Loading...
Loading...

Əliyevin imzaladığı sərəncam “çox gec və çox azdır”

Aprelin 28-də Azərbaycan prezidenti İlham Əliyev “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncamı imzalayandan sonra bu addım “çox az və çox gec” adlandırılır.

BBC Azərbaycancaya danışan Açıq Hökumət Partnyorluğu (OGP – Open Government Partnership) iştirakçıları və rəsmiləri qeyd ediblər ki, bu sərəncam yanvarın 31-dək imzalanmalı və artıq tətbiq olunmalı idi.

“Zənnimcə bu addım müsbətdir amma əslində düşünmürən ki, (mayın 3-ü və 4-də keçiriləcək) danışıqlara və qərarvermə prosesinə böyük bir dəyişiklik edəcək”, Açıq Hökumət Partnyorluğunda mülki cəmiyyətlə bağlı işlərə rəhbərlik edən komitənin üzvü Nathaniel Heller BBC Azərbaycancaya deyib. “Çünki bunun üçün verilən son müddətdən artıq 3 ay keçib. Bu, böyük problemdir”.

OGP 2014-cü ildə Azərbaycanın bu Partnyorluğa “reputasiya riski” təşkil edib etmədiyini araşdırmağa başlayıb.

Nathaniel Heller-in qeyd etdiyinə görə, digər problem odur ki, Azərbaycanın qarşısına qoyulan bir sıra digər öhdəliklər heç icra olunmayıb.

OGP nümayəndələri həmçinin fəaliyyət planının ingiliscə versiyasını görmədiklərini və mahiyyətinin nə olduğunu hələ ki, bilmədiklərini deyirlər. “Bizə deyiblər ki, bazar ertəsi günü (2 may) ingiliscə versiya göndəriləcək”. Bazar ertəsi də həmin OGP nümayəndələri hələ ki, almadıqlarını BBC Azərbaycancaya təkrarlayıblar.

Sarı kart yoxsa qırmızı kart?

OGP-ə gəldikdə, Dondurulmuş (“Inactive”) status o deməkdir ki, 12 ay ərzində sözügedən ölkə səs verə və tədbirlərdə iştirak edə bilməyəcək. Lakin həmin 12 ay ərzində ölkə hələ də qarşısındakı öhdəlikləri yerinə yetirmək üçün işləri davam etməli olacaq və bunda OGP ölkəyə dəstək göstərəcək, Partnyorluğun Mülki Cəmiyyətdə İştirak üzrə Direktoru Paul Maassen BBC Azərbaycancaya izah edib.

Image copyrightReuters

“Futbol terminlərindən istifadə etsək bu, qırmızı kart deyil, sarı kartdır – sadəcə təzyiqi artırmaq üçün bir vasitədir” – deyə Maassen əlavə edib.

O bildirib ki, Dondurulmuş statusunun tətbiq olunması barədə addım indiyə qədər heç bir ölkəyə qarşı atılmayıb – amma belə bir tədbirin tədbirin görülə biləcəyi barədə qərar ilk dəfə yalnız 2014-cü ildə verilib. Bundan sonra Macarıstana qarşı da oxşar proses başlanılıb, Paul Maassen deyir.

“Cavab prosesinin iki məqsədi var. Birinci məqsəd – narahatlıq qaldırılanda bunun öhdəsindən gəlmək üçün ölkəyə dəstək göstərməkdir, ikinci məqsəd isə Partnyorluğun nüfuzunu qorumaqdır”.

Narahatlığın səbəbi nə idi?

2014-cü ildə Azərbaycan barədə narahatlıqları qaldıran təşkilatlar arasında Publish What You Pay, Article 19 və CIVICUS olub.

Publish What You Pay nümayəndəsi Asmara Klein BBC Azərbaycancaya deyib ki, Azərbaycan haqqında narahatlıq qaldırmağın səbəbi odur ki, bəzi dəyişikliklər olsa da “qanunvericilik dəyişməyib. İrəliləyişlər isə sadəcə yarım addımlar olub, hansılar ki, istəyəndə tətbiq olunur, istəməyəndə tətbiq olunmur”.

Onun fikrincə son aylar ərzində fəalların həbsdən azad olunması və bu Fəaliyyət Planının qəbul olunması, Azərbaycan daxilində baş verən proseslərlə bağlıdır. “Azərbaycan beynəlxalq arenada çox təzyiq altındadır və son aylar ərzində çox əhəmiyyətli dəyişikliklər etməli oldu”, Klein belə düşünür.

O da Faəliyyət Planının qəbul olunması faktını “müsbət addım” adlandırsa da, çərşənbə axşamı günü başlayacaq müzakirələrə bunun əhəmiyyətli təsirinin olmayacağını düşünür.

BBC Azərbaycancaya danışan bəzi OGP üzvləri Cənubi Afrikada keçiriləcək danışıqların mümkün nəticələrini əvvəlcədən şərh etmək istəməsələr də fərz edirlər ki, Azərbaycan “dondurulmuş status” almamaq üçün kifayət qədər addımlar atmayıb.

İlham Əliyevin imzaladığı sərəncama görə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlar təqdim etsinlər; Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada məlumat versinlər.

Azərbaycan 2011-ci ildəndir ki, OGP üzvüdür. OGP, məqsədini hökumətdə “şəffaflığı təmin etmək, vətəndaşlara səlahiyyət vermək və korrupsiya ilə mübarizə aparmaq” kimi izah edir.

“Biz istəmirik ki, Azərbaycan bu Partnyorluqdan çıxarılsın, xaric edilsin. İstəyirik ki, birgə işləyək və fəaliyyət planı üçün konkret addımlar tətbiq olunsun”, Asmara Klein deyir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycanın NATO və Rusiya arasında “ölüm rəqsi” – TƏHLİL

%d bloqqer bunu bəyənir: