Loading...
Loading...
arif-eliyev

ADR müstəqilliyinin son günü – 350 əsgərin şücaəti

«- İlyas bəy, de görək, bu necə oldu?

— Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar gəldi. Onlar şəhəri mühasirəyə aldılar və parlament təslim oldu. Qaça bilməyən bütün nazirlər həbs olundu, parlament də ləğv edildi. Rus fəhlələri öz həmvətənlərinin tərəfinə keçdilər…»

Əli Nino»)

 

Bəzən təmtəraqlı ifadələrsiz keçinmək olmur: ölkəmizin ən yeni tarixində Azərbaycan əsgərinin heyrətamiz qəhrəmanlığını, millətə sevgisini və vətənpərvərlik borcuna sədaqətini nümayiş etdirən bir şanlı səhifə var ki, çoxlarının ondan xəbəri yoxdur.

Bu səhifəni bizdən gizlədiblər, saxtalaşdırıblar. Azərbaycanın «yüyənini» çəkib «bolşevizm axuruna» bağlayanlar onu bizə başqa cür təqdim ediblər və daim gözətləyiblər ki, SSRİ adlanan həmin «axur»da hər kəs yalnız qarşısına qoyulan samanı yesin. O gözətçilərin bəziləri hələ də  vəzifələrdə gözdə-qulaqdadırlar; bəlkə, buna görədir ki, Sovetlər İttifaqının dünya xəritəsindən silinməsindən 25 il keçsə də, əsl müstəqillik tariximizi bu günədək dəyərincə öyrənə bilməmişik. İndi oxuduğunuz məqaləni yazmaq üçün mən onlarla kitab və memuar oxudum, yüzlərlə stenoqrafik hesabat və arxiv sənədini nəzərdən keçirdim, saytları ələk-vələk etdim, tədqiqatçılarla görüşdüm, dostlarımla Xudatı, Yalamanı gəzdim. Aylarla davam edən axtarışlar nəticəsində bütövlükdə göz önündə canlandırmağa çalışdığım səhnənin yalnız ayrı-ayrı epizodlarının bərpasına nail oldum.

1920-ci ilin mart ayı. Denikinçiləri Cənuba doğru sıxışdıran Qırmızı Ordu hələ Rusiyanın sərhədlərinə çatmamış, martın 17-də, Lenin Qafqaz Cəbhəsinin komandanlığına teleqramda əsas hücum istiqamətini nişan verir:«Bakını götürmək bizim üçün əlahiddə, əlahiddə dərəcədə vacibdir. Bütün səylərinizi buna yönəldin…» Göstərişin həyata keçirilməsi üçün sonralar Mərkəzi və Şərqi Avropanın, Ön və Orta Asiyanın bir sıra ölkələrində də tətbiq ediləcək sovet işğal planı hazırlanır. Həmin plana görə, Azərbaycanda mərkəzi hakimiyyət orqanları iflic vəziyyətinə salınmalı, ordunun başı iç savaşa qatılmalı, paytaxtda dövlət çevrilişinə hazırlaşan qüvvələr hərəkətə gətirilməli, ADR-in müttəfiqləri Türkiyə və Gürcüstan diplomatik hiylələrlə neytrallaşdırılmalı, ardınca böyük say və texniki üstünlüyə malik rus qoşununun sürətli həmləsi ilə Bakı və onun neft mədənləri ən çoxu 5 gün ərzində ələ keçirilməlidir.

1920-ci il aprel ayının 26-. ADR müstəqilliyinin son gününü yaşayır. Martın axırında solçular koalision hökumətdən çıxdıqlarını elan ediblər. İdarəçilik böhranı şəraitində Şimaldan gələn təhlükənin qarşısını almaq üçün siyasi qüvvələri səfərbər etmək mümkün olmur. Aprelin 1-dən istefaya getmiş hökumətin əvəzinə yenisini yaratmaq missiyası əvvəl xarici, sonra daxili işlər naziri olmuş Hacınskiyə həvalə edilib. O isə kommunistlərlə danışıqlarda tapşırığın icrasını xeyli uzatdıqdan sonra işin öhdəsindən gələ bilməyəcəyi barədə bəyanatı ilə, faktiki olaraq, parlamenti seytnot vəziyyətinə salıb. Digər tərəfdən, Türkiyə Böyük Millət Məclisi və Qurtuluş Savaşının lideri Mustafa Kamal Qazi XI Qırmızı ordunun qarşısını kəsməməyi, guya «ingilis hücumlarından müdafiəni gücləndirməyə tələsən rus qoşunlarını Türkiyənin sərhəddinə buraxmağı» israrla Azərbaycandan tələb edir. Mustafa Kamalın buradakı nümayəndələri, xüsusilə Qafqaz İslam Ordusunun qurucularından biri, 1918-ci ildə Bakının azad edilməsində mühüm rol oynamış Xəlil paşa rusların paytaxta girməyəcəyinə şəxsən zəmanət verir, hətta XI Qırmızı orduya komandanlığın ona tapşırılacağını deyir. Türk zabitləri solçularla birləşərək, Qırmızı orduya mane olmaq istəyənləri «türk və müsəlman birliyinə xəyanətdə» suçlayırlar, Musavat liderləri əleyhinə təbliğat aparırlar. Azərbaycanın digər hərbi müttəfiqi – Gürcüstan da artıq öz hayındadır: gürcülər Bakının işini bitmiş hesab edərək, sovet Rusiyası ilə danışıqlara çalışırlar. Bolşeviklər onlara toxunmayacaqlarını, neft paylarını kəsməyəcəklərini vəd ediblər. Ən başlıcası isə, Azərbaycanın öz-özünü qorumağa hərbi qüdrəti çatmır. Otuz minlik ordunun üçdə ikisi Qarabağda kilidlənib. Novruz gecəsi ermənilərin qaldırdığı üsyan çətinliklə yatırılıb və yenidən alovlana bilər. Qazaxda Ermənistanın həmlələrindən, Bakıda dövlət çevrilişinə hazırlaşan yerli kommunistlərin təhdidlərindən də müdafiə olunmaq üçün qoşun saxlamaq lazım gəlir. Samur çayı boyunca dağlardan dənizə qədər 15-20 verstlik sərhəd zolağını 170 süvari, yeddi zabit, iki uryadnik, altı piyada bölüyü və iki taqımdan ibarət dəstə qoruyur. Bütün Şimal istiqamətində isə cəmi 3000-dək əskərimiz var.

Buna baxmayaraq, vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə ümidlər yaranıb. Aprelin 17-də Rusiyanın xarici işlər üzrə xalq komissarının müavini Qaraxan (Qaraxanyan) bu ölkənin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinə dair danışıqlara hazır olduğunu təsdiqləyib. Aprelin 26-da isə Ermənistan Azərbaycana sülh təklif edib. Bunların da hiylə olduğu hələ bilinmir.

1920-ci il aprel ayının 27-si, saat 00.05 dəqiqə. Yetmiş minlik XI Qırmızı Ordu, öndə «III İnternasional», daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samur çayı üzərindəki körpünü keçir. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirlər.

Körpünün başında keşik çəkən piyada taqımının əsgərləri və altı süvari zirehli qatarları görəndə özlərini itirirlər. Axı cəmi bir neçə saat əvvəl onlar həmin bu körpünün üstündə indi top-tüfənglə üstlərinə gələn rus zabitləri və əskərləri ilə rəqs edir, dostluq-qardaşlıqdan danışırdılar. «III İnternasional»ın meydançasından çaş-baş qalmış azərbaycanlı döyüşçüləri seyr edən rus komandiri Yefremov istehza ilə gülür: «Nədir, bunlar bizi sərxoş hesab edirlər?»

Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq çətin olmur. Qatar Yalamaya üz tutur. Arabir dəmir yolunun kənarında meşədən kölgələr çıxır və tez də qaranlıqda yox olurlar. Bunlar azərbaycanlıların süvari patrullarıdır.

Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xəttlərini kəsib. Ancaq Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir. Görünür, qarnizonu patrullar xəbərdar ediblər. Doğrudur, bu, çox şeyi dəyişmir. Qüvvələr həddən artıq qeyri-bərabərdir. Babazadənin sərəncamında olan əsgərləri sıraya düzsən, heç rusların zirehli qatarlarının uzunluğuna da bəs etməz. Qatarlarda isə ağır gəmi toplarına qədər hər cür silah var, arxadan böyük bir qoşun gəlir.

Yalamanın müdafiəçiləri seçim qarşısındadırlar: geri çəkilmək, ya da düşmənlə döyüşə girib onu, heç olmazsa, bir neçə saatlığına stansiyada ləngitmək. Həmdulla Əfəndinin könüllülər dəstəsindən savayı, kiminsə köməyə yetişəcəyinə ümid yoxdur. Qoşun çox uzaqda — Qarabağdadır. Bakıda isə nə etmək lazım gəldiyini rəhbərlik özü qərarlaşdıra bilmir. Əvvəlcə relslərin bir hissəsini sökdürmüşdülər ki, ruslar qəflətən hücuma keçsələr, dəmiryolu ilə irəliləməsinlər. Sonra relsləri yerinə düzdürdülər. Deyilənlərə görə, bu da Xəlil paşanın işidir. Xəbər tutan kimi, özünü müdafiə nazirliyinə çatdırıb ki, «siz nə edirsiniz, Qırmızı Ordu Anadoluya gedə bilməyəcək, nəticədə kömək gecikəcək»…

Yalamanın müdafiəçiləri başa düşürlər ki, rusların qarşısını kəsməyə cəhd göstərsələr, bu, onların əksəriyyəti üçün son döyüş olacaq. Ancaq Vətən təəssübü, əsgər şərəfi həyat eşqinə üstün gəlir.

zirehİlk toqquşma stansiyaya bir kilometr qalmış baş verir. Yalamadan zirehli qatarlara qarşı parovoz yola salınır. Məqsəd qəza törədib dəmiryolunu sıradan çıxarmaq və qatarların önünü kəsməkdir. Lakin «III İnternasional»dan iki sərrast top atəşi ilə buxar maşınının qazanı partladılır. Parovoz sürətini azaldaraq qatara çatmamış dayanır, onu itələyə-itələyə ehtiyat yola keçirirlər. Ağır döyüş başlanır. Zirehli qatarlardan fuqas mərmilərlə topçularımızın mövqeləri, pulemyot dzotları dağıdılır. Qatarların şrapnel mərmilər və pulemyot atəşi ilə dəstək verdiyi rus desantı hücuma keçir.

Yalama qarnizonu bu hücuma iki saat davam gətirir. Üç yüz əlli döyüşçümüz son nəfəsinədək stansiyanı qoruyur. Sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkilir. Rus desantı da döyüşdə ciddi itki verir. XI Qırmızı ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin ölümünü Yalamada tapır.

Nəhayət, ətrafa sakitlik çökür. Bomboş stansiyada hansısa möcüzə nəticəsində təkcə teleqraf rəisi sağ qalıb. Lakin onun da daha burada görüləsi işi yoxdur: bolşeviklər Xudat istiqamətində bütün xətləri kəsiblər. Rus komandiri yaşlı rəisi evinə buraxmaq qərarına gəlir. Gedərkən teleqraf rəisi, adəti üzrə, gündəlik qazancı ondan qəbul etməyi və qəbz verməyi xahiş edir. Yefremov pulu alır, cib dəftərçəsini çıxarıb qəbz yazır və möhürünü vurur…

Müqəddəs bir döyüş səhnəsi üçün çox qəribə sonluqdur, deyilmi?

Amma qəribəliklər bununla bitmir.

Qəribədir ki, Azərbaycanın müstəqilliyinin ömrünü iki saat da olsa, uzatmaq üçün ölümə getmiş bu 350 gəncin əməli çox az adama, adları heç kimə bəlli deyil. Qəribədir ki, Yalama döyüşü haqda bəzi təfərrüatları ancaq rus və xarici mənbələrdə tapmaq olur, Azərbaycan mənbələrində isə onlara rast gəlinmir. Qəribədir ki, ara-sıra tarixçilərimizin çəkingənliklə qaldırdıqları bu mövzu, Ziya Bünyadovun həmin əsgərlərə Şimal sərhəddimizdə heykəl qoymaq təklifi əks-səda vermir. Biz, millət olaraq, necə də o teleqraf rəisinə oxşamağa başlamışıq! Unutmuşuq ki, qürurlu milləti formalaşdıran soyqırımlara ucaldılan abidələr deyil; matəm günləri təsis etməklə, xalqın məşəqqətli taleyinə ağlaşma qurmaqla məğrur və ləyaqətli vətəndaş yetişdirmək olmur. Bunun üçün qəhrəmanlıq tarixini bilmək, nəsillərə örnək olacaq fədakarlarımızın xatirəsini yaşatmağı bacarmaq lazımdır.

***

Texas ştatında füsunkar San-Antonio şəhərinin yaxınlığında, çöllü-biyabanın ortasında Alamo adlanan bir qala var. Alamo ABŞ-ın azadlıq və müstəqillik simvollarından sayılır. 1836-cı il mart ayının 6-da burada Texasın müstəqilliyini müdafiə edən təxminən 260 nəfərlik kiçik dəstə ilə sayca onqat artıq Meksika qoşunu arasında döyüş olub. Bir saatdan çox davam edən döyüşdə qala müdafiəçilərindən yalnız üç nəfər sağ qalıb. Növbəti yüz ildə isə texaslılar həmin saatı saniyəbəsaniyə bərpa ediblər, qarnizonun bütün əsgərlərinin adlarını üzə çıxarıb, əbədiləşdiriblər. Alamo hekayəti bir çox dərsliklərə salınıb, onun haqqında sənədli və bədii əsərlər, filmlər yaradılıb, rəsmlər çəkilib, mahnılar bəstələnib, hətta döyüşün yüzilliyi şərəfinə sikkə də kəsilib. Ştatın 13 vilayətinə Alamonun müdafiəçilərinin adı verilib. Qalanın kilsəsi məbəd elan olunub, «Texas Respublikasının Qızları» onun daimi himayədarları təyin edilib.

Amerikalılar ştatın qonaqlarını mütləq bu yerə aparıb ulu babalarının şücaətindən ağızdolusu danışırlar, onlara qalanın açıqcalarını, şanlı tarixini əks etdirən suvenirlər bağışlayırlar. İyirmi il əvvəl mən də Alamoda bələdçinin hekayətlərinə qulaq asa-asa, bu boyda qəhrəmanlığın belə balaca divarlar arasına necə sığdığına təəccüblənirdim. Eyni zamanda ətrafıma yığışıb gözlərində parıltı bələdçinin hər sözünü udan məktəbli uşaqlara həsəd aparırdım.

Bəs biz uşaqlarımızı öz Alamomuza – Yalamamıza (adlardakı oxşarlığı da duyursunuzmu?) aparmaq istəsək, onlara nə göstərə biləcəyik?

***

Janrın qaydalarına görə, məqalənin bu yerində dövlət orqanlarına xitab olmalıdır. Onlardan Yalama müdafiəçilərinin adlarını əbədiləşdirmək üçün tədbirlər görmək xahiş edilməlidir. Lakin mən vətəndaşlara, oxuculara müraciət edirəm: gəlin, bu müqəddəs vəzifəni biz özümüz yerinə yetirək. Hökumətsə kömək göstərsin, yol açsın, amma başı daha mühüm işlərə qarışıqdırsa, mane olmaması kifayətdir.

Yazını paylaşaq, «işğalçı ordu Samurdan Bakıya qədər müqavimət görmədən hərəkət etdi, hər stansiyada Azərbaycan əsgərlərini əsir götürə-götürə paytaxta daxil oldu» deyənlərin yanıldıqlarından, yaxud məkrli yalanlarından mümkün qədər çox insanı xəbərdar edək. Bu sözlər millətə, Yalamada uyuyan qəhrəmanlarımızın ruhuna təhqirdir. Və gəlin, onların adlarını bərpa edək. Kimin 1920-ci il aprel ayının 26-dan 27-nə keçən gecə Samur təpəsində, Yalamada, Xaçmaz ətrafında döyüşmüş və həlak olmuş tanışı, qohumu varsa, onlar haqqında ən kiçik xatirənizi belə bizimlə bölüşün, «Ayna»nın saytına, yaxud onun müəlliflərinə göndərin. Hər xırdaca sənəd, məktub, eksponat qiymətlidir. Biz Yalama müdafiəçiləri haqqında film düşünürük, pyes yazıb tamaşa qoymaq istəyirik. Hətta onlara heykəl ucalda biləcəyimizə də inanırıq.

Əlbəttə, bacararıq. Yetər ki, imandan gələn bir sevgi olsun. Çünki bu, adlarını hələ bilmədiyimiz, 96 ildir Yalama stansiyasının platformasında bir-birinə sığınıb sevgi və ehtiram qatarımızın yolunu gözləyən gənc müstəqillik mücahidlərimizin ruhlarından çox, milli natamamlıq kompleksindən xilas olub ləyaqətli həyata can atan müasir gəncliyimizə lazımdır.

 e-mail:[email protected]

Arif Əliyev

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Xədicə İsmayıl tanınmış 100 qadın arasında

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: