Loading...
Loading...
bineqedi-etiraz-300x158

28 May qəsəbəsinin sakinləri prezidentə müraciət etdi

Möhtərəm prezident!

Biz paytaxtın Binəqədi rayonunun 28 May qəsəbəsinin sakinləri Sizə müraciət etməyə məcbur olduq. Qəsəbəmiz Bakı-Şamaxı yolunun üstündə yerləşir və yolun bu hissəsi yaşıl, güllü təpəciklərlə bəzədilmişdir. Amma bu gözəlliyin arxasında yerləşən qəsəbəmizin çox dərdləri var və həll olunmaq bilmir. Sizin paytaxtın və regionların abadlaşdırılması ilə bağlı həyata keçirdiyiniz proqramları sevinclə izləyirik və görülən işlərdən yaxşı xəbərimiz var, amma məmurlar hələ də bizi ən ağır sosial və abadlıq problemləri ilə üz-üzə qoyur. Bu problemlərin bəzilərini diqqətinizə çatdırır və həlli üçün göstəriş verməyinizi Sizdən xahiş edirik:

1) Qəsəbənin yolları ilə bağlı problem. Hələ Sovet dönəmindən planlansa da, əsasən müstəqillik dövründə təşəkkül tapan qəsəbəmizin yollarında heç vaxt asfalt olmayıb. Lakin sakinlərin hesabına pis-yaxşı hala gətirilmiş yollarımız 2014-cü ildə abadlaşdırılacağı üçün düzənləndi, dağıdıldı və deyilənə görə asfaltlanma üçün hazırlandı. Lakin iş elə o yerdə də qaldı və biz zülmə düçar olduq. Yollarımız hədsiz pis hala düşdü. Yağışlar yağanda gölməçələrə çevrilən yollarımıza əncam çəkən isə yoxdur. Bu barədə Binəqədi rayon İcra Hakimiyyətinə qəsəbə sakinləri tərəfindən müraciət olunsa da, bu məsələ öz həllini tapmamışdır. Qəsəbənin məktəbi yüksəkdə yerləşdiyi üçün ora gedən yollar daha bərbaddır və uşaqların, müəllimlərin və valideynlərin nələr çəkdiyini təsəvvür etmək asandır. Bu, məktəbdə dərsə davamiyyətə də öz mənfi təsirini göstərməkdədir. Qış vaxtı problem daha sərt şəkil alır və hətta yıxılıb çox ciddi zədə alanlanlar da olur.

2) İctimai nəqliyyat problemi. Eyni istiqamətdə yerləşən, əhalisinin sayı təxminən 60 min nəfər olan 3 böyük yaşayış məntəqəsinə yalnız bir avtobus xətti işləyir və onların sayı o qədər azdır ki, əhali paytaxta gedib-gəlmək üçün əsl mübarizə anları yaşayır. Boğulmaq həddinə qədər sıxlıqda üst-üstə gedib gələn sakinlər bu sadə problemin niyə həll edilmədiyini anlaya bilmir. Problemin həlli o yana qalsın, əvvəllər bu istiqamətdə işləyən 109 saylı marşrut xətti də hansısa pulahəris məmurun qurbanına çevrildi, yəni ləğv edildi. Hazırda pik saatlarında Bakıya gedən avtobuslar Müşfiq qəsəbəsindən bizə gələnə qədər dolmuş olduğundan, bizim dayanacaqlarda saxlamırlar və yalnız onların arxasınca baxa bilirik.

3) İşıq problemi. Hava proqnozlarında iqlimin dəyişəcəyi deyilən kimi, işıqlarımız kəsilir. Ona görə də küləkli, yağışlı və soyuq havalar bizim üçün həm də elektriksiz günlər deməkdir. Bizim kimi uğurlu bir enerji dövlətində xalqı hakimiyyətdən narazı salmaq istəyən məmurlar bunu niyə sakinlərimizə yaşadır, anlaya bilmirik.

4) Poliklinika. Kənddə səhiyyə məntəqəsi var, lakin heç bir zəruri avadanlıqlarla təchiz olunmamışdır. Üstəlik, çox uzaqda yerləşən Xocasən qəsəbəsindəki Sağlamlıq Mərkəzinə tabedir, sakinlər müayinə üçün oraya getmək məcburiyyətindədirlər. Bu da sakinlər üçün çox ağır problemdir.

5) Məktəb problemi. Qəsəbəmizdə bir orta məktəb fəaliyyət göstərir, lakin onun şagird tutumu reallığa uyğun gəlmədiyindən, yəni sinif otaqlarının az olmasından dərslər üçnövbəli təşkil edilmişdir. Əlaqədar təşkilatlar yeni məktəb tikintisi ilə bağlı vədlər versə də, hələ də məsələ həllini tapmır. Təsəvvür edin ki, məktəbdə müəllimlər otağı yoxdur və gün ərzində gərgin çalışan müəllimlər tənəffüs zamanı oturmağa yer tapmırlar.

Möhtərəm prezident!

Ölkəmiz yuxarıdakı problemləri həll etmək gücünə çoxdan nail olub və dünyada özünün inkişaf xətti ilə tanınan bir dövlətdir. Siz bu sahədə ən yaxşı təşəbbüslərinizlə tanınırsınız. Abadlıq işlərində və sosial problemlərin həllində hər zaman Sizin birbaşa iş üzərində dayandığınızı görürük. Lakin bəzi məmurlar bunu unudur və bundan da bizim kimi sakinlər əziyyət çəkir.

Sizdən xahiş edirik bizim bu müraciətdə göstərdiyimiz problemlərin yoxlanılmasına və həll edilməsinə göstəriş verəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Qəsəbə sakinləri

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sələmçilərin tora saldığı şəxslər aksiya keçirəcək

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: