Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

845 min manatdan çox vergidən yayınan sahibkar azadlıqda –HÖKM

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Yardımlı rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Sahib Ağayev hüquqi ünvanı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 50, mənzil 38-də yerləşən “Fizuli” Kiçik Müəssisənin direktoru vəzifəsində işləyib. O, müəssisənin nizamnaməsinin 9-cu maddəsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürüb.
Sahib Ağayev sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirib. O, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olub.

İş adamı vergidən nə qədər boyun qaçırıb?

Belə olan halda Sahib Ağayev müəssisənin vergi ödəyicisi kimi qeydiyyatda olduğu Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə 1 noyabr 2008-ci il tarixdən 1 iyul 2010-cu il tarixədək olan dövrdə təqdim etdiyi bəyannəmələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edib.
Bununla da Sahib Ağayev 7.881 manat 45 qəpik mənfəət vergisini və 14.666 manat 05 qəpik əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
İttiham aktında daha sonra qeyd olunub ki, Sahib Ağayev direktoru olduğu “Fizuli” kiçik müəssisənin adından satdığı mal-materiallara görə müəssisənin bankda olan hesablaşma hesabına 2009-cu ildə ödənilmiş 863195 manat 61 qəpik məbləğində əsas vəsaitdən 46180 manat 95 qəpik mənfəət əldə edib.
O, bu məbləğdən Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20 faiz dərəcə ilə 9236 manat 19 qəpik məbləğində mənfəət vergisi ödəməli olub.
Amma Sahib Ağayev müəssisənin adından qeydiyyatda olduğu 2 saylı Ərazi Vergilər Departamentinə həmin ilin yekunlarına dair təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində müəssisənin dövriyyəsini 758849 manat 68 qəpik, çəkilmiş xərclərini 757861 manat 20 qəpik, əldə etdiyi mənfəəti 988 manat 48 qəpik və bundan ödəniləsi mənfəət vergisini 217,47 manat 47 qəpik bəyan edərək, 9018 manat 72 qəpik məbləğində mənfəət vergisini az hesablayıb.
Bundan əlavə Sahib Ağayev “Fizuli” kiçik müəssiəsinin 2009-cu ilin mart ayı üzrə təqdim etdiyi ƏDV bəyyanaməsində ƏDV tutulan dövriyyəsini 97682 manat 24 qəpik, ƏDV-ni 17582 manat 80, əvəzləşdirilən ƏDV-ni 19525 manat 54 qəpik və büdcədən istənilən ƏDV-ni 1942 manat 74 qəpik göstərməli olduğu halda, ƏDV tutulan dövriyyəsini 79.051 manat 36 qəpik, ƏDV-ni 14229 manat 24 qəpik, əvəzləşdirilən ƏDV-ni 19525 manat 54 qəpik, büdcədən istənilən ƏDV-ni 5296 manat 30 qəpik göstərərək, 3353 manat 56 qəpik az hesablayıb.
İttiham aktında daha sonra qeyd olunub ki, sonrakı illərdə Sahib Ağayev yenə də dövlət büdcəsinə külli miqdarda vergi ödəməkdən yayınıb.
İş üzrə keçirilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2015-ci il tarixli, 19384 saylı məhkəmə-mühasibat ekspertizasının rəyindən görünür ki, “Füzuli” KM-i üzrə 1 noyabr 2008-ci il tarixdən 1 iyul 2010-cu il tarixədək olan dövrdə ƏDV-nə cəlb olunan dövriyyə 845.299,77 manat məbləğində müəyyən olunub.
Sahib Ağayev Cinayət Məcəlləsinin 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə ittiham edilib.

2 il islah işləri cəzasi

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Sahib Ağayev qazancından 20 faiz məbləğində pulun dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Həmçinin Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin mülki iddiası təmin edilib və 19841 manat dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib. Prokuror protestində Sumqayıt şəhər Məhkəməsinin hökmünün ləğv edilməsini, Sahib Ağayevə təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə və iş üzrə mülki iddianın tam təmin olunmaqla yeni hökm çıxarılması xahiş edib.
Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya protesti hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Prokuror: “Hökmdə törədilmiş cinayətin təhlükəliliyi nəzərə almayıb”
Prosesdə çıxış edən dövlət ittihamçısı Zəfər Ramazanov bildirib ki, birinci instansiya məhkəməsi Sahib Ağayevə cəza təyin edərkən Cinayət Məcəlləsinin 2, 8, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq riayət etməyib: “Hökmdə törədilmiş cinayətin ictimai təhlükəliliyi və xarakteri kifayət qədər nəzərə almayıb. Birinci instansiya məhkəməsi məhkumun dəymiş ziyanın bir qismini ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, məhkum sadəcə məhkəmə istintaqının sonunda dövlət ittihamçısı ona azadlıqdan məhrumetmə cəzası təyin edilməsi barədə çıxışından sonra ödəməli olduğu məbləğin 10 faizini, yəni cüzi hissəsini ödəyib. Məhkəmə bu halı yüngülləşdirici hal kimi qəbul etməkdə haqlı olmayıb”.
Prokuror qeyd edib ki, məhkəmə Sahib Ağayevin himayəsində 3 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmayıb: “Çünki həmin uşaqlar artıq yetkinlik yaşına çatıblar. Bundan başqa birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkumun müdafiəçisi təkrar ekspertiza keçirilməsi barədə vəsatət verib. Məhkəmə həmin vəsatəti heç bir əsas olmadan təmin edib və əvvəlki ekspertizada cavablandırımış suallar üzrə təkrar ekspertiza təyin edib. Bununla da Cinayət-Prosessual Məcəlləsinin 267.2-ci maddəsində göstərilən müddəalara uyğun olmayan qərar qəbul edilib. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilk ekspertiza rəyi ilə ziddiyət təşkil edib. Buna baxmayaraq məhkəmə həmin ziddiyəti araşdırmayıb, ekspertiza rəyləri vermiş eyni şöbənin ekspertlərini dindirməyib. Bununla da məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmayıb”.
Prokurorun fikrincə, məhkəmə tərəfindən Sahib Ağayevin cəmi 22.547 manat 50 qəpik məbləğində vergilərin dövlət büdcəsinə az hesablanmasında təqsirli bilinməsi hissəsi dəyişdirilməli və o, 26,906,03 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanmasına təqsirli bilinməlidir.

İş adamı: “Heç bir sənəd təqdim etməmişəm”

Prokuror protestin sonunda Sumqayıt şəhər Məhkəməsinin hökmünün ləğv edilməsini, Sahib Ağayevə təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini istəyib. O, həmçinin iş üzrə mülki iddianın tam təmin olunmaqla yeni hökm çıxarılması xahiş edib.
Məhkəmə iclasında dindirilən Sahib Ağayev ona verilən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Fizuli” kiçik müəssisəsinin direktoru vəzifəsində işlədiyi dövrdə vergi borclarını vaxtlı-vaxtında ödəyib: “9.018,72 manat mənfəət vergisi səhv göstərilib, 17.887,31 manat əlavə dəyər vergisi də səhv hesablanıb. Bunlardan başqa da artıq hesablamalar da mövcud olub. İş üzrə ekspertiza sənədlərsiz keçirilib, yalnız ikinci dəfə keçirilən ekspertiza zamanı dəvət olunmuşam. Sonradan bütün sənədləri ekspertlərə təqdim etmişəm, səyyar vergi yoxlaması və ekspertiza zamanı məndən sənəd istəmədiklərinə görə onlara heç bir sənəd təqdim etməmişəm”.
Ekspert rəyi verən ekspert Elbrus Həsənov bildirib ki, hesablama fərqi istintaq zamanı təqdim olunmuş sənədlərlə əlaqədardır: “Əlavə təqdim edilmiş sənədlər əsasında yeni rəy verilib”.
Digər ekspert Emin Məmmədli verdiyi ekspert rəyini təsdiq edib. O, bildirib ki, hesablama fərqinin yaranamsı əlavə sənədlərin təqdim olunması ilə bağlı olub.
Apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərara elan edib. Qərara görə, prokurorun Sahib Ağayevin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib.
Aydın Məmmədov

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Ekspertdən Lavorun gəlişinə münasibət: “Bu gedişat növbəti toqquşmaya aparır”

%d bloqqer bunu bəyənir: