Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“200 min hektar torpaq alıblar, amma istifadə etmirlər”

“Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısına həsr olunmuş iclasında aqrar sahəyə çox böyük diqqət yetirdi. İclasda kənd təsərrüfatı nazirinin, “Meliorasiya və su təsərrüfatı” ASC sədrinin çıxışı əbəs yerə deyildi”.

Bu sözləri Modern.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkə başçısının Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aqrar sahədəki nöqsanlarla bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Komitə sədri Prezidentin də qeyd etdiyi kimi, aqrar sahədə görülməli işlərin çox olduğunu deyib:

“Biz mütləq surətdə onlara diqqət yetirməliyik. Biz elə məhsullar istehsal etməliyik ki, bunlar dünya bazarında özünə yer tapa bilsin. Doğrudur, bizim köhnə sovet, o cümlədən Rusiya bazarımız var. Bununla belə, biz Avropa və dünyaya çıxmağı hədəfləməliyik. Kənd təsərrüfatı məhsullarını yalnız kəmiyyət baxımından deyil, həm də keyfiyyət baxımından artırmalıyıq”.

E.İbrahimov 200 min hektardan çox torpağın təyinatı üzrə istifadə edilmədiyini qeyd edib:

“Mən şəxsən bilməsəm də, prezidentin qeyd etdiyi kimi müəyyən məmurların belə torpaqları var. Məndə olan məlumata görə, 200 min hektara qədər torpaq alınıb, amma istifadə olunmur. Torpaq isə istifadə, kənd təsərrüfatı məhsulu əkmək üçündür. Təsəvvür edin ki, istifadəsiz torpaqlarda da əkin əkilsə, məhsul istehsalı kifayət qədər artar.

Bilindiyi kimi, Taxtakörpü su anbarında 30 min hektara qədər yeni torpaq sahəsi  istifadəyə veriləcək. Bunun üçün çox böyük zəhmət çəkilib. Yaxud Şəmkir su anbarı altında suvarılan 10 min hektara qədər torpaq var. Bütün bunlarda məqsəd yeni torpaq sahələrinin istifadəyə verilməsidir. Bununla da ərzaq təhlükəsizliyi təminat altına alacaq, özümüzü təmin etməklə bərabər xaricə də məhsul çıxara biləcəyik”.

 

Parlament üzvü növbəti illərdə kənd təsərrüfatı sahəsinin daha da intensiv inkişaf edəcəyini deyib:

“Bütün kənd təsərrüfatı məhsulları ilə özümüz özümüzü təmin edə bilirik. Təkcə taxıldan başqa. Taxılın da təxminən 25 faizi idxal hesabına alınır. Biz indiki halda bütün torpaqları əkinə cəlb etsək, keyfiyyətli taxıl əksək, kənd təsərrüfatı daha da inkişaf edəcək.

Cins mal-qaradan 7-8 min litr süd sağılır. Yaxud əkilən pilot təsərrüfatlarda hər hektardan 55-60 sentner taxıl götürülməsi tarixdə olmayan göstəricidir. Demək götürə bilərik, buna imkan var. Sadəcə işləri daha da sürətləndirməliyik. Hesab edirəm ki, bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyinin çox böyük əməyi var və növbəti illərdə kənd təsərrüfatı sahəsində çox böyük nailiyyətlər əldə edəcəyik”.

 

Gülşən RAUFQIZI

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

BVF: Neftin qiyməti 2020-ci ilə qədər 75 dollara yüksələ bilər

%d bloqqer bunu bəyənir: