Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – II YAZI:  Elçibəy onu devirənlər barədə

Əbülfəz Elçibəy: “Pənah Hüseynovla Rəsul Quliyev hakimiyyəti Heydər Əliyevlə bölüşdürmək təklifilə yanıma gəldi”

“Biz zəif olsaq da, qanuni hakimiyyət idik!”

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – I YAZI: Elçibəyi devirmək üçün məxfi sənəd

“Surət Hüseynovun adamları gəlib Bakıya çıxdılar. Heydər Əliyev onun Bakıya daxil olmasının qarşısını almaq üçün heç bir tədbir görmədi. Rəsul Quliyev, Etibar Məmmədov, Rəhim Qazıyev, Rövşən Cavadov və Ələkram Hümbətov Surət Hüseynovun Bakıya gəlib çıxmasına kömək etdilər”

Əziz oxucu! Bu gündən etibarən silsilə yazılarla 23 il bundan öncə baş verən hadisələrə, 4 iyun qiyamına, Elçibəy hökumətinin devrilməsi ilə nəticələnən hadisələrə işıq salmağa çalışacayıq. 23 il əvvəl Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı həyata keçirilən, Milli Qvardiyanın ondan artıq əsgərinin qətlə yetirilməsi və hakimiyyətin devrilməsi ilə nəticələnən hərbi qiyamla bağlı suallar illər keçsə də cavabını axtarır. 4 iyun qiyamının kökündə nələr dayanırdı? Bu qiyamın əsas iştirakçıları və mənfəətçiləri kim oldu? 24saat.org olaraq silsilə yazılarımızda bu suallara cavab axtaracayıq.

Milli hakimiyyəti süquta uğradan 1993-cü ilin iyun qiyamı haqda bu dəfə o dövrün birinci şəxsi Əbülfəz Elçibəyin fikirlərini təqdim etməyi gərəkli bildik. Oxucuların ixtiyarına verdiyimiz bu müsahibə “Azadlıq” qəzetinin 6 iyun 1998-ci il tarixli sayında ilk dəfə çapa gedib…

Heydər Əliyev Elçibəyi nədə aldadıb?

– 4 iyun hadisələri zamanı Heydər Əliyevin bir neçə dəfə Sizi aldatdığını demisiniz. O, konkret olaraq, hansı məsələdə Sizi aldadıb?

– Heydər Əliyev mənə demişdi ki, Milli Məclisə rəhbərlik edərsə, biz ikilikdə ölkəni yaranmış vəziyyətdən çıxara bilərik. Mən də bu məsələni İsa Qəmbər və Pənah Hüseynovla müzakirə etmişəm. Onlar da bu məsələyə etiraz etmədiklərini bildiriblər. Heydər Əliyevin sədr seçilməsi üçün mən hətta parlamentin işinə müdaxilə edərək millət vəkillərinə müraciət etmişəm. Indi onların qarşısında borclu qalmışam. Axı mən onları inandırmağa çalışırdım ki, Heydər Əliyev gəlsə, xeyli problemi həll edə biləcəyik. Ancaq Milli Məclisin sədri olandan sonra o, problemi həll etmədi və ümumiyyətlə, buna çalışmadı. Nəticədə Surət Hüseynovun adamları gəlib Bakıya çıxdılar. Heydər Əliyev onun Bakıya daxil olmasının qarşısını almaq üçün heç bir tədbir görmədi. Rəsul Quliyev, Etibar Məmmədov, Rəhim Qazıyev, Rövşən Cavadov və Ələkram Hümbətov Surət Hüseynovun Bakıya gəlib çıxmasına kömək etdilər.

Rəsul Quliyev, Etibar Məmmədov və Rəhim Qazıyevin xüsusi rolu

– İyunun 13-də ordunun neytrallaşdırılması cəhdləri olmuşdu. Bu, kimə sərfəli idi?

– Bu işdə üç nəfər – Rəsul Quliyev, Etibar Məmmədov və Rəhim Qazıyev xüsusi rol oynamışdılar. Heydər Əliyevin razılığı olmadan onlar bu işə girişə bilməzdilər. Onlar Müdafiə Nazirliyinin bütün rəhbərliyini yığaraq tələb etmişdilər ki, bu işlərə qarışmamaq haqda qərar çıxarsınlar. Nəticədə mənə belə bir qərar göndərmişdilər ki, bu, siyasi məsələ olduğu üçün ordunun ona qarışması mümkün deyil. Mən yenidən Müdafiə Nazirliyinə zəng edib dedim ki, bu, birbaşa orduda baş vermiş qiyamdır. Və onun yatırılması üçün Müdafiə Nazirliyi ilə Baş Qərargah rəisi məsuliyyət daşıyırlar. Bununla belə, Müdafiə Nazirliyi öz funksiyasını yerinə yetirmədi və Surət Hüseynovun dəstəsi şəhərə daxil oldu.

Bir neçə gündən sonra Kələkidən qayıtmaq istəyirdim, amma…

– Siz Kələkiyə gedəndə geri qayıtmaq üçün yolunuzun bağlana biləcəyini ehtimal edirdiniz?

– Xeyr. Bir neçə gündən sonra geri qayıtmağı planlaşdırmışdım. Sonradan eşitdim ki, mənim uçduğum və geri qayıtmalı olduğum təyyarənin qanadı zədələnib. Bunu onunla izah etdilər ki, təyyarəni mühafizə edənlərdən birinin əlində silah açılıb və təsadüfən təyyarə zədələnib. Mən yenə zədəli təyyarə ilə uçmaq arzumu bildirəndə onunla uçmağın mümkün olmadığını dedilər. Mənim qayıtmağımın qarşısını almaq üçün başqa maneələr də yaradılmışdı. Mən Kələkidən Bakıyla əlaqə yaradılması üçün qurğu qoyulmasını tələb etmişdim. Əvvəlcə milli təhlükəsizlik naziri Namiq Abbasov çıxış edərək belə əlaqənin yaradılmasının mümkünlüyünü bildirmişdi. Bir neçə gündən sonra Namiq Abbasov yenidən çıxış edərək bildirdi ki, belə əlaqənin qurulması mümkün deyil. Ona görə ki, ermənilər danışıqları tutacaqlar. Bu, yalan məlumat idi, Namiq Abbasova Heydər Əliyevin və başqalarının təsirinin nəticəsi idi.

Müzakirələrdə Heydər Əliyev variantı da vardı

– Belə məlumat var ki, 4 iyun hadisələri ərəfəsində ilk dəfə Pənah Hüseynovla Rəsul Quliyev hakimiyyəti məhz Heydər Əliyevlə bölüşdürmək təklifilə Sizin yanınıza gəliblər…

– Bəli, belə bir təklif olub.

– Bu sizin üçün gözlənilməz deyildi?

– Ehtimallar vardı ki, belə də ola bilər. Ancaq mən bu varianta tam razı deyildim. Sonra bu variantın lehinə müxtəlif siyasət adamlarının və ictimai fikrin olmasını nəzərə aldıq. Buna qədərsə ən müxtəlif siyasi qüvvələrə, o cümlədən Etibar Məmmədova da müraciət olunması haqda məsələ müzakirə edilmişdi. Həmin müzakirələrdə Heydər Əliyev variantı da vardı.

Moskvada qurulmuş oyun

– İyun hadisələrinə qədər Heydər Əliyevin Surət Hüseynovla və Moskva ilə əlaqəsi olduğu da deyilir. Siz onu iyun qiyamının iştirakçısı sayırsınızmı? Və sizdə onun qiyamçılarla əlaqəsi barədə məlumatlar var idimi?

– Bizdə onların Moskvadakı fəaliyyətləri barədə məlumat vardı. Məlumatın Rusiya mətbuatında dərc olunmasına da imkan yaratmışdıq. Moskvada Natiq Əliyev, Rəhim Qazıyev, Ayaz Mütəllibovun nümayəndəsi və başqa adamların iştirakı ilə görüş keçirilib. Danışıqlarda Rusiyanın o zamankı təhlükəsizlik naziri Barannikov da iştirak etmişdi. Danışıqlarda belə bir nəticəyə gəlmişdilər ki, Elçibəyin səlahiyyətləri alınıb Ali Sovetə verilsin və Milli Məclis yox, Ali Sovet tam tərkibdə fəaliyyətə başlasın. Tədricən mənim hüquqlarımın alınması və Ayaz Mütəllibov hakimiyyətinin bərpa edilməsi prosesi gedəcəkdi. Mən Moskvanın əli ilə qurulmuş oyunu pozdum.

Elçibəydən Vəzirov və Mütəllibovun Bakıya qayıtması təklifi

– Bəs Heydər Əliyevin Surət Hüseynovla əlaqəsi necə, var idimi?

– Heydər Əliyev o zaman bütün qüvvərlə əlaqə saxlayırdı. Onun Ayaz Mütəllibovla da, Surət Hüseynovla da, Rəhim Qazıyevlə də əlaqəsi vardı.

– Sizin onunla 1993-cü ilin fevralında uzun çəkən danışığınız haqda çoxlu versiyalar var…

– Bu, başqa məsələdir. Onun 4 iyun hadisələrinə heç bir dəxli yoxdur.

– Ola bilərmi ki, o, həmin görüşdə hakimiyyətin zəif olduğunu hiss edib və əks tərəflə əlaqələrini daha da möhkəmləndirib?

– Mən o görüşdə ona təklif etdim ki, Bakıya gəlsin və birlikdə işləyək. Mən Vəzirov və Mütəllibovun da Bakıya gəlib birlikdə işləməsi ideyasını irəli sürdüm. Istəyirdim ki, bütün nüfuzlu azərbaycanlılar ölkəyə gəlsin və ümumi vətənimizin problemlərini həll edək. Heydər Əliyev dedi ki, o, Vəzirovla bir yerdə işləmək istəmir. Mən dedim ki, siz hərəniz bir vəzifədə olacaqsınız və bir-birinizə mane olmayacaqsınız.

– Bəs onun reaksiyası necə oldu?

– O, artıq fikrini demişdi və mənim inadkarlığımı cavabsız qoydu.

– Ayaz Mütəllibova qarşı münasibəti necə oldu?

– Onun haqqında heç bir söz demədi.

Heydər Əliyev gözləyirdi…

– 1993-cü ilin oktyabrında Moskvada Ali Sovetin zorakı yolla qovulması Azərbaycanda siyasi kursun dəyişməsinə nə dərəcədə təsir etdi?

– Rusiya Parlamenti SSRI-nin bərpa edilməsi məsələsini gündəliyə çıxarmışdı. Azərbaycanda da bu işin tərəfdarı olan siyasətçilər vardı.

– O vaxt Rusiyada Ali Sovet qalib gəlsəydi, SSRİ-nin bərpası işi Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilə bilərdimi?

– Mən bunu deyə bilmərəm.

– Demək olarmı ki, Heydər Əliyev məhz bu hadisədən sonra Qərbyönümlü siyasi kursa keçidini başladı. Yoxsa, o, əvvəldən uğurlu məqam gözəlyirdi?

– Xeyr. O, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini gözləyirdi. SSRI bərpa edilsəydi, o, öz bəyanatları ilə uduşlu mövqedə olacaqdı. Sonradan bəlli oldu ki, SSRI-nin bərpa edilməsi mümkün deyil. Və kurs güclünün xeyrinə dəyişdirildi.

 

Rövşən Cavadovun nazir təyin olunması təklifi kimdən gəlib?

– İyunun 17-də, Siz Kələkiyə yola düşən gecə Heydər Əliyev, Rəsul Quliyev və Etibar Məmmədov qəbulunuzda olub Rövşən Cavadovun daxili işlər naziri olmasını təklif etmişdilərmi?

– Doğrudur. Onlar belə təkliflə çıxış etdilər. Etibar Məmmədovla Rəsul Quliyev mənə dedilər ki, onların daxili işlər naziri postuna namizədləri var. Mən Heydər Əliyevə müraciətlə onun fikrini soruşdum. O, “bunlar təklif edirlərsə, mən də qəbul edirəm” dedi. Mən Rövşən Cavadovun qiyamçılarla əlaqədə olduğunu deyəndən sonra öz namizədimi nazir təyin edəcəyimi bildirdim. Sonra onlar mənə dedilər ki bu məsələni sabah bir də müzakirə edərik. Mən anladım ki, onlar mənimlə razılaşmaq niyyətində deyillər. Və artıq sabah başqa cür müzakirə ola bilər.

Etibar Məmmədov təsadüflərə arxalanırdı…

– Siz bunu necə hiss etdiniz?

– Sabah məsələyə bir də qayıdılması o deməkdi ki, yeni müzakirəyə qədər hansısa zorakı hadisələr baş verəcək və Rövşən Cavadov hökmən daxili işlər naziri təyin ediləcək. Mən görürdüm ki, qiyamda iştirak edənlərin hamısı hakimiyyəti bölüşür. Etibar Məmmədova dedim ki, qiyamçılara qarşı mübarizə aparmaq istəyirsənsə, səni baş nazir təyin edim. O dedi ki, üç günlük nazir olmaq istəmir. Yəni, Surət Hüseynov bununla razı olmayacaq.

– Bəs, sizcə Etibar Məmmədov niyə bu işdə iştirak edirdi?

– Görünür, təsadüflərə arxalanırdı ki, birdən hadisələrin axarı dəyişə bilər.

Naxçıvandan Gəncəyə silah göndərilməsi haqda məlumat vardı

– Nemət Pənahlının 4 iyun hadisələrində rolu nədən ibarət idi?

– O, Gəncədə oturub, Bakıdan qiyama dəstək verən adamlarla əlaqə yaradırdı. Nemət Pənahlı qiyamın ən fəal iştirakçılarından olub.

– Naxçıvandan Gəncəyə təyyəarə ilə silah göndərilməsi barədə Sizdə operativ məumatlar vardımı?

– Belə məlumatlar vardı. Ancaq mən bu məlumatları dəqiqləşdirə bilməmişdim. Qanuni hökumətin qanunsuz yolla yıxılması cinayətdir!

– Pənah Hüseynovun istefası Heydər Əliyevin baş nazir təyin edilməsilə bağlı idi? Bu variant əvəlcədən Heydər Əliyevlə razılaşdırılmamışdısa, hansı düşüncələrdən belə addım atılmışdı?

– Heç bir şey razılaşdırılmamışdı. Sadəcə, Pənah Hüseynov dedi ki, “biz uduzmuşuq, mən özümü bu məsələdə uduzmuş sayıram və istefa verirəm”. Kiminsə hakimiyyətə gəlib-gəlməyəcəyi məsələsi isə yox idi.

– Deməli o, istefa məsələsini sizinlə razılaşdırmamışdı?

– Yox, bu, onun özünün gəldiyi nəticə idi. Mən onun istefa ərizəsini imzalamamışdan əvvəl Heydər Əliyevə təklif etdim ki, baş nazir olmağa razıdırsa, mən Pənah Hüseynovun istefasını qəbul etməyə hazıram. Bizə deyirlər ki, siz zəif hökumət idiniz, axı zəif olsaq da, biz qanuni hakimiyyət idik. Zəif olmaq o demək o deyil ki, o, zorakı yolla devirilməlidir. Qanuni hökumətin qanunsuz yolla yıxılması cinayətdir. Onun iştirakçıları siyasi və hüquqi məsuliyyət daşımalıdır.

24saat.org

 

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Arzu Rəhimovun idarəsinə dövlətdən ayrılan 20 milyonun taleyi – ŞOK ARAŞDIRMA

%d bloqqer bunu bəyənir: