Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əmlak Komitəsindən möhtəşəm fırıldaq: Qurum 1.5 ha torpağı bir mənzil qiymətinə satıb (ARAŞDIRMA)

Yazının əvvəlini buradan oxuya bilərsiz: Daxili işlər nazirinin qardaşı 400 adamın mülkünü yerlə-yeksan etdi – Bakıda görünməmiş özbaşınalıq (FOTO)

II yazı

“Sabunçu İstehsalat Xidməti Bazası” ASC-nin səhmdarı Cahangir İsmayılov deyir ki, ortada korrupsiya əlamətlərini göstərən sübut yarandığına görə hüquqlarının pozulduğunu əsas gətirib. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası) müraciət edib, ASC-nin sonuncu – 30 iyun tarixli ümumi yığıncağının materialları ilə tanış ola bilmədiyini yazıb.

C.İsmayılov: “Mənə cavab verdilər ki, “biz onlara müraciət edib, cavab ala bilmədik, müəssisəni 1500 manat cərimə eləmişik”.

Sonradan Komitənin Milli Depozit Mərkəzinə müraciət edib səhmdarların reyestrindən çıxarış aldım. Mənə cavab verməzdən 16 gün əvvəl – iyulun 21-də “Sabunçu İXB” ASC-nin ayrılmasını Komitədə dövlət qeydiyyatına alıblar. Məktub mənə avqustun 7-də gəlib. Onları necə cərimə ediblər ki, sonra da qeydiyyatdan keçiriblər? Əmlak Komitəsinin burada iştirakı 100 faizdir, Komitə ikili oyun oynayır, camaatın mülkünün əlindən alınmasına havadarlıq edir. Amma QKDK da özünü ƏMDK-nın bir şöbəsi kimi aparır, Komitədən deyiləni icra edir”.

ƏMDK 400 payçısı olan müəssisəni investorlara “şəriksiz” adıyla verir

dagidilmis

Yeri gəlmişkən, səhmdar Nizami Aslanbəyovun müraciəti əsasında Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli qərarı ilə də İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə müəssisə rəhbərliyi inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 manat cərimə olunub. İcra tələbi yerinə yetirilmədiyindən ASC-nin vəzifəli şəxsi Güloğlan İbrahimovun inzibati məsuliyyətə cəlb edilməsi barədə Sabunçu rayon İcra Şöbəsində protokol tərtib olunub. C.İsmayılov hakim Z.Tağıyevdən 30 iyun protokolunun təsdiq olunmuş surətinin ona təqdim olunmasını təmin etməyi xahiş edib, hakim həmin sənədlərin kommersiya sirri olduğunu bildirərək, bundan imtina edib. Onda C.İsmayılov MM-in 107-6.3. maddəsinə (səhmdarın tələbi ilə ümumi yığıncağın protokolunun surəti ona təqdim edilməlidir) istinad edərək istədiyi sənədlərin onun üçün kommersiya xarakteri daşımadığını sübut edib. Bundan başqa Mülki Prosessual Məcəllənin 47.2. maddəsinə görə “işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxartmaq hüququna malikdirlər”.

C. İsmayılov deyir ki, dövlət qurumları “bölünmə”ni qəbul etmədiyi halda, Ə.Əhmədov 403 səhmdara məxsus əmlakı özbaşına söküb yerə qoyub: “Sabah biz müraciət edəcəyik ki, əmlakımızı məhv ediblər. Deyəcəm, “mənim əmlakım qızıldan idi”. Çünki indi olmayan əmlakı mən necə qiymətləndirim? Normal binalardan əsər-əlamət qalmayıb, xarabalığa çeviriblər. Dərhal da mən bu barədə daxili işlər naziri Ramil Usubovun elektron poçtuna yazmışam ki, kim olduğunu müəyyən edə bilmədiyim adamlar müəssisəni söküb-dağıdır, mən səhmdarı da içəri buraxmırlar. Təsdiqlənməmiş, amma uyğun gələn informasiyadır, ƏMDK müəssisələrin səhm-nəzarət paketini 100% adı ilə satır. Sonradan paket sahibləri öyrənirlər ki, sən demə daha 3-4 yüz ortağı varmış. Bu da mülkiyyət sahibi ilə Komitə arasında olan o davalardan biridir, amma arada mülkiyyətçi digər kiçik ortaqları ilə düşmən olur. İndiyə qədər 20 müəssisə rəhbərindən “mənə deyiblər müəssisə 100% sənindir, amma sonradan başqa səhmdarların da olduğunu gördüm”, cümləsini eşitmişəm”.

Milyonluq əmlakından imtina edib “havada qalmağı” seçdi

torpaq-sahesi

Bütün bunlar azmış kimi səhmdarlar indi də eşidiblər ki, onlara məxsus müəssisənin istifadəsində olan torpaq qanunsuz özəlləşdirilib. ASC-nin payçılarının iddiasına görə, arada səhmdarların ümumi yığıncağında guya torpağın özəlləşməsi və icarəsindən imtina barədə “qərar” olan saxta protokol dolaşır. Komitədə də həmin “protokol”a istinad edirlər. C.İsmayılov: “VN bölünməni qəbul etməyib, məhkəmə də bu dövlət qurumunun qərarını dəstəkləyib, bəs ƏMDK hansı əsasla torpağı özəlləşdirib? Komitə öz yanından guya işini etibarlı tutur. Onlara deyirlər ki, “torpağın icarəsi və özəlləşdirilməsindən imtina barədə protokol yazıb gətirin”. Onlar da fikirləşirlər, “protokoldur da”, idarə heyətinin adından “biz torpağın icarəsindən də, özəlləşdirilməsindən də imtina edirik”, deyə saxta iclas protokolu yazıb möhür, imza ilə Komitəyə verirlər. Komitədən də “bizim əlimizdə sənəd var, onlar imtina edib, biz də bunun əsasında hərraca çıxarıb satmışıq”, deyə öz əməllərinə hüquqi don geydirməyə çalışırlar. Amma ortaya bir neçə cür “protokol” çıxarılıb – Vergilərə bir, məhkəməyə başqa məzmunda”.

Beləliklə, Ə.Əhmədov “havada qalmağı” tərcih edib. Komitənin saytında olan 03 dekabr 2013-cü il tarixdə keçirilmiş 744-cü pul hərracında səhmləri satılmış səhmdar cəmiyyəti haqqında məlumatda deyilir ki, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, 37 ünvanında yerləşən “Sabunçu İstehsalat Xidməti Bazası” ASC-nin nizamnamə kapitalının həcmi 1 389 302 manat, buraxılmış səhmlərin ümumi sayı 2 778 604 ədəd, bir səhmin nominal qiyməti 0.50 manatdır. Satışa çıxarılmış səhmlərin sayı 833 817 ədəd, nizamnamə kapitalında payı 30,01%, səhmlərin nominal dəyəri 416 908.50 manat, ilkin hərrac (satış) qiyməti 208 454.25 manat, satış qiyməti 208 454.25 manat olub. Yəni, filmlərdə gördüyümüz hərraclardakı kimi interaktiv proses keçməyib, 30% elə ilkin qiymətinə də nazir qardaşının adına sənədləşdirilib. Adamın səhmlərinin üçdə birinə rəsmi şəkildə 208 min manat xərclədiyi bəlli olur. Ümumilikdə müəssisəni almağa sərf etdiyi pul yarım milyon manat civarında, müəssisənin dəyəri isə ondan iki dəfə yuxarıdır. Amma, sadəcə kağız parçası ilə kifayətlənib müəssisənin istifadəsində olan torpaqdan öz xoşuna imtina etməklə qeyri-adekvat davranış sərgiləyirlər. Torpağa marağı yoxdursa, o səhmləri niyə alıb, ləğv edib dövriyyədən çıxartmaq üçünmü? Torpaqdan imtina ASC-nin ləğvinə gətirən prosesdir. Özəlləşdirməkdən də, icarədən də imtina edilirsə, onda o müəssisəni pul verib almağın nə anlamı var? Əslində müəssisənin torpağından öz xeyirlərinə “imtina edirlər”. Rəsmi açıqlanmır, amma araşdırılsa, torpağın qohum-əqrabasında olduğu üzə çıxacaq.

C.İsmayılov deyir ki, bu ilin fevralın 19-da guya iclas keçirdikləri barədə saxta protokol tərtib ediblər, həmin məsələni də ora salıblar, halbuki belə bir iclas yerli-dibli olmayıb, çünki heç kimə bildiriş göndərməyiblər. Qanuni qüvvəsi olmayan, “protokol” adlandırdıqları kağız parçasını səhmdarlara göstərmirlər. Gah da deyirlər ki, guya torpaqdan imtinanı bölünmədən əvvəl ediblər. O zaman bölünməyə nə ehtiyac vardı? İclasda nəyi bölürdülər və olmayan əmlakı niyə və necə bölürdülər? Onlar 30 iyun iclasının qərarını artıq dövlət qurumları tərəfindən qəbul edilmiş sayıb, tikililəri dağıdıblar, yerində əhmədovların “TEMA” tikinti şirkəti 17 ədəd hündürmərtəbəli bina tikməyi planlaşdırır. Amma tələsdikləri bəllidir, çünki VN-nin qeydiyyatdan imtina edəcəyinə inanmırdılar.

14 618 kv/m. torpağı 99 min manata “aradan çıxardıblar”

torpaq-sabuncu

Hərracların Təşkili üzrə Auksion Mərkəzinin saytında 26 yanvar 2016-cı il tarixdə Bakı şəhəri üzrə keçirilmiş hərracda satılmış obyektin yerləşdiyi torpaq sahəsinin siyahısı cəmi bir obyekt üzrə məlumatdan ibarətdir: “Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, 37, mülkiyyət hüququnun təsdiq edilməsinə dair sənədinin №-si və tarixi (Reyestrdən çıxarış № 1114065074; 12.07.14); torpaq sahəsi 14 618,2 kv/m; start qiyməti 99 404 manat; satış qiyməti 99 404 manat; sərəncamın №-si və tarixi 63 25.12.15”. Bəli, bu, bizim haqqında danışdığımız müəssisənin torpağıdır, səhmdarlarından xəbərsiz satışa çıxarıb, elə ilkin təklif olunan qiymətinə də satıblar. Yalandan da olsa qiymət dəyişməyiblər. Bu hərracın da rəqabətsiz olduğu bəllidir. Kimsə qiymət artırmayıb, yarış getməyib, sadəcə torpağı ucuz qiymətə başqasının adına rəsmiləşdiriblər və kv/m.-i 6,80 manatdan satılıb. Müəssisədən geridə qalanlara baxış keçirəndə məlum oldu ki, yalnız birmərtəbəli kiçik anbara bənzər tikilini sökməyiblər, 402 səhmdara saxladıqları da elə bu tikilidir. Amma kim müəyyənləşdirib ki, kiçik ortaqların səhmlərinə düşən hissə o anbardadır, müəssisənin mərkəzində yox? 14 618,2 kv/m.-i satıblar, yerdə özəlləşdirilməmiş 928,8 kv/m. sahə qalıb. Əslində ədalətli bölgüyə qalsa, digər səhmdarların payı 2 720 kv/m. idi, yəni “bölünmə balansı” da yanlışdır. Bizim hesablamalardan sonra “ağ elədiklərini” görüb torpağın üzərinə əlavə ediblər. 15 547 kv/m.-in Ə.Əhmədovun payına düşən 82,4686%-i 12 821 kv/m.-dir, amma adam burada da, yumşaq ifadə etsək, ədalətsizliyindən əl çəkmir, səhmdarlara məxsus 2 726 kv/m.-in 1 797.2 kv/m.-ni də beləcə özününküləşdirib, Komitənin “əli ilə” satdırıb. Komitədə havayı maaş alanlar da torpağı satışa çıxaranda oturub hesablamayıblar ki, “protokolda” olan 82,4686% səhm sahibinin nə qədər sahəyə sərəncam vermək hüququ var. Torpağın minoritar səhmdarlardan gizlin satıldığı ortadadır.

Gündəlikdə olmayan məsələ üzrə “qərar” qəbul edilib

Mülki Məcəllənin 107-5, “Səhmdarların ümumi yığıncağının qərarı” maddəsinin 107-5.2. bəndində birmənalı göstərilir ki, səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz. Ortaya bir elan çıxartsınlar ki, səhmdarların ümumi yığıncağının gündəliyində torpağın icarə və ya özəlləşməsindən imtina məsələsi var. Çıxara bilməzlər, çünki heç vaxt belə bir elan olmayıb. Komitədə torpağı hərraca çıxartmadan əvvəl torpaqdan imtina məsələsinin müzakirə olunduğu iclasın (əgər belə bir iclas varsa) elanını, sonra protokol tələb etməli idilər.

C.İsmayılov deyir ki, torpağın özəlləşdirilməsini sonradan icad ediblər, əslində torpaq cəmiyyətlə birgə səhmdarlarına satılmalıydı: “Torpağın özəlləşdirilməsinə dair Komitəyə sorğu verəcəm, icarə və özəlləşdirilməsindən imtina protokolunu istəyəcəm. Bu biri tərəf sənədləri vermir. Torpaq iclasın qərarı ilə satışa çıxarılmalıydı. Əvvəla, səhmdar üçün həmin sənədlər kommersiya sirri sayılmır. İkincisi də, əgər o protokolu biz təsdiqləmişiksə, niyə onu bizdən gizlədirlər? İmtina üçün səbəbləri var, amma heç bir əsasları yoxdur. Biz onu qanuni sənəd kimi qəbul etmirik. Torpağın özəlləşdirilməsinə dair hərracın ləğvi ilə bağlı da məhkəməyə müraciət edəcəyik, çünki o hərrac qanunsuz keçirilib, saxta imzalanmış protokol əsasında bunu ediblər. Torpağın özəlləşdirilməsi ilə bağlı Əmlak Komitəsinə sorğu göndərəcəm, qoy onu necə özəlləşdirdikləri haqda səhmdara izahat versinlər. Sənədləri verdilər-vermədilər, məhkəməyə müraciət edəcəyik. Versələr sənədlə məhkəməyə gedəcəyik ki, bu, saxtadır. Verməsələr, deyəcəyik “müraciət etmişik, sənəd vermirlər, çünki sənəd saxtadır””.

ƏMDK yanvarın 9-dan aprelin 9-na qədər nə hiylə qurub?

Komitənin saytında “Mülkiyyət” qəzetinin bu ilin yanvar ayının 9-dan aprel ayının 9-na qədər hər yerdə üst tarixi fərqli olsa da linki açdığınızda 9 aprel nömrəsidir. Tam 13 nömrə öz sayı ilə qeyd olunsa da içərisindəki materiallar söylədiyimiz tarixə məxsusdur. Bu, sıradan səhv ola bilməz, görünür nömrələrdən birində ya “Sabunçu İXB” ilə bağlı hərracı gizlətmək üçün bu yola əl atıblar, ya da müəssisələrin istifadəsində olan torpaqların kütləvi satışı aparılıb ki, 3 ay boyunca belə fənddən istifadə edilib. Keçən il “Cənub Mehmanxanası” ASC ilə də bağlı oxşar hiylə eləmişdilər. Müəssisənin torpağını kiçik ortaqlarından gizli hərraca çıxarıb, elanda ştrixlərdən istifadə olunmaqla oxunmaması üçün əllərindən gələni eləmişdilər. Bu hiyləni ortaya çıxartdıq, amma torpaq artıq başqalarının əlinə keçmişdi…

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Dağlıq rayonlarda dolu gözlənir

%d bloqqer bunu bəyənir: