Loading...
Loading...

2000 ci il 29 Aprel mitinqi – ANS reportaj, Milli Məclis QƏRAR verdi (TARİX)

24SAAT.org saytı 2000-ci il 29 Aprel tarixində müxalifətin keçirdiyi mitinqin ANS telekanalında canlı yayımlanan reportajını təkrar yayımlayır. Məlumat üçün bildirək ki, canlı yayımlanan mitinq zamanı ANS studiasında moderatoirluğu Qənirə Paşayeva edib. Bu mitinqdən sonra Milli Məclisin o zamankı sədri Murtuz Ələsgərov mitinqi təşkil edən AXCP-Müsavat birliyinin ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə vətəndaş qarşıdurması yaratmaq cəhdləri daşıdıqlarını ehtiva edən Qərar imzalayıb. 24saat.org saytı həmin qərarın mətnini də əldə etməyə müəssər olub. 

 

2000-ci il aprelin 29-da Bakı şəhərində bəzi müxalif partiyaların Konstitusiyaya zidd fəaliyyəti və ölkədə iğtişaş törətmək cəhdləri haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

Azərbaycan Respublikasının Prezidenti, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin elmi təhlilə əsaslanan, müasir dünyanın və tarixi şəraitin reallıqları üzərində qurulan hərtərəfli və dolğun daxili və xarici siyasət konsepsiyasının hazırlanıb ardıcıl surətdə həyata keçirilməsi məqsədi ilə son illər böyük işlər görülmüşdür. Ölkədə ictimai-siyasi sabitlik bərqərar edilmiş, iqtisadi böhrana son qoyularaq tərəqqi əldə olunmuşdur. Azərbaycan dövləti qarşısında dayanan mürəkkəb problemləri həll etmək üçün cəmiyyətin sağlamlaşdırılması, ölkədə milli həmrəylik yaradılması sahəsində mühüm uğurlar qazanılmışdır.

Azərbaycan Respublikası demokratikləşdirmə proseslərinin həyata keçirilməsini, hüquqi dövlət quruculuğunu və bazar iqtisadiyyatı yaradılmasını özünün ümdə məqsədləri hesab edir. Bu istiqamətdə görülən ardıcıl tədbirlər ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyasını reallığa çevirmişdir. Hazırda Azərbaycan Avropa Şurasına qəbul olunmaq ərəfəsində olan bir dövlət kimi Avropa dəyərlərini cəmiyyət və dövlət həyatının bütün sahələrində bərqərar etmək üçün məqsədyönlü iş aparır. Ölkədə həyata keçirilən əsaslı siyasi və iqtisadi islahatların uğurla başa çatdırılması, müstəqil dövlətlərimizin Konstitusiyasında elan edilmiş ali məqsədlərin gerçəkləşdirilməsi üçün sağlam müxalifətə böyük ehtiyac duyulur. Azərbaycan Respublikasını iqtisadi və siyasi cəhətdən inkişaf etmiş dünya dövlətləri sırasına çıxarmaqdan ötrü cəmiyyətdə mövcud olan bütün qüvvələrin konstruktiv əməkdaşlıq etməsi, birgə səylər göstərməsi zərurətə çevrilmişdir.

Təəssüf ki, bir vaxtlar müəyyən obyektiv və subyektiv səbəblər üzündən qısa müddətə iqtidara gəlmiş, lakin az sonra siyasi iflasa uğrayaraq hakimiyyət sükanını rüsvayçılıqla tərk etmiş bəzi radikal qüvvələr hələ də iqtidarda olduqları dövrün ab-havası ilə yaşayırlar. «Bəlkə də qaytardılar» ideyasını bayraq edən bu qüvvələr siyasi infantilizm xəstəliyindən və ətalətdən heç cür xilas ola bilmədiklərini, iqtidarla sivil normalar çərçivəsində siyasi mübarizə aparmağa qadir olmadıqlarını zaman-zaman nümayiş etdirirlər. Çirkin siyasi ambisiyalarına nail olmaq üçün onlar cəmiyyəti xaos girdabına yuvarlada biləcək qanunsuz hərəkətlərindən belə çəkinmirlər.

Ölkədə baş verən müsbət dəyişiklikləri gözü götürməyən, özünü xalqın iradəsinə qarşı qoyan bu radikal siyasi qüvvələr 2000-ci il aprel ayının 29-da Bakı şəhərinin mərkəzində qeyri-qanuni mitinq keçirməyə cəhd göstərərək iğtişaş törətmiş, hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı zor işlətmiş, 50 nəfər polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirmişlər. Əhali arasında çaşqınlıq yaratmaq niyyəti güdən bu dağıdıcı qüvvələr öz çirkin siyasi məqsədlərinə nail olmaq üçün növbəti dəfə qardaş qanı tökmüş, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını kobudcasına pozaraq, ölkədə hökm sürən ictimai-siyasi sabitliyi sarsıtmağa cəhd göstərmişlər. Yalnız hüquq-mühafizə orqanlarının səriştəli və peşəkar fəaliyyəti nəticəsində bu hadisələrin genişlənərək daha ağır nəticələr verməsinin qarşısı alınmışdır.

Müxalifətin radikal qanadı bu qeyri-qanuni mitinqi keçirməklə ölkədə vətəndaş qarşıdurması yaratmaq, Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək və Avropa Şurasına daxil olmasına əngəl törətmək niyyətində olduğunu bir daha nümayiş etdirmişdir. Lakin qanunsuz mitinq cəhdinin təşkilatçılarından olan AXCP-Müsavat cütlüyünün və onların yedəyində gedən digər davakar müxalif partiyaların başabəla rəhbərləri bilməlidirlər ki, siyasi mübarizədə demaqoq çıxışların və mitinq psixologiyasının vaxtı çoxdan keçmişdir. Azərbaycan Respublikasında hakimiyyət uğrunda mübarizənin yeganə yolu demokratik qanunlar əsasında seçkilərdə iştirak etməkdən ibarətdir. Hazırda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında yeni qanun layihəsi parlamentin gündəliyinə daxil edilmişdir və yaxın günlərdə onun müzakirəsinə başlanacaqdır. Xalqın etibarına əsaslandığını iddia edən hər bir siyasi qüvvə qarşıdan gələn parlament seçkilərində sivil normalar əsasında iştirak edə bilər.

Azərbaycan Respublikasının Milli Məclisi əmin olduğunu bildirir ki, iğtişaş törədərək ölkədə sabitliyi pozmaq, vətəndaş qarşıdurması yaratmaq, Azərbaycan dövləti haqqında dünyada mənfi rəy formalaşdırmaq istəyən qüvvələrin qarşısı bundan sonra da qətiyyətlə alınacaq, Azərbaycanda həyata keçirilən demokratikləşdirmə prosesləri uğurla başa çatdırılacaq, müstəqil dövlətimiz Avropanın qabaqcıl dövlətləri sırasında öz layiqli yerini tutacaqdır.

Azərbaycan Respublikasının Milli Məclisi cəmiyyətin bütün sağlam siyasi qüvvələrini müxalifətin radikal qanadının törətdiyi təxribat əməllərinin qarşısını almaq, ictimai-siyasi sabitliyin pozulmasına yol verməmək üçün bütün gücünü səfərbər etməyə çağırır.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu proseslərinin ardıcıl surətdə həyata keçirilməsi, cəmiyyətdə qanunun aliliyi prinsipinin bərqərar edilməsi sahəsində öz məsuliyyətini dərk edərək qərara alır:

  1. AXCP — Müsavat cütlüyünün, onların əlaltılarının və havadarlarının paytaxtda iğtişaşlar törədərək nəticə etibarilə ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə vətəndaş qarşıdurması yaratmaq cəhdləri Azərbaycan dövlətçiliyinə qəsd, onun beynəlxalq nüfuzuna zərbə kimi qiymətləndirilsin.
  2. Müxalifətin radikal qanadının 2000-ci il aprelin 29-da Bakı şəhərində törətdiyi təxribat əməlləri demokratik siyasi mübarizə üsulları ilə bir araya sığmayan yolverilməz hərəkətlər sayılsın və qətiyyətlə pislənilsin.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan xalqını əmin edir ki, Azərbaycan dövləti bundan sonra da törədilə biləcək təxribat əməllərinin qarşısını almağa qadirdir, Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət xəttini dəstəkləmək üçün ölkə parlamenti əlindən gələni əsirgəməyəcəkdir.

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri

M.ƏLƏSGƏROV

Bakı şəhəri, 2 may 2000-ci il

№ 877-IQR

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ziya Məmmədov vitse-prezidentlik yolunda

%d bloqqer bunu bəyənir: