Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hindistan Britaniya kraliçasının tacındakı almazı tələb edir

Hindistan hökuməti bildirir ki, o hələ də Kuhi Nur adlı məşhur və qiymətsiz almaz qaşı Britaniyadan tələb edir.

Adının mənası Dağ Nuru (işığı) olan bu almaz britaniyalıların əlinə 19-cu əsrdə keçib və hazırda Britaniya monarxiyasının Londonun Tower qəsrində saxlanan tacını bəzəyir.

Bu qiymətsiz almazın sahibliyi bir çox hindistanlı üçün emosional məsələdir və onlar inanırlar ki, Kuhi Nur Hindistan xalqından oğurlanıb.

Buna baxmayaraq, bu həftənin əvvəllərində Hindistanın baş vəkili Ali Məhkəməyə deyib ki, “qaş nə oğurlanıb, nə də zorla alınıb”.

Məhkəmədə Hindistan hökumətini təmsil edən Ranjit Kumar bildirib ki, 105 karatlıq almaz Puncab əyalətinin keçmiş hökmdarları tərəfindən 1849-cu ildə Şərqi Hindistan Şirkətinə (East India company) “hədiyyə” edilib.

Lakin Hindistan Mədəniyyət Nazirliyinin yazdığı məktubda bildirlir ki, hökumət “Kuhi Nuru bütün mümkün vasitələrlə və xoş məram tərzi ilə geri almaq niyyətində” qalır.

Bu məktubda həm də deyilir ki, baş vəkilin Hindistanda çoxlarını təəccübləndirmiş bəyanatı hökumətin mövqeyini əks etdirmir. Bu da qeyd olunur ki, hökumət sözü gedən məsələ barədə Ali Məhkəməyə rəsmi müraciət etməyib.


Image captionKuhi Nurun 1860-cı illərə aid əl cizgiləri

Hindistanda Kuhi Nurla bağlı yaranmış ziddiyyəti BBC-nin Dehlidəki müxbiri Geeta Pandey izah edir:

Belə görünür ki, Hindistanın Mədəniyyət Nazirliyi “xalq əhval-ruhiyyəsini” düzgün başa düşməyib. Buna görə də baş vəkilin bəyanatı geniş miqyasda siyasi qalmaqala səbəb olub və hökumət bir qədər geri çəkilib.

Hindistanın əsas müxalifəti – Konqres Partiyası deyir ki, baş nazir Narendra Modinin hökuməti “dərin hissiyyatımıza bağlı” bu daşı geri almaq üçün bütün səyləri göstərməlidir.

Modinin Puncab ştatındakı müttəfiqləri də bu tənqidlərə qoşulublar. Onlar hökumətin tutduğu mövqeyi “yanlış” adlandırırlar. Millət vəkillərindən biri deyib ki, brilyantın tələb edilməsi üçün hətta Puncab hökuməti də məhkəməyə müdaxilə edə bilər.

Bu tənqidlərdən təsirlənən baş nazirin ofisi müdaxilə edib və Mədəniyyət Nazirliyi izahat verib.

Kuhi Nur heç şübhəsiz Hindistanda emosiyaları qıcıqlandırır, çünki bir çoxlarının qənaətinə görə 1849-cu ildə 10 yaşlı Puncab şahzadəsi belə bir müqaviləni imzalamağa məcbur edilib və məhz buna görə də brilyant daş qanuni sahibinə, yəni Hindistana qaytarılmalıdır.

Bir Hindistan QHT-si Dehlidəki Ali Məhkəməyə müraciət etdikdən sonra bu iş üzrə dinləmələrə başlanıb. QHT məhkəmədən hökuməti Kuhi Nuru ölkəyə qaytarmağa məcbur etməyi rica edirdi.

Məhkəmə bu işə hələ də baxmaqdadır və petisiyanı rədd edə bilmir. Çünki sözü gedən QHT-nin petisiyası rədd edilərsə, gələcəkdə Hindistana aid başqa əşyaların gətirilməsi zamanı “pis presedent” yarana bilər.

Hindistan istiqlalının banisi Mahatma Gandhinin nəticəsi Tushar Gandhi 2009-cu ildə demişdi ki, almaz “müstəmləkə keçmişinin təzminatı” kimi ölkəyə qaytarılmalıdır.

Amma Britaniya bu qiymətli daşla heç cür vidalaşmaq istəmir. 2013-cü ildə baş nazir David Cameron demişdi ki, o qaytarılmanı “ağıllı” bir ideya hesab etmir.

Hindistan mediası isə bu məsələdə ikiyə bölünüb. Bəziləri hökumətin bu daşı nəyin bahasına olursa-olsun qaytarmalı olduğunu yazır, digərləri isə bu məsələnin bu qədər şişirdilməsinə qarşı çıxırlar.

The Asian Age qəzeti hökumətin mövqeyindəki 180 dərəcəlik dəyişikliyi alqışlayır və yazır ki, “Kuhi Nurun qaytarılmasının xalqın milli qeyrət məsələsi olduğu bir müddət unudulmuşdu”.

Lakin Economic Times məcmuəsi sual edir ki, Londonun Tower qəsrində bir tacın üstündə asılıb qalan “cansız karbon parçasına” görə bu qədər cəhdlər göstərməyə dəyərmi və daha yaxşısı hökumətin daha ciddi məsələlərlə məşğul olması deyilmi?

Üzərində bu qaş olan tacı sonunci dəfə Ana kraliça başına qoyub. Bu tac 2002-ci ildə kraliçanın dəfni zamanı da tabutun üzərinə qoyulmuşdu.

_________________________________________________________

Brilyantın uzun və qanlı tarixçəsi

Image copyrightPA
Image caption105.6 karat ağırlığında və yumurta formasında olan qaş hazırda Ana Kraliça Elizabeth-in tacını bəzəyir.

Adının mənası farsca “Dağ Nuru” olan bu daş Britaniya monarxiyasının tacında ən qiymətli daşdır. Bu qaş əsrlər boyunca fəth və intriqaların predmeti olub. Almaz öz tarixi ərizində Moğol şahzadələrinin, İran sərkərdələrinin, əfqan hökmdarlarının və Puncab maharacalarının əlindən gəlib keçib.

18-ci əsrdə bu daşın qiymətlərindirməsinə cəhd ediləndə, əfqan kraliçası Vəfa Bequm belə deyib: “Əgər dörd qoluzorlu kişi hərəsi bir daş götürərək biri, şimala, biri cənuba, biri şərqə, digəri isə qərbə atsalar, bir daş da göyə atılsa ortada qalan fəzaya doldurulmuş qızıl da Kuhi Nurun qiymətini verə bilməz”.

Almaz daş ilk dəfə Hindistanın Qolkonda mədənlərində tapılanda onun ölçüsü olaraq 186 karat göstərilmişdi. Almaz 1849-cu ildə ingilis-siqh müharibəsinin cəzalandırıcı müqaviləsinin şərtləri altında britaniyalılara verilmişdi. Bu müqaviləyə anası məhbəsə salındıqdan sonra 10 yaşlı siqh hökmdarı imza atmalı olmuşdu.

Lakin almazın ənənəvi qızılgülşəkilli kəsilmiş forması 1851-ci ildə Böyük Sərgiyə gələnləri o qədər də heyran etməmişdi. Odur ki, onun yumurta şəklində kəsilməsi əmr olunmuşdu. Bundan sonra brilyantın parlaqlığı xeyli artsa da, o çəkisinin 40 faizini itirmişdi. 105.6 karat ağırlığında və yumurta formasında olan qaş hazırda Ana Kraliça Elizabeth-in tacını bəzəyir.

Rəvayətə görə Kuhi Nur kişi xeylaqlarına düşmür. Almazın qanlı tarixi buna bir növ sübutdur. Londonun Tower qəsrindəki muzeyə gələn bəzi hindistan və pakistanlılar sözü gedən tacın yanından ah çəkərək keçirlər. Onlar bu almazı öz ölkələrinin mülkiyyəti hesab edirlər, amma onun əsl sahibliyi naməlum olaraq qalır.

Kuhi Nur Azərbaycan tarixində

Azərbaycan tarixinə aid mənbələrdə deyilir ki, bu almaz əslində ekiz brilyantın tayıdır. Onun digər tayı Dəryayi Nur (Dəniz Nuru) adlı daşın Hindistanın Andra Pradeş ştatında olduğu düşünülür.

Azərbaycan və İran mənbələrində daşın sahibliyinin müxtəlif vaxtlarda hindu, racput, İran, əfqan və siqh hökmdarlarına aidliyi bildirilir.

Bu almaz 1700-cü illərdə Hindistanla müharibədən sonra İranın şahı Nadir tərəfindən qənimət kimi götürülmüşdü.

Beləliklə, almazın hələ Puncab hökmdarından da əvvəlki sahibi İran şahı olmuşdu.

Kuhi Nur adının da meydana çıxması məhz həmin dövrə aiddir. Bundan əvvəl daş Syamantaka-Mani, Madnayak, yəni “qiymətli daşların kralı” olaraq tanınırdı.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Mingəçevir tender maxenasiyalarına təslim

%d bloqqer bunu bəyənir: