Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Əri yanında olan qadının qolundan tutub deyiblər ki…” – Problem

Paytaxt sakinləri “20 Yanvar” metro stansiyasının çıxışında dayanan qanunsuz sahibkarlıqla məşğul olan taksi və sərnişin avtobuslarından şikayətçidirlər.

“Qafqazinfo”ya müraciət edən Əbülfət Namazov bildirib ki, həmin avtobuslar düz onun pəncərəsinin altında dayanır: “Mən Nəsimi rayonu, Cavadxan küçəsi, ev 1-də yaşayıram. Əslində, bizim binada yaşamaq mümkün deyil. Sumqayıta gedən taksilər, avtobuslar qeyri-qanuni olaraq səhər saat 7-nin yarısından gecə saat 1-in yarısına qədər “Sumqayıt, Lökbatan yolu”, “Sumqayıt, Ceyranbatan yolu”, “Adresə qədər” deyib qışqırırlar. Nalayiq sözlər deyirlər, qeyri-etik hərəkətlər edirlər. Metrodan çıxan qadınların üstünə yüyürürlər ki, “gəl səni evinə kimi aparım”. Dəfələrlə olub ki, yanında nişanlısı, əri olan qadının qolundan tutub deyiblər ki, gəlin adresə kimi aparaq. Həmin adamlar da marşrut şoferlərini döyüblər. Elə metronun yaxınlığında yaşayan adamlardan yapışıb deyirlər “gəl səni Sumqayıta aparım”. Elə bilirlər “20 Yanvar” metrosundan çıxanların hamısı Sumqayıta gedir”.

“20 Yanvar qurbanı” olan Ə.Namazov deyir ki, Daxili İşlər Nazirliyi və plastik materialdan hazırlatdığı səs keçirməz pəncərələr də “konduktorların” səsinin qarşısında aciz qalırlar: “Bizim evlərin pəncərəsi, penoplastdır, onlar da səs keçirmir. Amma sürücülərin qışqırığı o səskeçirməz pəncərələrdən də keçir. Evin içində otura bilmirik. Əsəbdən nə edəcəyimizi bilmirik. Post Patrul Xidmətinin əməkdaşları ərazidə olanda nizamlayırlar, bir az sakitlik olur. Onlar gedən kimi yenə başlayırlar. Şəxsən mən özüm polislərə demişəm bunun qarşısını alın, cavab veriblər ki, biz bacarmırıq, bunların öhdəsindən gəlmək mümkün deyil. Biz bilmirik bu məsələni necə həll edək? Qonşularla imza toplayıb Daxili İşlər Nazirliyinə, birinci xanım Mehriban Əliyevaya və prezidentİlham Əliyevə müraciət etmişik. Abid Şərifovun (Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri – red.), Bakı Şəhər İcra Hakimiyyətinin və Nəsimi rayon icra Hakimiyyətinin nümayəndələri gəlib əraziyə baxmışdılar. Onlar gələndə hələ “Avtovağzal” stansiyası açılmamışdı. Onda bizə dedilər ki, “gözləyin, indi buranı bağlaya bilmərik. Avtovağzal açılandan sonra bunlar ora köçürüləcək”. Amma görün bu stansiyanın açılışından nə qədər vaxt keçib, hələ də bir xəbər yoxdur”.

Əbülfət Namazov qeyd edib ki, Nəqliyyat Nazirliyi bu işə nəzarət edəndə vəziyyət bu dərəcədə deyilmiş: “Nəqliyyat Nazirliyinə müraciət etdik, dedilər artıq bu işlər bizim səlahiyyətimizdə deyil. Amma onlar bu işə baxanda belə olmurdu. Bu vəziyyət təxminən 1 ilə yaxındır ki, belədir.

Bu taksilər bizə yaşamağa imkan vermilər. Özləri də “Avtovağzal”a köçmək istəmirlər. Deyirlər sərnişinlər ordan çıxmır, buna görə də ora bizə sərf etmir. 159 nömrəli məktəbin qarşısından metronun çıxışına kimi növbəyə dayanırlar. Siqnal səslərindən də bezmişik”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqlər Şöbəsinin rəisi, polkovnik Vaqif ƏsədovQafqazinfo”ya açıqlamasında deyib ki, qanunsuz dayanma və qanunsuz sərnişindaşıma ilə bağlı tədbir görüləcək: “Bu gün dayanma-durma ilə bağlı tərəfimizdən xeyli iş aparılıb və aparılır. Mən həmin ərazi üzrə xidmət aparan əməkdaşlarımızla əlaqə saxlayım, özüm də gedim baxım, əgər qanunsuz bir hal varsa, dərhal tədbir görüləcək. Vəziyyət barədə rəhbərliyə də məlumat veriləcək. Bizim səlahiyyətimizdə olan işlər yerinə yetiriləcək”.

Murad Əhməd

Video+Fotolar: Nuran Məmmədov

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

“Sovetski”də 21 tarixi yaşayış evi və 2 mədəniyyət abidəsi söküləcək

%d bloqqer bunu bəyənir: