Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əli Məsimli: “Azərbaycan bank faizləri soyğunçu xarakter daşıyır”

“Hələlik manatın etibarlı şəkildə sabitləşməsindən söhbət gedə bilməz”

Sabiq baş nazir, Milli Məclisin deputatı Əli Məsimli 24saat.org-un suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

– Əli müəllim, sizin və Vahid Əhmədovun təşəbbüsü ilə parlamentə qanun layihəsi təqdim edilib. Bu haqda məlumat verə bilərsinizmi?

– Bildiyiniz kimi ölkədə ard-arda iki şok devalvasiya olub və nəticədə manat kəskin qiymətdən düşüb. Manat ətrafında yaranan neqativlər virus formasında həm iqtisadiyyatın real sektoruna, həm də sosial sektora təsir etməklə əhalinin güzəranını pisləşdirib. Bununla da, problemli kreditlər artmaqda davam edir. Əhali əvvəlkindən iki dəfə çox vəsaiti aldığı borca görə ödəməlidir. Bu da, hər bir adamın tədiyyə qabiliyyətinə uyğun olmadığı üçün kəskin proses yaranıb. Hazırkı vəziyyətdə bu prosesin bütün ağırlığı əhalinin üzərindədir. Biz isə hazırladığımız qanun layihəsi vasitəsilə hesab edirik ki, belə ağır prosesin bir tərəfin üzərinə atılması vəziyyəti kəskinləşdirir və gələcəkdə ciddi kataklizmlərə səbəb ola bilər. Ona görə də, biz indiki variantdan dördbucaqlı varianta keçməyi təklif edirik.

– Təklif etdiyiniz dördbucaqlı variantın mahiyyəti və məzmunu nədən ibarətdir?

– Hesab edirik ki, problemli kreditlərlə bağlı ədalətli olaraq ağırlığın bir hissəsi əhalinin üzərinə düşə bilər. Bildiyiniz kimi buna qədər dollar-manat münasibəti 78 qəpik idi, sonra 1 manat 05, daha sonra 1 manat 55 qəpik oldu. Hazırda 1 manat 50 qəpik civarındadır. Bizim fikrimizcə, dördbucaqlı variantda əhalinin bir hissəsi aldığı krediti 1.05 manatla ödəməlidir. İkincisi, Milli Bankdır. Üçüncüsü kommersiya bankları, dördüncüsü isə dövlətdir. Bu dördbucaq sistem əsasında risklər ədalətlə bölünsə problemin həlli sürətlənə bilər. Konkretliyə gəldikdə biz hesab edirik ki, əgər kiminsə banka min dollar borcu varsa, həmin insan vəfat edib və ya ağır duruma düşübsə, ona zamin duran şəxsləri incitmək və təzyiqlər göstərmək artıqdır. Çünki zamin duranların özləri də indi yaxşı durumda deyil. Ona görə də, ağır durumda olan və min dollar borcu olanların borcunun bağlanmasını doğru hesab edirik. Bizim təklifimizdə banka 5 və ya 10 min manat borcu olanların borcunun 1 dollara nisbətdə 1 manat 05 qəpik civarında hesablanması təklif edilir. Burada həm əhalinin, həm kredit verən bankların, həm Milli Bankın, həm də dövlətin üzərinə yük düşməklə problemin həlli modeli irəli sürülür. Nisbətən iri kreditlərdə isə biz nisbətən fərqli model təklif edirik. Daha doğrusu hesab edirik ki, bu kreditlərin 1 dolların 1 manat 05 qəpiklə 1 manat 55 qəpik arasında olan yuvarlaq rəqəmə, məsələn 1 dollara nisbətdə 1manat 25 qəpik ekvivalenti ödənilməsi ola bilər. Bu halda bankların sağlamlaşdırılması proqramı həyata keçirilən zaman müəyyən analizlər aparıla bilər, mümkünsə güzəştlərdə iştirak edən bankların vergidən azad edilməsi və ya əlavə vəsaitlərin ayrılması, fərq kompensasiyaslarının ödənilməsində dövlətin iştirakı kimi yanaşmalardan hansı məqbuldursa, istifadə edilə bilər.

– Sizə elə gəlmirmi ki, bu layihənin tətbiqi çətindir, ən azından bunun üçün bir neçə qanuna dəyişiklik edilməli deyilmi?

– Tamam doğru deyirsiniz. Layihənin 3-və 4 dördüncü əlavələrində qanuvericilikdə dəyişikliklər nəzərdə tutulur. Bu dəyişikliklər bizim təklif etdiyimiz modelin işlənməsi üçün vacibdir. Birinci blokda isə maliyyə-bank sektorunun sağlamlaşdırılması, real sektorun inkişafında maliyyə sektorunun rolunun artırılmasına dair təkliflər var. Hesab edirik ki, bu təkliflər həyata keçirilsə problem xeyli yumşalar və maliyyə blokunda yaranan vəziyyətdən çıxış isə bütövlükdə iqtisadiyyatın inkişafına, indiki vəziyyətlə müqayisədə daha pozitiv yön almasında rol oynaya bilər.

– Hazırda bir sıra kommersiya bankları əhaliyə kreditlər vermir. Bunu necə qəbul etmək olar?

– Banklar indi elə vəziyyətdədir ki… Banklar kredit vermir  və  bu məsələnin bir tərəfidir. Ancaq nəzərə almaq lazımdır ki, heç kim belə ağır şərtlərlə kredit almaq istəmir. Çünki ağır vəziyyətə düşüblər. İkincisi, əhali əvvəlki kimi banklara vəsait qoymur. Bu işlər bir-birinə qarışdığına görə, bankların kredit verməsi zəifləyib. Lakin bankların kredit verməməsi ilə yanaşı banklardan kredit alanların sayı da, dəfələrlə azalıb.

– Ancaq daha ciddi məsələ kreditlərin faizləri ilə bağlıdır və sanki bu hökuməti heç narahat etmir…

– Mən Bakı küləyi deyiləm ki, nahara qədər bir istiqamətdə, nahardan sonra isə əks istiqamətdə əsim. Mən nə deyirəmsə onun əsaslandırıb deyirəm və bu səbəbdən də dediyim sözün üzərində dururam. Azərbaycan bank faizləri soyğunçu xarakter daşıyır. Odur ki, kredit faizlərini aşağı salmaq istiqamətində tədbirlər görülməlidir.

– Sizcə, ölkənin real potensialına əsasən bank faizləri hansı həddə olmalıdır?

– Burada əsas nə götürülür?  Dünyada qəbul edilir ki, bank kreditləri müəyyənləşən zaman tələb-təklif, risk, bankın aldığı kredit resurslarının faiz dərəcəsi və inflyasiyanın dərəcəsi amili əsas götürülür. Bu amilləri diqqətə alandan sonra görürük ki, kredit faizləri bu faktorların orta göstəricisindən bir neçə dəfə yüksəkdir. Deməli bu süni surətdə formalaşdırılan faizlərdir. Banklar əsas amil kimi riski götürür, lakin soyğunçu faizləri tətbiq edən zaman maliyyə sisteminin çökmə riskinin əsasını elə banklar özləri qoyurlar.

– Bank kreditlərinin faizlərinin normalda nə qədər olması haqda konkret rəqəm söyləmək olarmı?

– Bu tələb-təklif əsasında müəyyən olunmalıdır.

– Yəni tələb çoxdursa, 28 faizlə kreditlərin verilməsi normaldır?

– Xeyir! 28 faiz soyğunçu faizdir. Postsovet məkanında belə faizə kredit vermirlər.

– Yeni devalvasiya gözləyirsinizmi?

– Növbəti devalvasiyanı o zaman proqnozlaşdırmaq mümkündür ki, ya valyuta məzənnəsi üzən rejimdə hərəkət etsin, ya da yumşaq devalvasiyaya keçilsin. Bu zaman müəyyən etmək olar ki, ilin sonuna devalvasiya nə qədər olacaq. Məsələn, fevralın 17-də Mərkəzi Bank yumşaq devalvasiyaya gedəndə biz proqnozlaşdırdıq ki, 1 dollar 90 qəpiyə qədər ola bilər. Ancaq sonradan götürüb dolların məzənnəsini 1 manat 05 qəpik etdilər və belə çıxdı ki, biz proqnozu düz vermədik. Hətta bizi buna görə ittiham etdilər. Ancaq nəzərə alın ki, kabinetdə müəyyən edilən rəqəmi iqtisadçılar proqnozlaşdıra bilməz. Əgər biz tam üzən məzənnəyə keçsəydik pronozlaşdırmaq mümkün olardı. Lakin tam üzən məzənnəyə keçmədiyimiz üçün manatın dollara nisbətdə vəziyyətin necə olacağını proqnoz etmək mümkün deyil. Amma hələlik manatın etibarlı şəkildə sabitləşməsindən söhbət gedə bilməz.

– İndi ilkin görüntü belədir ki, manat tədricən möhkəmlənir, dolların kursu nisbətən aşağı düşür…

– Yox. İndi pul kütləsi sıxılıb, müxtəlif variantlar tətbiq edilir, Beynəlxalq Valyuta Fondunun reseptlərindən təkmilləşdirilmiş variant tətbiq edilir. Real sektorun inkişafına yönələn addımlar atılan kimi yenədə manatın dollara nisbətindən zəifləmə özünü göstərə bilər.

24saat.org

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Vaqif Abdullayev : qadın və şərab qalmaqallarında olan icra başçısı

%d bloqqer bunu bəyənir: