Loading...
Loading...

Almurad Ağa: “Mən Yevlaxda qalmalı,Sürət Hüseynov Elçibəyin qəbuluna gəlməli idi, ancaq Rəhim Qazıyev buna imkan vermədi”

 

24 saat org mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevlə 4 iyun 1993-cü ildə Gəncədə qanuni hakimiyyətə qarşı baş verən qiyamı müzakirə edib.

– Bir neçə gündən sonra 4 iyun Gəncə qiyamının 23-cü ili tamam olacaq. Bu tarixi necə xatırlayırsınız?

– İndi siz deyən xatırlamıram. Amma bu tarixdə Gəncədə Sürət Hüseynov Azərbaycan xalqı tərəfindən prezident seçilən Əbülfəz Elçibəyə qarşı, daha doğrusu onun hökumətinə qarşı qiyama qalxıb və istəyinə nail olub. Ona görə istəyinə nail olub ki, Elçibəy qan tökmək , millətini üz-üzə qoymaq xəttini tutmayıb. Sürət də, öz aləmində istəyinə nail olub. Ancaq bu gün baxanda məğlub olan Sürət Hüseynov, uduzan Azərbaycandır. Lakin mən hazırda bu məsələdən daha çox diqqəti Elçibəyin növbəti doğum gününə yönəldirəm.

– Bu münasibətlə tədbir keçirəcəksiniz?

– Bəli, bizim fikrimiz onun növbəti doğum gününə yönəlib. İyunun 24-də onun doğum günüdür. Bu münasibətlə Kələki kəndində hazırlıq işləri görülür, bunu qeyd edəcəklər. Kənddə neçə illərdir ki, onun doğum günləri qeyd edilir. Mənim də fikrim var ki, kəndə gedim. Ancaq gedib-getməyəcəyimi dəqiq bilmirəm. Nəzərə alın ki, yaşım 83-ü haqlayıb. İndi əvvəlki kimi qıvraq adam deyiləm.

– İyun ayı qəribə ayıdır. Bu tarixdə Əbülfəz Elçibəy doğulub, prezident seçilib, qiyam nəticəsində devrilib və hətta prezidentlik səlahiyyətindən mərhum edilib…

– Bu Əbülfəz Elçibəydir. Azərbaycan tarixinin ən parlaq simalarından biri. Bir kostyumla hakimiyyətə gələn və bir kostyumla da hakimiyyətdən gedən adamdır. Xalqına dərin məhəbbəti var idi. Onu sevməyənlər həddən artıq çox idi. Çünki xalqını, ölkəsini xoşbəxt görmək istəyirdi. Odur ki, iyun ayında onunla bağlı belə qəribəliklərin olması bəlkə də, təbii idi. Ancaq bütün bunlar onun xalqına olan sevgisini əsla azalda bilməmişdi.

– Qiyam dövrünü necə xatırlayırsan?

– O dövrü xatırlayıram. Ancaq yadıma salmaq belə istəmirəm. İyun qiyamı baş verdi, bunun ardınca bəy Kələkiyə getdi.

– Kələkiyə getməyindən xəbəriniz var idi?

–  Yox. Mənim xəbərim yox idi. Getdim onunla görüşüm. Ancaq dedilər ki, burada yoxdur. Mən də bir müddət onu gözləmək qərarına gəldim. Sonra dedilər ki, Əbülfəz Elçibəy Kələkiyə gedib. Məsələ bu cür oldu. Mən də bir qədər gözlədim və bir neçə aydan sonra Kələkiyə, onun yanına getdim. Onunla kənddə görüşdük. Bildiyiniz kimi bəy bir neçə il Kələkidə qaldı, sonra isə Bakıya qayıtdı. Ancaq amansız xəstəlik onu tez yaxaladı.

– Elçibəy Kələkiyə gedəndə görüşmüşdünüz?

– Yox. Mənə bu haqda deməmişdi. Mən sonradan bildim bu haqda.

 

– Siz Sürət Hüseynovu tanıyırdınız?

– Əlbəttə tanıyırdım. Sürət Hüseynovla əvvəllər çox görüşürdüm. Ancaq Gəncə qiyamından sonra gözümdən düşdü.

– Gəncə qiyamından sonra Sürət Hüseynovla üz-üzə gəlmisinizmi?

– Qətiyyən gəlməmişik. Əvvəllər vəziyyət fərqli idi. Ancaq 4 iyun hadisələrindən sonra onunla görüşmək heç vaxt ağlımdan keçməyib.

– Bu yaxınlarda mətbuatda məlumat getmişdi ki, əslində Əbülfəz Elçibəylə Sürət Hüseynovun qohumluq əlaqəsi var…

– Bu tamamən yalandır. Bizim Sürət Hüseynovla hər hansı qohumluq əlaqəmiz olmayıb. Mən bilmirəm ki, bunu kim və hansı məqsədlə yayıb. Lakin həqiqətdən uzaq xəbərdir. Doğru məlumat deyil.

– Etibar Məmmədovun bu məsələlərdə rolu haqda nə deyə bilərsiniz?

– Bu məsələdə Məmmədovun adı çəkilir, onunla bağlı kimlərsə danışır. Mən konkret bir söz deyə bilmərəm. Ancaq yadımdadır ki, bir dəfə Əbülfəz bəy yaralanmışdı. Bu qiyamdan əvvəlki illərdə olmuşdu. Sonra digərləri ilə yanaşı Etibar Məmmədovda gəldi. Əbülfəz Elçibəy də onlara dedi ki, meydandakı aksiyanı dayandırın. Ancaq onlar dayandırmadılar. İndi mən deyə bilmərəm ki, Etibar Məmmədov Sürətin tərəfində idi, qiyama dəstək verirdi və ya əksinə.

– Rəhim Qazıyevi Sürət Hüseynovla nə birləşdirirdi?

– Rəhim Qazıyev Sürət Hüseynova açıq dəstək verirdi və bu bəlli məsələdir. Eləcədə Nemət Pənahlı. Nemət demək olar ki, həmin dövrdə arada oynayırdı.

– Ancaq deyirlər ki, qiyamdan əvvəl Sürət Hüseynov Əbülfəz Elçibəylə görüşmək istəyib, lakin bəyin yaxın ətrafı buna imkan verməyib…

– Mən sizə bir məqamı deyə bilərəm. Mənə məlumat daxil olmuşdu ki, Sürət Hüseynov Əbülfəz Elçibəylə görüşmək, prezidentlə hansısa məsələni müzakirə etmək istəyir. Daha sonra mənim tanışım olan bir nəfər yanıma gəldi. Dedi ki, Sürət Hüseynov prezidentlə görüşmək istəyir, bu görüşü təşkil etmək lazımdır. Məndə buna razı oldum. Belə razılığa gəldik ki, mən Yevlaxa gedirəm, orada qalıram, Sürət Hüseynov isə Bakıya gəlir və burada prezidentlə görüşür. Sürət görüşdən sonra Gəncəyə qayıdır və məndə oradan Bakıya gəlirəm. Açığı, mən buna razılıq verdim. Ancaq səhər həmin adam mənə zəng edib dedi ki, Rəhim Qazıyevin görüşün baş tutmasına imkan verməyib. Bununla da, mənim xəttimlə keçirilə biləcək görüş baş tutmadı.

– Əbülfəz Elçibəyin bundan məlumatı var idimi?

– Yox. Yanıma gələn adamla bu haqda razılaşdıq və bundan Əbülfəz bəyin xəbəri yox idi. Sonradan mən bu haqda Əbülfəz bəyə məlumat verdim. O, da cavab verdi ki, mən düz etmişəm. Kimsə danışmaq istəyirsə, sözü varsa onu qəbul edib dinləyə bilər. Əbülfəz bəy deyirdi gəlsin, qəbul edərəm. Məndə oğlumu götürüb Yevlaxa gedəcəkdim, onların yanında oturacaqdım. Onlar da Bakıda görüşdən sonra geri qayıdacaqdı və bizi Yevlaxda azad edəcəkdilər. Ancaq belə bir görüşün baş tutmasına imkan verilmədi. Başqa sözlə, Rəhim Qazıyev bu görüşü pozdu. Fikrimcə, əgər bu görüş baş tutsaydı, bəlkə də Gəncədə qiyam olmayacaqdı.

 

– Sizcə, qiyamda daha kimlərin əli ola bilərdi?

– Rusiya və İranın.

– Rəhim Qazıyev, eləcədə Nemət Pənahlı nəyə görə, Əbülfəz Elçibəyi sevmirdi ki?

– Nemət Pənahlı haqda bir söz demək istəmirəm. Ancaq Rəhim Qazıyev dəfələrlə bizdə olmuşdu, daima Əbülfəz bəyin yanında olurdu. Beləcə sonda istəklərinə nail oldular, amma nəticədə məğlub tərəf də özləri oldu.

– Xatırlayıram, 1993-cü ilin iyununda Etibar Məmmədov deyirdi ki, AXC hakimiyyətinin əli qana batıb…

– Əgər onların əli qana batmışdısa, deməli Etibarın əli onlardan da əvvəl qana batmışdı. Başqa cür olmazdı.

– Elçibəy istəsəydi Gəncə qiyamının qarşısını ala, Sürət Hüseynovu zərərləşdirə bilərdimi?

– Əlbəttə. İstəsəydi bunun qarşısını alardı. Ancaq istəmədi qırğın olsun. Dedi ki, mən kimin üzərinə gedim, o tərəfdə də, bu tərəfdə də mənim millətimdir.

– Prezident Elçibəy qırğına getməməklə, qiyamı zor gücü ilə yatırmamaqda doğru etdi?

– Əlbəttə, doğru etdi. Prezidentlik vacib deyildi onun üçün. Əsas o idi ki, xalq bir-birinə qarşı olmasın. Əbülfəz Elçibəy xalqının düşmənlərinə qarşı barışmaz mövqedə idi. Onun xalqına olan sevgisi fərqli idi, bu sevgi əsla imkan verməzdi ki, bəy öz millətinə qarşı silah işlətmək göstərişi versin.

 

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İcra başçılarının Sumqayıt qarşıdurmasının “tarixi kökü”

%d bloqqer bunu bəyənir: