Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – I YAZI: Elçibəyi devirmək üçün məxfi sənəd

Əziz oxucu! Bu gündən etibarən silsilə yazılarla 23 il bundan öncə baş verən hadisələrə, 4 iyun qiyamına, Elçibəy hökumətinin devrilməsi ilə nəticələnən hadisələrə işıq salmağa çalışacayıq. 23 il əvvəl Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı həyata keçirilən, Milli Qvardiyanın ondan artıq əsgərinin qətlə yetirilməsi və hakimiyyətin devrilməsi ilə nəticələnən hərbi qiyamla bağlı suallar illər keçsə də cavabını axtarır. 4 iyun qiyamının kökündə nələr dayanırdı? Bu qiyamın əsas iştirakçıları və mənfəətçiləri kim oldu? 24saat.org olaraq silsilə yazılarımızda bu suallara cavab axtaracayıq.
Elçibəy hakimiyyətinin süqutuna səbəb olan “4 iyun qiyamı”nın qaranlıqlarına bu dəfə mötəbər bir şəxs işıq salır. O, xeyli müddət Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış Turqut Ərdir. Onun açıqladığı faktlar bir çox oxucularımız üçün sensasiya sayıla biləcək səviyyədədir. Onun mövzu ətrafında söylədiklərini elə öz dilindən təqdim edirik:

Şərab davası
“Ağdərə və onun ətrafında istehsal olunan şərablar Qafqazda olduğu qədər, Rusiyada da çox məşhur idi. Bölgədəki şərab zavodlarının anbarındakı məhsulları o dövrün Baş Qərargah rəisi Nəcməddin Sadıqovla Tərtərin icra başçısı Sərdar Həmidov birgə satmaq istəyirdilər. Lakin korpus komandiri Surət Hüseynov bu şərabların özünə aid olmasını istəyirdi. Beləliklə, bu iki tərəf arasında mənfəət davası başlamışdı. Bir-birini sıradan çıxarmaq üçün müxtəlif şayiələr yayırdılar. Bu durumu dəyərləndirən Naxçıvandakı Heydər Əliyev keçmiş KQB-şnik Nəriman İmranovu (o, Surətin qohumu idi və Heydər Əliyevin hakimiyyəti dövründə milli təhlükəsizlik naziri oldu) dövrəyə salaraq, Surət Hüseynovu Elçibəy hakimiyyətinin əleyhinə yönəltməyə başladı. Əliyev Surətin zəifliklərini yaxşı bilirdi. Sərdarla qardaşı – daxili işlər naziri İsgəndər Həmidov prezidenti yanlış bilgiləndirirdilər, bunu mənə uzun illər MTN-də çalışan iki yüksək rütbəli şəxs də etiraf edib.

Elçibəy əleyhinə xərclənən pullar
Heydər Əliyev Azərbaycan xalqının düşüncə tərzini, özəlliyini də yaxşı bilirdi. Çünki KQB-nin qaranlıq dəhlizlərində 50 il yetişdirilmişdi. Xəyanət necə etdirilir, xalq necə ovlanır, idarəetməyə, cəmiyyətə, qruplara necə nifaq salınır – bunları gözəl bilir, bacarırdı. İkinci dəfə həyatının sonuncu diktaturasını qurması üçün 50 ildə Azərbaycanda və Moskvada topladığı pulları da bu istiqamətdə sərf edirdi. Bu pullara Türkiyənin verdiyi 100 milyon dollar da əlavə olunmuşdu və onların hamısı Elçibəy hakimiyyəti əleyhinə təbliğata xərclənirdi. Elçibəy əleyhinə təbliğatda Əliyev tək deyildi; ona beynəlxalq neft şirkətləri, Rusiya və İranın təbliğat çarxları dəstək verirdi. Adi bir misal: 14 may 1997-ci il tarixli “Daily Mail” qəzetində (Ingiltərə) 1994-cü ilə qədər bp-nin Azərbaycandakı nümayəndəliyində çalışmış, Avropa Birliyinin müşaviri Les Abrahamsın bir məqaləsi yayımlandı. Məqalədə Ingiltərənin Xarici Kəşfiyyat Qurumu ( MI6) ilə birlikdə bp şirkətinin Elçibəy iqtidarının devrilməsini dəstəklədiyi açıqlanmışdı.

Üsyanın dərin kökləri
Surət Hüseynov üsyan zəncirində bir halqa idi. Üsyanın dərin kökləri vardı. Bunu, hətta üsyançılarla işbirliyində olan Rəhim Qazıyev də 9 iyun 2009-cu ildə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə etiraf edərək demişdi ki, “Surət kimdir ki, o üsyan edə biləydi? Surət bir heçdir. O, məhəllə uşağıdır. Surətin əlinə qələm verin, tərcümeyi halını yaza bilsə, gəlin qulağımı kəsin”.
Üsyanın dərin kökləri – Moskva, Ayaz Mütəllibov və onun Azərbaycandakı adamları, Iranın Azərbaycandakı mollaları və bəzi sosial-demokratlar, Əliyevin qurduğu YAP, Əliyevin əmri ilə hərəkət edən keçmiş bürokratlar… Bunlar hələ son deyil. Bəzi jurnalist və yazarlar, Türkiyədə Əliyevi hakimiyyətə gətirmək istəyənlər, Ermənistan yetkililəri, “Daşnaksütyun”un liderləri və ən önəmlisi, Milli Azadlıq Hərəkatındakı satqınlar həmin dərin köklər idi…

Etibar Məmmədovun hakimiyyət ehtirası
Əliyev bir tərəfdən öz tərəfdarlarını Elçibəy hakimiyyətinin əleyhinə yönəldir, o biri tərəfdən isə dövlət başçısı ehtirası ilə alışıb-yanan Etibar Məmmədov, Şadman Hüseynov keçmiş cəbhədaşlarına böhtan ataraq hakimiyyəti zəiflədirdi. Etibar Məmmədovun Isa Qəmbərə xitabən “sənin əlin qardaş qanına batıb” deməsini gərək çoxları xatırlasın. Bu gərgin vəziyyətdə Əliyev tərəfdarları Heydər Əliyevin Naxçıvandan gətirilərək baş nazir olmasını təklif edirlər. Onlar üçün birinci mərhələdə Əliyevin baş nazir olmasıydı, çünki bundan sonra ikinci mərhələ asan idi.
Həmin vaxta qədər Elçibəy əleyhinə aparılan şiddətli əks-təbliğat da təsirsiz qalmamışdı. “Elçibəy humanist şair, duyğusal elm adamı, içki düşkünü, yaxşı bir insandır, amma prezidentliyə yaramır. Digər tərəfdən, o, Turançı, Iran və Rusiyaya qarşı çıxan bir adamdır” deyirdilər. Elçibəy hələ Qərblə əlaqə qurmamışdı. Ancaq Türkiyədəki dostlarından bu istiqamətdə kömək vədi almışdı…

Elçibəy Rusiya və İrana necə təqdim olunmuşdu?
Əliyev isə Moskvadakı keçmiş “Politbüro”nu, KQB-ni və hələ hakimiyyətdə olan dostlarını səfərbər etmişdi. O, Moskvaya deyirdi ki, “Elçibəy iqtidarı davam edərsə, Şimali Qafqazdakı, Volqa boyundakı muxtar dövlətlər və türk əsilli xalqlar müstəqillik əldə edəcəklər. Qara dəniz və Xəzər üzünüzə bağlanacaq. Beləliklə, böyük bir Türk coğrafiyası yaranacaq, orada isə söz sahibi Rusiya yox, Türkiyə olacaq”. Digər tərəfdən də Iranda şahı devirmək üçün Moskvanın əmri ilə yaradılan Tudəçilərlə, mollalarla iş aparılırdı, onlara deyilirdi ki, “Elçibəy Iranı parçalamaq, Təbrizi Azərbaycanın paytaxtı etmək üçün çalışır”.

Naxçıvan və Gəncə arasında qalan poçtalyonlar
Heydər Əliyev çox səbr eləmədi, gözləmədi. Əlinin altındakıları və tərəfdarlarını aktiv fəaliyyətə keçirdi. Gəncədə rusların verdiyi silahlarla təchiz edilmiş Surət Hüseynov vasitəsilə gərəkli ultimatumlar verməyə başladı. Surət özü ilə Heydər Əliyev arasında gedib-gələn vasitəçilərin önəmli adamlar olduğunu gördükdən sonra daha da cəsarətləndi. Vasitəçilik edənlər, başda Nemət Pənahlı olmaqla, 1993-cü ilin aprelindən Gəncə ilə Naxçıvan arasında az qala, poçtalyona dönmüşdülər. O zaman elə Bakıda Nemətin ləqəbi “poçtalyon” olmuşdu.

Ələ keçirilən iki hərbi sima
Əliyev öncə döyüş bölgəsində adlarını xalqın yaxşı bildiyi, iki güclü hərbçini ya öz tərəfinə keçirməli idi, ya da neytrallaşdırmalıydı. Bunlardan biri Ağdərədəki qoşun birliyinin komandiri Nəcməddin Sadıqov, ikincisi də əfsanələşmiş OMON komandiri Rövşən Cavadov idi. Bu iki gənc hərbçini vədlərlə tərəfsizləşdirmək Əliyev üçün çətin olmadı.

Tam məxfi sənəd

(YAZI SAYTIMIZDA DƏRC OLUNDUQDAN SONRA Turqut Ər və Rəhim Qazıyev “TAM MƏXFİ SƏNƏD”ə etiraz edibBURADAN OXUYUN)
Milli Azadlıq Hərəkatıyla demokratiyaya addım atmış Azərbaycanı yenidən Rusiyaya bağlı hala gətirmək üçün Moskvadakı generallar da gərgin işləyirdilər. O zaman Rusiyanın müdafiə naziri Qraçovun rəhbərliyilə bir toplantı keçirilmiş, orada Elçibəy hakimiyyətini necə devirmək barədə plan hazırlanmışdı. Sizə təqdim edəcəyim bu çevriliş planı “tam məxfi” sənədlərdən sayılır və o sənəddə 3 rus generalı, Rəhim Qazıyev, Ayaz Mütəllibov, Surət Hüseynov, Qurban Xəlilov, Heydər Əliyev, Natiq Əliyev, Yaqub Məmmədov, Etibar Məmmədov kimi şəxslərin adı yer alıb. Eyni zamanda, YAP və AMIP də bu çevriliş planında yer alıb.

7 iyun 1993-cü il, saat 16.59
1-4 iyun 1993-cü il tarixdə gələn xəbərlərə görə, Moskvada P.S.Qraçov, P.N.Barannikov ilə adı açıqlanmayan əks-kəşfiyyatçı və R.Qazıyev görüşüblər. Görüşdə Azərbaycandakı vəziyyət müzakirə olunub.
Eyni zamanda, R.Qazıyev orada Mütəllibovla görüşüb. Görüşdə Ali Sovetin Rəyasət Heyətinin sədri Qurban Xəlilovun qohumu Qəhrəmanoğlu Abilov və Heydər Əliyevin təmsilçisi Natiq Əliyev də olub. Qonaqlar Mütəllibovu Heydər Əliyevlə birləşdirməyə və ya bu mümkün deyilsə, öz adamları ilə birgə neytral qalmağa razı salıblar. Görüşdə bu mövzularda razılıq əldə olunub:
1. Azərbaycan Milli Məclisinin toplantısının çağırılması;
2. Heydər Əliyevin Milli Məclisə sədr, Yaqub Məmmədovun da onun müavini seçilməsi;
3. Milli Məclisin toplantısında Konstitusiyanın dəyişdirilməsi – hökumətin Milli Məclisə tabe etdirilməsi;
4. Prezident fərmanlarının hökumətin təsdiqindən sonra qüvvəyə minməsi.
Bütün bunlarla yanaşı, Surət Hüseynovun Azərbaycandan çıxarılan Rusiya silahlı qüvvələrindən külli miqdarda silah aldığı bildirilib. Erməni məsələsinə gəlincə, Milli Məclisin müxalifətin qatıldığı iclasları davam etdiyi müddətdə Azərbaycan sərhədlərinə hücum olmayacağı razılaşdırılmış, Azərbaycanın iki partiyasının (AMIP və YAP) da Moskvadakı bir bank tərəfindən maliyyələşdirilməsi qərara alınmışdır.

Rus OMON-un açdığı atəş üsyanı alovlandırdı
Surətə hərəkətə keçmək işarəsi iyunun 4-də səhər verildi. Hökumət qüvvələri ilə Surətçilər qarşı-qarşıya gələndə AXC-nin Gəncə şöbəsinin üzvü Mehman bəy vasitəçilik edərkən arxadan vuruldu. Onu Rusiyadan gətirilən OMON-çular vurmuşdu. Bununla da üsyanın fitili yandırıldı. Qarşıdurmada 19 nəfər öldü, ancaq Əliyevin Bakıdakı əlaltıları və Moskvadakı nəşrlər, televiziyalar qanlı toqquşmalar başladığını və nəticədə hökumətin yüzlərlə insanın ölümünə bais olduğunu tirajlayırdılar. Bu xəbərlər Azərbaycan xalqını təlaşlandırmaq, insanları hökumətə qarşı qaldırmaq məqsədi daşıyırdı. Bu yalanlar Milli Məclisdə sərt müzakirələrə yol açdı. Əliyevin tərəfdarları, Etibar Məmmədov və adamları baş nazir Pənah Hüseynovun və spiker Isa Qəmbərin dərhal istefa verməsini tələb edirdilər.

Pənah Hüseynov da Heydər Əliyev mifinə inanıb
Bu qruplar Naxçıvanda dəvət gözləyən Heydər Əliyevlə əlaqə yaradaraq, onun Bakıya gəlib Milli Məclisin sədri olmasını istəyirdilər. Əliyev isə yalnız prezident Elçibəylə danışdıqdan sonra sədrliyi qəbul edəcəyini söyləyirdi. Millət vəkillərində və xalqda belə bir qənaət formalaşdırılırdı ki, ölkədəki qardaş davasının qarşısını ancaq Heydər Əliyev ala bilər. Hətta baş nazir Pənah Hüseynov da bu təbliğata inanmışdı. Bu səbəbdən də Heydər Əliyevin Bakıya dəvət olunmasını özü əsaslandırmışdı…
Beləliklə, İsa Qəmbər və Pənah Hüseynov ölkənin yenidən işğal edilməməsi, qardaş qanının tökülməməsi, həmçinin Elçibəyin prezident qalmasını təmin etmək üçün vəzifələrindən istefa verdilər. Heydər Əliyev üçün təyyarə göndərildi. OMON komandiri Rövşən Cavadov onun mühafizəsini təmin edirdi. Bunu Əliyev özü istəmişdi. Çünki xalq və tərəfdarlarıyla özünə qarşı olanlara göstərmək istəyirdi ki, o, vazkeçilməz güclü bir liderdir, silahlı güclərə malikdir. Əliyev Bakıda təyyarədən enər-enməz Əbülfəz Elçibəyin yanına getdi…
(ardı var)

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Elman Rüstəmovun “Zaminbank”ında şok maxinasiyalar

%d bloqqer bunu bəyənir: