Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – V YAZI:  Gəncə Qiyamına gedən yol

 Milli hakimiyyətə qarşı xəyanətin siması- Surət Hüseynov

 “İstintaq materialları tamamilə sübut edir ki, Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn Silahlı Qüvvələrin 709 saylı hərbi hissədə yaranmış şəraitlə əlaqədar qanunla müəyyən edilən səlahiyyətləri daxilində keçirilməsi zəruri olan tədbirin müəyyən edilməsində heç bir qanunsuz göstəriş verməyiblər”

 Əziz oxucu!  Silsilə yazılarla 23 il bundan öncə baş verən hadisələrə, 4 iyun qiyamına, Elçibəy hökumətinin devrilməsi ilə nəticələnən hadisələrə işıq salmağa çalışacayıq. 23 il əvvəl Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı həyata keçirilən, Milli Qvardiyanın ondan artıq əsgərinin qətlə yetirilməsi və hakimiyyətin devrilməsi ilə nəticələnən hərbi qiyamla bağlı suallar illər keçsə də cavabını axtarır. 4 iyun qiyamının kökündə nələr dayanırdı? Bu qiyamın əsas iştirakçıları və mənfəətçiləri kim oldu? 24saat.org olaraq silsilə yazılarımızda bu suallara cavab axtaracayıq.

Azərbaycanda avtoritarizmə keçidin başlanğıc tarixi olan 4 iyun qiyamı barədə ən müxtəlif mövqeləri işıqlandırırıq. Yeni oxucu təbəqəsi üçün yazaq ki, 1994-cü ilin iyun hərbi qiyamından sonra hakimiyyəti ələ keçirən Əliyev-Surət tandemi Elçibəy hakimiyyətinin üst eşelonunun əksəriyyətinin barəsində cinayət işi başlatdı. Həm suçlu, həm güclü məsəli kimi… Qiyamdan zərər çəkən hakimiyyətin məmurları ən ağır maddələrlə ittiham olundular. Nəhəng ittihamnamənin qısaca icmalını belə vermək olar: AXC hakimiyyəti Surət Hüseynovun artan nüfuzundan narahat olub. Onu məhv etmək üçün qardaş qırğını törədib. Qanunsuz olaraq hərbçilərə və vətəndaşlara qarşı güc tətbiq edilib…

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – I YAZI:Elçibəyi devirmək üçün məxfi sənəd

Surətə xalq rəğbəti?!

25 mayda keçirilən Dövlət Müdafiə Komitəsinin yığıncağının mahiyyətini Əliyevçi istintaq hər vəchlə dəyişdirməkdə qərarlıydı. Bu barədə ittiham daha çox siyasi məzmunda olub, nəinki hüquqi. Diqqət yetirək: “1993-cü ilin mart-may aylarında dövlət hakimiyyətində böhran yaranmışdı. Eyni zamanda, erməni işğalçılarına qarşı döyüşlərdə şücaət göstərməklə Azərbaycanın xalq deputatı, Milli Qəhrəman Surət Hüseynov xalqın rəğbətini qazanmışdı. Onun erməni işğalçılarına qarşı mübrizədə mövqeyi və siyasi vəziyyətini onsuz da zəifləmiş iqtidar öz hakimiyyətinin süqutuna real təhlükə yaranması kimi qiymətləndirmişdir” (ittihamnamədən).

Istintaq öz versiyası üzrə ancaq o çağın daxili işlər naziri Abdulla Allahverdiyevdən ifadə ala bilir. 21 iyul 1993-cü ildə onun verdiyi ifadədən sitat: “Dövlət Müdafiə Komitəsinin iclasında prezident müdafiə naziri Dadaş Rzayevə müraciət edərək Surət Hüseynovun və onun hissəsinin ləğv edilməsi üçün tədbir görülmədiyinə irad tutdu. Sonra Pənah Hüseynov və Əli Kərimov da dedilər ki, nəyin bahasına olursa olsun, bu hərbi hissə mütləq tərk-silah edilməlidir, onlarla birdəfəlik qurtarmaq lazımdır. Pənah Hüseynov bildirdi ki, elə prezidentin özünə də, bizim üçün də təhlükəlidir. Biz xalq arasında nüfuzdan düşürük, onunla birdəfəlik qurtarmaq lazımdır” (cinayət işi 23. vərəq 66-75).

Pənah Hüseynovun laməkanlığı

Yuxarıdakı ifadənin qondarma olduğunu sübut etmək üçün təkcə bir fakt kifayətdir. Pənah Hüseynov o iclasda iştirak etməyib. İstintaqa keçmiş baş nazirin təqdim etdiyi sənədlərdən də görünür ki, o, həmin vaxt İngiltərədə səfərdə olub. Deməli, bu səbəbdən guya, Surətin güclənməsi ilə bağlı hansısa nüfuz itkisinə uğramaları barədə Pənah Hüseynovun adından deyilənlər, ya yanlışdır, ya da şərdir.

Dövlət Müdafiə Komitəsində əslində, nələr danışılıb?

Keçmiş baş prokuror İxtiyar Şirinov həmin iclasda qanundan kənar bir məqamın olmadığını vəsatətində göstərir:

1) 709 saylı hərbi hissənin Müdafiə Nazirliyinə tabe edilməsi;

2) buraxılması və belə bir əmrin hazırlanması;

3) “709″da qayda-qanun yaradılması;

4) prokurorluğun tədbir görməsi;

5) haqqında cinayət işi qaldırılan hərbçilərin haupvaxta salınması;

6) “709″un Gəncədən çıxarılması;

7) Oğurluq edən komandir haqqında tədbir görülməsinin zəruriliyi;

8) Surət Hüseynovun və E.Əliyevin həbsinə sanksiya verilməsi;

9) 709 saylı hərbi hissənin komandiri və Surət Hüseynovun haqqında materialların prokurorluğa verilməsi.

Bütün bu yazılanlar o zaman tərtib olunan iclas protokolu ilə də təsdiqini tapır. Protokoldan görünür ki, prezidentin özü isə 709 saylı hərbi hissənin ləğvini yox, Gəncədən çıxarılması məsələsini qoyub.

“İstintaq materialları tamamilə sübut edir ki, Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn Silahlı Qüvvələrin 709 saylı hərbi hissədə yaranmış şəraitlə əlaqədar qanunla müəyyən edilən səlahiyyətləri daxilində keçirilməsi zəruri olan tədbirin müəyyən edilməsində heç bir qanunsuz göstəriş verməyiblər”, – deyə Ixtiyar Şirinov yazır.

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – II YAZI:  Elçibəy onu devirənlər barədə

Gərgin müşavirələr

30 may 1993-cü ildə Müdafiə Nazirliyində müşavirə keçirilir. Müşavirədə bir sıra dövlət məmurları iştirak edir. Onlar yaranan vəziyyəti müzakirə edirlər. Həmin gün müdafiə naziri 709 saylı hərbi hissənin buraxılması barədə əmr imzalayır.

Iyunun 1-də güc strukturları və bəzi məmurların iştirakı ilə MTN-də müşavirə çağırılır. Bu müşavirədə “709″un buraxılma əmrinin icrası müzakirə olunur. Müşavirədə eyni zamanda, respublikadakı vəziyyəti daha da gərginləşdirmək istəyən Isgəndər Həmidovun iyunun 5-nə təyin etdiyi mitinqi önləməyin də yolları aranır.

MTN-dəki bu müşavirə də ittihama mal olur. Iddia olunur ki, prezidentin Gəncə hadisələrinə görə görəvləndirdiyi Pənah Hüseynov güc orqanlarına tapşırıq verir ki, 709 saylı hərbi hissə məhv edilməlidir.

Bu fikir yalnız Dadaş Rzayevin kifayət qədər dolaşıq ifadələrində keçsə də, iclasdakı başqa bir iştirakçı onları təsdiq etməyib.

Əməliyyat qurulur

İyunun 3-də Kür qəsəbəsində nazir Dadaş Rzayev Silahlı Qüvvələrin bir sıra qoşun komandirlərinin iştirakı ilə müşavirə keçirərək, “709″un buraxılma məsələsini müzakirə edir.

Müzakirələrin sonunda “709″un komandirlərindən olan Isa Sadıqovun qarşısına öz şəxsi heyəti ilə Seyfəli poliqonuna irəliləyib onu mühasirəyə almaq, ”709″un komandiri E.Əliyevin yanına getmək və əmri icra etmək, 130 saylı hərbi hissənin komandiri Məmmədovun qarşısına isə “709″un qərargahını və hərbi şəhərciyin ərazisini mühafizə altına almaq vəzifəsi qoyulub. Bütün bu tədbirlər hər hansı bir provakasiya və qan tökülməsinin qarşısını almaq məqsədi ilə edilib. Bunları Dadaş Rzayev verdiyi ifadədə də təsdiq edib (c.6.v 24-27). Əməliyyat 4 iyun saat 6-ya təyin edilib.

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə –  Gəncə qiyamı: 23 il əvvəlki çevrilişə sənədlərlə baxış – III YAZI

Gəncə bombalanmalıydımı?

Əliyevçi istintaqın iddiasına görə, bu müşavirədə Gəncənin blokadaya alınması və bombardman edilməsi barədə də qərarlar verilib. Lakin istintaqa ifadə verənlərdən heç biri (843 saylı hərbi hissənin qərargah rəisi Bordan istisna olmaqla) belə bir qərarların olduğunu inkar edib və bu yöndə hər hansı rəsmi sənəd ələ düşməyib. Istintaqın bu cür saxtakarlığının bir adı var: Elçibəy hakimiyyətinin xalqa zidd, dinc vətəndaşlara belə, mərmi tətbiq edəcək zehniyyətdə olduğu fikrini yaymaq və respublika ictimaiyyətində, özəlliklə də gəncəlilərdə nifrət yaratmaq.

Surət Hüseynov duyur…

Surət Hüseynov iyunun 2-də artıq hakimiyyətin planlarından duyuq düşür. Həmin gün “709″un komandiri E.Əliyev Gəncə-Qazax yolunda, Seyfəli yol ayrıcında polis postunda döyüş texnikasının və canlı qüvvənin cəmləndiyini görür. O, bunun səbəbini soruşur və bilir ki, məqsəd S.Hüseynovun dəstəsini tərk-silah etməkdir. Dərhal bu haqda xəbəri Surətə çatdıran Əliyev ondan Seyfəli atış meydanındakı texnikanı Gəncəyə gətirmək barədə əmr alır. Elə həmin gün E.Əliyev və S.Hüseynov 2-ci ordu korpusunun qərargah rəisindən 709 saylı hərbi hissənin buraxılması barədə əmri alıb, onunla tanış olurlar. Lakin onlar əmri yerinə yetirmək əvəzinə Seyfəlidəki texnikanı Gəncədəki hərbi hissənin qərargahına yığaraq, şəxsi heyəti silahlandırmış, açıq silahlı müqavimət hazırlığına başlamışlar.

İsa Sadıqov Gəncəyə doğru irəliləyir

İyunun 4-ü səhər İsa Sadıqov Seyfəlidə qalan 3 zabit və 18 əsgəri tam sakit və heç bir qalmaqal olmadan zərərsizləşdirərək buranı tutur. Səhər saat 6-da əməliyyat növbətçisi müdafiə nazirinin ona Gəncəyə getmək və orada yaranmış vəziyyəti aydınlaşdırmaq əmrini çatdırır. Səhər saat 7-də o, Gəncədə 130 saylı hərbi hissədə olur. Orada görür ki, 130 saylı hərbi hissənin Nəzarət Buraxılış Məntəqəsinin yanında 709 saylı hərbi hissənin maşın və texnikaları yolu kəsiblər. Sadıqov “130″un ərazisində qışqırıq və söyüş səsləri eşidir. Arada havaya güllə də atılır. O, qısa zamanda müəyyənləşdirir ki, dava düşüb və onu salan Surətin dəstəsindəndir. Vəziyyəti nəzarət altına almaq üçün İsa Sadıqov böyük zabitlərdən birini yanına dəvət edib. Bu vaxt ”709″un komandiri, polkovnik Eldar Əliyev gəlir. Əliyev əvvəlcə əlində tapança əsib-coşur gələnləri təhqir edir. Lakin Isa Sadıqov ona kimliyini və gəlişinin məqsədini izah edəndən, atəşin dayanmayacağı təqdirdə axıdılan qana görə məsuliyyətini xatırladandan sonra Əliyev dəyişir: “Bu sözlər Əliyevi bir az ayıltdı. O bildirdi ki, əmr təqdim edilsə, ona tabe olmağa hazırdır. Əliyevin ətrafındakı komandirlər də buna razılıq verdilər”. (Isa Sadıqovun ifadəsindən)

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – “Elçibəy qardaşın-qardaşa güllə atmasını istəmirdi” – IV YAZI

Qiyam ocağında

Daha sonra İsa Sadıqov hərbi hissədəki başqa komandirlərlə də otaqda görüşüb, əmrlə onları tanış edib, əsasən onları razı salıb. Lakin otaqda olan bir mülki geyimli şəxs buna kəskin etiraz edib və bildirib ki, kiminləsə məsləhətləşməyə ehtiyac var. Həmin şəxsin Surət Hüseynov olduğunu duyan Isa Sadıqov bu adamın ciddi təsirindən onları xilas etmək üçün daha böyük tərkiblə, şəxsi heyətlə görüş təşkil edilməsini tapşırıb. E.Əliyev bunun üçün bir saat vaxt istəyib və Isa Sadıqova yaxınlaşaraq əmrə razılıq verərsə, özünün və ailəsinin məhv ediləcəyini deyib. Sadıqov 40 dəqiqəyə geri qayıdacağını bildirərək, öz zabitlərinin yanına gedib. Zabitləri ona geri qayıtmamağı, aldadılacaqlarını desə də, Isa Sadıqov 2 başqa zabiti ilə “qiyam ocağına” gedib.

Surətlə üz-üzə…

E.Əliyev onu siftə çox şən qarşılayır, yeməyə dəvət edir. 15 dəqiqədən sonra isə onu çağırırlar. E.Əliyev gedir və geri çox təlaşlı dönərək Surət Hüseynovun Isa Sadıqovu çağırdığını deyir. Görüş baş tutur. Sadıqov missiyasını Surətə izah edir. Ikinci bundan bərk qəzəblənir və Sadıqovu söyərək onun sifətinə 5-6 zərbə vurur. Bundan sonra Surətin mühafizəçiləri otağa girərək onu avtomatın qundağı, təpik və yumruqla vurmağa başlayırlar. Milli Qvardiyanın bir zabiti də Sadıqovla birlikdə döyülür. Onların hər ikisini boğmaq üçün qapalı yerə tüstü şaşkası atırlar. Hər iki şəxs bayılır, onlar ayılanda artıq təmiz havada olduqlarını görürlər. Pulemyot və qumbaraatanlardan atəş açılmağa başlayanda onları yenidən bunkerə salıb qapını bağlayırlar. Lakin bu dəfə onlar girişdə bir deşik açıb bunkerdən çıxıb şəhər avtovağzalı istiqamətində qaça bilirlər.

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Almurad Ağa: “Mən Yevlaxda qalmalı,Sürət Hüseynov Elçibəyin qəbuluna gəlməli idi, ancaq Rəhim Qazıyev buna imkan vermədi”

%d bloqqer bunu bəyənir: