Loading...
Loading...
intiqam-aliyev1

Əli Kərimlinin məsələsi Avropa Şurası Nazirlər Komitəsində müzakirəyə çıxarılır

Avropa Məhkəməsi təkcə bu il Azərbaycana qarşı seçki pozuntuları ilə bağlı 30-a yaxın qərar verib

İntiqam Əliyev: “Avropa Məhkəməsinin qərarlarının icra olunmaması ilə əlaqədar Azərbaycan üzrə xüsusi məruzəçinin təyin olunması məsələsini daha təkidlə qaldırmağın vaxtı çatıb”

Azərbaycan hökumətinin yerli qanunvericiliyə, eləcə də imzaladığı beynəlxalq konvensiyalara əməl etməməsi üzündən bir sıra beynəlxalq qurumlarla zaman-zaman problemlər yaşanır. Bu mənada, Avropa Məhkəməsinin qərarlarının icrası məsələsində də vəziyyət qənaətbəxş deyil. Baxmayaraq ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunarkən bir sıra başqa öhdəliklərlə yanaşı, Avropa Məhkəməsinin qərarlarının icrasının məcburiliyini də qəbul edib, amma bu sahədə xüsusən son illərdə ciddi problemlər yaşanır. Avropa Məhkəməsinin Azərbaycana qarşı bir neçə qərarı var ki, qəbulundan xeyli keçsə də, icra olunmamış – kağız üzərində qalıb.

Azərbaycanda Avropa İnsan Haqları Məhkəməsilə bağlı ən peşəkar mütəxəssislərdən sayılan hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevlə söhbətimiz də bu mövzuda oldu:

“Ümid edək ki, rəsmi Bakı özünə əlavə başağrısı yaratmayacaq”

– Son vaxtlar Avropa Məhkəməsinin müəyyən etdiyi kompensasiyaların ödənişində də problemlər yaranıb. Nə baş verir?

– Bir müddət öncə dəyərli vəkilimiz Əsabəli Mustafayev mediada bu məsələyə ətraflı toxunub. Son vaxtlara qədər hökumət Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı ümumi xarakterli tədbirləri görməsə də, kompensasiyaları vaxtlı-vaxtında ödəyirdi. Amma son vaxtlar bu sahədə də problemlər yaranıb. Bununla bağlı Azərbaycanın Avropa Məhkəməsi Hümayəndəliyindən bildiriblər ki, problem texniki xarakterlidir, bankla bağlı hansısa anlaşılmazlıq var, vaxtında ödənilməyən kompensasiayalara görə şikayətçilərə bank faizləri ödəniləcək.

Avropa Məhkəməsinin oturuşmuş təcrübəsinə əsasən (onun bütün qərarlarında bu qeyd olunur), qərar qüvvəyə mindikdən sonra 3 aylıq müddət (qərar onun qəbulundan sonra, əgər Yuxarı Palataya şikayət verilməyibsə, 3 ayın tamamında qüvvəyə minir) bitdikdən sonra öhdəlik icra edilənə qədər kompensasiyanın üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır. Amma hələlik ortalıqda olan budur ki, təxminən 40-dan çox (bəlkə də daha çox) iş üzrə kompensasiya ödənişində əhəmiyyətli gecikdirmələr var.

Dəqiq bilmirəm ki, bu nə ilə bağlıdır. Bəziləri bunu vəsait qıtlığı ilə əlaqələndirir. Amma maliyyə problemi olan ölkə mənasız Avropa Oyunları Fevtivalı keçirmək iddiasına düşməz. Əvvəllər də, indi də büdcədən şikayətçilərə ödənilən rəqəmdən qat-qat çox məbləğlərin havaya sovrulduğunun şahidi olmaqda davam edirik. Hökumət bu cür mənasız layihələrə pul tapa bilir, amma Avropa Məhkəməsinin kompensasiyaları, uzun illərdir şəhid ailələrinə nəzərdə tutulan ödənişlər, maaşlara, pensiyalara artım məsələsi ortaya çıxanda pul tapmır. Ümid edək ki, rəsmi Bakı özü üçün əlavə başağrısı yaratmayacaq və problem yaxın zamanda həllini tapacaq.

Avropa Məhkəməsi bu il Azərbaycanda qanunsuz həbslərlə bağlı 20-dən çox qərar verib

– Seçkilərlə bağlı qərarların sayı 40-ı ötüb. Deyəsən, Avropada hamıdan bərk biz gedirik. Amma oralarda “bəlkə yavaşlayasız” çağırışları da hələ ki, çox zəif eşidilir. Hətta gözləntilərin əksinə, anormal hadisələr də baş verir…

– Yəqin Avropa Şurasının müşahidə missiyasının son seçkilərlə bağlı biabırçı rəyini nəzərdə tutursuz. Haqlısınız, üzücü mənzərədir. Bir tərəfdə Avropa Məhkəməsinin çoxsaylı saxtakarlıqlar və digər pozuntular barədə qərarları, o biri tərəfdə Avropa Şurasının müşahidə missiyasının seçkilərin demokratik şəraitdə keçirilməsi barədə rəyi.

– Avropa Məhkəməsində işlərə çox gec baxılması ən çox irad doğuran məsələ kimi qalmaqdadır. Bu ləngimə daha çox nədən irəli gəlir?

– Avropa Məhkəməsinin işlərə daha sürətlə baxması üçün bu qurumda islahatların keçirilməsinin vacibliyi barədə çağırışlar son illərdə tez-tez səsləndirilir. Bu sahədə ciddi problemlər qalmaqdadır. Hərçənd, ədalət naminə onu da qeyd edim ki, Avropa Məhkəməsinin fəaliyyətinin effektivliyinin artırılması və xüsusilə də işlərə daha sürətlə baxılması istiqamətində müəyyən işlər də görülür. Amma vəziyyət qənaətbəxş sayıla bilməz.

Problemin həm obyektiv həm də subyektiv tərəflətri də var. Avropa Məhkəməsi dövlətlərin ayırdığı vəsait hesabına maliyyələşir. Qərarlar da həmin dövlətlərə qarşı verilir. Və heç də bütün dövlətlər Məhkəmənin daha məhsuldar işləməsində, başqa sözlə, onlara qarşı daha çox pozuntu qərarlarının verilməsində maraqlı deyil. Təkcə kompensasiyalardan söhbət getmir, hərçənd bunu da ciddiyə almamaq olmaz. Amma daha vacib məqamlar var ki, hökumətlər bunları nəzərə almaya bilməzlər. Məsələn, bu il təkcə seçki pozuntuları ilə bağlı Azərbaycana qarşı 30-a yaxın, qanunsuz həbslərlə bağlı isə 20-dən çox qərar verilib. Bu qərarlar əsasında indiki dövr üçün yetərincə böyük məbləğdə kompensasiyalar təyin olunur. Bu məbləğlər dövlət büdcəsi üçün təhlükəli sayılan həddə olmadığı üçün ola bilər ki, hökuməti hələ ki, narahat etməsin. Amma bu kompensasiyaları alanların əksəriyyəti müxalifyönlü ictimai-siyasi fəallardır. Hökumət bu adamların pullanmasında təbii ki, maraqlı deyil. Dövlətlər Məhkəmənin böyüməsində, daha sürətlə və uyğun olaraq daha çox işlərə baxmasında maraqlı deyil.

“Avropa Məhkəməsinin hüquqi qərarlarının rəsmi Bakının siyasi qərarlarına təsiri var”

– Yeri gəlmişkən, Avropa Məhkəməsində həbslərinin siyasi motivli olmasi aşkar məlum olan şəxslərin işlərinə baxılması ilə bağlı hansisa fərqli prosedurlar varmı?

– Bu, o qədər də asan məsələ deyil. Həbsin siyasi motivli olmasının hamı tərəfindən qəbul edildiyi işlər də olur, mübühisə doğuran da. Elə adam olur ki, həbs ediləndən bir neçə gün keçmiş “Amnesty İnternational” onu vicdan məhbusu kimi tanıyır, ölkədəki və beynəlxalq QHT-lər də, xarici hökumətlər də, dövlətlərarası beynəlxalq qurumlar da bu həbsin siyasi motivli olduğunu və həmin şəxslərin dərhal azadlığa buraxılmasını tələb edirlər. Jurnalistlər, hüquq müdafiəçiləri həmin kateqoriyaya aid şəxslərdir. Amma bəzən həbslərin açıq-aşkar siyasi motivli olmasını müəyyənləşdirmək və ya başqalarını buna inandırmaq o qədər da asan olmur.

Bir də ki, həbsin siyasi motivli olması hüquqi yox, daha çox siyasi termindir. Avropa Məhkəməsi mümkün qədər məhkəməni siyasətə qatmamağa çalışır. Hətta Avropa Şurası kimi siyasi qurum belə, siyasi məhbus məsələsində ehtiyatlı mövqe tutur.

Baxın, siyasi məhbus siyahıları ilə bağlı ölkənin özündə də birmənalı mövqe yoxdur və onu da vurğulayım ki, bu, normal bir şeydir. Birinin siyahısında 100, digərinin siyahısında 80, bir başqasında 20 siyasi məhbus olduğu dövrlər az olmayıb. Sayla bağlı son dövrlərdə gedən müzakirələri xatırlayın. Avropa Məhkəməsi belə bir qərar versə, gərək bu debatlara qatıla.

Başqa çətinliklər də var. Məsələn, Türkiyədə baş verən son hadisələrdən sonra 37 minə yaxın şəxsin saxlanıldığı deyilir. Onların əksəriyyətinin siyasi motivlərlə həbs olunduğu iddia edilir: jurnalistlər, vəkillər, fəallar və s. Onda gərək, Avropa Məhkəməsi başqa ölkələrdən işləri saxlaya, ancaq Türkiyədən gələn şikayətlərə baxa ki, heç olmasa, onların az bir hissəsinə yaxın iki-üç ildə baxa bilsin. Hələ mən Rusiyanı demirəm. Ədalət naminə onu da qeyd edim ki, bu məsələdə Azərbaycana münasibətdə xeyli irəliləyiş var. Avropa Məhkəməsi son dövrlərdə siyasi motivlə həbs olunanların xeyli hissəsinin işinə prioritet qaydada baxmağa başlayıb. Hətta prioritet qaydasında baxılan işlərdə qərarın verilməsi də 2 ildən tez olmur.

Strasburq Məhkəməsi prioritet qaydasında ancaq siyasi motivli həbslərə baxmağa başlasa, son dövrlərdə onların sayı o qədər artıb ki, onda gərək, faktiki digər işlərə – seçki, sərbəst toplaşma, mülkiyyət, ifadə azadlığı ilə bağlı işlərə baxma prosedurunu dayandırsın. 2010-cu ilin parlament seçkiləri ilə bağlı işlər üzrə qərarları Avropa Məhkəməsi 2016-cı ildən verməyə başlayıb, bu proses çox güman 2017-də də davam edəcək. Şikayətçilər, vəkillər, ekspertlər hesab edirlər ki, bu işlərə çox uzun müddətdə baxılıb, onlara prioritet verməlidirlər. Son dövrlərdə insanların mülklərinin qanunsuz sökülməsi kütləvi hal alıb. Yenə də şikayətçilər, vəkilləri, ekspertlər düşünürlər ki, Məhkəmə çox uzun müddətə baxır bu işlərə, onlara prioritet vermək lazımdır. İşgəncə ilə bağlı məhkəmədə çoxlu sayda şikayət var, illərdir ki, növbə gözləyir. Qurbanlar, vəkillər və ekspertlər düşünürlər ki, çox uzun müddətdə baxılır bu işlərə, prioritet verilməlidir. Eləcə də, digər işlər üzrə durum və yanaşma eynidir.

Yəni Avropa Məhkəməsi istəsə də, mövcud resursları ilə arzulasa da, bizim istədiyimiz qədər sürətlə baxa bilməz. Rusiyada insan haqlarının indiki durumu ilə bu ölkədən olan şikayətlərə baxılması üçün indiki Avropa Məhkəməsindən beşi lazımdır. Son hadisələrlə bağlı Türkiyəyə 5-i də yəqin artıq azlıq edər. Heç Azərbaycan da əhali və ərazi nisbətində götürəndə o ölkələrdən geri qalmır. Avropa Məhkəməsinin Azərbaycan bölməsində səhv etmirəmsə, hazırda 5 hüquqçu çalışır. Onlar nə qədər vicdanla çalışsalar da, indiki iş yükünün öhdəsindən gəlmək imkanları xaricindədir. Orada daha çox hüquqşünasın çalışmasında isə hökumətimiz maraqlı deyil. Yuxarıda qeyd etdiyim kimi, Avropa Məhkəməsinin və həmin hüquqşünasların saxlanması üçün pulu hökumətlər verirlər.

Avropa Məhkəməsinin hüquqi qərarlarının rəsmi Bakının siyasi qərarlarına real təsirinin nə dərəcədə olduğunu söyləməkdə çətinlik çəkirəm – ortalıqda hələ də həbsdə qalan İlqar Məmmədov və başqa nümunələr var. Amma hər halda, əminliklə deyə bilərəm ki, təsirsiz də deyil.

“Hökumət öz vətəndaşlarını üz-üzə qoyur”

– İlqar Məmmədovun işinə toxundunuz. Digər işlər üzrə də Avropa Məhkəməsinin qərarlarının icrası məsələsində problemlər qalmaqdadır. Evləri zəbt olunmuş şəxslərlə bağlı ölkədaxili məhkəmə qərarlarının icra olunmaması, QHT-lərin qeydiyyatı, Əli İnsanov və digərləri ilə bağlı…

– Mənzilləri qaçqınlar və məcburi köçkünlər tərəfindən tutulan şəxslərə mülklərinin qaytarılması barədə yerli məhkəmə qərarlarının icra olunmaması ilə əlaqədar Avropa Məhkəməsinin onlarla qərarı var. Həmin qərarlarda ərizəçilərin ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququnun pozuntusu tanınıb, hökumətin üzərinə ölkədaxili məhkəmələrin qərarlarının 3 ay müddətində icrası vəzifəsi qoyulub. Amma bu qərarların böyük əksəriyyəti illərdir icra olunmur. Məsələn, mənim icraatımda iş var ki, Avropa Məhkəməsinin qərarının qəbulundan 6 il keçsə də, şəxsin evi ona hələ də qaytarılmayıb. Bu cür adamların sayının nə qədər olduğunu mən bilmərəm, amma onu dəqiq bilirəm ki, yüzmilyonları mənasız layihələrə sərf edən dövlətin azı, Avorpa Məhkəməsinin qərarlarında adı hallanan vətəndaşına bunun müqabilində kompensasiya vermək imkanı var. Bizim dövlətimiz isə nə edir: qaçqınla həmin o evi zəbt olunmuş vətəndaşı qarşı-qarşıya qoyur, onları bir-birinin düşməninə çevirir.

Yeri gəlmişkən, Avropa Məhkəməsinin qərarını əsas tutaraq qaçqın və məcburi köçkünləri onillərlə məskunlaşdığı mənzillərdən çölə atılmaları və ya yaxşı halda, ucqar rayonlarda qaçqın düşərgələrinə yerləşdirmələri qanuni və ədalətli sayıla bilməz. Dövlət uzun illər həmin şəxslərin zəbt etdikləri mənzillərdə yaşamalarını qanuni sayıb, həmin adamlar, yaşadıqları yerlərdə, Avropa Məhkəməsinin qərarlarında qeyd edildiyi kimi, özləri üçün sosial mühit yaradıblar: orada işləyirlər, uşaqları orada orta məktəbə gedir, onların özəl, peşə, sosial, siyasi həyatlarını həmin məkanla bağlayan digər qırılmaz tellər var. Və bir gün onlara bildirilir ki, Bakıdakı mənzili tərk edib ucqar rayonlarda qaçqın düşərgələrindəki mənzillərə köçməlidirlər.

Eləcə də, qeyd etdiyiniz digər işlərlə bağlı. Məsələn, Azərbaycan Hüquqşünaslar Forumunun qeydiyyatından imtina barədə qərarı Konvensiyanın 11-ci maddəsinə (birləşmək azadlığı) zidd sayan Avropa Məhkəməsinin qərarından (2008) 8 il vaxt keçib, qərar hələ də icra olunmayıb.

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarəti həyata keçirən Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovla bağlı səhv etmirəmsə, 7 qətnaməsi var. Amma İlqar Məmmədovun dərhal azadlığa buraxılması barədə Avropa Məhkəməsinin qərarı hələ də icra olunmayıb. Prinsipcə, Avropa Şurasının həmin qərarı icra etdirmək üçün arsenalındakı rıçaqlar o qədər geniş deyil. Sanksiyalar tətbiq edə bilər, amma bir neçə səbəbdən buna getmir və ya getmək istəmir. Əvvəla, oradakı diplomatların çoxu sanksiyaları effektiv vasitə saymırlar. Bu doğrudur, ya yanlışdır – ayrı söhbətin mövzusudur, amma reallıqdır. İkincisi, bu cür sanksiyaları həyata keçirmək o qədər də asan məsələ deyil. Avropa Şurası normal ölkələr üçün nəzərdə tutulub. Son dövrlər bu quruma post-sovet ölkələrindən xeyli dövlətlər daxil oldular ki, hər cür müqavilələri imzalamağı və hər növ öhdəlikləri üzərlərinə götürürlər, amma onları icra etmirlər. Onlar Avropa Şurasına öz ölkələrində geniş tətbiq etdikləri dəyərləri daşımağa başladılar. Diplomatların, siyasətçilərin, məruzəçilərin kürü, para hesabına ələ alnması kimi biabırçı şeylər baş verməyə başladı.

Avropa Şurası amorf bir şey deyil, o elə həmin Rusiyadan, Ermənistandan, Azərbaycandan, Türkiyədən, Bolqarıstandan və insan haqlarına hörmət qoyulmayan bu kimi çoxlu sayda ölkələrdən ibarətdir. Bu ölkələr insan hüquqlarını pozan ölkələrin məsələsi çıxanda ehtiyatla davranırlar, çünki öz ölkələrindəki durum da o qədər fərqli deyil. Avropa Şurasının/Məhkəməsinin məhkəmə icraçıları deyilən qurumu yoxdur ki, gəlib İlqar Məmmədovu həbsxanadan açıb buraxsınlar. Hətta olsaydı belə, onları çətin ölkəyə buraxaydılar.

Amma Avropa Məhkəməsinin İlqar Məmmədovun dərhal azad edilməsi barədə iki il öncə verdiyi qərarın, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinin bu barədə çoxsaylı qətnamələrinin icra olunmaması həm bu quruma, həm də Məhkəməyə başucalığı gətirmir. Onu da xatırladım ki, İlqar Məmmədov Avropa Şurasının ekspertidir. Strasburq Məhkəməsinin Əli İnsanovla bağlı qərarından sonra onun işinə yenidən nəinki ədalətlə baxdılar, cəza müddətini günbəgün yatan bir adamı qondarma cinayət işi üzrə həbsxanada saxlamaqda davam edirlər.

Və ya başqa nümunə. Əli Kərimlinin işi üzrə Avropa Məhkəməsinin qərarında ölkənin əsas müxalif partiyalarından birinin liderinin ölkədən çıxışına qoyulan qadağa onun hərəkət azadlığına əsassız müdaxilə kimi qiymətləndirilib. Gözləmək olardı ki, həmin qərarın əsasında Azərbaycanın səlahiyyətli qurumları 11 ilə yaxın davam edən hüquq pozuntusuna son qoyacaq və nəhayət, siyasətçiyə ümumvətəndaş pasportu verəcək. Amma pozuntu hələ də davam edir. Əli Kərimli sonuncu dəfə 3 sentyabr 2016-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyatı İdarəsinə ümumvətəndaş pasportunun verilməsi barədə ərizə ilə müraciət edib. Lakin həmin qurum Avropa Məhkəməsinin qərarının qəbulundan 1 il 3 ay vaxt keçməsinə baxmayaraq, bu ölkənin vətəndaşı olduğumu təsdiqləyən sənədi müxalifət liderinə verməkdən hələ də qanunsuz olaraq imtina edir. Onu da qeyd edim ki, Avropa Şurası Nazirlər Komitəsinin dekabrın 6-7-də keçirilən toplantısında Avropa Məhkəməsinin Əli Kərimli barədə qərarının icrası ilə bağlı məsələnin də müzakirəsi nəzərdə tutulur.

Bunlar çox biabırçı hallardır. Həm də Avropa Məhkəməsinə, Avropa Şurasına, onun Nazirlər Komitəsinə hörmətsizlikdir. Bunu həmin qurumlara daim xatırlatmaq gərəkdir. Avropa Məhkəməsinin qərarlarının icra olunmaması ilə bağlı Azərbaycan üzrə xüsusi məruzəçinin təyin olunması məsələsini daha təkidlə qaldırmağın vaxtı çatıb. İlqar Məmmədovun işində artıq belə bir təşəbbüs var. Bir sözlə, daha çox çalışmaq gərəkir.

Aytən Məmmədova

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

TRUMP-ın qələbəsi, yoxsa Klintonun məşlubiyyəti? (TƏHLİL)

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: