Loading...
Loading...

Əli Kərimli ad günündə həyat yoldaşı danışdı

Samara xanım heç yerdə danışmadıqlarını danışdı

24saat.org azadliq.info saytının müsahibəsini təqdim edir

Bu gün AXCP sədri Əli Kərimlinin doğum günüdür. Bu dəfə ənənədən çıxaraq doğum günü olanı yox, onun həyat yoldaşını müsahib seçdik. Əli Kərimli barədə suallarımızı xanımı Samara Seyidovaya ünvanladıq. Onların 25 ildir birgə gəldikləri yola Samara xanımın gözləriylə baxdıq.

– Samara xanım, bu gün Əli bəy həyatının tarix dolu yarım əsrini başa vurur. Düşündük ki, belə bir gündə onun ən yaxın dostunun, həyat yoldaşının fikirlərini öyrənmək daha maraqlı olar. Bu uzun yolu dönüb geri baxdığınızda, Əli bəyin qazandıqları ilə itirdiklərini müqayisə etsəniz, nəticə necə olar?

Əli bəyin itirdikləri də var; yaxın hesab etdiyi dostlarını, komfortlu şəxsi həyat, yüksək vəzifə və s. bu kimi bir insanın həyatında əldə etdiyi və sonra da elə bu dünyada qoyub getdiyi sərvətlər. Əslində, bəzi itirdiyi “yaxın dostları”ndan vaxtında qurtulması Allahın bir lütfü imiş. Indi onların harda durduğunu, nə işlərə imza atdıqlarını görəndə fikirləşirəm ki, nə yaxşı, vaxtında yollarımız ayrılıb. Elə maddi sərvət, komfort da Əli bəy üçün heç zaman prioritet olmayıb. Belə olmasaydı, hələhüquq fakültəsinin məzunu olarkən çoxlarının arzuladığı prokurorluq orqanlarına təyinatdan gözünü də qırpmadan imtina etməzdi. Amma Əli bəyin qazandıqları müqayisəedilməz dərəcədə çoxdur. Əli bəy millətinin müsbət qəhrəmanları sırasına girdi, nə fiziki, nə mənəvi təhlükələrdən sınmadan, əyilmədən, usanmadan, bir an olsun belə, haqq uğrunda açdığı savaşdan geri çəkilmədi. Əli bəy bu savaşda çoxlu həqiqi dostlar qazandı, prinsipial həmkarları və ardıcılları ilə birlikdə repressiya maşınının qabağında sipər oldu, onlar Azərbaycanı Özbəkistan, Türkmənistan olmağa qoymadılar. Hər zaman bütün məhrumiyyətlərə rəğmən həqiqətləri söylədi vəprinsipial demokratları dəstəklədi. Bu dirənişin nəticəsidir ki, bu gün artıq həqiqəti söyləyənlərin sayı günü-gündən artır və proseslər geri dönməz xarakter alır. Özü demişkən, Əli bəyi tuta da bilərlər, öldürə də bilərlər, amma mənəvi cəhətdən o qalib olacaq həmişə.

– Təbii, bu gün Əli bəyi sevmək asandır, amma gənc vaxtı o belə tanınmırdı və siz də o vaxt tanış olmusunuz. Necə olub tanışlığınız və sevgi hekayəniz?

– Mən Əli bəyi uzaqdan-uzağa tanıyırdım, hüquq fakültəsinin tələbəsi kimi, amma yaxından meydan hərəkatında tanıdım. Biz meydanda tez-tez söhbətləşirdik dostlarla bir yerdə və kimin kim olduğu da bəlli olurdu. Bir gün rus qoşunları tanklarla meydanı mühasirəyə aldılar, gözlədilər ki, gecə olsun, adamlar dağılışanda meydana hücum etsinlər. Axşam saatlarında Əli bəy dostları ilə birlikdə meydandakı qızları evəgöndərməyi təkid edirdilər. Biz də söz verdik ki, gedirik, amma meydandan çıxmadıq. Həmin gecə saat 12-də tanklar üstümüzə yeriməyə başladı. Biz ələələ verib dayandıq tankların qabağında ki, sürüb keçsinlər üstümüzdən, yəni şəhid olacağımızı düşünürdük. Bu zaman mən qabaqdakı sırada Əlini gördüm, o mənə baxıb gülümsəyirdi. O andan münasibətlərimiz dərinləşməyə başladı. Bu gün geriyə baxanda, görürəm ki, mən onu necə şəxsiyyəti bütöv bir insan kimi tanımışamsa, eləcə də qalıb, dəyişən sadəcə dünyagörüşüdür, həyat təcrübəsidir.

– Bu illərdə siz də Əli bəylə birlikdə repressiyalara məruz qalmısınız. Belə bir siyasətçinin ailəsi olmaq çətindir, deyilmi?

karimlinin-xanimi-axcp-qurultayda

– Sivil ölkələrdə siyasətçi ailəsi olmaq elə də çətin deyil. Təbii ki, Azərbaycan kimi demokratiyanın, qanunların ayaqlar altına atıldığı bir cəmiyyətdə siyasətçi də, onun ailəsi olmaq da ağır işdir. Amma söhbət həqiqi, prinsipial siyasətçidən gedir. Bilirsiniz, nə edə bilərik, bu cəmiyyətdə yaşayırıqsa, söhbət vətənimizdən, millətimizdən vəalternativimiz repressiyaya boyun əyməkdən gedirsə, dözməkdən başqa çarəmiz yoxdur. Əli bəy çox böyük dəyərlər uğrunda savaş aparır, biz də ailəsi olaraq onu dəstəkləyirik və onunla fəxr edirik. Əli bəyə qarşı qaydasız “döyüşlər”in hamısı acizlikdən irəli gəlir. Baxın, bu qədər polis və ordunun arxasında gizlənib Əli bəyi məntiqlə, arqumentlərlə susdura bilməyən acizlərin onun üstünə söyüş batalyonu göndərməsini necə alqışlayaq? Nəticə nə oldu, o boyda müsəlman dünyasının peyğəmbəri ilə müqayisə etdilər Əli bəyi. Bir hörmətli din xadimi zəng edib dedi ki,Əli bəy, boş verin, Əbu Cəhl də vaxtilə peyğəmbərimizin üstünə tərbiyəsiz qadınları göndərmişdi. Tarixdə peyğəmbərin də yeri bəlli, Əbu Cəhlin də.

– Elçibəy hakimiyyəti devriləndə Qərb ölkələrindən birinə çıxıb getsəydiniz, indi komfortlu həyatınız, yaxşı işləriniz, layiqli statuslarınız vardı. Belə deyənlər çoxmu olur sizə?..

– Dərindən tanıyanlar demirlər, ancaq belə fikir səsləndirənlər olub. Amma bəzən məni qıcıqlandıran, MTN-in dövriyyəyə buraxdığı bir fikir səslənir zaman-zaman – “bunlar da hakimiyyət uğrunda mübarizə aparırlar”. Bu çeynənmiş fikrə cavab olaraq demək istəyirəm ki, təbii, hər kəs öz arşını ilə ölçər, onların həyatının mənası pul-paradır deyə, başqa ülvi dəyərlər nə olan şeydir bilməzlər, bir əsr yaşasalar belə. Elçibəy hakimiyyəti devrilən zaman Əli bəy dövlət katibi idi. O istefa verib evə gələndən sonra HeydərƏliyev düz 4 dəfə ona zəng vurdu və onunla qalıb işləməsini təkid etdi, “mənə sənin kimi qabiliyyətli kadrlar lazımdır” dedi. Amma Əli Kərimli qətiyyətlə imtina etdi. Əli Kərimli pul, vəzifə düşkünü olsaydı, o zaman onun təkidi ilə qalıb işləyərdi, hələ dəvəzifədə idi. Bilmirlərsə, mən onlara deyim, hər bir millətin üzərinə xüsusi missiya qoyulmuş övladları var. Onlar millətinin evolyusiyasında önəmli rol oynayırlar, onlar tarixi şəxsiyyətlərdir, heç zaman millətin yaddaşından silinməzlər, tarixə dönüb ömürlük yaşayarlar. Məmməd Əmin Rəsulzadənimi, böyük maarifçi Həsən bəy Zərdabinimi, Nəsib bəy Yusifbəylinimi, Cəlil Məmmədquluzadənimi və başqa beləşəxsiyyətlərimi yaddaşlardan silə bilərlər? Yox. Bu böyük şəxsiyyətlər özlərinə görəmi, klanına görəmi, hər hansı mənfəətlərinə görəmi olmazın əziyyətini çəkdilər bu millət üçün?

– Bilirik ki, şəxsən siz özünüz də çox haqsızlıqlara məruz qalmısınız bu illərdə. İşdən çıxarılmısınız, xarici təşkilatda işə düzəldikdən sonra hakimiyyətin təzyiqi ilə orda da işləməyə icazə verilməyib, qardaşınızı 4 ildən çoxdur siyasi girov saxlayırlar. Sizcə, nədəndir bu qədər aqressivlik?

karimli-xanimi-ile2

– Bunların hərəkətləri heç bir məntiqə sığmır. Hətta bir zamanlar biz bir qrup ziyalı qadın “Mərhəmət” adlı proyekt edirdik. Uşaq evinə, qocalar evinə gedirdik, onlara özəllərimizlə ləzzətli yeməklər bişirirdik, onların həyatını hərdənbir olsa da, rəngləndirməyə çalışırdıq. Onu da qeyd edim ki, bunu da heç yerdə adlarımızı çəkmədən edirdik, yəni bilmirdilər biz kimik. Bu hakimiyyət o işlərimizə də mane oldu, bir gün əlil uşaqlarla tədbir etdiyimiz yerdə ora polis gətirdilər və bizə mane oldular. Sonra qocalar evinə də getməyə qoymadılar, bizə dedilər ki, birdən qocaları zəhərləyərsiniz. Bu cür absurd düşüncə sahibidirlər bunlar.

– Və gəlib çıxdınız 25 illik evlilik tarixinə. Bu qədər illərdən sonra münasibətlərinizdə, hisslərinizdə nələr dəyişib, azacıq da olsa, kütləşmə hiss etdiyiniz olubmu heç?

– Qoyurlar ki, kütləşməyə?!. Hər zaman ekstremal situasiyada hisslərimiz bir az da sınaqdan çıxıb möhkəmlənir. Doğrudan da, mən gənclərə tövsiyə edərdim ki, diqqətli olsunlar ailə seçimində. Ailə quran insanlar bərkə-boşa düşəndən, bir-birini tanıyandan sonra evlənsinlər. Yoxsa qarşılarına çıxan ilk çətinlik nəinki onları ayırır, hətta düşmən edir.

– Sirr deyilsə, Əli bəy boş vaxtlarını necə keçirir?

Əli bəy çox işgüzardır, çox işi olanda istirahətsiz də işləyə bilir, amma kiçik oğlumuz Timur onu işindən ayıra bilir. Timurla oynamaqdan zövq alır, Timura indidən kişilik dərsi verir. Yoqa və idman saatlarımız var. Çalışırıq ki, fiziki cismimizlə yanaşı, ruhumuzu da formada saxlayaq. Yaxşı musiqiyə qulaq asırıq, əhval-ruhiyyəmizə uyğun olaraq məşhur filmlərə baxmağa çalışırıq. Baxdığımız filmlərdən, yaxud kitablardan etkilənəndə onu böyük həvəslə müzakirə edirik və işin ən maraqlısı da bu olur, məncə.

– Nə gözəl. O zaman belə bir sual. Ən son baxdığınız, sizi təsirləndirən film, oxuduğunuz kitab hansı olub?

– Son dəfə Michael Hanekenin çəkdiyi “Amour” filminə baxmışıq, çox təsirli idi. Evtanaziyanın legitimləşdirilməsi ideyasının xeyrinə xeyli arqumentlər verir. Umberto Ekonun “The Prague Cemetery” (Praqa Qəbiristanlığı) kitabı maraqlıdır. Bu əsərdəyəhudilərin əleyhinə Hitleri ilhamlandıran Sion Liderlərinin Protokollarının saxtalaşdırılması, masonlar və digər gizli təşkilatlarla bağlı intriqalar yer alır.

Əli bəyin illərdir fiziki cəhətdən formada qalmasının sirri də maraqlıdır. Qida rasionunuzadamı xüsusi diqqət verirsiniz?

karimli-xanimi-ile3

– Biz rasional qidalanmaya üstünlük veririk. Əli bəy xüsusi yemək düşkünü deyil. Mən çalışıram ki, insan orqanizminə nə lazımdır, nə sağlamdır, onu hazırlayım.

Əli bəyə ad günündə nə arzulayırsınız?

– Onun üçün hər kəsdən və hər şeydən öncə gələn vətənimiz Azərbaycana tezliklə demokratik, sivil ölkələrdə olduğu kimi insanın deyil, qanunların şah olduğu, ədalətli, legitim bir cəmiyyət arzulayıram. Tezliklə Qarabağımızın yenidən Azərbaycanın yurisdiksiyasına qayıtmasını arzulayıram. Şəxsi həyatında da həmişəki kimi sevdikləri ilə birlikdə sağlam və keyfiyyətli həyat arzulayıram.

Söhbətləşdi: Səadət

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

AZAL şefi 770 milyonluq yaxta sifariş edib? – FOTOLAR

Loading...
%d bloqqer bunu bəyənir: