Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əliyev komandayla bacarmadığını etiraf etdi

Müşavirələrdəki hədələr niyə effekt vermir?

Bildiyiniz kimi ölkə başçısı Ilham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Ötən yazımızda ölkə başçısının çıxşından bir neçə məqama toxunduq və ABŞ-dan maliyyə yardımı almaq üçün verilən vədlərlə oxucuları tanış etdik.

Amma Ilham Əliyev yekun nitqində də maraqlı fikirlər söyləyib, etiraflar edib: “Korrupsiya üzləşdiyimiz ciddi problemlərdən biridir. Islahatlar korrupsiyanın nəzərəçarpan dərəcədə azaldılmasına yönəldilib. Əfsuslar olsun ki, inzibati tədbirlər, eləcə də cəza tədbirləri istədiyimiz effekti vermir. Onların müvəqqəti təsiri var, çünki vaxt keçir və digər insanlar gəlir. Bu, yenə də təkrarlanır. Biz nə etməliyik? Buna görə, korrupsiyaya qarşı mübarizə davam edəcək və biz imkanları daraldacağıq. Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq. Həmçinin bunun bir hissəsi olan bürokratiyaya da qarşı gedəcəyik. Bürokratiya korrupsiyaya bağlıdır, çünki bəzi dövlət məmurları nəyisə əldə etmək üçün bürokratik əngəllərdən istifadə edir və sahibkarların, insanların işini çətinliyə salırlar. Onlar bunu öz maraqlarını təmin etmək üçün edirlər”- deyə ölkə başçısı bildirib.

Bəli, Ilham Əliyev etiraf edir ki, müşavirələrdəki hədələr, barmaq silkələmələri heç bir effekt vermir, korrupsiya, məmur özbaşınalığı davam edir. Eyni zamanda etiraf edir ki, komanda ilə bacara bilmir, cəmiyyətə verdiyi vədlərə əməl etmək iqtidarında deyil.

Təbii ki, siyasi iradə olmadan, yalnız daxili auditoriyaya hesablanmış pafoslu çıxışlarla neqativlərin qarşısını almaq olmaz. Korrupsiyaya qarşı mübarizənni effekt verməsi üçün korrupsionerlər cəzalandırılmalıdır. Ilham Əliyev isə monopolistləri, korrupsionerləri “Şərəf”, “Şöhrət” ordeni ilə mükafatlandırır, əbədi vəzifəylə təmin edir. Balaca uşaq da bilir ki, bütün natəmizliklər o müşavirədə oturanlardan qaynaqlanır. Yüzlərlə, holdinqə, villaya, avtomobilə sahib olan, müxtəlif sahələri inhisarında saxlayan, ölkəni ata malı kimi bölüşdürən, həmin müşavirədə oturan yüksək vəzifəlilərdi. Birinci dərəcəli günahkarları sığallayıb, yüzüncü dərəcəliləri cəzalandıranda əlbəttə ki, nəticə olmayacaq. Digər tərəfdən bugünə qədər hakim ailəylə bağlı müxtəlif korrupsiya faktları ortaya çıxıb, Ilham Əliyevin özünə qarşı xeyli ittihmalar var. Ölkənin ən böyük banklarının, ticarət mərkəzlərinin, qızıl yataqlarının, dərman firmalarının, apteklərin məhz hakim ailəyə məxsus olduğu bildirilir. Yəni, ölkə başçısı birinci özü nümunə göstərməlidir. Əgər bu ittihamlar əsassızdırsa, bunu sübuta yetirməlidir. Offşorlarla bağlı araşdırmalara münasibət bildirməlidir və s. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyirdi ki, mən özüm rüşvət almadığıma görə, rüşvətin kökünü kəsə bildim.

Bəli, əgər iri məmur bilsə ki, bu qədər korrupsiya faktına görə cazalandırılacaq heç vaxt dövlətin sərvətini talan edə bilməz.

Ölkə başçısı etiraf edir ki, məmurlar öz maraqlarını təmin edirlər. Belə məmurlar niyə cəzalandırılmır? O müşavirədə oturan nazirlərin hansı şirkətlərə, hansı şadlıq saraylarına sahib olduqlarını cəmiyyət əzbər bilir. Hətta hansı meyvə-tərəvəzin hansı məmurun monopoliyasında olduğunu da sadə vətəndaş bilir. Yəni, bütün bunları ölkə başçısı bilmir?

Uzun illər ərzində iri məmurlarla bğalı saysız-hesabsız faktlar ortaya çıxıb. Amma bu faktların heç birinə adekvat reaksiya verilməyib. Əksinə, korrupsiya faktlarını ortaya çıxaranlar ləkələnib, təzyiqə məruz qalıb, həbs olunub və s.

Əgər korrupsiyanın mənbəyi başdadırsa, əlbəttə ki, bu bəladan qurtulmaq mümkün olmayacaq. Günahsızların cəzalandığı, günahkarların cəzasız qaldığı ölkədə heç bir  ədalətdən, şəffaflıqdan söhbət gedə bilməz.

Istənilən halda ölkə başçısı ABŞ nümayəndə heyətinə acizliyini etiraf edib. Biz isə bu acizliyin səbəblərini göstərdik. Əgər hökumətin başında duran adamlar çirkaba batmayıbsa, üçüncü, beşinci dərəcəli məmurlar korrupsiyanı normaya çevirə bilməz. Necə ki, bütün dünyada bunun nümunəsini görürük. Korrusiyada ittiham olunan vəzifəlilər istefa verir, vəzifədən azad edilir, həbs olunur. Bizdə isə  qanun şah olmadığı üçün heç bir iri korrupsioner cəzalandırılmır.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Üçgünlük savaşın həqiqəti

%d bloqqer bunu bəyənir: