Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əlamətlərdən 4-ü sizdə varsa… – DİQQƏT

Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrı, psixoterapevt Orxan Fərəclinin məqaləsini təqdim edirik.

Böyük ehtimalla sizin də ətrafınızda “kaş böyrəyim, qaraciyərim xəstə olardı, amma bu xəstəlik məndə olmazdı” deyən yaxınlarınız var. Yəqin, bir çoxunuzun beynində bunun hansı xəstəlik olduğu sualı yarandı. Bu, son vaxtların ən çox rast gəlinən xəstəliklərindən olan panik atakdır.

Panik atak nədir?

Panik atak şəxsin gözləmədiyi halda anidən ortaya çıxan, 15-20 dəqiqə müddətində getdikcə artaraq ən yüksək səviyyəyə çatan şiddətli qorxu tutmasıdır. Bu tutmanı keçirən şəxs həmin anda infarkt keçirərək öləcəyinə, dəli olacağına, bayılaraq yıxılacağına və ya özünə nəzarəti itirəcəyinə inanaraq, dəhşətli qorxu hissi keçirir. O, bu qorxunun təsiri altında sürətli şəkildə təcili yardım xidmətinə və ya ən yaxındakı həkimə müraciət edir.

Panik atakın əlamətləri hansılardır?

Aşağıda sadalanacaq 13 psixoloji və fizioloji əlamətdən ən az 4-nün olması panik atak diaqnozu qoymaq üçün yetərlidir.

1.  Ürək döyüntülərinin sayının artması
2. Tərləmə
3. Titrəmə
4. Boğulma
5. Nəfəsin kəsilməsi
6. Sinədə ağrı
7. Ürəkbulanma və ya qarında ağrı
8. Gözlərin qaralması, başın fırlanması, huşun itməsi
9. Ətrafı hiss etməmək (sanki hər şeyi yuxuda görür)
10. Özünə nəzarəti itirmək
11. Ölüm qorxusunun yaranması
12. Bütün duyğuların ölməsi
13. Eyni zamanda bir neçə hissi yaşamaq (üşütmə, tərləmə və s.)

Bu əlamətlərin müşahidə olunduğu şəxslərə panik atak diaqnozu qoymazdan əvvəl pasiyent ətraflı müayinə olunmalı, ürək, ağciyər, tiroid, beyin mənşəli problemlərin olub-olmamasını dəqiqləşdirmək lazımdır.

Qeyd etmək lazımdır ki, panik atak xəstəliyi zamanı laboratuar və instrumental müayinələr (qan analizləri, KT, MRT və sair) zamanı heç bir patologiya aşkar olunmur. Bir çox xəstə bu müayinələrin nəticəsinə inanmayaraq, başqa həkim və klinikalara müraciət edirlər.

İlk panik tutma adətən səbəbsiz baş verir. Bir neçə dəfə təkrarlandıqdan sonra şəxsdə “Birdən yenə olar?”, “Görəsən, bir də nə vaxt olacaq?” tipli növbəti panik atakı gözləmə həyəcanı yaranır. Bu düşüncələr artdıqca xəstə “birdən yenə panik atak olar və mənə heç kim kömək etməz” fikri ilə iri ticarət mərkəzlərinə, metroya və digər qapalı yerlərə getməkdən çəkinir. Özünə məxsus güvənli məkanlar seçir və həmin məkandan kənara çıxmır. Bu, panik atakın aqrofobiyalı forması adlanır.

Müalicəsi

İlk öncə xəstədə paralel olaraq hansısa somatik xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün bəzi müayinələr aparılmalıdır. Əksər hallarda xəstələrdə heç bir problem ortaya çıxmır. Müalicənin məqsədi panik atakı tam aradan qaldırmaq yox, xəstənin panik ataka münasibətini dəyişmək, psixoloji problemləri aradan qaldırmaq və panik atak haqqında tam məlumat verməkdir. Bu səbəbdən xəstələrə dərman terapiyası ilə yanaşı psixoterapiyanın aparılması da zəruridir.

Dərman terapiyası zamanı ilk seçim preparatı müasir qrup antidepressantlar olmalıdır. Bəzən paralel olaraq yüngül sakitləşdiricilərdən də istifadə etmək olar.
Xəstəliyin əlamətləri azalan kimi dərmanı kəsmək lazım deyil. Özünüzü yaxşı hiss etdiyiniz andan etibarən müalicə 4-6 ay davam etməlidir. Dərman dozasını və növünü mütləq həkim təyin etməlidir. Panik tutma zamanı qəbul edilən dərmanlar bəzən xəstəyə təsir etməyə bilər.

Panik tutma zamanı nə etmək lazımdır?

Xəstələr mütləq əvvəlcədən bilməlidirlər ki, bu, adi bir panik tutmadır və bu tutmaya görə onlara heç vaxt heç nə olmayacaq. Həyəcanlanmadan, sakit şəkildə oturub tutmanın keçməsini gözləmək lazımdır. Bu zaman dərindən nəfəs almaq şikayətlərinizi artıra bilər. Bu səbəbdən də bu tip hərəkətlərdən çəkinin. Təcili yardım və ya həkim çağırmağınız, spirtli və kofeinli içkilər qəbul etməyiniz, siqaret çəkməyiniz məsləhət deyil.(aile.lent.az)

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Alim: Quranda “hicab” sözünün baş örtüyünə heç bir dəxli yoxdur

%d bloqqer bunu bəyənir: