Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

10 il həbslə bitən sevgi oyunu: Dedim ki, əmi məni heç yerə aparma

Azərbaycan adətlərində qız qaçırmaqla ailə qurmağın özünəməxsus ənənələri var. Lakin bu adət Azərbaycan qanunvericiliyində adam oğurluğu kimi tövsif olunub və ağır cinayət hesab edilir. Elə Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Bəhruz Rəhimov evlənmək məqsədilə qız qaçırması başına bəla olub.
Bəhruz Rəhimov evlənmək məqsədilə sevdiyi qızı, 1998-ci il təvəllüdlü Sevil Məmmədovanı (ad və soyad şərti verilib) qaçırmaq barədə həmyerlisi, 1982-ci il təvəllüdlü Fariz Rəhmətovla cinayət əlaqəsinə girib.
Onlar Sevil Məmmədovanı qaçırmaq üçün Masallı şəhəri, Qarabağ küçəsində yerləşən 1 nömrəli orta məktəbin yanına gəliblər. Həmin vaxt Sevil məktəbin qarşısında piyada səki ilə gedirmiş.
Bu zaman Fariz Rəhmətov idarə etdiyi “Mersedes Benz C 220” markalı avtomobili düz qızın yanında saxlayıb. Bəhruz Rəhimov avtomobildən düşərək Sevil Məmmədovanı zorla avtomobilə mindirib.
Daha sonra onlar avtomobillə Lənkəran rayonuna, oradan isə Masallı rayonu Qızılağac kəndinin çıxışına gediblər. Orada Bəhruz Rəhimov Sevil Məmmədovanı Farizin idarə etdiyi avtomobildən düşürüb və Məhərrəməli Əhmədovun sürdüyü “Mercedes Benz 290” markalı avtomobilə otuzdurub.
Daha sonra avtomobil Bakı şəhərinə istiqamətdə hərəkət edib. Avtomobili Ələt-Astara avtomobil yolunun 150-ci kilometrliyində, Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılıb.
Bəhruz Rəhimov və Fariz Rəhmətovun barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Qaçırmağı planlaşdırdım”

Bəhruz Rəhimov bildirib ki, həmkəndlisi Sevil Məmmədovanı uşaqlıqdan tanıyıb. Onun sözlərinə görə, 2014-cü ilin may ayından Sevili sevib: “Sevilin qaçırmamışdan əvvəl 17 yaşının tamam olmadığını bilmişəm. 2014-cü ilin mayında mobil nömrəmdən Sevilin evlərində olan telefon nömrəsinə dəfələrlə zəng vurmuşam. Sevil zəng etməməyimi, ali təhsil almaq istəməsini bildirib”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Sevilin həftənin 1, 3 və 5-ci günləri, saat 10 radələrində müəllim yanında hazırlığa getdiyini bilib: Dekabrın 19-da Masallı şəhərinə Sevilin müəllim yanına getdikdə, onu evlənmək məqsədi ilə qaçıracağını planlaşdırdım. Lakin bu barədə heç kimə heç nə demədim”.

“Ağlamağa başladı, onu buraxmasını xahiş etdi”

Bəhruz Rəhimov qeyd edib ki, həmin gün saat 10 radələrində tanışı Fariz Rəhmətova zəng edib və onu Bakı şəhərinə apara biləcəyini soruşub: Farizdə məni Bakı şəhərinə apara biləcəyini dedi. Buna görə də ona Masallı şəhəri H.Əliyev prospktində gözlədiyimi bildirdim. Fariz idarə etdiyi avtomobillə mənim olduğum yerə gəldi. Farizə bir nəfər şəxsi Masallı şəhəri, Qarabağ küçəsindən götürəcəyimi dedim və avtomobili həmin istiqamətə sürdürdüm.
H.Əliyev prospekti istiqamətində getdik. Bu zaman Sevilin 1 nömrəli məktəbin yanında olan döngəli yola çatdığını gördüm. Farizə avtomobili döndərərək Sevilin yanına sürməsini bildirdim. Fariz də avtomobillə Sevilin yanında saxladı”.
Təqsirləndirilən şəxs bildirib ki, avtomobildən düşərək Sevilin əlindən tutub və avtomobilin arxa oturacağına zorla otuzdurub: “Həmin vaxtı Sevil avtomobilin qapısından tutaraq qışqırmağa başladı. Onu tez avtomobilə saldım. Avtomobildə Sevil ağlamağa başladı, onu buraxmasını xahiş etdi. Lakin onu avtomobildən buraxmadım”.

“Onu qaçırdığımı, artıq gec olduğunu dedim”

Bəhruz Rəhimovun sözlərinə görə, Farizə avtomobili Lənkəran istiqamətində sürməsini bildirib: “Sevili avtomobilə zorla salanda ətrafda çoxlu adamlar olub. Həmin şəxslər baş vermiş hadisəni görüblər. Lakin həmin şəxslərin kim olduğunu bilməmişəm. Sevil ağlamağa davam edərək onu buraxmağımı bildirdi. Mən isə onu qaçırdığımı, artıq gec olduğunu dedim. Sevili avtomobilə saldıqda ətrafda olan şəxslərin avtomobili və dövlət nömrə nişanını görərək polisə məlumat verəcəklərinə görə Farizə Lənkəran istiqamətində sürməsini dedim. Sonra tanışım Elmidar Məmmədova zəng edərək Bakı şəhərinə getmək istədiyimi, avtomobil tapmasını bildirdim. Lakin qız qaçırmağım barədə ona heç nə demədim”.

“Dedi ki, Allah xoşbəxt eləsin”

Bəhruz Rəhimov qeyd edib ki, Farizin idarə etdiyi avtomobillə Lənkəran rayonu Ləvəngi dairəsindən qayıdaraq Masallı rayonu Qızılağac kəndinə gedən yolla Qızılağac kəndinin çıxışına gediblər: “Həmin vaxtı Elmidarın tapdığı sürücü Məhərrəməli Əhmədov avtomobili ilə kəndin çıxışında bizi gözləyirdi. Fariz avtomobili Məhərrəməlinin idarə etdiyi avtomobilin arxasında saxladıqdan sonra Sevilin əlindən tutaraq avtomobildən düşürdüm. Sonra Məhərəməlinin avtomobilinə mindik. Həmin vaxtı özümdə Sevilin yanında oturmuşam. Məhərrəməli Əhmədov idarə etdiyi avtomobilə başqa sərnişin götürməsini soruşdu. Ona başqa adam götürməməsini, Bakı şəhərinə getməyimiz müqabilində avtomobilin pulunu tam ödəyəcəyimi söylədim. Sonra isə Məhərrəməli avtomobili ilə Bakı istiqamətində hərəkətə davam etdi. Göytəpə ərazisindəki polis postunun yanına yaxınlaşdıqda Sevil ağlamağa başladı. Onunla mübahisə etdikdə, Məhərrəməli Əhmədov nə baş verdiyini soruşdu. Ona qızı qaçırdığımı, qarşı tərəfində razılığı olduğunu dedim. Sevil həmin vaxtı heç nə demədi. Məhərrəməli Əhmədov Sevilə dedi ki, qızım şahında qızını qaçırırlar, mənimdə qızımı qaçırıblar, Allah xoşbəxt eləsin”.

“Sevili vurmamışam”

Bəhruz Rəhimovun sözlərinə görə, Məhərrəməli Əhmədovun idarə etdiyi avtomobillə posta çatdıqda avtomobili saxlamaq istəyib: “Həmin vaxtı ona avtomobili sürməsini bildirdim. Məhərrəməli avtomobillə hərəkətə davam edərək posta yaxınlaşdıqda Sevil yenidən ağlamağa başladı. Onunla mübahisə edərək başını özümə tərəf çəkdim. Belə etdim ki, polislər Sevili görməsin. Polis postuna çatdıqda Məhərrəməli Əhmədovun idarə etdiyi avtomobilin qarşısına 2-3 nəfər polis əməkdaşı çıxaraq avtomobilə saxla işarəsini verdi. Buna görə də Məhərrəməli Əhmədov avtomobili saxladı. Bizi avtomobildən düşürərək Masallı polis şöbəsinin polis zabitlərinə təhvil verdilər”.
O, qeyd edib ki, Sevili avtomobilə zorla otuzduqda xəsarət alıb: “Amma Sevili vurmamışam, onun əynində olan gödəkçəsini sökməmişəm”.

“Valideynlərimiz bu evliliyə razı olmayıb”

Bəhruz Rəhimov məhkəmə istintaqı zamanı bir neçə dəfə ifadəsini dəyişib. O, sonradan verdiyi ifadəsində qeyd edib ki, Sevilin razılığı ilə onu qaçırıb: “Sevil ilə bir-birimizi sevmişik. Lakin valideynlərimiz bu evliliyə razı olmayıb. Buna görə də Sevilə onu qaçıracağımı demişəm. Sevil ilə razılaşdıqdan sonra tanışım Fariz Rəhmətova zəng edərək Bakı şəhərinə getmək üçün maşın lazım olduğunu bildirmişəm”.

“Məndən əl çəkmək istəmədi”

Məhkəmə zərərçəkmiş şəxs qismində dindirilən Sevil Məmmədova bildirib ki, təxminən 2014-cü ilin may aylarında həmkəndlisi kimi tanıdığı Bəhruz Rəhimov ona yaxınlaşıb və ondan xoşunun gəldiyini, evlənmək istədiyini deyib: “Bəhruza ailə qurmaq üçün hələ tez olduğunu, ali təhsil almaq istədiyimi, məni bir daha narahat etməməsini bildirdim.
Lakin Bəhruz məndən əl çəkmək istəmədi. Dekabrın 19-da, saat 10.00-da müəllim yanına məşğələyə gedərkən qəflətən yanımda “Mercedes” markalı avtomobil saxladı və avtomobildən bir nəfər düşərək kürək nahiyəmdən tutdu və məni zorla avtomobilə salmağa çalışdı. Bu zaman həmin şəxsin Bəhruz Rəhimov olduğunu gördüm. Ona müqavimət göstərərək, qışqırmağa başladım. Lakin o məni zorla avtomobilə salaraq apardı”.

“Dedim ki, əmi məni heç yerə aparma”

Zərərçəkmiş qeyd edib ki, Bəhruz Rəhimov onu zorla avtomobilə saldıqdan sonra əllərini və özünü tutub, onu hərəkət etməyə, avtomobilin qapısını açmağa qoymayıb: “Sonra isə Fariz Rəhmətov avtomobilin qapılarını içəridən bağladı, avtomobildən düşməyimə mane oldu. Həmin vaxtı Bəhruz Rəhimova və Fariz Rəhmətova yalvararaq məni buraxmalarını, avtomobildən düşürtmələrini, məni qaçırması barədə heç kimə heç nə deməyəcəyini bildirdim. Onlar mənim dediklərimə məhəl qoymadılar”.
Sevil Məmmədov daha sonra ifadəsində yolda başqa avtomobilə minmələrindən danışıb: “Bu zaman Bəhruzun əlindən çıxaraq qaçmaq istəmişəm. Bəhruz əlimdən möhkəm tutaraq buna mane olub. Bəhruz Rəhimov məni Məhərrəməli Əhmədovun idarə etdiyi avtomobilə otuzdurdu və özü də yanımda oturdu. Yolda Məhərrəməliyə dedim ki, əmi məni heç yerə aparma, məni evimizə apar. Bu zaman Məhərrəməli dedi ki, mənim də qızımı qaçırıblar, darıxma sonradan hər şey yaxşı olar”.
Sevil Məmmədova daha sonra ifadəsində polis postunda saxlanılmalarından danışıb. O, ifadəsinin sonunda qeyd edib ki, qaçrılmasında Bəhruza həm Fariz, həm də Məhərrəməli köməklik göstərib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Rəhimov 12 il, Fariz Rəhmətov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.
Onlar qeyd ediblər ki, əməllərində cinayət tərkibi yoxdur. Buna görə də barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Hər iki təqsirləndirilən şəxslərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Bəhruz Rəhimovun cəzası 10 il 6 aya, Fariz Rəhmətovun cəzasi isə 10 ilə endirilib.

Aydın Məmmədov

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

DYP əməkdaşlarını çaş-baş salan “avtoş” Elmar Məmmədyarovun bazarkom işçisinin oğlu çıxdı – TƏFƏRRÜAT

%d bloqqer bunu bəyənir: