Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərindən ayrılan azərbaycanlı müğənni: “Övladımıza görə…” – fotolar+müsahibə

Müğənni Lətifə Soyuözün Axşam.az-a müsahibəsini təqdim edirik:

– Bir neçə gün əvvəl şəxsi həyatınızla bağlı xəbər yayıldı. Niyə həyat yoldaşınız Dəniz Soyuözlə ayrıldınız?

– Uzun müddətdir ailə içində söz-söhbətlər gedirdi. Çalışdık bunu cəmiyyətdən gizli saxlayaq. Ailə həqiqətən müqəddəsdir. Heç kim bilmir, kimin ailəsində nə olacaq. Mən ailə quranda bir gün ayrılacağımı düşünmürdüm. Həyatımızda istəmədiyimiz və gözləmədiyimiz şeylər baş verdi. Birlikdə davam etməyə çalışdıq, çox düşündük boşanmayaq, amma alınmadı. Səbəblərini hələ açıqlamağı fikirləşmirəm.

“ÇOX ÇALIŞDIQ AYRILMAYAQ, AMMA…”

– Deyilənə görə, ayrılığa xəyanət səbəb olub…

– Keçmiş həyat yoldaşım yaxşı insandır. Hər kəs səhv edir. O da bir səhv etmiş olar. 7 il bir yerdə yaşamışıq. Bacardığımız yerə qədər münasibətimizi davam etdirdik. Qərar verdik ki, bir-birimizə zərər vermədən ayrılaq. O da xoşbəxt olmağa layiqli adamdır. İnşallah ikimiz də xoşbəxtliyimizi taparıq.

– Boşanma prosesindən sonra üz-üzə gəlmisiniz?

– Bizim bir övladımız var. Ona görə görüşməyimiz mütləqdir. Uşaq haqqında məhkəmə olmasına imkan vermədim. Buna yaxşı baxmıram. “Övladını həftədə bir gün görsün” kimi məhdudiyyət yoxdur. Həm uşaq, həm də valideyn uşağı istədiyi qədər görə, vaxt keçirə bilər. Biz düşmən olaraq ayrılmamışıq.

“BİLİRDİ Kİ, ONA XƏYANƏT ETMƏRƏM”

– Bildiyimiz qədəriylə Dəniz Soyuöz Türkiyə vətəndaşıdır. Necə tanış olmuşdunuz?

– Tədbirlərin birində tanış olmuşuq. İş yeri oxuduğum məktəbə yaxın idi. Ortaq dostlarımız varıydı, uzun müddət danışdıq. Sonra elçilər gəldi, 3 il nişanlı qaldıq. 7 il ailəli olduq, peşman deyiləm. Gözəl illər keçirdim. Bəlkə bu da bir sınaqdır.

– Toydan sonra Bakıda yaşamaq sizin istəyiniz idi?

– Türkiyədə də evimiz var idi. Mənim işim olanda bura gəlirdik, onun işi olanda mən gedirdim. Bu məsələdə heç vaxt problemimiz olmurdu. Sənətimə də heç vaxt mane olmayıb. O mənə heç nədə məhdudiyyət qoymayıb. Hətta uzun libas geyinəndə deyirdi, yaraşmır. Qısa geyinəndə xoşu gəlirdi. Bilirdi ki, mən dürüstəm, xəyanət və xainlik etmərəm. Mənə hədsiz güvəni var idi.

“ONUN YENİDƏN AİLƏ QURMASINA…”

– Bu gün Lətifə özünü xoşbəxt qadın hesab edir?

– Bəli. Gözəl ailəm – anam, bacım, qardaşlarım, mənə dəstək olan dostlarım var. Özümü xoşbəxt hesab edirəm. Qadın olaraq da xoşbəxtəm. Həyatda bir çox şeylərə nail olmuşam. Pis-yaxşı hər şeyim var. Sevdiyim sənətdəyəm. Bir dəfə demişdim ki, “Sənət insanı tərk edər, ailə yox”. Bir dönəm oldu, anladım ki, nə yaxşı sənətdəyəm, məni tərk etmədi. Depressiya dövrü yaşadım, sənətə sarıldım. İndi deyirəm bacaran ailəni də, sənəti də bir yönəltsin.

– İkinci dəfə ailə qurarsan?

– Buna çox yaxşı baxıram, hamı xoşbəxt olmağa layiqdir. Yaxın gələcəkdə bunu düşünmürəm. Sırf özümü sənətə həsr edəcəyəm.

– Bəs eşitsəniz ki, keçmiş həyat yoldaşınız evlənir…

–  Onun yenidən ailə qurmasına da gözəl baxaram. Bəlkə bir il bundan əvvəl belə xəbər eşitsəm, pis olardım, inanmazdım. Mən həmin üzüləcəyim ərəfəni keçdim. Hətta sevinərəm ki, həyatında xasiyyətinə uyğun, onu sevən, ən az mənim qədər ona diqqətli olan qadın olsun.

– Övladınıza vaxt ayıra bilirsiniz?

– Çalışıram iş olmayanda oğlum Arifin yanına qaçım. İşə, məşqə gedirəm, qayıdanda onunla oynayıram, gəzirəm. Başqa vaxtlarda isə dayəsi ona baxır.

– Əvvəl deyirdiniz ki, toylara getmirəm. Deyəsən, indi toy dəvətlərini qəbul edirsiniz.

– Səhnəyə gələndə elə bilirdim operamla insanların marağını qazanacağam. Gördüm ki, yox onlar məni öz zövqlərinə doğru çəkir (gülür). Yaxşı layihələr etmək üçün pul lazımdır. Azərbaycanda müğənni konsertlə pul qazana bilmir. Yeganə qazanc yeri toydur. Hər gün toyda deyiləm. Hər çağrıldığım yerə getmirəm. Nə qədər çalışsam da, hər dəvəti qəbul edə bilmirəm. Müəyyən tədbirlər olur ki, görürəm musiqimi başa düşürlər, ifamı bəyənirlər, onlara gedirəm.

– Bəs bu qədər böyük layihələri etmək üçün pulu hardan alırsınız?

– Dövlət işçisiyəm, Filarmoniyanın solistiyəm, maaş alıram. Bahalı kliplərə isə ailəm dəstək olur, atamın yaxşı dostları sağ olsun.

– Bu yaxınlarda həm də plastik əməliyyatlarınızla gündəmə gəldiniz…

– İlk dəfə əməliyyatdan çox qorxurdum. Bilmirdim plastik əməliyyat necə keçir, ağrı olurmu? Bir ildən çoxdur ki, burun əməliyyatına hazırlaşırdım, amma qorxurdum. Güvəndiyim “İstanbul NS” klinikasına üz tutdum. Çox arıqlamışdım, burnum pis görünürdü, efirdə özümü görəndə bəyənmirdim. Getdim əməliyyat etdirdim, gördüm heç də qorxulu deyilmiş. Bir kompleksindən azad olursansa, özünə güzgüdə baxanda zövq alırsansa, yenə istəyirsən. Xeyli arıqlamışdım, bədənimdə dəri sallanması var idi. Beləcə, növbəti əməliyyata qərar verdim. Əməliyyata girəndə otuza qədər problem demişdim. Həkimlər qayıtdı ki, “səndə o qədər qan yoxdur” (gülür).

– Üçüncü əməliyyat haqda düşünmürsünüz?

– Hər dəfə əməliyyatdan sonra söz verirəm ki, bir də etdirməyəcəm. Üç gün keçəndən sonra deyirəm, bunu da etdirəcəyəm. İnsan idmanla gec arıqlayır. Əməliyyat can qurtarır, tez zamanda istədiyin formaya düşürsən.

“MƏSULİYYƏTSİZ İNSANAM”

– Yaradıcılıqda nə yeniliklər var?

– Yeni mövsümə hazıram. Mənim üçün əsas mahnı idi, o da hazırdır. Tam fərqli, arabesk, rok janrındadır. Yaşar Baxışa mahnını aparanda o da təəccüblənmişdi. Sentyabrda tamam başqa Lətifə olmaq istəyirəm. Həyatımda da dəyişiklik oldu, istəyirəm yaradıcılığımda da edim. İlk dəfədir Vüqar Hüseynov musiqisinə, Azər Şirinin sözlərinə müraciət etdim. Mahnı “Səni məndən alan dünya” adlanır.

– Hər dəfə yeni mahnını ya konsert formasında, ya da klip şəklində təqdim edirsiniz. Bu dəfə nə ideya var?

– Bu işə başlayanda böyük komanda yığdım. Onların fikri mənim üçün önəmlidir. Həyatda məsuliyyətsiz insanam. Amma işdə yox. Hər şeyin ideal olmasına çalışıram. Bu mahnı üçün də geyimlər, fotosessiya, klip düşünmüşük.

– “Falan-filan” mahnısının klipi Hande Yenerin “Sebastyan” klipinə bənzədildi. Bu düşünülmüş bir iş idi?

– Əlbəttə, düşünülmüşdü… “Sebastyan” klipi çıxmazdan əvvəl biz ssenarimizi yazmışdıq. Bunu XVII əsrin operasından götürmüşük. Hazırlıqlar ərəfəsində “Sebastyan” çıxdı, bizim geyimlərimiz, məkan hazır idi. Ssenarini dəyişmədən, klipi çəkmək qərarına gəldik. Geyimlərimin də bənzədiyini dedilər. Amma mənim həmin klipdəki geyimimin eskizi I Yelizavetanın libasından götürülmüşdü. Bizimkilər özümüzdə səhv axtarırlar. Niyə demədilər ki, “Sebastyan” “ Backstreet Boys” qrupunun “Everybody” klipindən oğurlanmışdı? Birinci özümüzü bəyənməli, tərifləməliyik ki, başqaları da bəyənsin.

– Klipdə tacı ayaq altına atıb, tapdaladınız. Şou-biznesdə tac davası getdiyi ərəfədə kimə meydan oxudunuz?

– Həmin ərəfədə yaşından, statusundan asılı olmayaraq hamı tac taxırdı. Klipdə, verilişdə tacla görünürdülər. Anarla tacla bağlı söhbət edirdik. Həmin vaxt dedim ki, guya, tac kimə lazımdır? Onda Anar qayıtdı ki, tacı sənin ayağının altına qoyacam. Tərəddüt etdim. Amma rejissor nə deyirsə, edirəm. Nə vaxtsa onu başıma da qoyaram. Verilişə çıxanda yox, klipdə ola bilər.

“AZƏRBAYCANDA TƏKƏM”

– Riski sevirsiniz?

– Çox… Addım atanda düşünürəm, amma edirəm. Ən böyük riskləri kliplərimdə etmişəm. Büdcə olaraq riskə getmişəm. Bilirdim ki, xərcləyəcəyim məbləği geri qaytara bilməyəcəyəm, amma ödəyirdim.

– Bu yaxınlarda çimərlik geyimində fotosessiya etdirəcəyinizi dediniz. Bu reallaşacaq, yoxsa sadəcə gündəm xatirinə deyilən cümlə idi?

– Çimərlik geyimini də yaradıcı formada təqdim etmək olar. Hazırda kökəlmişəm, fikrimdən daşındım. Amma ürəyim istəyən çəkidə olanda niyə də etməyim? Arıqladıqdan sonra etdirəcəm.

– Özünüzü cazibədar xanım hesab edirsiniz?

– Özümü gözəl hesab etmirəm, amma cazibədaram. Mən “Farfor gəlincik” deyiləm. Cazibədar olmaq daha yaxşıdır, nəinki gözəl. Birdən məclisə gözəl girəndə heç kim baxmır. Amma cazibədar xanım görəndə hamı dönüb baxır. Özümü heç kimə oxşatmıram. Tərz olaraq Azərbaycanda təkəm. Sosial şəbəkədə mənim üçün tez-tez yazırlar ki, “yayda da qış çəkməsi geyinərlər?”. Birincisi bu nazik çəkmələrdi, parçadandır. Onları istidə də, soyuqda da geyinmək olar. İkincisi mən səhnə adamıyam, hər formada geyinə bilərəm. Bu yaxınlarda Rihanna səhnəyə kürklə çıxmışdı, onu kim qınadı? Mənim üçün kiminsə fikri maraqlı deyil. Əsas odur ki, səhnədə özümü rahat hiss edirəm. Onda dünyanın xoşbəxti oluram. Hər kəsin öz yeri var: ikinci Faiq Ağayev, Rəhim Rəhimli, Aygün Kazımova bu gün kimə lazımdır? Ona görə də çalışıb özümüzü kiməsə bənzətməməliyik.

– Baxımlı olmaq üçün nələr edirsiniz?

– Son zamanlar özümə qarşı çox diqqətcil olmuşam. Əməliyyatlar etdirirəm, kosmetoloji prosedurlardan istifadə edirəm. Həyatımda problem olanda, özümə fikir verir, sənətimə sarılıram. İdmana yazılacam, baxmayaraq ki, nifrət edirəm. Yayda kökəlir, qışda arıqlayıram.

– Lətifə son vaxtlar geyim tərzini də dəyişib. Daha cəsarətli libaslar geyinirsiniz…

– Uşaq vaxtımdan şortik geyinmişəm. Sonradan çəkim artdı. 60 kiloqramdan, 90 kiloqrama qalxdım. Bu çəki ilə qısa ətək, şortik olmazdı. Başladım uzun geyinməyə. Sonra arıqladım və şortik geyindim. İndi evdə bəlkə yüzdən çox şortik var. Mağazaya başqa bir şey almağa girirəm, şortik görən kimi onu alıb gəlirəm. Səhnədə özümü bununla rahat hiss edirəm. Şoppoqoliqəm. Küçədə gəzəndə mağaza diqqətimi çəkərsə, içəri girib mütləq nəsə alıram. Özümə o barədə “yox” deyə blmərəm. Mənim nənəm brend sevir. Qarderobunda 10-15 paltar var, hamısıda bahalı brendlər. Mənə deyir ki, gedib nə gəldi alırsan. Bəyəndiyimi alıram, fərqi yoxdu 3 manatdı yoxsa 30 manat.

Zəhra ƏHMƏDOVA,

Foto: Ramin ASLANOV

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Röya səfil günlərini yada saldı: “Anam kasıbçılıqdan …” / VİDEO

%d bloqqer bunu bəyənir: