Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğanı nə gözləyir?

Türkiyədə proseslər ən ağır dönəmə qədəm basır

Türkiyədə hərbi çevriliş əleyhinə izdihamlı mitinq keçirildi. Mitinqdə siyasi hakimiyyətlə yanaşı, müxalifət də iştirak edirdi. Türkiyə siyasətçiləri açıq və dolayısı ilə Qərbə qarşı həmrəylik nümayiş etdirdilər.

Ümumiyyətlə, son günlər qonşu ölkədə maraqlı proseslər cərəyan etməkdədir. Belə ki, Türkiyədə hərbi çevriliş cəhdinin qarşıısı alındı. Dövlət əleyhinə qiyam qaldıranlar həbs edildi. Silah ilə dövlətə qarşı çıxmağın bir bədəli olmalı idi və qiyamçılar bu bədəli ödədilər. Lakin ciddi proseslər çevriliş cəhdindən sonra başladı. Minlərlə insanın adı hərbi qiyamla bağlanaraq, həbsxanaya göndərildi. Onminlərlə hərbiçi, kəşfiyyatçı, hakim, prokuror, polis, həkim, müəllim, mühəndis və ən müxtəlif peşənin sahibləri vəzifəsindən kənarlaşdırılaraq, çoxminli işsizlər ordusuna qatıldı. Ərdoğan barədə ən kiçik bir tənqid terrorçuluq kimi dəyərləndirilməyə başlandı. Hər kəs qorxu və vahimə içində nə baş verəcəyini gözləyir. Türkiyə sərt idarəçiliyə keçir. Son çoxmilyonlu mitinq də Ərdoğana əlavə “kozır” verəcək.

Artıq Türkiyədə ölkə ictimai rəyi bölünüb və eyforiya ilə uzun müddət yaşamaq mümkün olmayacaq. Ölkədə şəriət tərəfdarları sekulyarlar həyat tərzi keçirənlərə hücumlar edir, hətta kitab dükanları belə dağıdılır. Belə gedişat uzun sürə bilməz.

Ərdoğan siyasi karyerasının ən ağır sınağını yaşayır. Ərdoğan siyasi həyatı boyunca dinçi, liberal, sosial-demokrat kimi qiyafələrə bürünüb. İndi isə qətiyyətli və sərt lider imicini yaradır. Əslində, Ərdoğan son 12 ildə qazandıqlarını itirməklə məşğuldur. Son zamanlar ictimai rəydə milli iradə simvolu kimi təqdim edilən və “rus təyyarəsini biz vurduq, sərhədi pozsa, bir daha vuracayıq, üzr istəniləsi biri varsa, o da bizik” deyən Ərdoğan geri çəkildi və pilotun ailəsindən üzr istədi. Ardınca öz imicini darmadağın edəcək addım atdı – rus təyyarəsini vuran pilot həbs edildi. İndi isə Ərdoğan Rusiyaya səfərə hazırlaşır, bu qədər söydüyü Putinin əllərini sıxmağın həsrətindədir.

Ərdoğanın son 12 ildə Fətullah Gülənə hücumlar etsə də, “camaatı sıxışdırırdılar, mən qarşısını aldım” manipulyasiyası ilə məşğul idi. Bu gün onun əli ilə camaat sıradan çıxarıldı. Gülənə rəğbəti olan hər kəs repressiyalara məruz qaldı.

“Davos fatehi” bu qədər təhqirlərə məruz qoyduğu İsrail ilə də “barışdı”. Tutduğu mövqeləri bir-bir tərk edən Ərdoğan daxili və xarici müttəfiqlərini də itirir. Heç təsadüfi deyil ki, ABŞ siyasi dairələri 40 illik Türkiyə siyasi elitası ilə bağlı yeni kompromatların açıqlana biləcəyini bəyan edib. ABŞ-da həbsdə olan və Ərdoğan ailəsinin “qara kassiri” sayılan Rza Zərrabın da şok açıqlamaları yaxınlarda gündəmi titrədə bilər.

Ərdoğan NATO ilə münasibətləri korlamaq xəttini seçib. Türkiyə prezidenti Rusiyaya sığınır. Ehtimal etmək olar ki, yaxınlarda İrana da səfər edəcək. Vaxtilə, Nəcəfdə Həzrət Əlinin türbəsini ziyarət edən Ərdoğan, İstanbula qayıdan kimi “aşura mərasimləri”nin keçirilməsinə izn verdi. Bir sözlə, Ərdoğan bir şiəyə çevrilərək, məzhəbçi olmadığını nümayiş etdirmək istəyirdi. Yenə də eyni ssenarinin oynanıla biləcəyi istisna edilmir.

Ərdoğanın hikkəsi Avropa ölkələrinin “erməni genosidi”ni tanıması ilə sonuclandı. Bütün bu addımlar açıq-aydın Ərdoğana qarşı ardıcıl təzyiq mərhələləridir. Ərdoğan real hakimiyyətini itirmək üzrədir. “Pensinvaniyalı zatı”n həbsini istəyən Ərdoğanın daha bir ciddi rəqibi hələ meydanda qalır. Bu, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğludur. Ərdoğanın qarşısında ya Davudoğlunu qiyamla bağlayıb, həbs etmək durur, ya da Davudoğlu “Sem dayı”nın dəstəyi ilə hakimiyyətə gəlir. Ən azı aralıq müddətə. Əhməd Davudoğlunu sevənlər və ona nifrət edənlər çoxdur. Lakin o, ABŞ-ın dəstək verdiyi bir siyasətçidir. Bu, onun siyasi çəkisini artırır. Bu proseslər fonunda cəmiyyətin nəzərləri general İlker Başbuğa dikilir. Gülənin qatı düşməni olan general Başbuğ Ərdoğana ən ciddi rəqib ola bilər. Müxalifəti birləşdirə biləcək İlker Başbuğa Türkiyə cəmiyyətində rəğbət durmadan artır.

Hələlik isə Ərdoğan rəqiblərinin, hətta mötədillərin təqibini davam etdirir. Onun başlıca tezisi “məni xalq seçibdir”dən ibarətdir. Demokratiya təkcə və sadəcə seçkilər deyil, həm də insan hüququdur, azlığın hüququdur, ədalətin diktaturası, ifadə və birləşmə azadlığıdır. Əgər azadlıqlar sıxışdırılırsa, müzakirələr və informasiyalar repressiyaya gətirib çıxarırsa, onda oriyentasiyadan kənar insanların səsverməsi hələ demokratiya və ədalət demək deyil. Demokratiyada seçkidə məğlub olan azlığın da hüquqları tanınır. Çağdaş Türkiyədə isə belə bir münasibət imkansızdır.

Bir sözlə, Ərdoğanın manevr şansları xeyli dərəcə daralıb və görünən budur ki, bir sistem xaosu yaşanmaqdadır. Ərdoğan son çevriliş cəhdindən sonra ordunu demək olar ki, darmadağın etdi, Türkiyənin şah damarı əsaslı dərəcədə zədələndi. Görünən budur ki, Ərdoğanın qiyam barədə məlumatı öncədən olub və odur ki, haqlı sual yaranır: Niyə qiyama rəhbərlik edənlər öncədən zərərsizləşdirilmədi? Necə ola bilər ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi girov götürülsün, lakin sağ-salamat qurtulsun? Necə ola bilər ki, Türkiyə parlamenti bombalansın, lakin bir nəfər millət vəkilinin də burnu qanamasın? Necə ola bilər ki, Ərdoğanın qaldığı otelə bomba atısın, lakin prezident orada olmasın? Uzun müddətdən bəri hazırlanan hərbi çevriliş cəhdi barəsində MİT-in deyil, Ərdoğanın kürəkəninin xəbərdar olmasını necə izah etmək olar? Tankların küçələrə çıxmasına niyə imkan verildi? İlk baxışdan belə görünür ki, Ərdoğan öz səlahiyyətlərini genişləndirmək və siyasi müxalifəti cilovlamaq üçün hərbi çevriliş oyunundan istifadə etmək istəyib və son anda vəziyyətin nəzarətdən çıxa biləcəyinindən ehtiyat edib. Lakin Türkiyədə artıq diktaturanın yaranması qorxusu var və ölüm hökmünün bərpası çağırışları Ankaranın Avropa qurumlarından çıxarılması ilə sonuclana bilər. Qiyamı yatıran Ərdoğan bütün rəqiblərini zərərsizləşdirmək niyyətindədir. Lakin o, çətin seçim qarşısındadır. Ərdoğan bu qədər nifrət etdiyi Bəşər Əsədlə də barışmalı olacaq. Hətta Misir diktatatoru Sisi ilə də barışıq gündəmdədir. Son mərhələdə isə Əsədə qarşı vuruşanlara, Mursini devirənlərə qarşı savaş başlayır. Bu, Ərdoğanı onu sevənlərin gözündə dəfn etmək anlamına gəlir.

Türkiyədə proseslər ən ağır dönəmə qədəm basır. Ərdoğan islam oyunu oynayır. Lakin İranı itirən ABŞ çətin ki, “islamla daha bir tanqo” oyununa hazır olsun…

Azər Rəşidoğlu

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Vladimir Putinin Azərbaycana səfəri başa çatıb

%d bloqqer bunu bəyənir: