Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

26 sentyabr referendumu ilə bağlı Milli Şuranın bəyanatı

Bəyanatı təqdim edirik:

Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklər haqqında referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin məlumatlarda seçicilərin iştirak faizi 70 faizə yaxın göstərilsə də, obyektiv müşahidələr seçicilərin bu referendumu faktiki boykot etdiyini göstərir. Milli Şuranın ayrı-ayrı məntəqələrdən aldığı məlumatlar göstərir ki, seçici fəallığı çox aşağı olub. Milli Şuranın müxtəlif mənbələrdən və müstəqil müşahidəçilərdən əldə etdiyi məlumatlar təsdiq edir ki, referendumda seçicilərin 10 faizindən də azı iştirak edib. Hətta büdcə təşkilatları hesabına hazırlanmış xüsusi dəstələrin məntəqələr üzrə gəzdirilməsi (“karusel” əməliyyatı) də seçici fəallığını yüksəldə bilməyib. Bütün məntəqələr üzrə seçki qutularına topa-topa bülletenlər doldurulub, seçicilərin yerinə ya məntəqə komissiyalarının üzvləri, ya da saxtakarlığa cəlb edilmiş başqa şəxslər səs verib, hətta ayrı-ayrı epizodlarda boş qutular əvvəlcədən bülletenlərlə doldurulmuş qutularla əvəzlənib. Bütün bu saxtakarlıq faktları müxtəlif media təmsilçiləri və fəal vətəndaşlar tərəfindən video görüntülərlə təsbit edilib. Sadalanan saxtakarlıqlar hətta MSK-nın seçki məntəqələrindəki müşahidə kameraları vasitəsilə də qeydə alınaraq ictimailəşdirilib. Saxtakarlıq faktları ilə Azadlıq qəzeti, Azadlıq radiosu və Meydan TV-nin sayt və feysbuk səhifələrindən tanış olmaq mümkündür. Seçicilərin mütləq çoxluğunun səsvermədə iştirak etməməsi və səsvermə prosesinin total saxtakarlıqla keçməsi bu referendumun baş tutmadığını deməyə imkan verir. Milli Şura bəyan edir ki, bu referendumu legitim saymır və onun nəticələrini tanımır. Milli Şura xatırladır ki, referenduma çıxarılan təkliflər anti-Konstitusion mahiyyətli olub, üstəlik hər hansı ictimai müzakirədən keçməyib. Dəyişikliklər insan hüquq və azadlıqlarını, o cümlədən vətəndaşların mülkiyyət hüququnu, ifadə azadlığını məhdudlaşdıran, respublika prinsiplərini pozan, hakimiyyət bölgüsünü faktiki aradan qaldıran xarakterlidir, hətta xalqdan mandat almamış istənilən şəxsin dövlət başçısı ola bilməsinə hüquqi imkan yaradır. Daha sadə dillə ifadə etsək, bu dəyişikliklərin məqsədi ölkədə faktiki tətbiq edilmiş ailə hakimiyyətini qanuniləşdirmək olub. Bütün bunlara görə referendumun nəticələri heç bir halda legitim ola bilməzdi. Seçicilərin referendumu faktiki boykot etməsi isə onun qeyri-legitimliyini daha da gücləndirir. Vətəndaşlar faktik olaraq ölkədə monarxiya quruluşu yaradılmasına “yox” deyiblər. Bu isə Konstitusiyaya dəyişikliklər təşəbbüsü ilə şəxsən çıxış etmiş İlham Əliyevin istəklərini milli iradənin rədd etməsidir. Milli Şura bu dəyişikliklərin beynəlxalq səviyyədə də rədd edildiyini yada salır. Həm ABŞ Konqresinin nümayəndələri, həm də Avropa Şurasının Venesiya Komissiyası referendumdan qabaq dəyişikliklərlə bağlı mənfi rəylərini açıqlamışdılar. Bu da dəyişikliklərin beynəlxalq birlik tərəfindən də qəbul olunmadığını göstərir. Referendumla bağlı elan olunan kampaniya da pozuntular, təqib və təzyiqlərlə keçib. Dəyişikliklər əleyhinə heç bir təşəbbüs qrupu qeydə alınmayıb, kütləvi etiraz aksiyalarına hakimiyyətin kobud müdaxilələri olub. Xüsusən də Milli Şuranın 17 sentyabr mitinqindən əvvəl aksiyanın təşkilatçıları arasından 87 nəfər saxlanılıb, onlardan 6 nəfərə 5 sutkadan 30 sutkaya qədər inzibati həbs cəzası verilmişdir. Mitinqdən sonra da yüzlərlə mitinq iştirakçısı heç bir əsas olmadan saxlanılmış, onlardan 12 nəfərə 6-8 sutka inzibati həbs cəzası verilmişdir.Televiziyalarda yalnız dəyişikliklərin lehinə təbliğat aparılıb, heç bir debat və əks fikrin ifadə olunduğu müzakirələr keçirilməyib. Hakimiyyət bütün inzibati gücündən istifadə edərək, referendum kampaniyasının müxalif mövqe olmadan, bütün vətəndaşların dəyişiklikləri bəyəndiyi təəssüratının yarandığı şəraitdə keçməsinə çalışıb. Milli Şura bütün qeyd olunanları nəzərə alaraq bildirir ki, qəbul edilən dəyişikliklər milli iradəni ifadə etmir və dərhal ləğv olunmalıdır. Bu referendum aktına beynəlxalq birliyin də mənfi qiymət verməsi ilə onun nəticələri dövləti və milli maraqlarımıza təhlükəyə çevrilib. Belə bir şəraitdə bu dəyişiklikləri qüvvədə saxlamaq, təkcə dövlətin Ana Qanununu tapdalamaq deyil, həm də dövlətə və milli maraqlara bilərəkdən zərbə vurmaqdır. Milli Şura Azərbaycan xalqını referendumun elan edilən nəticələri ilə barışmamağa, onun ləğvinə nail olmaq üçün hüququn imkan verdiyi bütün vasitələrlə sonadək mübarizə aparmağa çağırır. Milli Şura həmçinin qarşısında Azərbaycanın öhdəlik götürdüyü beynəlxalq qurumlara da çağırış edir ki, xalqın iradəsini ifadə etməyən, qeyri-legitim olan bu nəticələri ləğv etmək üçün İlham Əliyev hakimiyyətinə bütün gücləri ilə təsir göstərsinlər.

azadliq.info

 

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

“Ermənilər bunu yuxularında da görə bilməyəcək”

%d bloqqer bunu bəyənir: