Loading...
Loading...

“AAAF” İnşaatda sayğac aksiyası

Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi “AAAF” İnşaat MMC şirkətinə məxsus 12 mərtəbəli binanın sakinləri üzləşdikləri problemlə bağlı Modern.az müraciət ediblər.

Şikayətçi Aytən Əliyeva saytımıza açıqlamasında binaya köçəndən problemlərin bitib tükənmədiyini deyir:

“Artıq iki ildir ki, bu binaya köçmüşük. Burda yaşayandan üzləşmədiyimiz problem qalmayıb. İndi də sayğac məsələsini ortaya atıblar.

Əhalinin icazəsi olmadan “smart” tipli su sayğacları quraşdırılıb. Buna görə binanın hər bir sakinindən 800 manat tələb olunur. Məbləğ ödənilmədiyi təqdirdə su təchizatının dayandırılacağı bildirilir”.

A.Əliyeva şirkətin təsisçisi Tofiq Hacıyevlə əlaqə saxlamağın qeyri-mümkün olduğunu qeyd edir:

“Ötən gün bina sakinləri etiraz aksiyası keçirdi. Təsisçi Tofiq Hacıyev nə əhalinin qarşısına çıxdı, nə də problemlərlə maraqlandı. Binanın komendantı Məhərrəm Hüseynov da onun kimi. Komendant etiraz edən sakinlərə deyir ki, tələb olunan məbləğ ödənilməsə su təchizatı dayandırılacaq”.

Şikayətçi bildirir ki, sayğac quraşdırılması əslində 300 manata başa gəlir:

“Müqavilədə qeyd edilmişdi ki, sayğaclar vətəndaş tərəfindən ödəniş edilməklə quraşdırılmalıdır. Araşdırmışam ki, işıq, su və qaz sayğaclarının quraşdırılmasına görə 300 manat ödənilməlidir.

Bəs o zaman bizdən tələb edilən 800 manat niyə yığılır, kimin cibi üçün yığılır? Komendant bizə deyir ki, vəsaiti “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tələb edir. Mən şəxsən “Azərsu” ilə əlaqə saxladım, onlar bunu təkzib etdilər”.

Bina sakinləri əlacsızlıqdan Baş nazirin müavini Əli Əhmədova da müraciət edib. Amma həmin müraciətə də cavab verən olmayıb.

Məsələ ilə bağlı sözügedən binanın komendantı Məhərrəm Hüseynov açıqlamasında bildirib ki, su, işıq və qaz sayğaclarının quraşdırılması üçün hər sakindən 800 deyil, 798 manat tələb edilir:

“Faktiki olaraq “smart” kart tipli su sayğacları quraşdırılır. Biz vətəndaşları həmin məbləği bu dəqiqə ödəməyə məcbur etmirik. Kim istəyirsə, ödənişi hissə-hissə də edə bilər. Bu gün ödənişin tam həyata keçirilməsi tələb olunmur. Ödəniş etməkdə çətinlik çəkənlərə güzəştlər ediləcək, 3-5 ay vaxt veriləcək, köməklik ediləcək və s. Bu o demək deyil ki, vətəndaş susuz qalacaq. Biz belə bir şey deməmişik”.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Prezident Gəncə ilə bağlı sərəncam verdi

Loading...
%d bloqqer bunu bəyənir: