Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Akula”nın, Eldar Mahmudovun və oğlunun daha bir dəhşətli cinayət əməli – ARAŞDIRMA

eldarArtıq neçə aydır ki. ölkədə nə Milli Təhlükəsizlik Nazirliyi, nə də bu quruma rəhbərlik etmiş Mahmudov-Əsədov-Çovdarov mütəşəkkil cinayətkar dəstəsi var. MTN ləğv olunub, yerinə yeni qurtumlar yaranıb. Keçmiş nazir Eldar Mahmudov vəzifəsini itirib, onlarla generalı və yüksək vəzifəli zabiti isə cinayət məsuliyyətinə cəlb olunublar və dəbdəbəli kabinetlərdən Kürdəxanı həbsxanasına köç ediblər. Onlar hamısı ictimaiyyətə hələ ki məlum olmayan bir çox epizodların – qarətlərin, qətllərin, korrupsiyanın və zorakılığın – üzə çıxacağı istintaqın bitməsini gözləyirlər.

Hələlik istintaq öz işini görür, virtualaz.org-un redaksiyasına isə bu cinayətkar dəstənin biznesini ələ keçirərək özlərini dərbədər saldığı sahibkarlardan yeni-yeni şikayətlər daxil olur. Az qala hər gün Mahmudov-Çovdarov başkəsənlərinin izləmələri və işgəncələri nəticəsində müflis olmuş, həbsxanalara atılmış, şikəst edilmiş keçmiş iş adamlarının bu cür şikayətlərini dərc edirik. Budur, tikinti sahəsində ixtisaslaşmış uğurlu sahibkarın biznesini məhv etmiş, hərisliyi sərhəd tanımayan cinayətkar dəstə üzvlərindən növbəti şikayət.

İki Akifin toru

Yavər Qurbanov tikinti biznesini genişləndirirdi. Onun şirkətinin gəlirləri illik on milyonlarla manat təşkil edirdi. Keçmiş yazılarımızdan da məlum olduğu kimi, belə yağlı tikə “oyaq çekistlər”in diqqətindən yayına bilməzdi. Və kəşfiyyata bu dəfə Eldar Mahmudovun yaxın adamı, biznes dairələrində qorxunc “Akula” ləqəbi ilə tanınan Akif Mustafayev yollanır. Yox, alçaq kriminal element olan Mustafayev MYN işçisi deyildi, lakin Mahmudovun yanında nüfuz sahibi və keçmiş nazirin xüsusi agenti idi (həmçinin bağ evindəki qonaqlıqların tamadası). Təsadüfi deyil ki, xüsusi xidmət orqanının şefi onu özünə yaxın adam seçmişdi, çünki qarışıqlıq başlayandan sonra bütün bu cinayətkar dəstənin üzvləri arasında Azərbaycanı tərk etmək yalnız ona müyəssər olmuşdu. Yəqin çox cəld və hiyləgər imiş.

Bəli, “Akula” onunla məşhur idi ki, sahibkarları çekist şinelli quldurlara təslim edirdi. Virtualaz.org-un əvvəllər yazdığı kimi, o, ən varlı sahibkarların və vətəndaşların dosyelərini toplayır, onların varidatının həcmini dəqiqləşdirirdi. Sonradan sahibkarların və onların varidatının siyahısı Eldar Mahmudovun masasının üstünə qoyulurdu. Daha sonra isə işə digər Akifin – Çovdarovun başkəsənləri qoşulurdu. Bütün Çovdarov işgəncələrindən sonra isə, yaxşı işlənmiş ssenariyə əsasən, səhnədə yenidən “Akula” Akif peyda olurdu ki, artıq əldən düşmüş sahibkarlara və onların yaxınlarına öz xidmətlərini təklif etsin. Bu adamları inandırırdı ki, onun vasitəsilə Mahmudova pul ötürsünlər və əzablardan qurtulsunlar. Bunun əvəzində isə MTN-dən azad olunduqdan sonra sahibkarlar “Akula” Akifi özlərinə şərik götürməli və bizneslərinin əhəmiyyətli hissəsini ona verməli idilər. Çoxları anlayırdı ki, xüsusi agentin arxasında nazirin özü gizlənir.

Bu halda da “Akula” Akif ustalıqla torunu qurmuş və bu tora gəözlənildiyi kimi, Qurbanov düşmüşdü. Sahibkarın problemləri 2008-ci ildə başlamışdı – bacarıqla qurulmuş tor onun əl-ayağını amansızcasına bağlayır və rahat nəfəs almağa imkan vermirdi.

 

Alma ağacı Eldar və alma Anar

Xilasedici hava udumu kimi “Akula” ona Anar Mahmudovu – MTN-in eks-rəhbərinin oğlunu təqdim edir. İşi bilirmişcəsinə Anar Yavər Qurbanova məxsus altı obyektin hamısını gəzir, onları diqqətlə gözdən keçirir və tikinti işlərinin gedişi ilə tanış olur.

Lakin Anarla tanışlıq sahibkara baha başa gəlir və o, bunu indiyə kimi unuda bilmir. Əgər əvvəlcə Anara xilaskar kimi baxırdısa, sonda aydın oldu ki, o, nəinki Qurbanovun biznesini, həm də bütünlükdə onun ailəsinin xoş taleyinin axırını gətirdi. Tezliklə Yavər Qurbanova və onun şəriki Adəm İsmayılova bütün birgə biznesin cəmi üçdə bir hissəsi qaldı. Belə böyük fırıldağın nəticəsində isə “Akula”ya, Anara və onun atasına iki dəfə çox pay qaldı. Daha dəqiq desək, milyonluq obyektlər onlara yaxın adamların adlarına keçirildi.

Amma necə deyərlər, dərd-bəla tək gəlmir. Qurbanovun tikinti biznesinin üçdə iki hissəsi Azərbaycan xüsusi xidmət orqanlarında oturuşmuş cinayətkar dəstə üzvlərinin yalnız iştahasını artırdı. Qurbanov və onun şəriki isə bilmirdilər ki, hətta çox böyük həcmli pay belə onları poqonlu qulyabanilərin möhkəm caynaqlarından qurtara bilməz. Hardan biləydilər ki, onlar sahibkarları sonadək sağmağı, başqa sözlə, onların gəlirli biznesinə tamamilə yiyə durmağı qarşılarına məqsəd qoyublar. Bu işə isə artıq Mahmudov-Çovdarov cinayətkar qruplaşmasının digər simaları da qoşulmuşdular.

Budur, “Akula” yenidən Qurbanov və İsmayılovla görüşür.

 

Ya 2 milyon ver, ya canından keç…

“MTN səni həbs etmək istəyir. Təcili olaraq 2 milyon hazırla”. O, iş adamına bu xəbərdarlığı çatdırır və bildirir ki, pulu çatdırmasa nə baş verəcək. Bu təhdid öz nəticəsini verir, göstərilən məbləğ “Akula”ya çatdırılır. Ancaq elə ertəsi gün o, yenə zəng edir və sərt tonda iş adamını gözləyən yeni bəla haqda xəbərdarlıq edir: “Bu nədir, nazirə “atmaq” istəyirsiniz? Düz 100 min! Odla oynayırsınız? Axı orada düz 100 min çatmır. Belə şeylərə görə bilirsən başına nə gələ bilər? Qorxmursan ki, arxanızca qara maskalılar gələr və başa salar ki, naziri aldatmaq nə deməkdir?”

Və əlbəttə ki, “Akula” məqsədinə çatır. Sahibkarların cibindən daha 100 min manat çıxıb MTN-çilərin cibinə girir. Lakin Mahmudovun planı əsasında “Akula”nın şəbəkəsinin sahibkarları axıra qədər talamaq səyləri bununla bitmir. Tezliklə “Akula”nın qulağına xəbər çatır ki, Qurbanovun qardaşının daşınmaz əmlakı satışa çıxarılıb. Sahibkarları bu cür sövdələşmələrin MTN-in xəbəri olmadan həyata keçirilməsinin “böyük günah” olduğuna inandırmaq “Akula”ya asanlıqla başa gəlir. “Mənimlə birlikdə nazirin qəbuluna gedərik. Özünlə 300 min götür”, – o, sahibkarlarla vidalaşanda xəbərdarlıq edir.

 

Eldarın kabinetində görüş

Və görüş baş tutur, həm də xeyli isti keçir. Doğrudur, Yavər əvvəlcə Eldar Mahmudovun qəbul otağında nazirin köməkçisi və eyni zamanda, onun əmisi oğlu Vüqar Mahmudovla görüşməli olur, nəzərdə tutulan məbləği ona verir. Yalnız bundan sonra Eldar Mahmudov onu qəbul edir, sahibkarı sakitləşdirir və vəd edir ki, onun problemləri həllini tapacaq. Ancaq Qurbanov buna inana bilməzdi.

Nazir özü də bunu hiss edir. O başa düşür ki, Yavərin səbrinin sonu çatıb. Və bu dəfə onun şəriki Adəm İsmayılova yönəlməyi qərara alır, yırtıcı yeni qurbanının üstünə cuman kimi onun üstünə cumur. Adəm bankdan tikinti layihəsinə 1,6 milyon manat kredit götürməli olur. Lakin həmin krediti bankdan çıxarmağa imkan tapmamış, onu məcbur edirlər ki, həmin məbləği “Akula”ya versin. Özü də kassadan uzaqlaşmadan. Sonra isə Mahmudov “Akula” vasitəsilə Adəmin ortağı olmaq istəyini çatdırır.

Bu dəfə MTN rəhbərinin talama mexanizmi başqa cür işləyir. 2011-ci ildə A.İsmayılov 300 milyon manat investisiya cəlb etməyə hazırlaşırdı. Hər şeydən xəbərdar olan “Akula” həmin məbləğin 1 faizini Eldar Mahmudova çatdırmağın vacibliyini onun nəzərinə çatdırır. Üstəlik əvvəlcədən, pulu götürmədən. Müəyyən müzakirələrdən sonra “Akula” E.Mahmudova çatdırmaq üçün 2 milyon manatı götürür. Hələ ölkəyə daxil olmağa imkan tapmamış investisiya isə iqtisadiyyatın inkişafına yönəlməliydi…

Mahmudov-Əsədov-Çovdarov kriminal qruplaşması sakitləşmək bilmirdi. Cəmi üç il ərzində, 2008-2011-ci illərdə təhdid və şantaj yolu ilə onlar həmin sahibkarlarin on milyonlarla manat dəyərində daşınmaz əmlakını mənimsəyib. Üstəlik, onlardan 400 min manatdan çox dəyəri olan qızıl və brilyant zinət əşyalarını qəsb edib.

Lakin bütün bunlar iş adamlarını çökdürüb və onları öz vicdanları ilə sövdələşməyə məcbur edib. Əldə etdiyimiz məlumatlara görə, Qurbanovun və İsmayılovun inşa etdirdiyi binalardan mənzil alan bir qrup şəxs istintaq orqanlarına və KİV-lərə şikayət edib. Onların şikayətinə əsasən, sahibkarlar bir mənzili bir neçə nəfərə satıblar. Biz vətəndaşlara qarşı bu cür dələduzluq əməlinə haqq qazandırmırıq, ancaq sahibkarlar doğrudan da belə əmələ yol veribsə, təxmin etmək çətin deyil ki, onları buna məcbur edən səbəblərdən biri də Eldar Mahmudov və dəstəsi olub. Sahibkarlara görə, nə qədər ki Mahmudov azadlıqdadır, ölkədə biznes mühiti rahatlıq tapmayacaq…

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Bakı Səhiyyə İdarəsində müdhiş korrupsiya

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: