Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əlayif Həsənov Vəkillər Kollegiyasını məhkəməyə verib

Bu gün 1 saylı Inzibati-Iqtisad Məhkəməsində Əlayif Həsənovun Vəkillər Kollegiyasına qarşı iddiasına baxılacaq. Əlayif Həsənov iddia ərizəsində göstərib ki, onun Vəkillər Kollegiyasından kənarlaşdırılması barədə qərar qanunsuzdur. Yəni Kollegiyanın Rəyasət Heyətinin belə bir qərar vermək səlahiyyəti yox idi.

Əlayif Həsənovun iddiasına hakim Elçin Məmmədovun sədrliyilə baxılacaq.

Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti Əlayif Həsənovun məhkum edilməsinə dair məhkəmə hökmünü əsas gətirərək, onun kollegiyadan uzaqlaşdırılması haqda qərar qəbul edib. Həmin hökm də Kürdəxanıdakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın iddiası əsasında çıxarılıb.

Qeyd edək ki, Əlayif Həsənov həm də Leyla Yunusun vəkili idi. Hüquq müdafiəçisi vəkili vasitəsilə ictimaiyyətə ünvanladığı açıqlamasında əvvəllər də məhkum olunmuş Nuriyyə Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını, bu qadın tərəfindən döyüldüyünü bildirmişdi. Nuriyyə Hüseynova buna görə vəkili məhkəməyə vermiş və Əlayif Həsənov barəsində CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə hökm çıxarılmışdı. Sonradan apellyasiya və kassasiya instansiya məhkəmələri də bu hökmü qüvvədə saxladı. Vəkillər Kollegiyası da bunu əsas gətirərək, Əlayif Həsənovu vəkillikdən uzaqlaşdırdı.

Əlayif Həsənov isə bu qərarın siyasi sifariş olduğunu bildirir. Hesab edir ki, onun kollegiyadan uzaqlaşdırılması siyasi məhbusları müdafiə edən, ölkədə məhkəmə sistemini tənqid edən vəkillərə qarşı təzyiqlərin tərkib hissəsidir.

Qeyd edək ki, son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili, o cümlədən Aslan Ismayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Qarabağın erməni qızları – FOTOLAR

%d bloqqer bunu bəyənir: