisələrdə istehsalın artırılması, idxalın yerli istehsal hesabına əvəzlənməsi istiqamətində görülən işlər yüksək qiymətə layiqdir. Xüsusən də neft qiymətlərinin dünya bazarında aşağı olduğu bir dövrdə qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibdir. Muxtar respublikada yeni müəssisələrin yaradılması bu baxımdan əhəmiyyətlidir.
Biz Azərbaycanla, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatının inkişafı sahələrində, həmçinin təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlıyıq. Bu gün onlarla azərbaycanlı təhsil mübadiləsi proqramından faydalanaraq Amerikada təhsil alıb. Biz bununla kifayətlənə bilmərik. Həm Azərbaycandan Amerikaya, həm də Amerikadan Azərbaycana gələn insanların sayının artmasını, turizmin inkişaf etdirilməsini istəyirik.
Naxçıvana səfərimdən çox məmnunam. Ümid edirəm ki, bir daha muxtar respublikaya səfərə gələcəyəm.

serqqapisi.az

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

MTN generalları “torpaq ilhaqına” niyə göz yumur?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: