Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Adrenalin sevən turist Azərbaycanı niyə seçsin?

Artıq növbəti istirahət mövsümünə start verilib. İl boyu işləyib yorulan, şəhərdəki stressdən, gərginlikdən, qarmaqarışıq həyatdan uzaqlaşmaq istəyənlər xarici ölkələrə, bölgələrə, ən pis halda Bakının bağlarına üz tutur. Amma baha qiymət müqabilində təklif edilən xidmət hər zamankı kimi müştərini qane etmir.

Modern.az saytı ilə fikirlərini bölüşən ekspert, səyahət etməyi sevən, adrenalin həvəskarı Xəyal Məmmədxanlı da elə bu fikirdədir:

“Turizmi inkişaf etdirmək əvəzinə oturub neftin bahalaşmasını gözləyirik”

O bildirir ki, bu gün Azərbaycanda xidmət sahələrindəki vəziyyət hər zamankı kimi insanları qane etmir:

“Doğrudur, əvvəlki illərə nisbətən müəyyən irəliləyişlər var, ümumiyyətlə Azərbaycanda turizm sahəsində çalışan insanlarla bağlı konkret peşə məktəbləri, ixtisasartırma dərnəkləri, kurslar olmadığı müddətdə bu problem qalacaq.

Qonşu dövlətlərin təcrübəsinə nəzər salsaq, onların tam normal vəziyyətə çatması üçün ən azı 15-20 il sərf etdiyini, hətta bir çoxlarının atadan-babadan keçmə vərdişlərlə restoran, otel işlətdiklərini görürük. Bu müəyyən zaman tələb edən məsələdir. Turizm Azərbaycanda neftdən sonra iqtisadiyyat üçün ən perspektivli sahələrdən biridir. Təəssüflər olsun ki, bizim bu sahədə göstərdiyimiz səylər çox zəifdir. Əslində çox qısa müddətdə turizm potensialını pula çevirə bilərdik.

Amma nədənsə biz yenə də, nə vaxtsa neftin qiymətinin bahalaşmasına göz dikmişik. “Turizm inkişaf etməlidir” dedik, amma reallaşdırmadıq”.

“Bahalı otellər və sıfır xidmət”

X.Məmmədxanlının sözlərinə görə, istər kadr, istərsə xidmət baxımından vəziyyət olduqca acınacaqlıdır:
“Bir çoxları belə bir yanlış təsəvvürə qapılırlar ki, manat olaraq qiymətlərdə dəyişiklik baş verməyib. Amma nəzərə almaq lazımdır ki, manatın dəyəri dollarla ifadəsində azalıb. Azərbaycana gələn xarici turistlər çox azdır, daxili turizm üçün isə manat elə manat olaraq qalıb. İnsanlar əvvəl 300 manat maaşın 100 manatını hansısa bölgədə otelə verməyə əli gəlmirdisə, həmin o 100 manat elə yerində qalıb. Vətəndaş dollarla maaş almır ki, qiymətlər onlar üçün cazibədar görünsün.

100 manat əvvəl 110 dollar idi, amma indi 100 manat 60 dollardır. Təbii ki, bu, xarici qonaqlar üçün daha cazibədardır”.

Ekspert bildirib ki, xarici qonaqların Azərbaycana gəlməsi üçün görülən işlər yox səviyyəsindədir:

“Dünyada cəmi 10-12 ölkə Azərbaycana vizasız gələ bilir. Yerdə qalanların əksəriyyətində problemlər var. Dəfələrlə sadələşdirilmiş viza, vizasız gediş-gəlişlə bağlı razılıqlar olsa da, hələ də Azərbaycan əksər ölkə vətəndaşları üçün qapalı məkan olaraq qalmaqdadır. Turizm sahəsində problemlərə hərtərəfli baxmaq lazımdır. Təhsil, qiymətlər, vizalarla bağlı sıxıntılarımız var”.

Azərbaycan yeyib-içmək, gəzmək və yatmaq istəyənlər üçün cazibədardır

Dəfələrlə xarici ölkələrdə olan biri kimi X.Məmmədxanlıdan Azərbaycan və səfər etdiyi ölkələrin otel və xidmətlərinin müqayisəsini istədik:

“Mən ölkəmizdəki otellərə yox, çadıra, kamplara, meşələrə üstünlük verirəm. Çünki, mən otellərdən gözlədiyimi ala bilmirəm. Otel yalnız yeyib-içən, sadəcə gəzən və selfi edən insanlar üçün cazibədardır. Bizim otellərdə aktiv istirahət, əyləncə, oyunlar yoxdur.

Məsələn, bu gün Türkiyənin Antalya şəhərindəki istirahətlə Azərbaycanın hər hansı bölgəsindəki 1 həftəlik istirahət qiymət olaraq bərabərdir. Amma Türkiyədə istirahət üçün verdiyimiz vəsait hesabına əylənmək üçün çox böyük imkanlar nə əldə edirik. Mən 6-7 gün Antalyada qalanda 1 gün dağ çayında raftinqə, 2-ci gün paraşütlə tullanmağa, sonrası gün dayvinqə gedirəm, yaxta gəzintisi edirəm və s. Azərbaycanda bunun hansı biri var? Heç biri.
Bizdə ancaq budur: otelə gir, ye, yat, gəz. Başqa heç nə yoxdur. Ona görə də Azərbaycan turistlər üçün cazibədar gəlmir. Ona görə də vətəndaşlar daha çox alternativ turizmə meyl edir ki, heç olmasa özümüz-özümüzə əyləncə quraq, daha aktiv istirahət edək”.

Dollar bahalaşıb deyə istirahət də bahalaşıb

O deyir ki, bu gün Azərbaycan üçün Gürcüstan və Türkiyə daha sərfəli turistik ölkələr siyahısındadır:

“Baxmayaraq ki, devalvasiyadan sonra bu bölgələr azərbaycanlılar üçün bahalı gəlir.

Yəni, əvvəlcə 500 manat maaş 550 dollar idi. Həmin məbləğə isə Batumidə bir həftə geninə-boluna dincəlirdik. Bu gün yenə 500 manat alırıq, amma bu edir 300 dollar. Həmin 300 dollara Batumidə 1 həftəlik istirahəti edə bilmirik. Buna görə də bir az sıxıntılarımız var.

Çalışırıq ki, bir az büdcəmizi sıxaq. Amma hər bir halda insanların turizmdən nə gözlədiyi də önəmlidir. Çünki, elə insanlar var ki, sırf yemək xatirinə harasa gedir, elələri var ki, tarixi muzeyləri gəzməyi xoşlayır və s.

Bir də var, passiv istirahət. Yeyim, içim, gəzim, hovuzada çimim, yatım, vəssalam. Bundan asılı olaraq vəziyyət dəyişir. Əgər qastronomik turizm istəyiriksə, yəni ancaq yeyib-içib gəzəcəyiksə, bunun üçün Azərbaycan yaxşı yerdir. Amma aktiv istirahət istəyən insanlar üçün, o cümlədən şəxsən mənim üçün Azərbaycanda cazibədar otel və yaxud turizm məkanı yoxdur”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Xırdalana 3 gündür su verilmir

%d bloqqer bunu bəyənir: