Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Akif Çovdarova yeni ittiham – DÖVLƏT BÜDCƏSİNİ MƏNİMSƏMƏ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarova yeni ittihamlar verildiyi bildirilir. «Qafqazinfo» bu xəbəri hüquq-mühafizə orqanlarına istinadən yayıb.

Xəbərə görə, baş prokuror Zakir Qaralovun təsdiqlədiyi ittiham aktında A.Çovdarova Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə və ya israf etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib. Xəbərdə qeyd edilir ki, A.Çovdarov bu maddə üzrə dövlət büdcəsini mənimsəməkdə təqsirləndirilir. Söhbəttəxminən 1 milyon manat pulu agentura şəbəkəsinin saxlanması adı ilə mənimsəməkdən gedir.

Xəbərdə o da bildirilir ki, A.Çovdarov istintaqda ifadəsi zamanı ittihamı qəbul etməyib.

Keçmiş MTN-nin həbsdə olan 4 yüksəkvəzifəli əməkdaşının cinayət işi məhkəməyə göndərilib. Bunlar Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, həmin Baş İdarənin 1-ci idarəsinin rəisi Səlim Məmmədov, 2-ci idarənin rəisi Akif Əliyev və 3-cü idarənin rəisi Orxan Osmanovdur.

57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu iddia edilir.

A.Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O zaman Baş Prokurorluğun yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19-u hazırda həbsdədir.

A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma ) və daha bir neçə ağır maddələr ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub. Ötən ilin dekabrında bu nazirlik ləğv edilib. Onun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Həmin vaxt bu hadisələr ölkə mətbuatında ən müxtəlif şəkildə dəyərləndirilib. Ancaq, əsasən, iki versiya daha çox səslənib. Bir qisim yazarlar bunu sərvət uğrunda mübarizə, başqa yazarlar isə ölkənin rəhbər şəxslərinin telefon danışıqlarının gizlin dinlənməsinin üzə çıxması kimi dəyərləndirirdilər.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Əkrəm Əylisli prokurorluğa çağırıldı

%d bloqqer bunu bəyənir: