Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

4 yaşlı uşağın ölümünə görı həbs olunan müdirə bəraət verildi – TƏFƏRRÜAT

Hökm ləğv edildi

Astara rayon sakini, 1951-ci il təvəllüdlü Əlinağı Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Əlinağı Tağıyev 19 may 1983-cü ildən 2014-cü ilin dekabr ayının sonuna kimi Astara rayon mərkəzi xəstəxanasında təsərrüfat müdiri vəzifəsində işləyib.
Əlinağı Tağıyevin rəhbərliyi ilə Astara rayon mərkəzi xəstəxanasının bağban və digər texniki işçiləri tərəfindən 2011-ci ilin payızından 2012-ci ilin mart ayına kimi xəstəxananın həyətində abadlıqyaşıllaşdırma işləri aparılıb. Həmin zaman zamanı həyətdəki yeraltı mazut anbarının baxış quyularının ətrafı çəpərlənmədən üstü torpaqla örtülüb və qazon otu əkilib.
Nəticədə 3 iyun 2014-cü il tarixdə, saat 10 radələrində nənəsi ilə xəstəxananın həyətində olan Astara rayon sakini, 2011-ci il təvəllüdlü Ədalət Babazadə üstündə gəzdiyi həmin qazon otunun torpağının çökməsi nəticəsində mazut quyusuna düşüb. Həmin vaxt azyaşlı orada ölüb.
Araşdırmalar zamanı məlum olub ki, Əlinağı Tağıyevin səhlənkarlığı nəticəsində bu faciəli hadisə baş verib. Bu səbəbdən Əlinağı Tağyevin barəsində Cinayət Məcəlləsinin 314.2-cü (səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Astara rayon Məhkəmənin hökmü ilə Əlinağı Tağıyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi Hikayət Babayev apelyasiya şikayəti verib. Onun şikayəti Şirvan Apelyasiya Məhkəməsində araşdırılıb.

“Əsil günahkarlar cəzasız qalıb”

Hikayət Babayev bildirib ki, birinci məhkəmə instansiyasının hökmü cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə çıxarıldığından ləğv edilməlidir: “Belə ki, Astara rayon Məhkəməsində işə düzgün baxılmayıb. Azyaşlı uşağının ölümünün əsl günahkarları olan bilavastə müəsissənin baş həkimi Emin Hüseyn və “MTK Real” şirkətinin rəhbərini məsuliyyətdən yayındırılıb. Həmin şəxslər şahid qismində işə cəlb edilib və onların cinayətləri ört-basdır edilib. Buna görə Astara rayon Məhkəməsinə vəsatət verərək xahiş etdim ki, işin baxılmasına xitam verib aidiyyatı üzrə baş prokurora göndərilsin.Lakin həmin vəsatət üzrə heç bir qərar qəbul edilmədi. Buna görə də azyaşlı uşağının əsl günahkarları cəzasız qalıb”.
Hikayət Babayev apelyasiya şikayətində azyaşlı uşağının ölümünün əsl günahkarlarının ittiham olunmasından ötrü qərar qəbul edilməsini və işi aidiyyatı üzrə prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş edib.
Məhkəmədə ifadə verən Əlinağı Tağıyev bildirib ki, əvvəllər 1983-cü ilə kimi Astara payon mərkəzi xəstəxanasında Qaz-51 markalı yük maşınıda sürücü işləyib: “Həmin ilin mayın 18-dən 2014-cü ilin dekabr ayının sonuna kimi isə Astara rayon mərkəzi xəstəxanasında təsərrüfat müdiri vəzifəsində işləmişəm. 2014-cü ilin dekabr ayında səhhətim ilə bağlı işdən azad olunmağım üçün ərizə ilə müraciət etmişəm. 2015-ci ilin yanvarın 1-də təsərrüfat müdiri vəzifəsindən azad olunmuşam. 2014-cü ilin iyunun 2-də növbəti əmək məzuniyyətinə çıxmışam. Ertəsi gün azyaşlı Ədalət Hikayət oğlu Babazadənin Astara rayon Mərkəzi Xəstəxanasının həyətində olan keçmiş mazut quyusuna düşərək ölməsi barədə məlumatı baş həkim Emin Hüseynli məni xəstəxanaya çağırdıqdan sonra bilmişəm. Uşağın düşərək öldüyü həmin quyu çoxdan, yəni xəstəxanaya qaz xətti çəkilməyənə qədər mazut quyusu kimi istifadə olunurdu. 1983-cü ildə təsərrüfat müdiri kimi xəstəxananı təhvil alanda artıq qaz xətti vardı və ona görə də quyunun ağzı beton piltə ilə örtülüb, istifadə olunmayıb və təxminən 7-8 sm qalınlığında olan piltə quyunun ağzından götürülməyib. Quyunun dərinliyi 4-5 metr, eninin ölçülərini dəqiq bilmir. Amma böyük ölçülü olub”.

“İşlərin icrasında iştirak etməmişəm”

Əlinağı Tağıyevin sözlərinə görə, 2011-cu ilin yayında icra hakimiyyəti ilə bağlanmış müqaviləyə əsasən “REAL” MTK təmir işlərinə başladıqdan sonra uşaq korpusu binasının ətrafına aliminum dəmirdən hasar çəkilib və həmin dövrdə onlar xəstəxananın heç bir təmir-tikinti işlərində iştirak etməyiblər: “Bütün işlər həmin şirkət tərəfindən icra olunub və bütün işlərə nəzarəti də həmin şirkətin əməkdaşları həyata keçiriblər. Xəstəxananın həyətindəki bütün beton-asfalt örtüyünü də həmin şirkətin əməkdaşları dəyişib. Bundan sonra, təxminən 2011-ci ilin payızında icra hakimiyyətinin təşəbbüsü ilə Astara rayon mərkəzi xəstəxanasının həyətində iməcilik qaydasında, rayon təşkilatlarının əməkdaşları cəlb olunmaqla yaşıllaşdırma-abadlıq işləri başlanıb. İcra başçısının tapşırığına əsasən kəndlərdən maşınlarla torpaq gətirilərək xəstəxananın həyətinə tökülüb, torpaq yayılmaqla ərazi düzənlənib. İməclik işlərində rayon bələdiyyəsi, mənzil istismar sahəsi, kitabxana, kənd icra nümayəndələrinin gətirdikləri adamlar, Astara rayon Mərkəzi Xəstəxanasının bağban və texniki işçiləri tərəfindən həyətdə torpağın hamarlanması işləri aparılıb. Daha sonra əraziyə qazon toxumu səpilib, bəzi yerələrə lay torpaq formasında qazon otu gətirilərək əraziyə döşənilib. Həmin işlərin icrasında iştirak etməmişəm”.
Əlinağı Tağıyev qeyd edib ki, 2011-ci ilin payızında başlanılan abadlaşdırma işlərinə qədər quyuların ağzı kənardan bilinirdi, iməcilik zamanı ora torpaq tökülərək hamarlandığından quyuların kənardan gözlə görüntüsü itib və artıq əvvəldən görməyən adam orada quyu olmasını bilə bilməzdi: “Mən də öz növbəmdə təmir-tikinti və yaşılaşdırma işlərində iştirak etmədiyim üçün həmin quyunun ağzının nə ilə örtülməsini bilməmişəm. Hesab etmişəm ki, quyu beton vasitəsi ilə möhkəm bağlanıb və sonradan üstünə torpaq tökülərək ot əkilib. Hadisədən sonra başa düşdüm ki, ərazinin hamarlığını təmin etmək üçün quyunun ağzının betonu götürülüb, ağzına saqqız kimi torpaq səpilib, üstünə də torpaq tökülərək qazon əkiblər. Təmirdən sonra hadisə baş verən ərazidə təmizlik, suvarma, ot biçmə işlərini xəstəxananın iş icraçısı İsməli Qəmbərov, bağbanlar Aftandil Nəsirov, Eldar Kərimov, gözətçi Xəqani, çilingər Rövşən İbrahimov, kiçik tibb işçiləri Ceyhun Məmmədov, Sahib Əsgərov görüblər. Onlar ərazinin artıq otlardan və zibillərdən təmizlənməsi, suvarılması, ağacların dibinin yumşaldılması ilə məşğul olublar”.

“Təhlükəsizlik texnikası qaydalarının görə cavabdeh şəxs olmamışam”

Əlinağı Tağıyev əlavə olaraq bildirib ki, xəstəxananın təsərrüfat müdiri kimi xəstəxananın təsərrüfat xidməti üzrə işinə rəhbərliyi həyata keçirib: “Təsərrüfat avdanlığının saxlanmasını, onun bərpa edilməsini, eləcə də otaqlarda və onlara əlavə edilmiş ərazilərdə təmizliyə riayət olunmasını təmin etmişəm. Otaqların və digər tikililərin vəziyyətinə nəzarət etmişəm, onların vaxtında təmiri üzrə tədbirləri yerinə yetirmişəm. İşçilərin dəftərxana ləvazimatları və təsərrüfat malları ilə təmin etmişəm. Təsərrüfat xidməti heyətinə rəhbərlik etmişəm. Təsərrüfat müdiri kimi heç vaxt xəstəxanada təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsinə görə cavabdeh şəxs olmamışam. Vəzifə öhdəliklərində də belə bir səlahiyyət nəzərdə tutulmayıb və belə bir səlahiyyət hər hansı bir əmrlə mənə həvalə edilməyib. Bunun əksinə olaraq xəstəxanada bilavasitə həmin işlərə görə cavabdeh şəxs olmuş əməyin mühafizəsi üzrə mühəndis olmuşam”.
Əlinağı Tağıyev bildirib ki, təhlükəsizlik qaydalarına məsul şəxs başqası olsa da, hansısa səbəbdən həmin şəxs cinayət məsuliyyətinə cəlb edilməyib və məsuliyyətdən yayınıb: “İbtidai istintaq və məhkəmə baxışında da eyni sözləri demişəm. Həmin ifadələrimdə özümü baş vermiş cinayətdə təqsirli bilməmişəm. Lakin ifadələrim qısaldılmış formada yazılıb”.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərara elan edib. Qərara görə, zərərçəkmiş şəxsin hüquqi varisi Hikayət Babayev apelyasiya şikayəti təmin edilib və Astara rayon
Məhkəməsinin hökmü ləğv edilib, yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən, Əlinağı Tağıyevin barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Yeni hökmdə qeyd olunub ki, cinayət törətmiş şəxs müəyyən edilməmiş olduğuna görə həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilib.
Aydın Məmmədov

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Alışanov “ilansancmaz villa” tikdirir – Xızıda/Özəl

%d bloqqer bunu bəyənir: