Loading...
Loading...

1937-nin cinayət işlərini də geridə qoyublar

Milli Şura sədri Cəmil Həsənli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının işinin Nardaran məhbuslarının işi ilə birləşdirilməsinə münasibət bildirib:

“Dostlar! Baş prokurorluq və DİN cəmiyyəti heyrətləndirməkdədir. Bu gün oxudum ki, “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Hacı Taleh Bağırov və daha 17 nəfərin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini vicdan məhbusu Fuad Qəhramanlının barəsində olan cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Zatən lap əvvəldən Azərbaycan hakimiyyətinin əsas məqsədi AXCP-ni Nardaran əməliyyatına şərik etmək idi. Hətta Nardaran əməliyyatının bilavasitə siyasi müxalifəti əzmək üçün süni şəkildə planlaşdırıldığı da istisna edilmir. Çünki Razi əməliyyatı iflasa uğrayandan sonra Xalq Cəbhəsinə qarşı daha məkrli planlar cızılırdı. Məsələyə heç bir aidiyyəti olmayan və bilavasitə face yazılarına, jurnalist fəaliyyətinə əsasən tamamilə qurama, saxta, uydurma ittihamla həbs edilmiş ölkənin başlıca müxalifət partiyası sədrinin müavini Fuad Qəhrəmanlının işinin Nardaran məhbuslarının işi ilə birləşdirilməsi məhz bu zərurətdən irəli gəlir. Bunlar belə əməlləri ilə ölkəni rüsvay edirlər, milləti nüfuzdan salırlar, Azərbaycana olan etimadı gözdən salırlar və sonra da dünyadan özlərinə hörmət gözləyirlər. Belə fantaziyaları ilə bunlar 1937-nin cinayət işlərini də kölgədə qoyublar. Həmin vaxt təmtəraqlı adları olan (məsələn “Əksinqilabçı, cəsus-terrorçu, burjua-millətçi təşkilatın işi” və ya “Əksinqilabi burjua-millətçi, üsyankar-terrorçu, ziyankar təşkilatin işi” və sair) bu işlərdə əgər birinci ittiham dövlət çevrilişi – yəni Sovet hökumətini devirmək idisə, ikinci ittiham standart formada Mir Cəfər Bağırovun həyatına qəsd etmək idi. İndi Fuad bəyin adının Nardaran işinə əlavə edilməsi 37 qaydalarının, düşüncəsinin, hüquq sisteminin, terrorunun Azərbaycanda təkrarının aydın bir ifadəsidir. Biz hər cürə şər, böhtan, uydurma, zorakılıq görmüşdük, bu boyda absurdun da şahidi olduq. Belə uydurmalarla bunlar ölkənin hüquq sistemini, cinayət məcəlləsini prixod dəftərinə döndərdilər. Əslində yalnız Fuad bəyin işi deyil, bütövlükdə Nardaran işi qurama işdir, ötən ilin noyabr ayının 25-də MTN-in iflasından sonra cəmiyyətə güc nümayiş etdirmək istəyən DİN-in axıra qədər düşünülməmiş, insan ölümü ilə nəticələnən uğursuz bir əməliyyatıdır. İkisi polis əməkdaşı olmaqla altı Azərbaycan vətəndaşı Daxili İşlər Nazirliyi orqanlarının səhlənkarlığının, ehtiyatsızlığının qurbanı olubdur. Məsələn, istintaq zamanı aydın oldu ki, xüsusi təhlükəli əməliyyata göndərilən və əməliyyat zamanı aldığı güllə yarasından həyatını itirən polis işçisinin zirehli gödəkçəsi olmayıb. Əməliyyat bilavasitə dini ayin icra edilərkən, yəni dindarlar namaz qılarkən həyata keçirilib. Burada hansı odlu silah işlətməklə terrorizmdən söhbət gedə bilər. Bu terroru başının üzərində Azərbaycan bayrağı asan dindarlar kimə qarşı etməli idilər. Əgər Hacı Tale terrorçu idisə əməliyyatdan bir neçə gün əvvəl polis idarəsinə, daha əvvəl MTN çağırılmışdı və o, da həmin çağırışa gəlmişdi. Bəs niyə onda həbs edilmədi. Bu “terrorçunu” tutmaq üçün Nardaranda altı nəfər vətəndaşın ölümünü gözləmək lazım idi? Əslində isə DİN-ə hay-küylü, dövlət çevrilişi şousunu özündə əks etdirən kütləvi həbs lazım idi ki, ölkənin aparıcı müxalifət partiyası kimi AXCP-ni də oraya bağlaya bilsin. Əslində həbs edilən dindarların vəhşicəsinə döyülməsi, onlara olmazın işgəncələrin verilməsinın başlıca səbəbi də Cəbhənin guya Nardaran hadisələrinə aidiyyəti olması haqqında təsdiqedici ifadələr almaq idi. Vicdan məhbusu Fuad Qəhrəmanlını süni şəkildə bu işə bağlanması özü də əməliyyatın tərkib hissəsi idi. Nə bu məsələyə aidiyyəti olmayan Fuad Qəhrəmanı, nə Tale Bağırzadə və onun ətrafında olan mömin insanlar deyil, insan ölümü ilə nəticələnmiş bu əməliyyatın izahını bilavasitə DİN və onun rəhbərliyi verməlidir”.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Kəmərsıxma”, yoxsa “canıçıxma?..”

%d bloqqer bunu bəyənir: