Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə –  Gəncə qiyamı: 23 il əvvəlki çevrilişə sənədlərlə baxış – III YAZI

Dövlət Müdafiə Komitəsinin bu iclası sonradan hakimiyyəti ələ keçirən Əliyev-Hüseynov qrupunun Elçibəy hakimiyyətinə qarşı manipulyası alətinə çevrilir

III YAZI

Əziz oxucu! Bu gündən etibarən silsilə yazılarla 23 il bundan öncə baş verən hadisələrə, 4 iyun qiyamına, Elçibəy hökumətinin devrilməsi ilə nəticələnən hadisələrə işıq salmağa çalışacayıq. 23 il əvvəl Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı həyata keçirilən, Milli Qvardiyanın ondan artıq əsgərinin qətlə yetirilməsi və hakimiyyətin devrilməsi ilə nəticələnən hərbi qiyamla bağlı suallar illər keçsə də cavabını axtarır. 4 iyun qiyamının kökündə nələr dayanırdı? Bu qiyamın əsas iştirakçıları və mənfəətçiləri kim oldu? 24saat.org olaraq silsilə yazılarımızda bu suallara cavab axtaracayıq.

4 iyun Gəncə qiyamı barədə yazılarımızı davam etdiririk. Azərbaycanda avtoritarizmə keçidin başlanğıc tarixi olan 4 iyun qiyamı barədə ən müxtəlif mövqeləri işıqlandıracağıq. Bu sayımızda daha çox həmin hadisələrin rəsmi tərəflərini verməyə çalışacağıq. Rəsmi tərəf dedikdə burda daha çox qiyamı ört-basdır etmək üçün qurulan “istintaq tamaşası” və qiyama qədər Surət Hüseynova qarşı başlanan cinayət işləri nəzərdə tutulur.

Yeni oxucu təbəqəsi üçün yazaq ki, iyun hərbi qiyamından sonra hakimiyyəti ələ keçirən Əliyev-Surət tandemi Elçibəy hakimiyyətinin üst eşelonunun əksərinə qarşı cinayət işi başladı. Həm suçlu, həm də güclü ifadəsi məsəli kimi.

Qiyamdan zərərdidə olan hakimiyyətin məmurları ən ağır maddələrlə ittiham olundular. Nəhəng ittihamnamənin qısaca icmalını belə vermək olar: AXC hakimiyyəti Surət Hüseynovun artan nüfuzundan narahat olub. Onu məhv etmək üçün qardaş qırğını törədib. Qanunsuz olaraq hərbçilərə və vətəndaşlara qarşı güc tətbiq edilib.

Qiyama gedən yol

Hadisələrin kuliminasiya nöqtəsini təsvir etməzdən əvvəl qiyama gedən yola nəzər salaq. Asilər kimlər idi? Onlar necə formalaşmışdı? Tələb və ideyaları nə idi? AXC hakimiyyəti bu qiyamçı dəstənin niyyətindən daha öncə xəbərdar idi, ya yox? Bugünkü materialda o çağın baş prokuroru Ixtiyar Şirinovun Gəncə hadisələri üzrə aparılan cinayət işinə yazdığı etiraz vəsatətindən bəhrələnmişik.

Ağdərə məğlubiyyəti – start nöqtəsi kimi

1993-ci ilin yanvar-fevral aylarında Surət Hüsyenovun komandirlik etdiyi 2-ci ordu korpusunun hazırlıqsız və uğursuz hücumu nəticəsində həmin qüvvələrin Ağdərə ərazisindəki ağır məğlubiyyəti bir çox ərazilərin, çox sayda canlı qüvvənin və texnikanın itirilməsinə səbəb olur. Məğlubiyyətdən iştahlanan düşmən Ağdərənin içərilərinə doğru irəliləyəndə S.Hüseynovun 28.01.1993, onun qərargah rəsinin bir gün sonrakı əmrləri ilə Ağdərədə müdafiədə dayanan 2-ci korpusun hissələri mövqelərindən çıxarılaraq arxaya, dislokasiya yerlərinə qaytarılır. Bu hadisədən sonra ermənilər strateji əhəmiyyət daşıyan Ağdərə-Kəlbəcər yolunu nəzarətə alır, Kəlbəcər yarımmühasirəyə salınır. Baş prokurorluq apardığı yoxlama nəticəsində Surətin bir sıra komandirlərini təqsirli bilərək onlara cinayət işi açır, bəzilərini dərhal həbs etdirir.

Surət Hüseynov vəzifələrini itirir

Prezident Əbülfəz Elçibəyin təklifi ilə Silahlı Qüvvələrdə yaranan vəziyyət 1993-cü ilin fevralında parlamentin qapalı iclasında müzakirə edilir. Həmin iclasda Baş prokurorluğun yoxlamalarla bağlı arayışı da müzakirə edilir. Bundan başqa, iclas iştirakçılarına MTN-in bir sıra məlumatları çatdırılır. Bu məlumatlarda xarici dövlətin ordu nümayəndələrinin Azərbaycanın daxili işlərinə müdaxilə üçün müdafiə nazirinə, onun müavininə və S.Hüseynova etdiyi təsir və əlaqələr barədə olur. Həmin iclasda müdafiə naziri Rəhim Qazıyev istefa verir. Onun yerinə general Dadaş Rzayev gətirilir.

22 fevralda isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Prezidentə təqdim etdiyi mənfi rəyindən sonra Əbülfəz Elçibəyin əmri ilə Surət korpus komandirliyindən uzaqlaşdırılır. Bundan əvvəlsə (17 fevral) Surət Hüseynov prezidentin Qarabağ məsələləri üzrə nümayəndəliyindən və baş nazirin müavini vəzifəsindən çıxarılır.

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – I YAZI: Elçibəyi devirmək üçün məxfi sənəd

Əmrə itaətsizlik

S.Hüseynov Ali Baş Komandanın əmrinə tabesizlik göstərir, hərbi hissəyə qanunsuz rəhbərlik edir,  silah və texnikanı təhvil verməkdən boyun qaçırır. Hüseynovun bu qanunsuz hərəkətləri ilə bağlı Baş Qərargah rəisinin prokurorluğa yazılı müraciəti əsasında cinayət işi başlanır.

Həmin işdə S.Hüseynovun özbaşınalığını göstərən konkret faktlar…

2 N-li korpusun yeni komandiri general-mayor Rafiq Ağayev 20 mart 1993-cü tarixdə istintaqa verdiyi ifadədə göstərilir: “S.Hüseynov təhvil-təslim aktını imzalamaqdan imtina etdi, bir sıra vəzifəli şəxslərin istefa tələbini, həbs edilən şəxslərin azad edilməsini istədi (cild 3, vərəq 96-99).

Cinyət işində olan  arayışda göstərilir ki, S.Hüseynov hərbi prokurorun xəbərdarlığına baxamayaraq, dindirlməyə gəlməmişdir. O, imtinasının səbəbini prokurorluğa yazdığı məktubda həbs edilən 170 hərbçinin azad edilmə tələbinin yerinə yetirilməməsi ilə əlaqələndirib. Lakin bu 170 nəfərin kim olduğunu göstərməyib (c. 3. v 153-154).

Ölkənin müdafiə qabiliyyətinə S.Hüseynovun vurduğu zərbə hərbçiləri də narahat edir. 1-ci ordu korpusunun komandiri Nurəddin Sadıxov prezidentə teleqram vuraraq Gəncə qarnizonunda yerləşən və Ağdərədə gedən hərbi əməliyyatlara hər vasitə ilə maneçilik törədən qanunsuz hərbi birləşməni zərərsizləşdirməyi xahiş edir.

MTN-in Gəncə şöbəsinin 15 mart tarixli teleqramı daha həyəcanlıdır: Hüseynov hərbi hissəni təhvil vermir. Onun göstərişi ilə hərbi hissənin kənarında hər 20 metrdən bir post qoyulub. Hasarın ətrafı minalanıb (c.11.v. 12-13).

Elçibəyin barışcıl səyləri

qiyam

S.Hüseynovun cinayət xarakterli hərəkətlərinin konfliktə çevirilməməsi üçün Prezident xüsusi səylər göstərir. 27 martda Gəncəyə ağsaqqal deputatlar – Ismayıl Şıxlı və Tofiq Bağırov göndərilir. Onlar S.Hüseynovu hərbi hissəni təhvil verməyə razı salırlar. Bundan sonra prezidentin sərəncamı ilə S.Hüseynov “Azəryun” dövlət şirkətinin prezidenti təyin edilir. Həmin ərəfədə Kəlbəcər ağır günlərini yaşayır. Belə ağır şəraitdə Kəlbəcərin müdafiəsini təşkil etmək üçün Gəncədə və Xanlarda olan müdafiə naziri D.Rzayev S.Hüseynovun könüllülərin yığılmasında kömək edə bilmə təklifini nəzərə alıb, Prezidentin razılığı ilə 1 apreldə “709″ saylı hərbi hissənin yaradılması əmrini verir. Hərbi hissənin yeri kimi Seyfəli atış meydanının təlim mərkəzi müəyyən olunur. Gəncənin hərbi polisinin keçmiş rəisi Eldar Əliyev hissəyə komandir təyin olunur. Hüseynovun rəhbərlik etdiyi korpusun bir çox zabitləri yeni hərbi hissədə ayrı-ayrı vəzifələrə qoyulur. Onların əksəri MN-in əmrlərinə tabe olmaqdan imtina edənlər olur.

Qiyamçılar açıq oyuna başlayır

Yarandığı 3-cü gün hərbi hissə artıq respubika rəhbərliyinə meydan oxuyur. “709″da müşavirə keçirilir. Müşavirədə yeni ”hərbi birlik” elan edilir. Səlahiyyətli nümayəndəsi kimi S.Hüseynovu seçən birliyin adından 170 hərbçinin imzası ilə müraciət imzalanır. “Birlik” S.Hüseynova öz mənafelərinin müdafiəsini, hərbi şuranın qərarlarına nəzarəti, təşkilati və təchizat məsələlərini, ayrı-ayrı rəhbər şəxslər qarşısında məsələ qaldırmaq və s. məsələləri həvalə edir…

Müraciətin axırında “birlik” başqa hərbçiləri də pozuculuğa səsləyir: “Ümidvarıq ki, bu birliyə tezliklə Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda mübarizə aparan, döyüşən bütün dəstələr, xalqımızın qeyrətli oğulları qoşulacaqdır”.

Bu çağırış Silahlı qüvvələri parçalamağa, ölkənin müdafiə qabiliyyətini sarsıtmağa, hərbi hissələri qanunsuz olaraq dövlət hakimiyyəti orqanlarına qarşı çıxmağa təhrik idi.

4 iyun qiyamı – Azərbaycanın taleyini dəyişən qara ləkə – II YAZI:  Elçibəy onu devirənlər barədə

Prezident narahatdır

Yuxarıda göstərilən kimi, yeni hərbi hissə Seyfəlidə yerləşməli olduğu halda S.Hüseynov MN-in əmrinə zidd onu 23-cü diviziyanın hərbi şəhərciyində yerləşdirir.

Mayın axırlarında nazir D.Rzayev “709″-cu hissənin komandirinə silahlı birləşməni Ağcabədiyə keçirməyi əmr edir. Lakin həbri hissə komandiri və onun zabitləri əmrdən imtina edirlər.

E.Əliyev verdiyi ifadədə öz hərəkətini belə əsaslandırır: “…Şəxsi heyətin əsas qismi Gəncədən olduğu üçün və Gəncənin müdafiəsini təmin etmək məqsədi ilə Murov və Gülüstan ərazisində vuruşmaq istədiklərini bildirərək əmrdən imtina etdilər” (c.28a. 15-19, 105-115, 116-119).

Ard-arda dövlət rəhbərliyinə S.Hüseynovun “hərbi birliyinin” özbaşınalıqları, intizamsızlıq və qarətçiliyi barədə məlumatlar daxil olur.

Dadaş Rzayev istintaqa verdiyi ifadəsində etiraf edir ki, “709″ yaranandan 15-20 gün sonra prezident ayrı-ayrı vaxtlarda ona 3 dəfə zəng edərək Hüseynovun hərbi hissədə olmasından narahatlığını ifadə edib və tədbir görməsini tapşırıb. Hərbi hissənin ayrı-ayrı zabitləri ilə görüşlər keçirir, onların intizama dəvət edilməsi heç bir səmərə vermir. Həmin vaxtda ”709″da onlarla zirehli texnika, ağır silah, ən müasir silahlarla təchiz edilmiş 1467 nəfərlik şəxsi heyət olur.

Yaranan gərgin vəziyyət Dövlət Müdafiə Komitəsinin prezidentin iştirakı ilə mayın 25-də keçirilən iclasında müzakirəyə çıxarılır. Müzakirələrin yekununda məsələnin həlli Müdafiə Nazirliyinə tapşırılır.

Məhz DMK-nin bu iclası sonradan hakimiyyəti ələ keçirən Əliyev-Hüseynov qrupunun Elçibəy hakimiyyətinə qarşı manipulyası alətinə çevrilir. Bir çox dövlət məmuruna bu iclasda qanundankənar və zorakı göstərişlər verdiyinə görə ittiham irəli sürülür.

O hansı “göstərişlər”dir?

İttihamnamədə yazılır: “Hakimiyyəti əldə saxlamaq niyyəti ilə Ali Baş Komandan Əbülfəz Elçibəy, baş nazir Pənah Hüseynov və Isa Qəmbər qabaqcadan əlbir olub S.Hüseynovu həbs və onun silahdaşlarını tərksilah etmək, lazım gələrsə, ümumiyyətlə, 709 nömrəli hərbi hissəni məhv etməyi qərara almışlar. Bu məqsədlə onlar S.Hüseynov və 709 nömrəli hərbi hissənin komandri E.Əliyevin həbs edilməsi, lazım gələrsə, onlara və hərbi hissə heyətinə, habelə sonunculara havadar çıxa biləcək xalqın qeyri-nümayəndələrinə qarşı silahlı qüvvələrdən, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən istifadə edilməsini təşkil edib, bunun icrasına Isa Qəmbərlə Pənah Hüseynov bilavasitə rəhbərlik etmişdir. Belə ki, Dövlət Müdafiə Komitəsinin 1993-cü ildə keçirilən həmin iclasında komitənin üzvləri Isa Qəmbər, Dadaş Rzayev, Fəxrəddin Təhməzov, Abdulla Allahverdiyev, Nurəddin Sadıqov və baş prokuror Ixtiyar Şirinov bu qərarı şifahi müzakirə edib Əbülfəz Elçibəy, Isa Qəmbər və Pənah Hüseynovun göstərişini icra üçün qəbul etmişlər”.

(Ardı olacaq)

24saat.org

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Razi Nurullayevin cinayətkar dəstəsi barədə ölçü götürüləcəkmi?

%d bloqqer bunu bəyənir: