Loading...
Loading...

“Ən xoş vaxtım metroda keçir”

Övladı əsəb xəstəliyindən əziyyət çəkən ana əl işlərini satmaqla dolanır

“İki övladım var. Oğlumun biri  əsəb xəstəsidir. Düz 20 ildir onunla birgə Bakıda kirayədə yaşayıram. O biri oğlum və 70 yaşlı yoldaşım rayonda qalır”. 
Bu sözləri əslən qubalı olan Elmira Mirzəyeva deyir. O, hazırladığı əl işlərini satmaqla dolanır…
Yəqin çoxu “Gənclik” metrostansiyasının keçidində dayanmış bu uzunətəkli, başıyaylıqlı qadınla tez-tez rastlaşır. Hətta yaxınlaşıb əlində tutduğu əşyalara baxanlar da az deyil. Ancaq çətin ki, kimsə onun həyat hekayəsini dinləyib, niyə yayın istisində, qışın soyuğunda burada dayandığı ilə maraqlansın.  Halbuki qadının ürəyi o qədər doludur və yaxınlaşıb halını soruşmaq yetər ki, bütün taleyini önünə sərsin…
 
“Borca düşüb evi satdıq”
Elmira Mirzəyeva deyir ki, ailə dostlarının təklifi ilə Bakıya köçüb: “Yoldaşımın dostu o vaxtlar bizi Türkan qəsəbəsində yerləşən bir zavoda qeydiyyata saldı. Guya ki, zavod söküləndən sonra bizə də pay düşməli idi. Ancaq zavod söküldüyü vaxtda yoldaşım xəstələndi və Qubaya getdi. Mən evdar xanım olduğumdan bu işin arxasınca düşə bilmədim. Bir-iki dəfə maraqlandım,  məni məsələyə yaxın buraxmadılar. Hazırda bir oğlum qaynatasıgilin köməyi ilə Qubada özünə şərait qurdu. Mən də digər oğlumla kirayələrdə yaşayıram”.
Qadın deyir ki, əslində əvvəllər Bakıda evləri olub. Ancaq sonradan onu satmaq məcburiyyətində qalıblar: “Yoldaşımın bazarda balaca bir yeri vardı. İlk vaxtlar işlləri yaxşı idi. Sonra borca düşdük deyə evidə satdıq. Evin pulu ilə borcu bağladıq. Qalan bir miqdar pulla isə güzaranımızı keçirirdik. O da bitəndən sonra işləməyə başladım”.
“Oğlumu heç vaxt tək qoyub getmərəm”
“Oğlum Elşənin nevroloji problemləri var. Hər şeyə qarşı həssasdı. Dəfələrlə qohumlarla dava salıb. Mən anayam, sabah qohumlarımın yanına getsəm, yenə məni qəbul edərlər. Amma oğlumu heç kim qəbul etmir. Mən də onu heç vaxt tək qoyub getmərəm. Əslində bu vəziyyətinə görə Elşən də qohumlarının yanına getməz. Bir ara biz Qubaya getdik. Orada bir müddət kirayədə qaldıq. Amma qazana bilmirdim, ev pulunu ödəyə bilmədim deyə qayıtdıq bura. Hal-hazırda da zəng edib maraqlansanız, ev sahibi 1150 manat borclu olduğumu deyəcək. Qubada olduğumuz müddətdə yoldaşım gəlib bizimlə yaşadı. Hər şeyə rəğmən onun gəlməsinə mane olmadım. Ürəyi xəstə, 70 yaşlı adamı necə qapımdan qovaydım?! Oğlumu da belə vəziyyətdə ata bilmərəm. O, çox ağılllı oğlandır.  Lakin onun əsəb xəstəliyi həyatımızı qaraldır. Bizi heç kim qəbul etmir. Bu oğluma görə hamı üz döndərib bizdən. Deyirlər: “At onu, gəl! Biz sənə baxarıq!” Etmərəm”,  – deyir qadın.
“Nəvələrimi cəmi iki dəfə görmüşəm”
Elmira Mirzəyeva deyir ki, rayonda nəvələri də var. Ancaq onların üzünü görə bilmir: “Onların üzünə həsrət qalmışam. Hələ Qubadakı oğlum zəng edəndə qorxa-qorxa danışıram. Nəvələrimi cəmi iki dəfə görmüşəm. Artıq böyüyüblər. Biri bu il universitetə qəbul olunub”.
Qadın yenə əsəb xəstəliyindən əziyyət çəkən oğlundan danışır, deyir ki, bütün istəyi onu heç nəyə möhtac qoymamaqdı: “O, əvvəldən əsəbi idi. Yavaş-yavaş xəstəlik ağırlaşdı. İndi də pis vəziyyərdədir. Evimdə dustağ kimiyəm! Səhərlər tikiş tikirəm. Axşamlar 8-dən sonra metroya gəlib onları satıram. Bu, bizim yeganə dolanışıq yerimizdi. Mən heç vaxt dilənmərəm. Bəzən dilənən insanları görəndə pul da verirəm. Çoxu məni metroda görəndə yazığı gəlir, amma bilmirlər ki, mənim elə ən gözəl vaxtlarım metroda keçirdiyim bir neçə saatdır. Hər gün evdən çıxanda da peşman oluram. Oğlum dayanıb yarım saat qaza, işığa, suya baxır. Mən də gözləyirəm ki, bu bitirsin. Çox zaman öz hərəkətlərinə özü peşman olur. Soruşur, mən niyə beləyəm. Niyə hamı kimi evlənib, xoşbəxt ola bilmirəm? Məni qınayır, deyir: “Sən mənim haqqımı ver!” Mən bu dolanışıqla ona nə verə bilərəm?!”.
“Bu hadisə Elşənə travma yaşatdı”
Ana deyir ki, oğlu Elşən əvvəllər toylarda qoşa nağara çalırmış. Ancaq bir qıza aşiq olması bütün həyatını dəyişib: “Qardaşı da musiqiçidir. İkisi birlikdə toylara gedirdilər. Sonralar necəsə Elşən bir qız bəyəndi. Bir-birilərini çox sevirdilər. Amma münasibətləri alınmadı. Bu hadisədən sonra toylarda insanlar üçün bayram havası çalması, amma öz xoşbətliyini tapa bilməməsi Elşənə travma yaşatdı”.
Elmira Mirzəyeva deyir ki, imkansızlıqdan övladı müalicə də oluna bilmir: “Bu satdıqarımla güclə dolanırıq. Mən bilmirəm kirayə haqqı verim, yoxsa onun geyimini, siqaretini, paltarını alım. Tamam özündən çıxanda təcili yardım çağırıram. Onlarla normal söhbət edir, mən də Elşənin yanında durumu izah edə bilmirəm. Bunun bir çarəsi olmalıdır. Yoxsa bu insan cəmiyyətə də, özünə də böyük ziyan vura bilər! Mən onu xəstəxanaya yerləşdirməkdəndə qorxuram. Düşünürəm qayıdandan sonra mənə də xəsarət yetirər”.
“Mehriban xanıma məktub yazmışdım”
Elmira Mirzəyeva düşünür ki, evi olarsa, problemlərinin bir qismi azalar. Ən azı ev kirayəsi üçün verdiyi pulu oğlunun müalicəsi üçün xərcləyər, onun vəziyyətinin stabil qalmasına yardımçı olar. Hətta buna görə bir çox yerə müraciət də edib. Lakin heç kim qadına köməklik etmək istəməyib:
“Prezident Administrasiyasından tutmuş Bakı şəhər İcra Hakimiyyətinə kimi hər yerə yazmışam. Hətta Qubadan deputat seçilmiş Vahid Əhmədovla da görüşmüşəm. Əvvəl dedi: “Ana, sənə yardımçı olacam”,  amma sonra ondan xəbər çıxmadı. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə getmişəm, hər dəfə bir bahənə ilə qapıdan qaytarıblar. Mehriban xanıma da məktub yazmışdım. Onun xalası qızı məni qəbul etdi. Dinlədikdən sonra göndərdi Bakı şəhər İcra Hakimiyyətinə. Orda da qapıda duran qız mənə dedi ki, indi evimiz yoxdur, hədərə zəhmət çəkmə. Kimə yazım, kimə deyim dərdimi, bilmirəm.
Artıq normal yaşamaq istəyirəm.  Qorxuram. Ayağım ağrıyır, güclə yeriyirəm. Amma məcbur işləyirəm. Dövlətdən, cənab prezidentdən yardım istəyirəm. Ən azından bir balaca evim olsa, bilərdim ki, mən ölsəm Elşən küçələrdə qalmayacaq”.
 
İqrar Qurbanzadə
Arqument.Az

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Rayonlarda qısamüddətli yağış gözlənilir

%d bloqqer bunu bəyənir: