Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əli Abbasov: “ Buna nə referendum, nə də seçki demək olar”

24 saat.org Milli Şuranın üzvü, professor Əli Abbasovla müsahibəni təqdim edir.

– Əli bəy, sentyabrın 26-da keçiriləcək Konstitusiya düzəlişi və əlavələrlə bağlı referenduma münasibətiniz necədir?

– Mən buna necə münasibət bildirim? Aydındır ki, bunu etmək lazım deyildi. İkincisi, biz Azərbaycanda yaşayırıq və seçkilər elan olunduqdan dərhal sonra onun nəticələrinin necə olacağını bilirik. Odur ki, buna nə referendum, nə də seçki demək olar. Bu sanki ölkəni idarə edən elitaya lazım olan bir addımdır. Onlar əslində referendumun nəyə görə etdiklərini deyirlər. Və hətta başqa ölkələrin təcrübəsinə istinad edirlər. Halbuki belə sənədlərin qəbulu zamanı dövlət öz təcrübəsinə istinad etməli, konkret bunun nəyə görə edildiyini izah etmək lazımdır. Konkret prezidentlik müddətinin 5 ildən 7 ilə qədər qaldırılmasının, ikincisi, yaş senzinin aradan götürməyinə səbəb nədir? Əslində bunun niyə edildiyini müxalifət də, hakimiyyət də, cəmiyyətdə bilir. Lakin bunun konkret nə üçün edildiyinin səbəbini izah etmirlər.

– Sizcə, buna getmək nəyə lazımdır?

– Birincisi, hər dəfə Rusiyada belə dəyişikliklər ediləndə, bunun səs-sorağı Azərbaycana da gəlib çıxır. Maraqlıdır, vaxtı ilə Putin Rusiyası Heydər Əliyevin zamanında Azərbaycan modelindən çox istifadə edirdi. İndi isə İlham Əliyev dönəmində Rusiyadan bu tip modelləri götürürük. Vaxtı ilə Rusiya Fransaya istinad edərək prezidentlik müddətini 7 ilə qaldırdı. Təbii ki, bu kifayət qədər vaxt deməkdir və ciddi işləri görmək olar. Ancaq nə etməyin olduğunu biz görmürük. Bizim yaşadığımız vəziyyəti siz də görürsünüz. Mən son bir ayda Bakıda olmamışam. Bir aydan sonra mağazalara girəndə və qiymətlərə baxanda dəhşətə gəlirəm. Mağazadakı ərzaqların qiyməti sürətlə qalxır, əmək haqları isə olan formada da qalır. Məsələn, birinci dəfə manat devalvasiya etdi, milli valyuta 50 faiz ucuzlaşdı, əvəzində əmək haqları 12 faiz artdı. Bu vəziyyətdə nəsə etmək daha vacibdir, tədbirlər görmək lazımdır.

– Referendumu təcili keçirmək hökumətin narahatlığından doğur?

eli-abbas

– Yox. Biz bilmirik bunu. Bu referendum o zaman maraqlı olardı ki, biz vətəndaşların necə səs verəcəyini bilməyək və hansısa proqnozlar irəli sürək. Ancaq hazırda istər-istəməz bunun necə baş verəcəyini bilirik. Referendumun nəticəsi artıq bilinir. Bu halda nə demək olar ki?

– Azərbaycan faktiki olaraq vitse prezidentlik institutuna keçid edir. Sizcə, bu nə dərəcədə effektiv ola bilər?

– Əslində sizə deyim ki, vitse-prezidentlik institutu pis deyil. Çünki dövlətdə hər şey ola bilər. Məncə, bu institut pis deyil. Lakin gözəl olardı ki, bu posta hansısa bir müxalifət nümayəndəsi təyin edilsin. İkincisi, maraqlı məqam da var. Məsələn, vitse-prezidentlik institutu olan ölkələrdə vitse-prezident olacaq şəxs prezidentlə eyni vaxtda, seçkilərdə müəyyən edilir. Yəni prezident seçkilərə komandası ilə gedir və vitse-prezidentin də kim olacağı öncədən müəyyən edilir. Ancaq bizdə belə olub-olmayacağını mən bilmirəm.

– Bu posta ancaq prezident istədiyi şəxsi təyin edəcək…

– Bax, bunu mən indi sizdən eşidirəm. Bu artıq gülməlidir…

– Müxalifət qüvvələri-Milli Şura, Müsavat və REAL Hərəkatı buna qarşı mübarizə aparacağını elan edib. Siz, nə düşünürsünüz?

– Gördüyünüz kimi mən son zamanlar aktiv deyiləm. Daha çox elmi məsələlər, kitablarla bağlı problemlərlə məşğulam. Odur ki, nəsə deməyə çətinlik çəkirəm. İki aydan çoxdur ki, vəziyyətdən məlumatlı deyiləm. Referendumdur, sən ya buna səs verməlisən, ya da bunun əleyhinə çıxmalısan. Əlbəttə, hansısa qüvvələr seçkini boykot edə bilər və s. Ancaq bu məsələlərdən dərin məlumatlı deyiləm. Odur ki, bilmirəm ki, bunun hansı nəticələri ola bilər.

– Son günlər ölkədə yeni həbslərə start verilib. REAL-ın icraçı katibi Natiq Cəfərli həbs edilib, iki fəal saxlanılıb, Bəxtiyar Hacıyev polis bölməsində olub, NİDA üzvündən narkotik “tapılıb” və s…

– Bu haqda mətbuatdan oxumuşam. Ancaq mənə elə gəlir ki, buna normal yanaşmaq lazımdır. Başqa sözlə, bu proseslər Azərbaycanda daima olub. Kimlərisə həbsə atıblar, kimlərisə saxlayıblar, saxta məhkəmə prosesləri olub və s. Sonra insanları əfv ediblər, Amnistiya Aktına salıblar və s. Yəni bu proses davamlı olub.

– Hamı qiymət artımından, rüşvətdən, monopoliyadan şikayət edir. Sizcə, referendumdan sonra bu problemlər həll ediləcək?

– Hə, bir günün içində hər şey həll “ediləcək”. Çox gülməli sualdır. Siz də, mənimlə birlikdə bu məmləkətdə yaşayırsınız. Referendum hara korrupsiya hara? Bunlar arasında bağlılıq yoxdur.

– Yəni referendumdan sonra bu sahədə vəziyyəti qaydasına salmaq xətti seçilməyəcək?

– Mən inanmıram ki, referendumun iqtisadi sahəyə hansıa bir təsiri olsun. Təsir o vaxt ola bilər ki, parlament seçkiləri dəqiq keçirilsin. Mən demirəm ki, Milli Məclisə ancaq müxalifət nümayəndələri seçilsin. Ancaq özünün iqtisadi proqramları olan insanlar parlamentdə oturmalıdır. Eləcədə Milli Məclisdə siyasi görüşləri olan, beynəlxalq hüququ bilən hüquqşünaslar olmalıdır. Yəni parlament işlək orqan kimi hər dəfə hansısa proqramlar irəli sürməlidir. Ancaq biz belə proqramları görmürük. Əvəzində görürük ki, Prezident Aparatından Konstitusiya Qanunları gətirirlər və bunu müzakirə edirlər. İki-üç müzakirədən sonra ya qəbul edirlər, ya da etmirlər. Ancaq təsəvvür edin ki, elm adamları, onların əmək haqları və s məsələləri özündə ehtiva edən qanunu 1993-cü ildən bu günə qədər müzakirə edirlər. Bu səbəbdən də mənim əmək haqqım SSRİ zamanı aldığım maaşdan 2-3 dəfə azdır.

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Referemdum: hakimiyyətdaxili qrupların savaşı

%d bloqqer bunu bəyənir: