Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əli Kərimli İlham Əliyevin nə etməli olduğunu göstərdi

“Sarkisyan sülh danışıqlarından rəsmən imtina etməklə bizə şans yaradıb…”

Ermənistan prezidenti Serj Sərkisyanın danışıqları nəticəsiz elan etməsindən dərhal sonra Tərtər istiqamətində hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz güclü artileriya atəşinə tutuldu. AXCP sədri Əli Kərimli feysbuk səhifəsində yaranmış bu vəziyyətlə bağlı növbəti qeydlərini paylaşıb. AXCP lideri Ermənistanın danışıqlardan imtina etməsini əslində ölkəmiz üçün yaranmış şans kimi dəyərləndirib. Əli Kərimli yazır:

Dostlar, düşmənin güclü artileriya atəşilə Tərtər istiqamətində hücum etməsi təsadüfi deyil. Sarkisyanın sülh danışıqlarından imtina bəyanatı elə-belə verilməyib. Dünən yazmışdım ki, cəbhə xəttində təxribatlar olacaq. Hazırda ordumuz hücumları dəf etməklə məşğuldur. Lakin dövlət rəhbərliyi də üzərinə düşəni etməlidir.

Sarkisyan sülh danışıqlarından rəsmən imtina etməklə bizə şans yaradıb ki, düşmənə informasiya və diplomatiya cəbhəsində ağır zərbələr vuraq. “İnformasiya və və diplomatiya cəbhəsi” ifadələrimə təəccüblənməyin. Müasir müharibənin taleyini təkcə əsgər və zabitlərin əzmkarlığı həll etmir. Bir çox hallarda düşmən üzərində diplomatiya və informasiya cəbhəsində əldə edilən uğurlar hətta döyüş meydanındakı uğurlardan da önəmli olur (ya da əksinə, diplomatiya və informasiya sahəsindəki uğursuzluq döyüş meydanında əldə edilən uğurları da heç edə bilir).

İlham Əliyev təcili şəkildə dünyanın nüfuzlu mətbuat orqanlarında cavab bəyanatı ilə çıxış etməlidir. Məhz Ermənistanın işğalçı tərəf olduğunu, münaqişəni sülh yolu ilə nizama salmaqdan imtina etdiyini dünya ictimaiyyətinə sübut etmək üçün bu cür əlverişli məqam əldən buraxılmamalıdır. Qarabağla bağlı 4 qətnamə qəbul etmiş BMT Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk qrupuna və bütövlükdə dünya ictimaiyyətinə suallar ünvanlamaq lazımdır. Ermənistan 25 ildir ki, ərazilərimizi işğal edib. BMT TŞ qətnamələrini, münaqişəni sülh yolu ilə həll etmək çağırışlarını qulaqardına vurur, torpaqlarımızdan çıxmır, vaxtaşırı atəşkəsi pozur, hər iki tərəfdən yüzlərlə insan həyatını itirilir. Lakin dünya birliyinin biganə mövqeyindən, beynəlxalq hüququn gücsüzlüyündən cürət alan Ermənistan nəinki öz təxribatlarını dayandırmır, hətta rəsmən sülh danışıqlarından imtina etdiyini bəyan edir. Bu şəraitdə Azərbaycanın işğal altındakı torpaqlarını öz gücü ilə azad etməkdən, düşmən təxribatlarına ordunun gücü ilə cavab verməkdən başqa alternativi qalırmı? Dünya birliyi ya işğalçı Ermənistanı münaqişəni sülh yolu ilə nizama salmağa, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa razı salmalı, ya da beynəlxalq hüququn artıq işləmədiyini etiraf edib, Azərbaycan ordusunun öz torpaqlarımızı azad etmək hüququna hörmətlə yanaşmalıdır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Erdoğan-ın səfəri başa çatıb

%d bloqqer bunu bəyənir: