Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

2800 məmur bir az da Vətənə aşiq olsaydı…

Xaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Keçmiş MTN şefi Eldar Mahmudovun hələ də azadlıqda olmasına “ağız büzən”lərin (!) sayı getdikcə azalmağa başlayır. Dünən yayılan məlumatlara görə keçmiş nazir istirahət etmək üçün Bakı ətrafındakı bağlarından birinə köçüb. Yəqin ki, siz də bu fikrə etiraz etməzsiniz ki, bu il doğrudan da keçmiş nazir üçün ağır il olub, dincəlməyə ehtiyacı var.

Ola bilər ki, bəzi oxucular yazıdakı yüngül sarkazma söykənərək, müəllifin hələ də zarafat etdiyi qənaətindədirlər. Yox əzizlərim, Eldar Mahmudov üçün həbs təhlükəsi – filan yoxdur. Hətta vəziyyət o qədər bəsit və anlaşılandır ki, əgər Eldar Mahmudov həbs edilsə, şoka düşənlərin sayı buna qanunayuğun bir hal kimi baxanlarının sayından dəfələrlə çox olacaq.

…Təxminən ay yarım bundan qabaq oxşar mövzuda yazdığım yazımda Eldar Mahmudov və onun komandasının əlində iri məmurların böyük əksəriyyəti haqqında hansı önəmli kompramatların ola biləcəyi haqda fikirlərimi bölüşmüşdüm. Mənim qənaətim belə idi ki, sabiq nazir və komandasının ən böyük silahı məmurların gizli çəkilişi ola bilər. Bir az yekə çıxsa da gərək bağışlayasınız, o vaxt mən rüşvət və intim videoları arasında məntiqi mühakimə apararaq, üstünlüyü intim kadrlara vermişdim. Çünki…

Allahdan gizli deyil, bəndəsindən nə gizlədək, artıq inkişafın elə bir mərhələsindəyik ki, məmurun rüşvət almasını əks etdirən kadrlarla heç kimi təəccübləndirmək mümkün deyil. Bu yalnız iqtidardaxili xırda razbrkaya rəvac verə bilərdi – “bəs sən deyirdin 200 min almısan, niyə 100 mini gizlətmisən”, və yaxud “bəs bunlardan bizim xəbərimiz niyə olmayıb” və.s mübahisələr yaranardı və tezliklə də böyüklərin müdaxiləsi ilə hər şey öz həllini tapardı.

Əslində kadrlar da o qədər qorxulu deyil, qorxulu olan, keçən yazımda qeyd etdiyim kimi, məmurların məşuqələri ilə vüsalı zamanı recim və tabeçiliyində olduqları bir üst düzəydəki iri məmurlar üçün söylədikləri ola bilərdi. Nəzərə alsaq ki, məmurlarımızın yaş həddi yuxarıdır, o zaman bu söhbətlərin daha çox olduğu haqda fikir yürüdə bilərik. Bir misal çəkim…

…Bu günlərdə keçmiş MTN əməkdaşı Ərəstun Oruclu bəyan etdi ki, Eldar Mahmudov və komandasının əlində 2800 iqtidar məmurunun intim görüntülərini əks etdirən video var. Rəqəm sarıdan təxmini olsa da, bu bir inkar olunmaz bir həqiqətdir. Azərbaycan kiçik bir ölkədir və bu qədər cida da heç bir çuvala sığan deyil. Məsələnin mənəvi tərəfini bir kənara qoyaq…

Bu bəri başdan büdcənin yağmalanması deməkdir. Təsəvvür edin, əksəriyyəti əlli yaşdan yuxarı 2800 məmur və o qədər də gənc sevgililər. Ev, maşın, qulluqçu, dəbdəbəli həyat üçün maddi təminatın dəyəri, razılaşın ki, böyük pullara başa gəlir. Bu azmış kimi, digər tərəfdən də…

Karyerası ərzində çox nadir hallarda bir milyondan aşağı məbləğə duran Eldar Mahmudov və dəstəsi…

Söhbət bir neçə milyarddan gedir. Təbii ki, məmur bu vəsaiti əldə etmək üçün sadə vətəndaşın üzərinə gedir. Bahalaşma, keçilməz bürokratiya əngəlləri, həbslər, rüşvət və korrupsiyanı daha amansız edən amillərdən biri də məmurların ikinci dəfə eşqə düşmələridir.

Ad çəkmək istəmirəm, yəqin ki, çoxunuz mənimlə razılaşarsınız ki, ölkədə ildırım sürəti ilə karyera quran çoxlu sayda cazibədar xanım ordusu yaranıb. Bacardıqları qədər ictimaiyyətlə ünsiyyətdən qaçsalar da, bir gün danışmağa məcbur olurlar. Və bu zaman məmur sevgisinin nələrə qadir olması ortaya çıxır…

Bir millət kimi bəxtimiz doğrudan da gətirməyib. Bədnam qonşular, ikiyə bölünmüş, Qarabağı işğal edilmiş Vətən azmış kimi, bəxtimizə bir də milləti yox, məşuqəsini sevən məmurlar tuş gəlib…

Öz cəzamızdır, çəkəcəyik…

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Məhəmməd Hatəmi Tantəkin – unudulan adam

%d bloqqer bunu bəyənir: